İdrakı olanlar məni sonra qanacaqdır - Elxan Zal Qaraxanlı yazır

 

Ey Vətən, ey pəriyi-vicdanım,

Səni sevmək deyilmi imanım?

Heç bilmirəm Vətənə sevgisini iman hesab edən başqa bir şair, ya bir yazıçımız olubmu? Özü də Vətənə sevgisini imanı hesab edən şair ömrü boyu vətənin isti qucağında nazlanmağın həzzini yaşaya bilmədi, amma onu sevdi, ilahi bir sevgi ilə sevdi. Bu sevgi Məhəmməd Hadinin didərginlik yollarında yaratdığı əsərlərin ana xəttini təşkil edir. Onun bütün yaradıcılığı sevdiyi xalqına, "daşa dönmüşlərə" etdiyi xitabdır, fəryaddır: "Dağa dersən eşidir, sonra verir əksi-seda, Daşa dönmüşlərə əks eyləmədi fəryadım".

***

İstər sağlığında, istərsə də ölümündən sonra M.Hadi yaradıcılığına münasibət birmənalı olmayıb. Əsasən onun yazdığı dilin ağırlığı həmişə qınaq obyekti olub. Onun yazdığı dil bütün türk-islam dünyasında ədəbi dil hesab olunan türki, və ya Osmanlı dili idi. Əbülhəqq Hamid, Namiq Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Əli bəy Hüseynzadə, Abbas Səhhət, Hüseyn Cavid kimi şairlər də bu dildə yazırdılar. Onlar "nəzmü-nazik" adlandırdıqları bu dili əsl aristokratik dil hesab edirdilər və şeir dilinin lümpenləşməsinə qarşı idilər. O dövrdə Qahirədən, balkanlardan tutmuş Cinin Şimalına, Şərqi Türküstana qədər böyük bir ərazidə bütün savadlı adamların anladığı bir dil idi "nəzmü-nazik". Dünya müharibəsindən sonra aristokratiyanın çöküşü, Azərbaycanda da, Türkiyədə, Türküstanda da bu aristokratik dilin çöküşünə gətirib çıxardı, ədəbiyyatın məhəlli dillərdə yaranışı erası başladı... "Nəzmü-nazik"in tərəfdarlarından və təbliğçilərindən olan Əli bəy Hüseynzadə Məhəmməd Hadiyə məktubunda yazırdı: "Əfəndim, diliniz xəvassə", aristokratiyaya, kəlam aristokratiyasına məxsusdur... Sizin ifrat savadınızı camaatımızın təqdir edəmiyəcəyi aşkardır!..". Yəni Əli bəy Hüseynzadə, Əbülhəqq Hamid, Namiq Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Məhəmməd Hadi, Hüseyn Cavid və başqaları nə yazdıqları, niyə yazdıqlarını yaxşı bilirdilər, onlar poeziyanı "nəzmü-nazik", qadın kimi incə və zərif görmək istəyirdilər. Təəssüf ki, XX əsr, bu modern dönəmi qadınlığı eybəcər hala saldığı kimi, şeiri də eybəcər hala saldı və bunu rus şairi Yevgeni Yevtuşenko çox gözəl ifadə edib: "Qadınlar erkəkləşir, erkəklər qadınlaşır"...

Qeyd edim ki, Məhəmməd Hadinin şair taleyində Əli bəy Hüseynzadənin rolu əvəzsizdir. Onun "Bəyani-həqiqət" adlı ilk yazısı Əli bəyin redaktor olduğu "Həyat" qəzetində çap olunub. Ümumən, onların dünyabaxışı da, ədəbi zövqləri də çox yaxın olub. "Füyuzat" dərgisi nəşrə başlayanda Ə.Hüseynzadə Həştərxanda məskunlaşmış M.Hadini yanında işləmək üçün Bakıya dəvət edir, o, "Füyuzat" ədəbi məktəbinin aparıcı simalarından birinə çevrilir. Adətən, elmi ədəbiyyatda onu haqlı olaraq, romantizm cərəyanının nümayəndəsi adlandırırlar. M.Hadi də Ə.Hamid, T.Fikrət, H.Cavid kimi Şərqdə bu cərəyanın əsasını qoyanlardan olmuş, Qərb şairləri C.Bayronun, F.Şillerin, "dünya kədəri" ideyasına yeni çalarlar gətirənlər sırasında dayanmışdır. Hadinin "hüznü-ümumi"si onların dünya kədərindən fərqlənir, onun əsas xitab obyekti Vətən, xalq nigarançılığıdır və Vətən anlayışı onun yaradıcılığının ana xəttini təşkil edir. Bakıda, İstanbulda, Solonikdə, Karpat dağlarında - harada yazıldığından asılı olmayaraq onun şeirləri, xalqına düşdüyü acınacaqlı vəziyyətdən çıxış yolları arayan təlatümlü bir qəlbin ağrılı duyğularıdır.

Həyatın səsləri guşumda

                        həp fəryad şəklində...

Cahan başdan-başa

                      meydani matəmzad şəklində,

Fərəhlər həbs olunmuş,

                        hüznlər azad şəklində,

Müsibətlər, bəlalar,

                        qüssələr abad şəklində...  

***

O inqilabi hadisələrlə zəngin təlatümlü bir zamanda məşəqqətli ömür yaşadı, yazılarında millətinin "imzalar içində imzasının" olması üçün yollar aradı və Azərbaycanda cümhuriyyət qurulduğu bir zamanda sevdiyi vətəninin biganəlik iqlimində sadəcə qeyb oldu. Böyük ideallarla yaşayan şair məyusluğun yaratdığı acını çox ağır keçirirdi. Türkiyədə "Gənc türklər" inqilabının məyusluğu yaşayan İstanbuldan Solonikə sürgün olunmaqla nəticələndi. Bakıdakı inqilabın məyusluğu isə onu şərab şüşəsinin ağuşuna itələdi. Ağır maddi məhrumiyyətlər içində olan şair çıxış yolunu əlyazmalarını satmaqda axtarırdı. Bəy əfəndim, nəzmü-nazik satıram mən - deyirdi həmvətənlərinə. Onun bu günlərini təsvir edən Abdulla Şaiq xatirələrində yazır: "Bir gün küçədə ona rast gəldim. "Hərarətli şeirlərim" adlı mənzuməsini mənə uzadıb "al, beş manat ver!" - dedi. Mən cibimdə olan on manatın hamısını ona verdim. O, diqqətlə üzümə baxdıqda məni tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi. "Şaiqciyim, bağışla, tanımadım" - dedi. Nə qədər israr etdimsə, pulu almayıb getdi"...

Getdi... və qeyb oldu. Azərbaycan şeir tarixinin ən yaxşı nümayəndələrindən birinin, Məhəmməd Hadinin cismi qeyri-müəyyənliyə, yazıları isə imanı qədər sevdiyinin yaddaşına daşındı. Bu şeir tanrıqutunun ölümü və məzarı əbədilik bir əsrar oldu və mifə çevrildi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!