Axırıncı qum dənəsi - Nargis

Bütün boyalarından xilas olmaq istəyən nimdaş divarlı bir evdə yaşayırdı. Səssizliyini illərin ağrılarını qabırğalarında daşıyan köhnə çarpayı, bir də Mələk xalanın baxımsız, sahibsiz pişiklərinin miyoltusu pozurdu. Alarmlar artıq qurulmurdu. Gün doğuşu, gün batışı mənasını, təqvimlər əvəzlənməsini itirmişdi. Doğaçlama yaşayırdı. Tet-a-tet baxırdı dünyanın düz gözünün içinə. Yorğun idi. Çox yorğun. Yormuşdu onu yaşamaq. Daima nələrləsə məşğul olmaq. Şəhərin divarları üstünə yıxılırdı. Bütün həyatını unutmaq istəyirdi.

Bütün doğruları, yanlışları, sevgiləri, nifrətləri, sitəmləri... soyunmaq, atmaq, getmək istəyirdi.

Beyni zoqquldayırdı. Sağ qaşının üzərində yaranan qan rəngindəki kölgə də ağrıyırdı. Bu kölgə niyə, nə vaxt yaranmışdı, özü də bilmirdi. Çarpayının çığır-bağırtısı, ağ, sarı, qarışıq, bozumturaq pişiklərin miyoltusu...

Ayaqlarında dünyanın ən ağır zəncirləri..

Biləklərində ən iti ülgüclərin nişanəsi kimi bənövşəyi damarlar.

Boyası tökülən əl-üzyuyan, qum dənəciklərinin axışına maneçilik törətdiyi krantdan fışqıraraq gələn su...

Dünyanın kiri-tozu sinmiş ayna...

Özünü görə bilmirdi çırkabdan... Ağzını açdı, dişləri qara, qırmızı, mavi, boz idi... Zehni bulanıq.

Saçları göyqurşaqlaşmışdı.

Diş pastası dilinin sağ tərəfindəki acıqdan dişlənmiş çuxuru dağladı.

Nanədən nifrət edirdi belə anlarda...

Acı qəhvənin dadına hopurdu siqaretin acımtıraq valehediciliyi. Dodaqlarındakı adını zəhərləyircəsinə zəhərləyirdi məntiqini, hər gün başqa-başqa adlar əzbərləyirdi unutmaq üçün adını...

Bütün acığını bir əli ilə zorla tutub saxladığı, hər an özünü aşağıya atmaq istəyən şüşədən çölə tüpürərək atırmışcasına başını çölə çıxardı. Dərin nəfəs aldı, sonra kofe qarışıq siqaret tüpürdü. Neftqarışıq oksigenlə dolduqca ciyərləri alovlandıqca alovlanırdı ruhu.

Artıq təsəlli edə bilmirdi məntiqini.

Saçlarını havaqarışıq külək dağıdırdı... Həyatı darmadağın insanın saçları dağılsa nə fərq edərdi ki... Siqareti ağzında sağ-sol edirdi. Ruhunda əmanət bir nəfəs, tərk edilmiş məsumiyyət.

Düşüncələr beynini gəmirirdi. Hamı kimi düşünə bilməmək idi faciəsi bəlkə də... Bəlkə də hamı faciə idi, əslində. Bu viran hekayənin tam ortasında dimdik duran sütün kimi tənha idi ruhu.

Keçməyəcək ağrıların antidepresantı idi ümid işartıları.

Bilirdi keçməyəcəkdi.

Solaxay idi bu gün beyni də. Aşırı duyğu qələbəliyi ürəyinə hakim idi. Ruhu alışıb-yanırdı. Sanki boğazından içəri qaynar qır tökmüşdülər. Mədəsi, bağırsaqları da yanırdı. Ürəyindəki ağırlıq getdikcə artırdı. Beyni bulanıqlaşırdı.

Beyni səmalaşırdı. Bütün planetlər, peyklər, meteoritlər zehnində fırlanırdı. Ulduzlar qara dəliyə çevrilib qadını udurdu. Siqaretin külü bütün məntiqinə səpələndikcə vücudu tənhalıqdan əriyirdi.

Yaddaşının yerini laqeydliklər aldıqca yox olurdu dəyərlər. Yox olduqca onlaşırdı. O olurdu. Bütün ruhuna yayılırdı işıq sürətiylə dağınıqlığı...

Ruhunu qara ipək kimi vücuduna sarıdı. İpəyin insana verdiyi ilk üşümə hissi ilə üşüyürdü.

Aysberq soyuqluğuna təslim vücuduqarışıq varlığı əriyirdi, hiss edirdi...

Bəlkə də elə ən düzü bu idi. Qadının qaranlıqlarının əsarətini anlamazdı Adam. Gəlişləri gözləməyin yersizliyində tək gerçək mövcud idi. Getmək...

Pəncərəni qapadı. Bütün fiziki ağırlıqlardan yavaş-yavaş qurtuldu. Təkliyinin hopduğu divarlara müxtəlif adda aynalar asdı.

Özünü aynalarla çoxaltdı. Aynalarla kölgələşdi, böyüdükcə-böyüdü. Aynalarla danışdı, aynalarla özünü bölüşdü. Sonra aynalarla sındı, töküldü, dağıldı... Axırıncı qum dənəsi misalı aşağı süzüldü. Səpələndikcə səpələndi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!