Suğra Bağırzadə - "Dördüncü divar" layihəsində...

Yaşın yaratdığı şırımlar aktrisanın simasında hiss olumalıdır...

O, keçmişimizin ən gözəl xatirələrini bəzəyən obrazlardan birini yaratmağa nail olmuşdu. Sonralar nə qədər vaxt keçsə də biz onun "Ulduz" filmindəki dialoqlarını unutmadıq. Aktrisa Suğra Bağırzadə bu gün incəsənətin digər sahəsi ilə məşğul olsa da bizim yaddaşımızda həmişə Yetər obrazı ilə yaşayır. Elə bu yaşantının izi ilə də onunla söhbətləşmək qərarına gəldim. Bu gün "Dördüncü divar" layihəsinin qonağı aktrisa Suğra Bağırzadədir.

Suğra Bağırzadə: İsi Məlikzadə məndən xahiş etdi ki, bu rola çəkilim...

- Suğra xanım, erkən yaşdan kinolara çəkilsəniz də atanızın qadağası aktyorluq sənəti üzrə təhsil almanızı məhdudlaşdırıb. Amma bildiyim qədər ailə qurandan sonra həyat yoldaşınız sizə sənət qadağası qoymamışdı. Nə baş verdi ki, həyatın sizə verdiyi şanslardan istifadə etmədiniz?

- Haqlısınız. Atam aktrisa olmağıma icazə vermədi. Mən də mühəndislik ixtisasına yiyələndim. Bu isə aktyorluqla düz gəlmirdi. Mühəndisi kim teatra işə götürəcəkdi? Sonralar da kinostuduyadakı işim, vəzifəm aktrisalıqla tam olaraq məşğul olmağa imkan vermirdi. Daha sonra övladlarım dünyaya gəldi. Bütün bunlar təbii ki, məni kinoya çəkilməkdən ayrı salan səbəblərdir. Amma sizə bir söz deyim ki, mən həmişə kinonun içərisində olmuşam. Aşkarlanma sexində işlədiyim zaman mənim işim həm maraqlı, həm də məsuliyyətli idi. Çəkilən kino lentinin bir metrinə görə də başımla cavabdeh idim. Bu səbəbdən həm iş məsuliyyəti, həm ailəmin işləri o qədər də imkan vermirdi ki, mən davamlı olaraq aktyorluqla məşğul olum.

- Bəlkə erkən gələn məşhurluq da sizi bir az arxayınlaşdırdı...

- Yox, sadəcə olaraq, atam icazə vermədi. Çünki mən orta məktəbi bitirəndə artıq tanınırdım. Zeynəb Kazımovanın "Yollar və küçələr" filmində baş rolda çəkilmişdim. Səkkizinci sinifdə isə "Ulduz" filmindəki Yetər roluna təsdiq olundum. Yetər obrazı baş rol olmasa da, tamaşaçı tərəfindən yaxşı qarşılandı. Obraz yaddaşlarda qaldı. O vaxtı hətta məni Moskva Kinematoqrafiya İnstitutuna oxumağa göndərirdilər. Amma atam razı olmadı.
Ümumiyyətlə, mən orta məktəbdə də, institutda da əla qiymətlərlə oxumuşam. Atam da dedi ki, - ağıllı qızsan, yaxşı oxuyursan, özünə düz-əməlli sənət seç, aktyorluq sənə lazım deyil.
Sonra kinostudiyada işləməyə başladım, vəzifəm də yüksəldi. Ailə, iki uşaq, bütün bunlar başımı qatdı. İş yerimdən ayda cəmi bir dəfə məzuniyyət verilirdi. Kinolara çəkilmək üçün isə bəzən aylarla şəhərdən çıxmaq lazım gəlirdi. Buna isə imkanım olmurdu. Hansı filmlər ki, Bakıda çəkilirdi məni dəvət edirdilər çəkilirdim. Hansılar ki, rayonda olurdu, məcbur olub imtina etməli olurdum. Hətta "Alma almaya bənzər" filmində rejissor çox istəyirdi ki, mən həmin filmə çəkilim, bu səbəbdən bütün çəkilişi Bakıya keçirmişdi.

- Adətən aktyorlara məşhurluq gətirən ilk obrazları haqqqında sual verəndə bu onlara xoş gəlmir. Amma sizdə belə bir kompleks hiss olunmur.

- Mən, ümumiyyətlə, kompleksli adam deyiləm. Film barəsində də həmçinin. Yəni işimin yaratdığı məhdudiyyətdən dolayı aktrisalıqla məşğul olmadığımı da həmişə qeyd edirəm. Bu kimi məsələlər məndə kompleks yaratmayıb. Əgər sırf aktrisalıq sənəti ilə məşğul olsaydım, əlbəttə ki, filmlərə az çəkilməyim mənə pis təsir edərdi. Amma mənim axı diplomum, sənətim vardı. Aktyorluq mənim üçün xobbi kimi idi. Amma buna baxmayaraq aktyorluğa da çox ciddi yanaşmışam. İrili-xırdalı fərqi yoxdur. Ona görə də insanlar mənim yaratdığım obrazları sevirlər. Nə bilim. Görünür, mənim qismətim də belə yazılıb...

- Sizi adətən müsbət rolların qəhrəmanı kimi bilirlər. Bu, sırf fakturanızla bağlıdır, ya rejissor məsələsidir?

- Yəqin ki, rejissorlarla bağlıdır. Görünür, onlar fikirləşirlər ki, mən daha çox müsbət obrazlar ifa edə bilərəm. Amma "Həyat sən nə qəribəsən" serialındakı Ülviyyə rolunu da əvvəl müsbət ifa edirəm, lakin sonradan mənfi qəhramana çevrilirəm.
Mən özüm çox istərdim ki, mənfi bir rol ifa edim. Çünki aktrisa kimi bu mənə çox maraqlıdır. Bir az pislik edən, planlar quran obraz olsa, çox istərdim.
Onsuz da həyatda hamı bilir ki, mən müsbət insanam. Ona görə də müsbət rollar ifa edəndə elə bilirlər ki, özüm özümü oynayıram. Amma mənfi obraz olanda maraqlı olur.

- "Güllələnmə təxirə salınır" filmində fərqli bir roldasınız. Oğrunu sevən, onun üçün həyatını qurban verməyə hazır olan qadın. Mən bilən özünüzün də sevdiyiniz rollardan biridir. Amma filmlə bağlı narazı qaldığınız məqamlar olub...

- Həmin filmdə qadın oğruya aşiq olur. Onlar bir-birlərini sevsələr də, heç vaxt ailə qura bilmirlər. Çünki Xan ləqəbli oğru hər an həbs oluna bilər. O, qadını bədbəxt etmək istəmir. Qadın isə başqasını sevə bilmir.
Haqlısınız, çox gözəl obraz idi. Filmin ssenarisini İsi Məlikzadə yazmışdı. İsi Məlikzadə məndən xahiş etdi ki, bu rola çəkilim. Çünki həmin rolun mənə yaxın olduğunu düşünürdü. Filmlə bağlı narazılığım onunla bağlıdır ki, filmin neqativinə göbələk xəstəliyi düşdüyündən Fuad Poladovla çəkilmiş olan səhnələrin xeyli hissəsi xarab oldu. Bu səbəbdən də həmin filmdə mənim ifa etdiyim səhnələr çox azdı. Filmin çəkilməsindən on üç il sonra Azərbaycanfilm istədi ki, filmi yenidən montaj etsin. Onda da filmdə iştirak edən aktyorların çoxu dünyasını dərişmişdi. Uşaqlar böyümüşdü. Biz də artıq yaşlanmışdıq. On üç il az müddət deyil axı...
Bu filmin taleyinin belə olmasına mən çox heyifisləndim. Çünki siz qeyd etdiyiniz kimi orada çox fərqli roldaydım. Ordakı saç düzümümü, paltarlarımın modelini hamısını anamın 40-cı illərdə çəkilmiş olan fotolarına baxıb hazırlamışdım. Anamın sırğalarından istifadə etmişdim. Yəni dediyim odur ki, həmin obrazın üzərində çox zəhmət çəkmişdim. Filmin mövzusu da ürəyimcə olmuşdu. Tərəf-müqabilim Fuad Poladovla işləmək də çox maraqlı idi. Ümumiyyətlə, o filmdə iştirak edən doqquz oğlanın hamısı istedadlı aktyorlar idi.
Mən obrazını yaratdığım qadın Əmircanda yaşayırdı. O vaxtı filmin premyerası Əmircanda keçiriləndə rejissor məni dəvət etsə də, getmədim. Çünki filmdə mənim rolum demək olar ki, qalmamışdı. Buna görə də  çox hirsliydim.

- İsi Məlikzadənin adını çəkdiniz. Sizi mütaliə edən aktrisalarımızdan biri hesab etmək olar. İndi vəziyyət necədir? Mütaliə edə bilirsinizmi?

- Mən 7 saylı məktəbdə oxumuşam. Bizim ədəbiyyat müəlliməmiz Sürəyya Mədətova idi. Məktəbdə oxuduğumuz illərdə tez-tez yığışıb ədəbiyyat gecələri keçirirdik. Bizə kitablar verirdi. Oxuyub hazırlaşandan sonra yazıçılar gəlirdi və biz olnara əsərlər haqqında öz fikrimzi bildirib suallar verirdik. O zaman çox maraqlı həyatımız vardı. Amma məktəbi bitirəndən sonra Neft-Kimya İnstitunusna qəbul olundum. Demək olar ki, dörd il dərsdən başqa heç bir əlavə məşğuliyyətə vaxtım qalmırdı.
Mütaliəni həmişə sevmişəm. Axır vaxtlar, düzdür, az oxuyuram. Çünki yaratdığım əsərlər məndən çox vaxt aparır. Əllərim, gözlərim yorulur. İndi az oxumağa çalışıram. Televizora ümümiyyətlə baxmıram. Daha çox radio dinləyirəm.

- Mütaliədə nəsrə daha çox üstünlük verirsiniz, ya poeziyaya?

- Poeziyanı çox sevirəm. Əlimə düşən kitabların hamısını oxuyuram. Masamın üzərində həm Azərbaycan, həm də rus dilində kitablar olur. Moskvada olanda özümə elektron kitabça aldım. Orada üç mindən çox yazıçının kitabı var. İstirahətə gedəndə həmin kitabçanı da özümlə götürürəm ki, istirahət vaxtı oxuyum.

- Elektron kitab canlı kitabı əvəz edir?

- Kitab bir az başqadır. Kitabı o qədər çox sevirdim ki, oxuduğum zaman orda hansısa sətir xoşuma gəlirdisə, kitabda qeyd etmirdim. Ayrıca dəftərim vardı və qeydlərimi ora yazırdım. Əsasən də oxuduğum zaman mənim düşündükərimlə üst-üstə düşən fikirləri qeyd edirdim.
Bu səbəbdən mən ədəbiyyat adamlarını həmişə çox sevmişəm. Fikirlərini gözəl şəkildə çatdırmaq hər adama nəsib olmur.
Fikrət Qocanın atası ilə mənim atam cavanlıqdan dost idilər. Onlar Ağdaşda yaşayırdılar. Amma Fikrət Qoca institutda oxuyanda bizdə qalırdı. Sonra da onun bacısı ilə mənim qardaşım ailə qurdular.
O vaxtı Fikrət bizim evdə həm dərslərini oxuyur, həm də şeirlərini yazırdı. Mən onu ədəbiyyat adamı, şair kimi o qədər çox sevirdim ki, onun yazdıqlarını tez bir zamanda oxumaq istəyirdim. Deyirdim- Fikrət, nə olar, ver də yeni şeirlərini oxuyum. O, isə deyirdi ki, yox, hələ tam hazır deyil.

- Nazim Hikmət sizi övladlığa götürmək istəyib. Atanız isə buna razı olmayıb. Siz özünüz böyüyəndən sonra Nazim Hikmətin mənəvi qızı olmamağın peşmançılığını çəkmədiniz?

- Əlbəttə ki, yox. Mən çoxuşaqlı ailədə böyümüşəm. Yeddi qız, bir oğlan olmuşuq. Və bir-birimizə çox bağlı olmuşuq. Lap atam razılıq versəydi də, yəqin ki, bir müddət sonra özüm qaçıb gələrdim. Çünki bacılarım olmadan başqa yerdə yaşaya bilmərəm. Sonralar da bacılarımın hamısının başqa ölkələrdə yaşamaq imkanları oldu. Amma bir-brirmizə o qədər bağlıyıq ki, heç kim belə bir imkandan istifadə etmədi. İndinin özündə də səhər açılan kimi bacılardan biri mütləq ardıcıllıqla hamımıza zəng vurur ki, bilsin, görsün işlərimiz nə yerdədi.
Təbii ki, sonralar Nazim Hikmətin yaradıcılığı ilə daha dərindən tanış oldum. Onun necə böyük insan olmasını bildim. Amma bütün hallarda yenə də ailəmdən ayrıla bilməzdim. 

- Suğra xanım, bu günün insanının təbiətlə təmasını itirdiyi bir vaxtda siz çiçəklərlə, bitkilərlə işləyirsiniz. Təbiətlə təmasda olmaq necə hissdir, nə kimi üstünlükləri var?

- Bu, əsasən, anam Məleykə xanımdan mənə ötürülmüş bir vərdişdi. Həm də ikinci sinifdə oxuyandan artıq hamı mənə gül bağışlayırdı. Özüm də güllərə qulluq etməyi sevirdim. Bizim hamımızın evində dibçək gülləri var. Hər səhər yuxudan oyanan kimi evimdəki güllərlə salamlaşıram, onların torpağını yoxlayıram. Bir yana gedəndə yarı canım güllərimin yanında qalır ki, həyat yoldaşım onlara yaxşı baxmaz. Bitkilərin, yarpaqlarından, onların uzanmasından, çiçəkləməsindən bilirəm ki, yoldaşım onlara necə qulluq edib. Özünə izah edəndə deyir, - sən oturub güllər haqqında kitab yazmalısan. Səndən heç nəyi gizlətmək olmur (gülür).

- Bir neçə sahə üzrə peşəkarlıq qazanmaq bir az çətin olur. Amma siz həm aktrisa, həm mühəndis, həm də peşəkar florist olmağı bacardınız. Buna necə nail oldunuz?

- Ancaq və ancaq işgüzarlıq nəticəsində nail oldum. Bu işlərin dünyada analoqu yoxdur. Bu sənət növünü özüm kəşf etmişəm və rəsmlərimin hamısını özüm yaratmışam. Ümümdünya Floristlər şurasının üzvüyəm. Onlar tərəfindən "Floristika industriyasında yeni professional səmt yaratdığına görə" sertfikata da layiq görülmüşəm.

Siz indi bu otaqda gördüyünüz əsərlər mənim yaradıcılığımın çox az hissəsini təşkil edir. Evdə yüzdən çox əsərim var. Hər əsərin üzərində də iki ilə yaxın işləyirəm. Hamısı da sərgilərdə nümayiş olunub.

- Suğra xanım, əsər üzərində iki il işlədiyinizi dediniz. Yəqin pararlel başqa əsərlər üzərində də işləyirsiniz.

- Bəli. Bəzən iyirmi, otuz əsər üzərində birdən işləyirəm. İndi bir qədər yaşa dolmuşam. Ona görə də üzərimə çox iş götürmək, yüklənmək istəmirəm. Amma hal-hazırda ən azı yeddi-səkkiz əsər üzərində işləyirəm. Çünki başqa cür mümkün deyil. Elə əsərlər var ki, onların keramikasının hazırlanmasına iki il, dörd il vaxt gedir.

- Bu yaxınlarda Amaliya Pənahova ilə söhbət edərkən Amaliya xanım belə bir fikir işlətdi ki, keçmiş rejissorlar bizim aktrisalarımızdan öz filmlərində çox istifadə etməyiblər. Daha çox rus, gürcü aktyorlara üstünlük veriblər. Bu fikrə bir kino aktrisası kimi münasibətiniz maraqlı olardı.

- Bilirsiniz, ən çox filmlərimiz sovet vaxtında çəkilib. Onda da bizim bütün filmlərimiz Moskvaya göndərilib Qoskinoya təvil verilirdi. Yəni ilk olaraq onlar bu filmi qəbul etməliydilər ki, film istehsala buraxılsın. Ona görə də filmlərimizdə rus obrazları olanda, rus aktyorları iştirak edəndə filmin qəbul olunması və istehsala buraxılması daha asan olurdu. Amma rejissorlardan çox şey asılı idi. Misal üçün, Rasim  Ocaqov Aleskandr Kalyagini çox sevirdi. İstəyirdi ki, bütün filmlərində o çəkilsin.
Hərdən mənim də acığıma gəlirdi ki, axı başqa ölkələrdən gəlib çəkilənləri bizim aktyorlarımız çox yaxşı və rahat şəkildə əvəz edə bilərdilər. Həm də nə qədər gözəl və ya məşhur aktrisa olsa belə, onlar filmlərdə kənar ölkədən olmaları ilə seçilirdilər. Çünki bizim qızların özlərinə məxsus cizgiləri və hərəkətləri var. Filmə baxan kimi hiss olunur ki, bu rolu ifa edən aktrisa azərbaycanlı deyil. Amma sizə deyim ki, sovet vaxtı başqa ölkələrin aktyorları ilə işləmək digər ölkələrdə də dəbdə idi. Misal üçün, mənim özümü Qazaxıstana, Özbəkistana filmə çəkilməyə dəvət etmişdilər. Atam icazə vermədiyi üçün imtina etməli olmuşdum.

- Özünüzün təsirləndiyiniz aktrisalar necə, olub?

- O zamanın aktrisalarını çox sevirdim. Xüsusən də Elina Bıstritskayanın vurğunu idim. Onun zahiri görünüşü, şahanə aktrisalıq qabiliyyətini çox sevirdim. Onun çəkildiyi heç bir filmə pis film demək olmaz. Çünki o vaxtın aktyorları özlərinə qarşı çox tələbkar idilər. İndi cavan aktrisaların hamısı eyni sifətdədirlər. Hamısı estetik əməliyyat nətcəsində bir-birilərinə bənzəyirlər. Amma əvvəki aktyorlar həm də fərqli üz cizgiləri ilə də seçilirdilər. Axı insan yaşlanan varlıqdır. O danışanda üzü, mimikaları dəyişməlidir ki, onun yaşını, daxilində gedən prosesləri, həyat təcrübəsini görmək, hiss etmək mümkün olsun. Yaşın şırımları simada hiss olunmalıdır. Nə qədər əməliyyat və digər cavanlaşdırıcı vasitələr olsa belə, yaş axı öz sözünü deyir. Heç bir rejissor iyirmi yaşlı obraza altmış yaşlı aktrisanı çəkməz. Buna görə də aktrisa həm də yaşlanmalıdır ki, yaşlı rollara da çəkilə bilsin.

 

Söhbətləşdi: Samirə ƏŞRƏF