Robert Börns və Azərbaycan

 

Robert Börns və Azərbaycan

XVIII əsrdə yaşamış görkəmli şotland şairi Robert Börns ilə Azərbaycanı sıx əlaqələr bağlayır. Vaxtilə onun yazdığı şeirləri Məmməd Rahim, Ənvər Əlibəyli, Teymur Əliyev, Sabir Mustafa və başqaları dilimizə tərcümə etmişlər.

Şairin 200 illik yubileyi Azərbaycanda geniş qeyd olunmuşdur. Xalq şairi Bəxtiyar Vahabzadə Şotlandiyada olarkən Robert Börnsün doğulduğu evə baş çəkmiş, oradan ilhamlanaraq "Kiçik pəncərə" adlı şeirini yazmışdır.

Öz xalqına, onun folkloruna, milli ənənələrinə vurğun Robert Börnsün sözləri bu gün nəğməyə çevrilib dünyanı gəzir. Azərbaycanda onun ən məşhur təbliğatçılarından və tərcüməçilərindən biri də professor Şahin Xəlillidir.

Alim həmkarı Səadət Əliyeva ilə birlikdə Börnsün anadan olmasının 250 illiyi münasibətilə Azərbaycan dilinə tərcümə edilən şeirlərini, onun haqqında olan məqalələri toplayaraq dərs vəsaiti kimi kitab halına gətirmişdir. Kitabın elmi redaktoru prof. Qəzənfər Paşayev, redaktoru Fialə Abdullayevadır.

"Robert Börns: şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya" adlı kitaba Qlazqo Universitetinin professoru Naycel Lisk ön söz yazmışdır. Həmin ön sözü təqdim edirik.

Atababa İsmayıloğlu

Ön söz

Professor Şahin Xəlilli ilə Səadət Əliyevanın çox gözəl təəssürat yaradan "Robert Börns: şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya" adlı kitabına qısa ön söz yazmaq təklifini özümə böyük şərəf bilirəm. 25 yanvar 2019-cu ildə Şotlandiyanın milli şairinin doğum günündə və bütün dünyanın adamlarının bir yerə toplaşıb Robert Börnsün həyat və yaradıcılığını qeyd etdiyi bir vaxtda bu sözləri yazmaq mənim üçün xüsusilə əlamətdardır. Bir vaxtlar şairin özünün təbliğ etdiyi əsl beynəlmiləlçilik ruhunda. İndi müəlliflərin Azərbaycan oxucusu üçün hazırlayıb təqdim etdiyi kitabı bu sahədə qiymətli xidmət təsiri bağışlayır. Şair yazırdı ki:

Elə gözəl gün gələcək,

Xoş arzuyla güləcəkdir.

Bu dünyada ağıl, şərəf

Onda qalib gələcəkdir.

Və sairə və ilaxır,

Mən görürəm o baharı

O vaxt qardaş olacaqdır

Yer üzünün insanları.

Kitab şotland bardının həyatının və poeziyasının ayrı-ayrı aspektlərinə, eləcə də onun həm şotland ədəbi ənənələrinə, həm də dünyanın digər ölkələrindəki şair və yazıçılara təsiri məsələsinə həsr olunmuş çoxsaylı elmi esselər məcmusudur. Kitaba tərcümələr və Börnsün təsiri ilə yazılmış yaradıcılıq nümunələri də daxil edilmişdir. Əlbəttə, bu, poeziyanın ümumbəşəri özəyini təşkil edən müxtəlif mədəni və ədəbi istiqamətlərinin daha əhatəli şəkildə dərkinə nail olmaqda azərbaycanlı tələbələr üçün dəyərli mənbəyə çevriləcəkdir. Kitab, heç şübhəsiz ki, tələbələrə şairin beynəlxalq şöhrətinin daha yaxşı dərk olunmasında kömək edəcəkdir.

Tam səmimiyyətlə ümid edirəm ki, kitabın sərlövhəsinin özünün açıq-aydın şəkildə bəyan etdiyi kimi - o, özünəməxsus unikal incəsənətin, poeziyanın və milli mədəniyyətin sahibi olan Azərbaycanla Börnsün əsərlərində vəsf olunan Şotlandiya arasında xüsusi körpü rolunu oynayacaqdır. Ölkələrimiz arasında çoxsaylı əlaqələr mövcuddur və bunlar ölkələrimizin dağlarının, çay və göllərinin gözəlliyi ilə seçilməsi, habelə bardımızı şeir və nəğmələrini yazmağa ruhlandıran xalqlarımızın istiqlal ruhudur.

Börns barədə araşdırmalar aparmağa və məqalələr yazmağa çox illər sərf etmişəm. Bu yaxınlarda isə "Ümumi dəftərlər, səyahətlər haqqında jurnallar və qarışıq nəsr" adı ilə Robert Börnsün seçmə əsərlərinin yeni Oksford nəşrinin birinci cildini (2014) çap etdirmişəm. Bu çoxcildli yeni nəşrin tamamlanması ilə Börnsün əsərləri, onun həyatı və ədəbi dairələr haqqında fikir, düşüncələrimizə yeni istiqamət açılacaqdır. Mənim üçün bu da böyük şərəf işidir ki, adını qeyd etdiyim araşdırmanı sözün əsl mənasında Börnsşünaslığın dünyada mərkəzi sayılan Qlazqo Universitetinin nəzdində fəaliyyət göstərən Robert Börns Tədqiqatlar Mərkəzinin bir sıra elmi əməkdaşları ilə birgə aparmışam. Çox şadam ki, Azərbaycan oxucuları 2010-cu ildə nəşr olunmuş "Robert Börns və pastoral" adlı monoqrafiyamı yüksək qiymətləndiriblər. Ümid edirəm ki, beynəlxalq və akademik tədqiqat mübadilələri qeyri-mükəmməl və narahat dünyamıza xeyirxah təsirini göstərəcəkdir. BMT-nin Baş katibi Kofi Annanın 2004-cü ildə Robert Börnsün xatirə mühazirəsində vurğuladığı kimi: "Gəlin biz də Pobert Börns kimi bütün bəşəriyyəti öz ağuşuna alıb əhatəsinə çəkən əsl bacı-qardaşlığın xülyalarına dalaq, bu, insanların ayrılmaz hissəsi olan hüquqlarından, şərəf və azadlığından yararlanmağa imkan yaradır". Mən isə kitabı ərsəyə gətirənlərin hər birini təbrik edirəm. Ümid edirəm ki, bu nəşr həm oxucular, həm də Robert Börns poeziyasının beynəlxalq dərki üçün faydalı olacaqdır.

Professor Naycel Lisk,

Qlazqo Universiteti

25 yanvar 2019-cu il

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!