Dekabr günəşi - Nargis

Dekabrın ilk günü idi. Həyatında heç bir şeyin yolunda getmədiyi kimi təbiətdə də, sanki heç bir şey yolunda deyildi. Günəş yaz fəslindəymiş kimi aparırdı özünü. Nazlanıb torpağın hissləri ilə oynayırdı. Aləm  bir-birinə dəymişdi təbiətdə. Ağaclar  az qala tumurcuqlamaq istəyirdilər. Yaşılımsı otlar başlarını yorğun-yorğun torpaqdan qaldırmışdı. Dördləçəkli mavinin ən ekzotik rəngini özününküləşdirən tacı sarı-mavi çiçək də başlamışdı oyanmağa. Zərafəti ilə ad-san qazanan çiçək dözə bilmirdi təbiətin amansızlıqlarına. Yaxşı bilirdi ki, bu oyanış ona baha başa gələcək. Günəşin gülüşləri onu əsəbiləşdirirdi. Bir bütün, bir vəhdət olmalı idi axı təbiətdə. Tanrının qurduğu nizamı günəşmi pozurdu belə? Mahiyyət nə idi? Nə olmalı idi, niyə belə olmuşdu bilmirdi. Bildiyi tək bir şey var idi ki, hal-hazırda zaman bunu tələb etmişdi. Kökündən mürgüləyib başını qaldırmışdı torpaqdan. Torpaq  sinəsinə sıxdığı mavi çiçəyi könülsüz-könülsüz buraxmışdı. Günəşin özbaşınalığına əsəbiləşsə də, tələsirdi mavi çiçək. Torpaq bunu görürdü, hiss edirdi, dözə bilmirdi, susurdu. Torpaq kövrəlirdi. Sonra qabarırdı. Titrəyirdi əsəbdən. Çiçəyin qoxusunu əbədiyyən itirəcəyindən qorxurdu. Bərk qorxurdu. Ancaq qorxunun əcələ faydasının olmadığı kimi bu məsələyə də təsiri olmayacağını çox gözəl başa düşürdü. Nə etməli idi. Qabarlı əlləri ilə oxşadığı çiçək laqeyd qala bilmirdi günəşin çağırışına. Torpağı sevsə də, günəşə aşiq idi, görünür, mavi çiçək. Əllərindən sovrulub gedirdi. Torpaq bilirdi ki, günəş çiçəyi sevmir, çarəsiz idi, bunu mavi çiçəyə izah edə bilmirdi. Günəş torpaqla da əylənirdi. Hər şeyini dartıb əlindən alır, özünə pərəstişə məcbur edirdi. Torpaq itirdikcə itirirdi. Ancaq ən çox mavinin ən gözəl tonuna  bürünmüş çiçəyi üçün narahat olurdu. Onun zərif ləçəkləri üçün nələrdən əl çəkməzdi torpaq. Onu incitməmək üçün zərafətinə tozlu dodaqlarını toxundurmağa qıymazdı. Zərif köklərinə zərər verməsin deyə vücudunun bir parçası olan qayaları parçalayıb atardı. Ancaq nə biləydi ki, çiçək əslində, laqeyd hesab edir torpağı. Nə biləydi ki, mavinin ən gözəl tonuna sahib o çiçək bilərək ölümə gedir, bilərək sığınır Günəşin dodaqlarındakı yandırıcılığa. Nə biləydi ki, torpağın sevgisi ona kifayət etmir. Oda aludədir göstərişlərə. Torpağa daxilən bağlı olsa da, günəşin cazibəsinə laqeyd qala bilmirdi mavi çiçək.

Qadın mavi çiçəyin boylandığı kolun yanında bardaş qurdu. Dekabr günəşi göz qapaqlarına şığıyırdı. Ancaq mavi çiçəyi, görünür, bu hərarət incitmirdi. Şüaların kölgələri ağacdan-ağaca dolaşırdı. Qaçdı-tutdu oynayırdı şüalar. Mavi çiçəyi öncə əyləndirirdi günəşin şıltaqlıqları. Ancaq günəş heç bir şey olmamışcasına dağların ən ucqarındakı qar yağan tərəfə doğru tuturdu hər gecə üzünü. Qaranlıqda özünü itirirdi, qorxurdu mavi çiçək. Ulduzların ora-bura axışını qısqanırdı, göy üzünə uzadaraq ləçəklərini bu qaranlıqda da günəşi axtarırdı. Hər sabah günəşin sığalına həsrət ləçəklərindəki şehləri silkələyib tox tuturdu özünü mavi çiçək. Ancaq günəşin anlıq toxunuşları çoxdan ürəyinə xal salmışdı. Əmin idi ki, torpaq qədər sevməyəcək onu günəş. Getdikcə bu reallıq böyüyürdü, dünya boyda olurdu, altında əzilirdi. Mavi çiçək çoxdan idi susurdu. Cadar-cadar olmuş ovuclarını açıb yalvarırdı torpaq mavi çiçəyə. Mavi çiçək uzun zaman idi ki, silkələmirdi üzərindəki şehləri... Fikir vermirdi ləçəklərinə. Ora-bura qaçışan günəşin şüaları da əyləndirmirdi artıq onu. Yarpaqlarını sallamışdı torpağa. Başa düşürdü hər şeyi. İncimişdi günəşdən də. Üzr istəyə bilmirdi torpaqdan.  Riyakarlıq yağırdı  insanlar kimi təbiətin də simasından. Mavi çiçək yanında bardaş quran qadına baxdı. Günəş qadının saçlarını tumarlayırdı. Göz bəbəklərini öpürdü. Mavi çiçək bağırmaq istədi, amma bacarmadı. İnanma ona riyakardır - demək istəsə də, səsi çıxmadı. Qadının ovucuna söykədi başını. Qadın mavi çiçəyi qoparıb diqqətlə baxdı. İlin bu fəslində mavi çiçək tapılmazdı. Mavi çiçəyin yarpaqlarındakı şeh torpağın bağrını dəlib keçdi. Qadın çiçəyi öncə dodaqlarına yaxınlaşdırdı, sonra saçlarına taxdı. Günəş qadının saçlarını öpdükcə, torpaq fəryad edə-edə bütün təbiəti silkələdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!