Antropoloji şeir təhlili, yaxud bizim Hadinin iztirabı - Ülvi BABASOY yazır

 

Yalnız psixi həyat sferasında bütün keçmiş fazalar son fazanın yanınca mühafizə oluna bilir və biz bu fenomeni əyani şəkildə təsvir etmək iqtidarında deyilik. Psixi həyatda keçmişin qoruna biləcəyini, illah da yox olmasının gərəkmədiyini iddia etməklə kifayətlənməliyik. Lakin biz bununla psixi və zehni həyatın trans və ekstaz kimi qaranlıq və qeyri-müəyyən özəllikləri sferasına keçmiş oluruq. Bu vəziyyətə uyğun olaraq isə mənim içimdən Şillerin dalğıcının bu sözlərini hayqırmaq gəlir: "Nə xoşbəxtdir burada, pənbə ziya içində nəfəs alan kəs!".

Ziqmund Freyd

Arizi rənglər müvəqqətidir,

Rəng odur bəxşişi-təbiət ola...

Məhəmməd Hadi

Hadinin poetika periodu: Dəqiqələrlə deyil, bəlkə ah günlərcə...

Şeir sənəti antropoloji məzmun və xarakterdədir.  Andre Suaresin yaratdığı antropoloji ədəbi tənqid şərhçilik, əllaməçilik və "şair burda demək istəmişdir ki", janrında yazmaq ənənəsinə son qoydu. Bəs bizdə? Avropada şeir sənətinə konseptual yanaşma Şarl Bodler - Andre Suares xətti ilə gücləndi. Poeziya sənəti də, poeziyaşünaslar da tarixi və təbii bir axar, ardıcıllıq başlatdı. Tarixin təbii axarının qarşısını heç nə və heç kəs ala bilmədi.

Azərbaycan poeziyasında antropoloji  təhlil metodu  Məhəmməd Hadi şeirləri ilə də uzlaşır. Şeir sənəti  üç tarixi - antropoloji mərhələni keçib. Hadi poeziyası həmin dövrləşmə marşrutunda semiotik və estetik xəritələr cızıb, cızır.

Hadi - nədir o?

Mürəttib - Gəncədən bir kimsə göndəribdi sizə.

Hadi - nə?

Mürəttib - Etiraz ediyorlar keçənki şerinizə.

Hadi - Bu gün lisanə, yarın dinə etiraz olunur,

Sanırmısız ki, bu şeylərdə bir fikir bulunur?

Mən oylə başa düşürdüm ki, indi dünyadə

Hüzur varsa, gərəkdir cahani-xülyadə.

Yeganə rahatlıq və hüzur təxəyyüldə, şeir sənətindədirsə, bəs bu dekadans fikir, əqidə və sənət hardan çıxdı? Dekadentizm tənəzzül, düşkünlük, mədəni geriləmədirmi? Hadinin "Həsbhal" şeiri antropoloji və arxeoloji qazıntı aparır. Şairin klassik-modern təfəkkürünü, çoxsəsli, çoxqatlı estetik platformasını müəyyən edir.

Mühərrirəm - deyə çıxmış şu bir yığın cəhələ!..

Bu yanda bir "dekadan" zülməti-xəyalilə

Dekadans poeziyada natura inkarmı edilir? Xeyr. Sadəcə, həyatı rəmzlərlə görmək çabası və formasıdır dekadentizm. Naturanı bayağılaşdıran, gözdən salan sənətsizliyə etirazdır. Sosial mövzulardan qaçmaq isə ürəyə yağ kimi yayılır. Hadi klassik forma ilə modern, poetik mükəmməliyyət axtarışındadır. Yeri gəldikdə cahil adlandırdığı dekadansları izləyir, bəzən isə klassik, metaforik semiotik mənalandırmalara varır. Bu baxımdan Azərbaycan fikir poeziyasında Hadi şəriksiz və şəksiz ilk sırada durur. "Həsbhal" təkcə şeir deyil, həm də XX əsrin əvvəllərində poeziya sənəti üçün yazılmış manifestdir. Şeir yazmağın çətinlikləri, sənətə müdaxilə etməyin axmaqlığı, Şərq poeziya tarixinə məzmun və forma kontekstində baxış, Qərb mədəniyyətindəki yeni fikir axınları "Həsbhal" edilir. Hadi şeir yazmağı iynə ilə quyu qazmaq kimi çətin və məşəqqətli sənət - məşğuliyyət kimi dəyərləndirir. Bir söz, ifadə, misra üçün dəqiqələr deyil, günlər, ömürlər tükədilir. Gərçi yenə də şairə etiraz edilir, anlaşılmır. Şeirdə XX əsrin əvvəlləri  üçün aktual olan "sənət sənət üçündür, yoxsa xalq üçün?" problemi də aydınlaşır. Sənətin sənətkarın dünyasında hər şeydən vacib olması, yazılma prosesindən sonra isə xalqın ixtiyarına verilməsi, estetik tərbiyə aşılaması başqa hansı formada ifadə edilə bilərdi ki? Bundan uyğun və uğurlu ifadə tərzi düşünə və tapa bilmirəm. Bəs bu qədər problematik, paradoksal və geniş müzakirələrə səbəb olacaq məsələlər şeirdə necə təmərküzləşir? Modern bir şeir, klassik bir forma, polifonik bir leksikon, radikal - antiradikal fikirlər homogen məzmundan hetrogen estetikaya qapı açır.

Hadi Azərbaycan poeziyasında modernlik epoxasının əsas, ciddi imzasıdır.  Modernliyi modernizmlə qarışdırmaq olmaz. Şeirdə modernlik həmişə aktualdır. Hadi kimi. Modernizm isə müəyyən bir mərhələ, manifest və axındır. Oktavio Paza görə də şeir modernliyə bərabər olmalıdır. Əks halda müvəqqəti xarakter daşıyır. Füyuzatçılar modernlik epoxasında zəruriyyət kimi təzahür etdilər. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ömər Faiq Nemanzadə... fikir üfüqlərində, Cavid və Hadi poeziya səmasında günəş kimi doğdular. Günəş adamlar. Cavid tematik kasıblıq və lokallığı genişləndirir, Hadi estetik kasadlığı zənginləşdirirdi. Füyuzat məktəbində poetik istedadın intəhasızlığı Məhəmməd Hadi imzası ilə millətlər içində göründü. Gərçi biz bu günəş kimi parlaq həqiqəti görə və göstərməkdə hələ də acizik. Nə isə... Bunlar kiçicik şeylərdir, Hadi "Əlvahi-intibah"da Kant, Nitsşe, Feyerbax, Freyd kimi müxtəlif profilli filosofların mürəkkəb, paradoksal qənaətlərini lirik-fəlsəfi tonda təqdim etdi. Şairə cahilcə dodaq büzənlərə cavab da şeirlə gəldi:

Bular ki, can sıxacaq şey, xəyali incildir,

Bularla uğraşa bilməz mənim kimi şair.

Antropoloji şeir dili - Semantik mərhələ

Şeir tarixinin "Semantik mərhələsi"ndə məna estetikası aparıcdır. Bu periodda şeir hər kəs tərəfindən anlaşılandır. İbtidai insan və cəmiyyətin dili ilə şeirin dili üst-üstə düşür. Antropologiyada "ibtidai" sözünün semantikası dardır, "yabanı insan", "yabanı cəmiyyət" daha uyğun hesab edilir. Hadinin "Əlvahi-intibah" poemasının həm məzmunu, həm də ideyası semantik - antropoloji şeir dövründən başlayıb gələcəyə - poststruktural mədəniyyət çağına qədər davam edir.

Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,

Bu matəmgahı kim görmüş sürurabad şəklində?

İnsanlar şeir dilində danışır, Homo sapiens özü ilə olan rabitəsiz - rabitəli, ritmik, harmonik nitqində, Adəm Tanrı ilə, Qabil Habillə adi danışıq dilində ünsiyyət qurmur. Şeir dili ibtidai-yabanı toplumun ünsiyyəti olsa da, baxışlar kölgəlidir. Və naşad vəziyyət modern toplumlarda da hökm sürür.

İkonaqrafik estetika

Şeir bu mərhələdə kütləvilikdən çıxır, elitar xarakter daşıyır. Hadi poeziyası daha çox ikonaqrafikdir. Hadinin ikonaqrafiyası ərəb-fars dillərini yaxşı səviyyədə bilməsi, leksik-semantik dərinliyi, fəlsəfi və estetik dərketmə prosesini, duyumu bir yerə toplayır. Şair oxucunun sabitliyini, rahatlığını, bir az  da tənbəlliyini yerindən oynadır. Oxucunu öz səviyyəsinə qaldırır. Başqa cür Hadinin estetik məkanı və zamanında var olmaq mümkün deyil. Əks halda hər il bir az da gəncləşən şairdən geridə qalarıq.

İztirabın asemantikası

Semantika və ikonaqrafiya mərhələləri keçiləndən sonra Hadinin nə qədər pozitiv ovqatlı şair olduğu anlaşılır. Üstəlik, oxucu Hadi şeirinin asemantik mərhələsinə rahatca daxil olur. Məna problematizə edilir.

Təfəkkür eylədikcə faciati-səfheyi-xaki,

Gözüm görməkdədir zülmət bütün xak ilə əflaki,

Üzümdə bir bulut vardır, gözüm olmaqdadır baki,

Mənə kim verdi, vermiş olmayaydı məğzi-dərraki,

Bu idrakım ki vardır, olmuşam ondan böyük şaki.

Hər şeyin gözəl tərəfi görülsəydi, torpaq kimi qara, faciəli bəşər tarixi olmazdı. Gözəl görmək, gözəl düşünməyə rəvac verir. Hadi dərk etmək, hər şeyin fərqində olmaqdan şikayətlənir. Çünki bədbin, qaranlıq mühitə etiraz şəklidir bu.

Yədi-beyzayi-Musa açdımı bir yol ki, çox rəxşan,

Məsihin fikri Adəm oğluna bəxş etdimi bir can?

Cənabi-Əhmədin peyrəvləri bielmü naürfan.

Pərəstişkari-narın nuru sönmüş, həpsi şəbgərdan,

Bəhailər də xülyalar yolunda olmada puyan.

Hadi şeir tarixində mərkəzdə dayanır. Semantik mərhələdən ikonaqrafik çağa, oradan asemantik dövrə keçidlər edə bilir. Nə ibtidai, yabanı toplum və dildəki kimi hər kəsin asan həzm edib anlayacağı aydınlıq və şəffaflıq, nə qrotesk, ikonaqrafik üsluba ilişib qalmaq, nə də ki, modern şeirdə olduğu kimi, tünd rəmzi çalarlar, qapalılıq hakimdir Hadi poeziyasına. Necə ki, Avropa modern şeirinə Bodlerdən əvvəlki və sonrakı şeir anlayışı hakimdir. Bodlerdən əvvəl hissetmə ilə sonrakı hissetmə intellektual şeirin də mərkəzində dayanır. Həmçinin Azərbaycan intellektual, fikir poeziyasında Hadidən əvvəl və sonrakı mərhələ elə məhz Hadi poeziyasında cəmlənib.

Hadi insanlığın bioloji, antropoloji və teoloji gerçəkliyini sorğulayır. Şeir sənəti də, insan da asemantik məqamın içində əriyir. Bəlkə də bu vəziyyət poeziya tarixinin asemantik mərhələsində bir ilkdir. İztirab asemantikləşir. Çünki çəkilən dərd və ələmlər keçmişdə-mazidə qalır. Çünki ən azından Hadidən qalan estetik miras ələmi maziyə gömür. Ən azından şair bunu sarsılmaz bir inamla arzulayır. İstiqbala - gələcəyə ümid və inam Hadi sənətinin bugünkü mövcudiyyəti ilə yenilənir, güclənir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!