"Ən qısa hekayələr" silsiləsindən: deyimlər və duyumlar - Kamran Nəzirli

 

Hələ ötən əsrin doxsanıncı illərinin ikinci yarısında "7 gün" qəzetində işləyərkən belə bir layihə düşünmüşdüm: gündəmlə səsləşməkdə olan ən maraqlı hadisə və faktları "Ezop dili" vasitəsilə ifadə etmək, onları sitat kimi qəzetin səhifələrinə çıxarmaq. Bu sitatlar deyim və ifadə şəklində dərc olunmağa başladı. Qələm dostlarım deyirdilər ki, layihə böyük marağa səbəb olub.

O zamanlar görürdüm ki, gerçək həyatımız getdikcə daha çox informasiya məhsulları ilə yüklənir; müasir oxucunun dar vaxtını, uzun və darıxdırıcı roman və povestləri oxumaq həvəsinin ölməkdə olduğunu da duyurdum, buna görə də düşünürdüm ki, ən qısa hekayələr yazmağın vaxtıdır. 2000-ci ildən bəri "Ən qısa hekayələr" silsiləsindən yazılarım (hətta bir və bir neçə cümləlik hekayələr) mətbuatda çap olunmağa başladı. Əlbəttə, bu, təzə janr da deyil. Dünya ədəbiyyatında belə qısa hekayə və deyimlərə bəs deyincə rast gəlmək mümkündür.

Bu gün müasir oxucunun informativ yükü həddən artıq çoxalıb; onun oxu funksiyası, zövqü, maraq dairəsi və s. xeyli dəyişib; pisdirmi, yaxud yaxşıdırmı, deyə bilmərəm, hər halda, dünyada baş verən qlobal proseslər Azərbaycan oxucusundan, onun düşüncə tərzindən də yan keçməyib.

Ağlımız kəsəndən bizi əhatə edən aləmi anlamağa can atırıq, bu dünyada öz yerimizi, rolumuzu görmək üçün çalışırıq. Ümumiyyətlə, insanın təbiəti belədi - onun dünyagörüşünün formalaşması ta ölənədək davam edir. Hər birimiz (hətta fəlsəfə və məntiq elmlərindən xəbəri olmayanlar belə!) hansısa dünyagörüşə, baxışa, düşüncə tərzinə sahib oluruq. Hər birimiz müəyyən zaman axarıyla yol gedirik, bu yolda bilik və dünyagörüşümüzü müəyyən mənada ya artırır, ya azaldır, ya da bəzən heç o yolun mənasını belə dərk etmədən yaşayır və ölürük. Bütün hallarda yaşadığımız zaman və məkan çərçivəsində dəyişirik, ətrafa münasibətlərimiz də dəyişir. Tarixi və təbii prosesdir. Düşüncə tərzinin səviyyəsi də tarixi hadisədir; binayi-qədimdən bilik və dünyabaxışlar cəmiyyətin, millətin, dini icmaların ayrı-ayrı seçilmiş şəxsiyyətləri tərəfindən bu və ya digər dərəcədə nəsillərə ötürülür, yaddaşlara yazılır. Əslində, elm və sənət növləri də bu vacib və önəmli işlə məşğul olub və olurlar. Tarixin ayrı-ayrı dönəmlərində yaranmış və mənəvi sərvət hesab olunan çoxsaylı məsəl, ifadə və deyimlərin əhəmiyyətinə həm də bu baxımdan yanaşmaq olar. Onlar əsrlərlə yol gəlir və xalqın yaddaşına əbədi yazılır, o qədər populyarlaşır ki, ilk mənbəsi, yaxud da müəllifi belə yada düşmür. Deyim və məsəllərin əzəməti, möhtəşəmliyi və paradoksal ömrü də məhz bundadır. Bir tərəfdən, əbədiləşib xalqın malına çevrilir, digər tərəfdən isə bəzən onun kim tərəfindən deyilməsinin heç bir önəmi qalmır, müəllifi itib gedir. Bütün hallarda, hesab edirəm ki, fikir, ifadə və deyimlərin konkret yaşı və müəllifi çox vaxt bəlli olmasa da, onlar insanlığa fayda gətirirlər. Məhz bu səbəbdən və həm də müasir oxucu marağı baxımından uzun illərdən bəri hazırladığım "Ən qısa hekayələr" silsiləsindən olan deyimlərin, fikir və düşüncələrimin ən qısa şəkildə ifadələrini "Ədəbiyyat qəzeti"nə təqdim edirəm. Maraq doğuracağına inanmaq arzusuyla:

Kamran NƏZİRLİ

21 noyabr, 2019-cu il

  • Həyat hər gün bizimlə zarafat edir, yalnız son nəfəsdə ciddiləşir.
  • Lazım olan şeyi axtarsan, tapa bilərsən.
  • Dörd şey var ki, şan-şöhrətə mane olmur: axmaqların qarşısında susmaq, ağıllı sərkərdənin qarşısında baş əymək, filosofların məsləhətinə qulaq asmaq, qadınlara hədiyyə vermək.
  • Dünyanı, hətta qəpik-quruşla da almaq olar, lakin dünyanı verməklə ölümü ələ ala bilməzsən.
  • Şeylərin forma və mahiyyəti heç vaxt bir-birinə uyğun gəlmir, elə buna görə də elm min illərdir mövcuddur.
  • İztirab çəkmədən çox asanca yaşamaq olar - çox şey istəməsən!
  • Gözə çarpmadan yaşamaq insana ruhi sakitlik gətirməz. Çünki o, doğulandan eqoistdir, iddialıdır və şöhrətpərəstdir. İnsan həmişə görünmək istəyir; görünmək azdır, həm də seçilmək istəyir. Seçilmək azdır, həm də hər şeyə sahib olmaq istəyir. Bu sahiblik atəşi ölənə kimi onu yandırır. Bir də ayılıb görür ki, nəyə sahib olmağa çalışırdısa, o, əslində, heç nədir. Heç nə!
  • Əslində hər şey yaxşıdı, pis şeyi uydurublar ki, insan qorxa bilsin.
  • Dünyanın bütün qəhrəmanlıqlarını yalnız gənclər edib, qocalar çox nadir hallarda belə axmaq hərəkətlər edirlər.
  • Əgər sən insanın ömrü boyu etdiyi səhvləri bir-bir sadalaya bilsən, mən də göydəki ulduzları sayaram.
  • Heç kəsi ("heç nəyi" yox!) tənqid etməyin, inanın ki, həyatınız və qəlbiniz rahat olar.
  • Kölgədən kölgəyə fərq var; misal üçün, ağacın altındakı kölgə ilə uzun adamın kölgəsi bir deyil.
  • Əslində, biz hamımız axtarışdayıq! Kimi tapır, kimi tapdığını itirir, kimi itirdiyini tapır, kimi tapmır, heç vaxt tapmır! Çünki axtarmır!
  • "Ötən günə gün çatmaz!" deməyin, ən yaxşı halda, "mənim yaşadığım zamanlar ürəyimcə idi", ya da "ürəyimcə deyildi" deyin. Ağıllı adam keçmişini rahat buraxar, bu günün əlindən tutar, gələcəyinin xəyalını qurar.
  • Bütün yeniliklər köhnənin üstündə qurulur, bəlkə elə buna görə də insanların şüurunda köklü dəyişiklik etmək mümkün deyil - axı onlar köhnədən heç vaxt qurtula bilmirlər.
  • Dünyada borcu olmayan yeganə şey torpaqdır.
  • Hamıda və hər şeydə güc var, heç nə gücsüz deyil, hətta qarışqalar da yuva qura bilirlər.
  • Ədalətlə bərabərliyi tərəziyə qoymaq ən böyük ədalətsizlikdir. Bu dünyada heç nə və heç kim heç vaxt bərabər olmayıb və olmayacaq. Bərabərlik yalnız işarədir (=), vəssalam.
  • Ehtiyac təkamülün anası ola bilməz, onların heç bir əlaqəsi yoxdur: birincisi dağıdır, ikincisi yaradır.
  • Yaşlı nəsillə gənc nəslin bir fərqi də bundadır ki, birincilər daha çox etdiklərindən, ikincilər isə etmək istədiklərindən danışırlar.
  • Öyrənmək qabiliyyətini itirən adama "qoca" deyilir.
  • Qoca doğulmaq, cavan ölməkdən yaxşıdır.
  • Nəfs hamıda olur, onun həddini bilən adamlar üçün həyat amansız deyil.
  • Qarğa yumurtasından əmələ gəlmək olar, amma əvvəl-axır soruşacaqlar: anan kim olub?
  • İnsan da leş yesə qarğa kimi 300 il yaşaya bilər.
  • Pisləmək çox asan işdir; elə buna görə də insanların əksəriyyəti asan iş dalınca qaçır.
  • Keçmişlə yox, xatirələrlə yaşamaq daha gözəldir.
  • Uğur qazanmağın ən yaxşı yollarından biri, bəlkə də ən başlıcası qənaətdir - pula, yeməyə, vaxta.
  • Heç kim heç kimə bənzəməyib, bənzəmir və gələcəkdə də bənzəməyəcək. Təkcə buna görə ki, heç kim heç kimin əvəzinə doğulmur.
  • Özünə yazığı gələn adamın ruzisi olmaz.
  • Ağlağan adamdan fayda gəlməz, ona hədsiz imkan da yaratsan, yenə deyəcək - azdı.
  • İşi pis icra etsə də, yararlı adama tapşırın, yararsız adam lazım olmayan işi görər.
  • Əlbəttə, Yer öz oxu ətrafında fırlanır, sərxoş adam üçün dünya fırlanır.
  • Hamı, demək olar ki, eyni şeyi edir -  doğulur, yaşayır və ölür. Amma hamı eyni cür doğulmur, yaşamır və ölmür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!