"Mən" olmağımın tarixçəsi... - Niyazi Mehdi - parçalar

Universitetdə oxuyanda (1968-1973)

Niyazi MEHDİ

Əvvəli: http://edebiyyatqazeti.az/news/diger/4714-men-olmagimin-tarixcesi

Axırıncı kursda birdən-birə məni bir ideya tutub düşündürməyə başladı: insanın necə olmasını, necə etməsini düşdüyü situasiya təyin edir. Yəni onun xarakteri yox, düşdüyü situasiya! Deməli, adamın necə davranacağını xasiyyəti əsasında öncədən proqnoz etmək çox zəif gümandır. Situasiya deyəndə mən adamı çevrələmiş olayların qarşılıqlı əlaqələrini düşünürdüm. Bu fikir məni elə tutmuşdu ki, orijinal düşüncə daşıyıcısı olmağımı göstərmək istəyəndə ondan danışırdım. Moskvada aspiranturaya daxil olmağa hazırlaşanda bir adamla rastlaşdım. Dedi ki, yəhudidir, Novosibirskdə dosentdir. Bu düşüncələrimi danışanda söylədi ki, sənin dediklərin Sartrın fəlsəfəsinə yaxındır. Niyə yaxındır, bunu sonralar Sartrı oxuyanda bildim və öz düşüncələrimin niyə mənə yeni görünməsini anladım. Bizim toplumda stereotip bu idi ki, insanın ailədəmi, sosial mühitdəmi xarakteri formalaşır, sonra bu xarakter dəyişən dünyada dəyişməz xətt kimi qalır. Mən isə bu xarakter monopoliyasının acığına deyirdim ki, insanın necə olmasını və nə etməsini düşdüyü situasiya diktə edir. Sartrda bu, daha gözəl və ağıllı deyilmişdi: insan hər an seçənək qarşısındadır, jestini belə, ya elə etmək, demək, ya deməmək, ora baxmaq və ya bura baxmaq... eyləmini seçir. Nəyi necə seçməsindən o öz kimliyini qurur. Bu anlamda mahiyyət-essens (tutalım xarakter) olumdan - ekzistansdan (yaşamdan) qabaq gəlmir, sonra gəlir. Ekzistans essensdən qabaqdır.

Mənim düşüncələrimə xeyli yeni yön verən başqa ideya invariant/variant terminlərini mənimsəyəndən sonra ağlıma gəldi. Yox, ancaq öncə ideya gəldi, sonra onu bildirmək işində fəlsəfənin ümumi/təkcə, strukturalizmin invariant/variant terminləri köməyimə çatdı (bu iki alternativi onun üçün saxlayıram ki, hansının düz olduğunu dəqiq bimirəm). İdeyam belə idi: incəsənətdə invariant dairəsi var. Variativ sahə oradakı invariantların proyeksiyasıdır. Bunu düşünəndə Platonu yaxşı bilmədiyimdən ağlıma da gəlmirdi ki, tapdığım model platonizmin balasıdır: ideyalar dünyası nəsnələr dünyasını törədir.

Qurduğum modeli gəlişdirəndə sənət növlərini də iki qata böldüm: hərəsinin invariant sahəsi (onu saxlanc termini ilə də bildirdim) və variant sahəsi (bu "saxlanc" mənim neologizmim idi, ancaq sonralar ona bir neçə yazıda rast gəldim, qəribədir). Sənətin invariantları hər sənət növündə, cərəyanında altinvariantlara dəyişirdi. Örnəyin, kompozisyon invariantı rəngkarlıqda bir alt invariantı, musiqidə başqasını verirdi. Beləcə, mənim bu modelimdə invariantların pilləkəni yaranırdı.

Sonralar duydum ki, bu modelin orijinallıq dərəcəsi istədiyim qədər deyil. İnvariantlar fəlsəfədəki ümumilərə, subinvariantlar xüsusilərə, variantlar təkcələrə uyğun gəlirdi. Sössürün dil sistemi, semiotikanın kod termini mənim invariantlarıma çox oxşayırdı, tekstlər, nitq isə variantlara. İndi yadımda deyil, güman nəsə fərqləndirici incəliklər də vardı. Bax, bu modeli quranda hələ orijinallığı ilə ilgili quşqularım yox idi. Ona görə də özümü az qala dahi bilirdim. Mən, artıq, ilginc ideyaları tapmaqdan ləzzət almağa başlamışdım. İnsan bəxti gətirəndə, ona xeyir gətirəcək iş yapanda xoşnud olur, - bu universal haldır. Yeni olan və çoxlarının dadmadığı nəsnə isə başqalarının ağlına gəlməyən ideyalara çıxanda keçirdiyin seçilmişlik ləzzətidir. Bunu mən incəsənəti invariantlar özəyinə və variantlar sahəsinə böləndə aldım. Necə Azərbaycan üçün orijinal, özgün olan, dünya elmi üçün elə olmayan model ağlıma gəlmişdi, konkret yadımda deyil. Ancaq, görünür, semiotika, sistem nəzəriyyəsi ilə bağlı oxuduqlarımda invariant/variant terminləri, fəlsəfədə ümumi-xüsusi-ayrıca bilincsizliyimə sızıb oradan öz işini görmüşdü.

Moskvada aspiranturaya girmək üçün yazdığım referata qurduğum bu sənət modelini salıb yolladım. Heç yadımda deyil, özüm ruscaya çevirmişdim, ya başqası. O çağ makinada yazmağı bilmirdim, bəs kim yazmışdı, bilmirəm. Ancaq bu referatın sayəsində Moskva Dövlət Universitetinin dosenti Vladimir Semyonoviç Sokolov elmi rəhbərim kimi mənə kinonun semiotikasından yazmağı məsləhət gördü və mənim yeni düşüncə dünyam bundan başladı.

Moskvada düşdüyüm komik situasiyanı söyləməyə bilmərəm. Üzdən rusa yox, rus kazaklarına oxşayan Sokolov mənim referatım əsasında kinodan, semiotikadan nəsə mənə danışırdı. Görünür, referatdan çıxış edərək sayırdı ki, namizədlik dissertasiyam semiotikadan olmalıdır. Kino isə onun öz əlavəsi idi, yəni düzgün olaraq sayırdı ki, kinonun semiotikası az işlənib. O danışırdı, mən isə heç nə qanmayıb yalandan başımı tərpədirdim ki, tez qurtarsın çıxıb gedim, kefə. Mat qalası şey idi, bu ağıllı adamın niyə ağlına gəlmirdi ki, mən onu anlamaya bilərəm, niyə suallarla yoxlamırdı ki, anlayıram-anlamıram? O danışırdı, mən isə bilmirdim nə danışır.

***

Moskva aspiranturasına girməzdən qabaq tələbəliyimlə ilgili bir neçə vacib nəsnəyə də toxunum. Uşaqlıq dostlarımdan Nazimlə ilişgimiz qalmışdı, Akiflə, Fərhadla, Əli ilə də qalmışdı. Akif öz biliyi ilə (hər halda belə deyirdi) Xalq Təsərrüfatı İnstitutunun qiyabisinə girmişdi, mağazalarda işləyə-işləyə məhv oldu. Onun müdiri Niyazi adında mənim adaşım idi - əsl bakılı dükan müdiri (zavmağı). Akif mağazada içkiyə öyrəşdi, atası kimi alkoqolik olmadı, ancaq mədə xəstəliyini tutdu. Mən tələbə olanda o, Musabəyov qəsəbəsində bizim məhlədən 200 metr aralı bir köşk işlədirdi, bu köşk də Niyazinin mağazasına baxırdı. Ora axşam 6-dan sonra işləyirdi. Adətən, adamlar gəlib 100-150 qram içirdilər. Mən hər dəfə Akifin yanına söhbətə gələndə bu içən adamlar mütləq məni də qonaq edirdilər. Ona görə hər dəfə evə ləngər vura-vura dəm gəlirdim. Qəribədir, anam heç vaxt buna görə qanqaraçılıq salmazdı. Ancaq özüm bir dəfə qərara gəldim, Akifin yanına həftədə bir dəfə gedəcəm ki, bir dəfə içim. Belə də etdim. Bu, indi də məni mat qoyur. Müftə içmək olan yerdə, mən necə belə qərara gəldim - bilmirəm. Nəşədən qorxu vardı, narkoman olmağın qorxusu. Ona görə xeyli sonralar dadmaq üçün bir-iki qullab almağa cürət etdim və tezcə də dayandırdım ki, narkoman olaram. Alkoqolik olmağın isə qorxusu yox idi məndə. Bunu yazanda dumanlı yadıma düşür ki, sərxoş olanda kitab oxuya bilmirdim, bəlkə buna görə içkini qrafikə saldım?!

Qardaşım Aqilin bir dostu vardı, ticarətdə işləyən yaxşı bir kişi idi. Çox sonralar mənə etiraf etdi ki, səni Akiflə görəndə düşünürdüm ki, axırda alkoqolik olacaqsan. Nə yaxşı olmadın.

Məncə, universitet dostlarımla, daha çox Kamalla məktəb dostlarımı tanış etmişdim, ancaq bu tanışlıq yaxınlığa keçmədi, hərçənd Kamal Nazimi yaxşı tanıyırdı.

Tələbə olan vaxtı içki məclisi olanda çox içərdim, mədəm güclü olduğundan. Ancaq bir dəfə Fərhadla onun evində araq içəndən sonra çox pis hala düşdüm. Sonralar düşündüm ki, araqdan zəhərlənmişəm (bəs Fərhad niyə zəhərlənməmişdi?!). Bir ay arağa baxa bilmirdim. Zaman keçdi və yavaş-yavaş içkini yenidən dadmağa başladım. Ancaq artıq orqanizmimdə qəribə dəyişgi baş vermişdi. Qabaqlar güclü mədəsi olan gənc kimi bütün içkiləri qarışdırırdım və heç bir ağırlıq duymurdum. Zəhərlənəndən sonra isə çox içəndə, arağı pivə ilə yox, çaxırla, konyakla qarışdıranda mütləq qaytarırdım. Ona görə də bütün ömrüm boyu, qarışıq içki içmədim və çox içəndə qaytarmağı zorla tərgitdim.

***

4-cü kursun axırında (bəlkə də 5-ci kursda) bizi "sbora", hərbi yığmaya apardılar. Universitetin ayrı-ayrı fakültələrinin tələbələrinin bir bölümünü Naxçıvana, o birisini Salyanın Bankə qəsəbəsinə apardılar (o vaxt düşünürdüm ki, "Bankə" ingiliscə sahil anlamını verən "Bank"dan yaranma sözdür, belə çıxırdı ki, vaxtı ilə burada ingilis əsgərləri olmuşdu). Bu yığmanın - sborun, məqsədi əsgərliyi əvəz etmək idi. Ondan sonra bizə zabit rütbəsi verilməliydi və əsgərliyə getməyə bilərdik. Ancaq neyçünsə Rəhim və Ağa Laçınlının qardaşı Əli birilliyə Leninakana getdilər (yaxşı maaşla). Əli qəribə oğlan idi, kəndçi yumşaqlığında, avam görünüşündə (avamlığında demirəm) olan bu adam Moskvanın Qorki İnstitutunda, yəqin qardaşının sayəsində oxumuşdu. Moskva adamları dəyişdirir. O isə dəyişmədən Qorkidə oxumasını yarımçıq kəsib bizim fakültəmizə keçmişdi. Üstündən Moskva aurası kəndçiliyinə görə tezcə də keçdi. Hamımız xasiyyətinə görə onun xətrini istəməyə başladıq, hərçənd bu, onunla məzələnməyimizə əngəl olmadı.

Ay gidi dünya! Əli ermənilər Laçını tutanda 30 gün qadın-uşağı dalınca apararaq onları erməni mühasirəsindən salamat çıxarmışdı (bu haqda kitabı da vardı). Bir neçə il qabaqsa aeroport yolunu keçəndə maşın vurduğundan komaya düşdü və bir ildən sonra dünyasını dəyişdi. İnsan ölümdən qurtulanda sevinir. Ancaq dərindən düşünsən bu sevincə o zəhər qatar ki, qurtuluşun daha əzablı ölümə apara bilər.

***

Bankədə bizimlə birlikdə sonralar respublikanın baş prokuroru olmuş Murad da vardı, ancaq bu, heç vaxt yadımda qalmamışdı, özü atamın hüzüründə yadıma saldı. Ya yaddaşı güclü idi, ya da məni qəzetlərdə oxuduğundan yadında qalmışdım. Xalq Cəbhəsinin liderlərindən olan, indi isə səfir işləyən Tamerlan Qarayevin orada olması dumanlı yadımdadır, qazarmada yuristlərin qrupunda hamının diqqətlə qulaq asdığı qəşəng oğlan kimi.

Bizim hərbi müəllimimiz əslən latviyalı olan Taja idi. Kursumuzda Sabir adında tələbə yoldaşımızı, bilmirəm yaşına görəmi, ya əsgərlikdə olmasına görəmi başçı qoymuşdu. O, Bankəyə getməyəndə atamın tapşırığı sayəsində ən yüksək qiymət məndə olduğu üçün Taja məni dəstəyə başçı qoydu. Beləcə, mən birinci dəfə rəsmi liderlik statusunu qazandım, ancaq heç bir hərəkətimlə uşaqlar məndə komanda vermək iddiasını görmədilər. Bu məsələni psixoloji incələməyə gücüm çatmır. Axı, səni o birilərindən üstə qoyanda istədin-istəmədin ədan bir az dəyişir. Mən isə necə vardımsa elə qaldım, bilmirəm oxuduğum ədəbiyyatın təsiri idi, ya nə idi. Yox, ancaq indi dəqiq yadımdadır ki, o çağlar, artıq, məndə içimdə qaynayan brutal seksuallığa baxmayaraq konfliktsizlik, yumşaqlıq, yola verənlik formalaşmışdı. Paxıllıq duyğusu sıfır səviyyəsində idi, yalnız 30 yaşından sonra başını qaldırmağa başladı və başlayan kimi də başından vururdum.

Görünür, bu yumşaqlığıma görə Rəhim həmişə məndə rahiblik keyfiyyəti görürdü, ürəyini mənə boşaltmağı sevirdi. Mən isə necə Akifin qızlarla bağlı əhvalatlarına maraqla qulaq asırdım, elə də Rəhmə qulaq asırdım. Bu zaman onda savada, elmə qarşı qiyam yaranmışdı və bizi "cücələr alıb Ramanada həyətimizə buraxacam, elm dalınca getməkdənsə onlardan qazanacam" söhbəti ilə silkələmək istəyirdi.

Bankədə mənə bir nəsnə aydın oldu. Fiziki gücümə baxmayaraq susuzluğa dözümüm yox idi. Gündə çox su, çay içən mən sərin suyun olmamasından heç kimin çəkmədiyi əziyyəti çəkirdim. Bankədə heç kim su ilə bağlı mənim qədər şikayət etmirdi, bundan o nəticəni çıxarıram. Su həsrəti orada həyatımı cəhənnəmə çevirmişdi.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!