"Son səfər"in işığında... - Qəşəm Nəcəfzadə yazır

Görkəmli yazıçı Hüseynbala Mirələmovun "Son səfər" povesti haqqında düşüncələrim

 

Sevindirici haldır ki, son illər ölkəmizdə sənət adamlarının yubileyləri Prezidentin Sərəncamları əsasında geniş qeyd edilir. Hər yubileylə onların yaradıcılığı yenidən gündəmə gəlir, xalqına, vətəninə və bütün dünyaya yeni bir biçimdə, elmi şəkildə təqdim edilir. 1973-cü ildə ulu öndər Heydər Əliyevin qərarı ilə ölkəmizdə İmadəddin Nəsiminin 600 illiyi böyük təntənə ilə keçirildi, şəhərin mərkəzində heykəli qoyuldu, adına rayon verildi, "Nəsimi" filmi çəkildi. Beləliklə, Nəsimi müasirləşdi, xalqımız - oxucularımız şairi yenidən kəşf etdilər.

Bu il də möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2019-cu il "Nəsimi ili" elan olundu və Nəsimi ilə bağlı elmi araşdırmalar, tədqiqatlar, şeir müsabiqələri geniş gündəm aldı, bütün sənət sahələrində Nəsiminin yaradıcılığına müraciət edildi. Elə bil Nəsimi Hələbdən öz doğma yurdu Azərbaycana yenidən qayıtdı, yenidən sevgi ilə oxundu və elmi şəkildə tədqiq edildi.

Bu mənada görkəmli yazıçı Hüseynbala Mirələmovun Seyid İmadəddin Nəsimiyə həsr olunmuş "Son səfər" povesti "Nəsimi ili"nə ən böyük töhfə kimi ədəbiyyat adamları tərəfindən yüksək dəyərləndirildi.

Əvvəla onu deyim ki, Hüseynbala Mirələmovun əsərlərində təsvir və tərənnüm etdiyi insan, bu insanın içindən keçdiyi hadisələrdə ziddiyyət və bu ziddiyyətin sənətkarlıqla çözülməsi müasir ədəbi proses üçün böyük önəm daşıyır və yazıçının son dövrlər bir-birinin ardınca maraqlı əsər yazması fitri istedadın, təcrübənin, həyat müşahidəsinin və üstəgəl mütaliənin məntiqi nəticəsi və davamı kimi üzə çıxır. "Son səfər" povesti də tanıdığımız Nəsimiyə yeni bir baxış sərgiləyir, ədəbiyyatda ilk dəfə göstərilir ki, Şairlər şairi - Nəsimi doğma yurdu Şamaxıya qayıdır və sevdiyi qızla - Hüsniyyə ilə ailə qurub ömrünün sonuna kimi burada yaşamaq istəyir.

Kitaba ön söz yazan akademik Nizami Cəfərov əsərin ədəbi fəlsəfəsini təhlil edərək povestin müasir dövrümüz üçün çox vacib olduğunu konkret faktlarla əsaslandırır. Milli Məclisin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov kitabın redaktoru kimi yazdığı sözdə Nəsiminin Şamaxıya qayıdışını, xalqı ilə yenidən qovuşmasının əhəmiyyətini xüsusilə qeyd edir.

Yazıçının kitaba "müəllif" sözündə ("İki cahanın günəşi") Nəsimi yaradıcılığını sufi və hürufilik prizmasından araşdırması göstərir ki, müəllif Nəsimi ədəbi irsinə elmi cəhətdən dərindən bələddir. "Müəllif sözu"ndə deyilir: "Mən "Sığmazam" qəzəlini 13 yaşında oxumuşdum, sonra indi oxudum, 13 yaşlı Hüseynbala ilə indiki Hüseynbalanın o qəzəl haqqında fikirlərində çox böyük təfavüt var".

Əsərin əsas ideyası budur ki, müstəqilliyimizin bərpası və islami dəyərlərə malik olan ölkəmizin indiki halı, əslində, Nəsimi arzularının davamıdır. Nəsimi qədim türk təfəkkürünü və islami dəyərləri özündə birləşdirir.

Müəllifin qeyd etdiyi kimi, aşiqlər məclisində Nəsiminin könül dənizi dalğalananda onun kəlmə və hərfləri incilər kimi kənara dağıldı (Kəmaləddin Hüseyni). Nəsimi bəndəni Allaha yaxınlaşdırır və haqqa qovuşdurur. Nəsiminin fəlsəfəsinə görə, insan öz simasındakı gözəlliklərdə onu yaratmış rəbbinin xüsusiyyətlərini daşıyır. Şairlər şairi hikmətə və onun qüdrətinə heyranlıqla doludur. İnsan kamilliyi onun yaradıcılığında mühüm yer tutur.

"Ədəbiyyat qəzeti"ində Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ""Nəsimi ili"nə mükəmməl töhfə" məqaləsində "Son səfər" povestini həm elmi, həm də bədii baxımdan İ.Nəsimi yaradıcılığına yeni bir yanaşma hesab edir.

Əsərdə Nəsimi ilə qardaşı Şahxəndanın dialoqları və dialoqlarda üzə çıxan dilin canlılığı, Şamaxı dialekti və süfrəsi əsəri daha canlı göstərir. İki qardaşın danışığı, zarafatları, həyətdəki güllər, ağaclar, küçələrdəki adamların səsi, Nəsiminin mindiyi dəvə və sair məsələlər əsərin enerjisini birə-beş artırır. Nəsiminin Şamaxıya dönüşü, vətənə qayıdışı o vaxt ki, Azərbaycan dövlətinin, mədəniyyətinin yenidən qurulması və möhkəmlənməsi deməkdir.

Nəsimi və Hüsniyyə münasibətləri əsərin əsas süjet xəttini təşkil edir. Bu xəttin üstünə o dövrün ictimai-siyasi, dini, ədəbi hadisələri yüklənir.

Şairlər şairinin Allah və kainat fəlsəfəsini başa düşməyənlər, dini və Allahı dərk etməyənlər ona düşmənə çevrilirlər və şairi öldürmək üçün fürsət axtarırlar. Hətta qardaşı Şahxəndan da bəzən Şairlər şairini qəzəllərindəki ərəb-fars tərkiblərinə görə tənqid edirdi. Bu tənqid sevgidən irəli gəlirdi. Şahxəndan təmiz türk dilini çox sevirdi. Ona görə qardaşına deyir ki, bəzi cahil adamlar qəzəl, qəsidələrini oxuyur, heç nə anlamır və sonra da səni kafir adlandırırlar. Şahxəndan Nəsiminin iki qəzəlinin üzünü köçürməliydi. Birini köçürür, birini yox. Üzünü köçürdüyünü sonra əzbər söyləyir. İkincidən, yəni üzünü köçürmədiyi qəzəldən xoşu gəlmir və fikrini Nəsimiyə açıq bildirir. Nəsimi səbəbini soruşduqda: - Başa düşmək çətindir. Ərəb və fars tərkibləri ilə doludur, - deyir. Nəsimi cavabında deyir ki, şeir zövq məsələsidir. Bunları deməkdə məqsədim odur ki, artıq povestdə Şahxəndan yeni bir xətt kimi üzə çıxır. Əslində, düşmənlər Nəsimini həm də ona görə öldürmək istəyirlər ki, o, şeir dili olan, farsı, ərəbi qoyub nökərlərin, dilənçilərin dilində, yəni pozuq türk dilində yazır. Bu təzad əsərin bədii gücünü artırır.

Yazıçı o vaxtkı Şamaxı mühitini çox dəqiq araşdırıb. İstər həmin dövrün dili, obrazların adları, dialoqları, yol və küçələri, istərsə təbiəti, Qalaybuğurd qalası və pinəçilər, kisəçilər, mollalar, Bakı şairləri ilə Şamaxı şairlərinin işbirliyi və sair məsələlər əsəri daha da oxunaqlı edir.

Şahxəndanın iti Qaçalanın hürüşü, ayıq- sayıqlığı diqqət çəkir. Yəni bu, Şamaxıda baş verən son hadisələrlə həmahənglik təşkil edir. Şahxəndanın evini cahillər hər gün daşa basırlar, küçələrdə şübhəli adamlar gözə dəyir. Şairlər şairi qəbiristanlığa gedib valideynlərinin məzarı üstə yasin oxuyur və hər dəfə də düşmənləri onu güdürlər. Nəsimi ilə Hüsniyyənin qəbiristanlıqda qarşılaşmaları əsərdə dinamikliyi daha da artırır. Qulluqçu Gülnaz xala Nəsimini çox sevir, onun qəzəllərini əzbər deyir. O da fars-ərəb sözlərini başa düşmədiyini söyləyir.

Nəsimi ilə Şamaxı şahı İbrahimin münasibətləri indiyə kimi cəmiyyət üçün böyük dilemma olan şah və şair və yaxud S.Vurğunun təbirincə desək, "Şair, hökmdarın hüzurundasan" ("Vaqif" dramı) misrasının ən dərin qatları üzə çıxır. 

İbrahim şah Şairlər şairini çox sevir, onun saraya gəlişinə ziyafət düzəldir. Söhbət əsasında şair evlərinin daşa basıldığını, izləndiyini, hədələndiyini şaha danışır. Şah şairi qorumaq üçün mühafizə dəstəsi ayırmaq istədikdə, əyanlardan biri deyir ki, hörmətli şahım, belə olduğu təqdirdə bəzi bədxahlar məsələni yanlış anlayacaqlar. Deyəcəklər, Nəsimi gör nə boyda günahkardır ki, silahlı sərbazların müşayiətilə gəzir. Ən gözəl variant budur ki, onun şeirlərini xalq arasında oxuyaq, mənasını xalqa izah edək. Bundan sonra Nəsiminin təhlükəsizliyi təmin olunacaq. Çox ağıllı fikirdir. Bu, həm də yazıçının təxəyyülüdür.

Nəsimi sarayda musiqiçilərin müşayiətilə qəzəllər oxuyur, hər dəfə İbrahim şah başda olmaqla bütün saray əyanları şairi alqışlayır. Birdən karvanbaşı Yarəhməd şairin dediyi bir qəzəldə axırıncı beyti başa düşmədiyini deyir. Şairlər şairi qəzəli ona yenidən izah eləyir.

Nəsiminin sözü gərçi dəmi-İsadır, ey münkir,

Sənə kar eyləməz niçün ki, yoxdur haqqa iqrarın.

Bundan sonra şah üzünü Yarəhmədə tutub eyhamla deyir ki, Yarəhməd, sənin başının ölçüsü çox balacadır, ona görə başın yaxşı işləyir. İbrahim şahın şairə münasibətində və dialoqundan görünür ki, o, ədəbiyyatı, xüsusən əşarı gözəl bilir və hər dəfə şairin üsyankar ruhunu alqışlayır və hətta bir şeirinə düzəliş də edir, şair də razılaşır. Bundan sonra şah deyir ki, sənin bu fitri istedadına görə Şamaxıda adını şair qoyub qafiyəbazlıqla məşğul olan yerli şairlər sənlə niyə düşmən olmasın ki, sən onlara qənim kəsilmisən?

Əsəri daha da dramatikləşdirən Şamaxının ən ucqar bir dağ kəndində ağaclarla əhatələnmiş evdə Nəsiminin əleyhinə bir məclisin qurulmasıdır. Məclisin rəhbəri dövlətli dul arvad Rəbiyyə Xatundur. On iki müxtəlif yaşlı, müxtəlif geyimli adamlar: molla, şair, dəllək, falçı, lotu üz-üzə oturub Nəsimi haqqında qəti qərar qəbul edirlər ki, o ya sürgün, ya da edam olunmalıdır. "Qurani-Kərim"ə and içirlər bu xəbəri, bu razılaşmanı heç kim bilməməlidir. Şair Qaim Şirvani, şair Əhməd Kəsrəddin, şair Tacəddin Şirvani, şair Mail Fədai, Molla Rüxnəddin Xəlili, molla seyid Məhəmməd, dəllək Nəsrəddin Zəbani, falçı Yusif Zəbai, lotu İsfandiyar Qutluq "Qurani- Kərim"ə əl basırlar ki, Nəsimini aradan götürəcəyik. İbrahim şahın ətrafında özümüz olacağıq. Təkcə lotu Kamal Mərufa "Quran"a and içmir, atasının goruna and içir və sonra aralarında olan gizli söhbətlərin hamısını dövlət adamı daşsifət müsəllim Müqdədir Oğuza çatdırır... Məclisdə qərar qəbul olunmuşdur ki, Şairlər şairinin qapısına ox sancılmalıdır. Ox sancılmamış Nəsimiyə xəbər verirlər ki, bu axşam qapınıza ox sancılacaq, amma qorxmayın. Yazıçının ustalığı odur ki, bütün bunlar əsərdə orijinal, inandırıcı, yaddaqalan səhnələrlə təsvir olunur.

Nəsimiyə qarşı qurulan gizli təşkilatın üzvləri və onun tərəfdarları şairi hər yerdə izləyirlər. Məsciddə Nəsimi xəncərlə vurularkən dövlətin güvənlikləri Nəsimini ölümdən xilas edirlər. Cinayətkarları bir an içində tuturlar, onları Qalaybuğurd qalasına salırlar. İbrahim şah ağıllı adamdır. Fikirləşir ki, cinayətkarları edam etdirsəm, din adamları daha da qızışacaq. Yaxşısı budur ki, Şairlər şairi öz qatillərinə hansı cəzanın verilməsini istəyir, qoy özü desin. Nəsimi xəbər göndərir ki, səhv etdiklərini etiraf etsinlər, sonra azadlığa buraxılsınlar. İstər şah, istər Nəsimi ən demokratik addımı atırlar. Əslində, bu, yazıçının təxəyyülünün məhsuludur. Amma gözəl ideyadır. Yazıçı o vaxtkı Şirvanşahlar sarayının və Nəsiminin timsalında bugünkü Azərbaycanın kiçik modelini tərənnüm edə bilib.

Povestdə səhifədən-səhifəyə dramatizm daha da güclənir. Gözlənilməz hadisələr bir- birini əvəz edir. Qulluqçu Gülnaz xanım oğurlanır, Şahxəndan Səlminaz xanımın qəsrinə gedib Hüsniyyə ilə görüşür. Nəsiminin onu hələ də sevdiyini və onunla evlənmək istədiyini deyir.

Qulluqçu Gülnazı oğurlayanlar xəbərdarlıq edirlər ki, əgər Nəsimi Hüsniyyə ilə evlənsə, məhv ediləcək. Ona görə Nəsimi İbrahim şahın yanına gedir. Məsələni ona tam təfsilatı ilə açıb danışır. Birlikdə onlar səhər yeməyi təam edirlər. Birdən Nəsiminin baxışları onun əllərindəki qabara sataşır. İbrahim şah əkinci olub, yer əkib, şumlayıb. O, şah olandan sonra o qabarı silə bilərdi, amma bunu etməyib, rəncbər olduğu günlərdən yadigar saxlayıb.

Nəsimi ilə Hüsniyyə Səlminazın qəsrində kəbin kəsdirib evlənirlər.

Şamaxı və Bakı şairlərinin müraciətindən sonra hər yerdən Şamaxıya şairlər gəlir, onlar Nəsimiyə qarşı müqaviməti artırırlar. Tərslikdən İbrahim şah da Həcc ziyarətində olur.

Ona görə Nəsimi səhərə yaxın Hüsniyyə ilə birlikdə Şamaxını tərk edir.

Mənə elə gəlir ki, Nəsiminin ürəyindəki qabar və qubar İbrahim şahın əllərindəki qabarla bir uyğunluq təşkil edir. Və bu povest hər iki qabar və qubarın poeziyası kimi müasir ədəbi nəsrimizin parlaq səhifələrindən hesab olunur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!