“Müharibəsiz bir günü olmayan dünyamız yenə də qlobal savaşın astanasında dayanıb”

Səlim Babullaoğlunun Hüseyn Cavidin Monteneqro dilində dərc edilmiş "İblis" əsərinin təqdimat mərasimindəki çıxışı

 

Hörmətli xanımlar və cənablar!

Hörmətli cənab səfir, diplomatik korpusun hörmətli nümayəndələri!

Əziz  dostlar!

Görkəmli  fransız sənətşünası  Jorj Polti (Georges Polti)  özünün məşhur "36 dramatik situasiya" əsərində dünyada və ədəbiyyatda başlıca mövzuların sayca 36 olduğunu iddia edirdi.  Böyük Argentina yazıçısı Xorxe Luis Borxes  (Jorge Luis Borges) bu sayı minimuma endirmişdi, 4 mövzu olduğunu yazırdı. İndi, bu gün, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin "İblis" əsərinin Monteneqro dilində tərcümə və nəşrini təqdim etdiyimiz bir vaxtda  (yeri gəlmişkən, mən tərcüməçini bu böyük işin  altına girdiyinə və onu bitirdiyinə görə ürəkdən təbrik edirəm)  cəsarət edib, bir az da irəli gedərək qeyd etmək istəyirəm ki, ədəbiyyatda və bu dünyada  bir əsas və bir törəmə mövzu var. Xeyir və Şər. Allah və iblis. Xilas və məhv. Belə olmasaydı Antik yunan və Roma mif və rəvayətlərindən, qədim Şərq nağıllarından, nəhayət, Hötedən (Johann Wolfgang von Goethe) sonra azərbaycanlı şair-dramaturq Cavid bu mövzuya müraciət etməzdi. Yeri  gəlmişkən, elə ondan sonra da eyni mövzu dünyanın ciddi nəsr və poeziya ustalarının başlıca mövzusu oldu. Tutalım Tomas Mannın  (Thomas Mann)  "Doktor Faustus" ("Alman bəstəkarı Adrian Leverkünün həyatı") əsərini, yaxud Bulqakovun "Ustad və Marqarita"sını xatırlayaq.

Mən ilk əvvəl Hötenin adını boşuna xatırlamadım. Çünki zamanında, yəni Cavidin "İblis" əsəri tamaşaya qoyulanda, nəşr ediləndə ən çox paralel aparılan əsər "Faust" idi.  Bu iki əsərin bir xeyli eyniyyəti olsa da, bir başlıca fərqi var. Hamınız yaxşı bilirsiniz ki, "Faust"da, II hissədə, mələklər Faustun qəlbini Mefistofelin əlindən alıb onu cənnətə aparırlar, yəni Allah Faustu bağışlayır. Cavidin əsərində isə hadisələrin inkişafı bu tərəflə, maddi dünyadakı xronologiya ilə yekunlaşır. Yəni biz nə olacağını sonra biləcəyik, hər kəs öz təcrübəsində.

Cavid  əsəri ötən əsrin 18-ci ilində yazmışdı. Düz 100 il bundan əvvəl, II Cahan Savaşının son aylarında  və günlərində. O illər Azərbaycan tarixi üçün də həm faciəli, eyni zamanda qürurverici günlər idi. Çünki bir tərəfdən, Bakıda və Azərbaycanın rayonlarında  Azərbaycan-türk əhalisinə qarşı ermənilər, daşnaklar tərəfindən qətliamlar, kütləvi amansız qırğınlar törədilirdi. Başqa tərəfdən, bütün bu qanlı hadisələrin fonunda Rus Çar  İmperiyası çökəndən sonra  Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qurulurdu. Yəni baş verənlərin fonunda Cavidin mövzuya müraciəti təbii idi. Hərçənd  son yüz ildə  sonradan da çoxlu hadisələr olub. O cümlədən II Cahan savaşı.Yaxud son otuz ildə bizim dünyamızda baş verənləri xatırlayın. Elə bu torpaqlarda, Balkanlardakı hadisələri də  həmçinin. Nə qədər qanlar tökülüb. Nə qədər hadisələr baş verib. Mən bu hadisələri hər hansı bucaq altıında qiymətləndiməkdən uzağam və siyasi hadisələrin üzərində çox qalmaq istəmirəm,  amma Cavidin "İblis" əsərini yazdığı dövrə, I Cahan savaşına aid  tez-tez xatırladığım bir səhnə, xronika var. Savaş öncəsi Kayzer də, rus Çarı da, fransızlar da, ingilislər də,  Osmanlı Sultanı da öz əsgərlərini müharibəyə yola salır, onları Allahın adı ilə uğurlayır. Qəribə olsa da hamı Allahın adından edir bunu. Və hamı bir-birinə qarşı vuruşur.

Qəribədir ki, bu gün də oxşar hadisələr baş verir. Müharibəsiz bir günü olmayan dünyamız yenə də qlobal savaşın astanasında dayanıb. Bəlkə ona görədir ki, "İblis" əsəri məhz bu sətirlərlə bitir:

"İblis nədir? Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir? İblis!.."

Bu isə, öz növbəsində,  mövzunun açıq və daim aktual qalması deməkdir.  Hərçənd Şərə münasibətdə  "aktual" sözü bir qədər yerinə düşməyə və zəif görünə bilər. Hər necəsə girişdə xatırlatdığım kimi, mövzular çox azdır: 36-dır, 4-dür və hətta 1-dir.

Yəqin, məlumatınız var  və kitaba da giriş məqaləsində yazılıb ki, Hüseyn Cavid Stalin sovet repressiyaları dövründə Sibirə sürgün edilmiş və orda da vəfat etmişdi. Üzərindən 41 il keçəndən sonra Azərbaycanın ümummilli lideri, o vaxt isə Azərbaycanın Sovet Sosialist Respublikasının I katibi  Heydər Əliyevin səyləri ilə çətinliklə də olsa böyük şairin nəşi Sibirdən gətirilib anadan olduğu doğma torpağa, Azərbaycanın bir hissəsi olan Naxçıvan torpağına tapşırılmışdı. 

Yadımdadır ki, böyük şairin qızı ilə bərabər keçirilən tədbirlərdə,  müstəqillik illərində, Heydər Əliyev şairin ev-muzeyində sərgilənən fotolardan birinə baxıb belə bir ifadə işlətmişdi:

"Hər dövrün öz İblisi var". Doğrusu, mən bilmirəm, Heydər Əliyev bu fikri İblis rolunu müxtəlif dövrlərdə oynayan aktyorları nəzərdə tutaraqmı demişdibu sözü, yaxud Şər mövzususun daim "aktuallağını" nəzərə alaraqmı?! Məncə, burda hər iki hal üçün doğru idi o replika. Və çox qəridədir ki, mövzunun yuxarıda söylədiyim aktuallığı müxtəlif səviyyələrdə - ən ali ədəbi səviyyədə də, ən yuxarı siyasi səviyyədə də qəbul edilir, müzakirə edilir, dartışılır. Amma savaşlar bitmir. Xeyir və  Şər savaşı.

Amma mən indi böyük Azərbaycan şairi Cavidin başqa şeiri və başqa bir məsələ barədə danışmaq və çıxışımı yekunlaşdırmaq istəyirəm.

Təsəvvür edin ki, sizin 100 il yaşamaq və doğulduğunuz ilk gündən hər gün 150 səhifəlik olmaqla, gündə bir kitab oxumaq imkanınız var. Bu, yüz il ərzində 36.500, ya 36.600 kitab edərdi. Amma dünyadakı kitabların sayı milyarddan çoxdur. Allahın peyğəmbərlərinə və bütün insanlara Sözünün 1 kitaba sığdığı bu dünyada, demək, hər şeyi nə oxuya bilərik, nə də oxumalıyıq.

Əgər elədirsə, biz hansı kitabları oxumalıyıq ki, o bizə kömək etsin, savaşlardan qorusun, savaşlara aparıb çıxarmasın?! Nə müharibə meydanındakı savaşlara, nə ədəbi-elmi tənqidi savaşlara, nə də üslubi savaşlara.

Cavidin bir kiçik əsərini "Qız məktəbində" şeirini oxumaq istəyirəm:

- Quzum, yavrum! Adın nədir?

- Gülbahar.

- Pəki, sənin anan, baban varmı?

- Var.

- Nasıl, zənginmidir baban?

- Əvət, zəngin, bəyzadə...

- Öylə isə, geydiyin geyim neçin böylə sadə?

Yoxmu sənin incilərin, altun bilərziklərin?

Söylə, yavrum! Heç sıxılma...

- Var, əfəndim, var... lakin

Müəlliməm hər gün söylər,

                               onların yox qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.

- Çox doğru söz...

            Bu dünyada sənin ən çox sevdiyin

Kimdir, quzum, söylərmisən?

- Ən çox sevdiyim ilkin

O Allah ki, yeri-göyü, insanları xəlq eylər.

- Sonra kimlər?

- Sonra onun göndərdiyi elçilər.

- Başqa sevdiklərin nasıl, yoxmu?

- Var...

- Kimdir onlar?

- Anam, babam, müəlliməm,

                           bir də bütün insanlar...

Sətri tərcümədən anladığınız bu şeirin gözəl musiqisini də ümid edirəm diqqətinizə çatdıra bildim. Mənə hərdən elə gəlir ki, bizim dünyamıza Cavidin yazdığı kimi belə əsərlər, ilk baxışda kiçik görünən, adi həqiqətlər və sevgilər aşılayan mətnlər daha çox lazımdır.

Sözümün sonunda mən Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hörmətli cənab Eldar Həsənova və onun rəhbərliyi altında çalışan komandaya, Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinə və Azərbaycan-Monteneqro mədəni-iqtisadi mərkəzinə dərin təşəkkür edirəm.

Diqqətiniz üçün sağ olun.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!