Bəs Kastaneda gerçəkdə kim idi: Cadugər şəyirdi, antropoloq, filosof, yoxsa yazıçı... - Ədəbiyyat söhbətləri - Əyyub Qiyasın təqdimatında

Əyyub QİYAS

 

Yazıçıların əksəriyyəti dünya şöhrəti qazandıqdan sonra memuarlar yazır, həyatlarını jurnalistlərə nağıl edir və bununla da bioqrafların işini asanlaşdırırlar. Amma bütöv bir nəslin ağlını başından alaraq, hər şeyi alt-üst edən bir adam da var.

Karlos Kastaneda 12 besteller müəllifi olduqdan sonra ömrünün qalan illərini gələcəkdə mümkün tədqiqatçıları öz bioqrafiyası ilə bağlı dalana dirəməyə sərf etdi. Bəlkə yazıçı bununla öz nəzəriyyəsinə sadiq qalmağa çalışırdı? Artıq bu barədə qəti nəsə söyləmək mümkün deyil, çünki onun fəaliyyəti və həyatı ilə bağlı dəqiq faktlar yalnız yazdığı əsərlərdə əks olunub.

Hətta müxtəlif mənbələrdə gələcək yazıçının doğum tarixi belə, fərqli göstərilir: 1925, 1931, ya da 1935... Amma 25 dekabr günü müxtəlif mənbələrdə bir neçə dəfə təkrarlanır və bu səbəbdən onu gerçək kimi qəbul etmək olar. Onun doğum yeri ilə bağlı problemlər də var, bu yer bəzən Braziliyada balaca kənd, bəzən isə Peruda olan Kahamarka kimi təqdim edilir. Lakin hər halda, onun valideynləri haqqında maraqlı faktlar mövcuddur, balaca Karlos dünyaya gələrkən onların 15 və 17 yaşı olub, bu səbəbdən oğlana bibisi tərbiyə verib və bir müddət sonra qohumları dünyasını dəyişib və ehtimala görə, Karlosu San-Fransiskodan olan ailə övladlığa götürüb. Bütün hallarda o, yalnız 1959-cu ildə ABŞ vətəndaşlığına qəbul olunub və Karlos Kastaneda adı da gənc adamın vətəndaşlıqla bağlı sənədləri doldurarkən götürdüyü imzadır. 

Gəncliyində Kastaneda təsviri sənətlə məşğul olmaq istəyib, bir müddət jurnalistikanın və psixologiyanın sirlərini öyrənib, hətta psixoanalitik yardımçısı işləyib və nəhayət, antropoloq diplomu alıb. Los-Ancelesin Kaliforniya Universitetində dissertasiya hazırlığı zamanı gənc mütəxəssis səyyar tədqiqatlara başlayıb və gələcək işlərin mövzusu olaraq yerli Amerika mədəniyyətlərinin düşüncə proseslərini öyrənməyə qərar verib. Nəticə bir o qədər də elmi alınmayıb, lakin hindu maq və cadugər Don Xuan Matusun təlimlərinə həsr edilmiş ilk kitab oxucuların zövqünü oxşayıb. "Don Xuanın təlimləri" bir anda bestellerə çevrilib. Əgər o, məsləkdaşlarından ibarət böyük bir ordunu özü bilərəkdən şübhələndirməsəydi, yazıçının bioqrafiyasındakı bu hissə tam məntiqli görünə bilərdi, lakin həmin o hindu doğrudanmı gerçək idi, təlimlərin ilk mərhələsini ciddi qəbul etmək olardımı, yoxsa elə hər şey ustadının özünün söylədiyi kimi "diqqət çəkmək üçün şampan partlayışı" idi?!   

Lakin ciddi antropoloq alimlər də milyonlarla oxucu kimi, Karlos Kastanedanın ilk elmi işinə inanaraq, ona "İkstlana səfər"ə görə magistr dərəcəsi - hətta doktor dərəcəsi - verdilər. Doğrudur, sonrakı hissələr elmi tədqiqata daha az oxşayacaqdı və məhz bu səbəbdən gənc yazıçının antropologiyanı zənginləşdirən bilikləri gələcəkdə müəyyən şübhələr yaradacaq, bu proses hər kəs Kastanedanın əsrlərini bədii nümunə kimi qəbul edənə qədər davam edəcəkdi, amma bütün bunlar prinsip etibarilə onun dünyadakı çoxsaylı oxucusu, pərəstişkarı üçün az əhəmiyyət daşıyacaqdı.    

Görünür, Karlos Kastanedanın yazıçı istedadının fenomeni oxucunun hər hansısa çox çətin əsəri öz inkişaf səviyyəsi və maraqları çərçivəsində, öz istədiyi kimi qəbul etməsi ilə bağlı idi. Kimsə orada öz inkişafı üçün qeyri-adi mənbə tapır, digəri ona sadəcə qarışıq süjetli, istiqamətləri kəskin dəyişən hadisələrlə zəngin mütaliə vasitəsi kimi yanaşır. Hətta bir başqası onlardan hallüsinogen bitkilərdən istifadə qaydaları kimi yararlana bilər. Bu mövzunun ilk kitablarda qabarıq şəkildə təqdim olunmasına münasibət bildirənlərin əksəriyyəti, onun gənclərin psixikasına pis təsir etdiyini söyləyirlər. Lakin əslində, dünyada gedən alternativ prosesləri əks etdirən və zaman-zaman müxtəlif yaradıcı nümunələrlə təqdim olunan nəsnələrlə müqayisədə Kastanedanın təqdimatında elə də ciddi təhlükə yoxdur. Bu, sözün gerçək mənasında ekzotik sistemdir və oxucuya çoxsaylı paralel aləmi hiss etmək duyğusu, onlara fiziki şəkildə toxunmaq imkanı verir, bu silsilədən olan bütün kitabların öhdəsindən gəlməyə və onları dərk etməyə şərait yaradır. 

Ardıcıllar, şəyirdlər, fanatlar - Kastaneda şöhrətinin zirvəsində olduğu illərdə klassik dairələrdə olduğu kimi, aylıq seminarlar keçirə, öz mərkəzini yarada bilərdi və beləliklə onun nəzəriyyələri sistemli şəkildə davam edərdi. Əslində o, bütün bunları yaratmışdı, lakin nəticə etibarilə hər şey bir qədər qəribə oldu. Hər halda Karlos Kastaneda 1970-1980-ci illərdə öz ekzotik nəzəriyyələrini ətrafına topladığı qrupla birgə aktiv şəkildə təcrübədən keçirirdi. Bir müddət sonra o, hətta ödənişli seminarlar və mühazirələr təşkil etdi, lakin on-on beş nəfər ən yaxın şəyirddən başqa, ona ustad gözü ilə baxan digər fanatlar tez-tez çox məyus olurdular, çünki ustad bu cür tədbirlərə qatılmır və ümimiyyətlə, öz fanatlarından uzaq qaçırdı. Nəticə ürəkaçan deyildi, onu qətiyyətsizlikdə, səhlənkarlıqda və vicdansızlıqda ittiham edirdilər. Əslində, bu davranışı ilə insan öz həyatı haqqında bilikləri diqqət mərkəzinə gətirməklə yanaşı, həm də onları insanlıq tarixindən silməyə nail olur və bəlkə də Kastaneda elə buna can atırdı. Hətta ən yaxın adamlarının yaddaşında belə, onun haqqında son dərəcə təzadlı məlumatlar və xatirələr qaldı. Bu cür yanaşmanı Karlos Kastanedanın məqsədli seçimi kimi qəbul etmək olar, çünki o özü dəfələrlə jurnalistlərə izah etmişdi ki, "Döyüşçünün yolları"nda göstərildiyi kimi, çox vaxt şəxsi həyat fərqli bir insan obrazı yaradaraq onun azadlığını əlindən alır. Yazıçının sağlığında bir neçə dəfə onun ölümü ilə bağlı məlumat dərc olunmuşdu və məhz bu səbəbdən 1998-ci ildə o, həqiqətən dünyasını dəyişəndə məlumatı dəqiqləşdirmək üçün xəbər müəyyən gecikmə ilə yayılmışdı.

2000-ci illərdə BBS-də fəaliyyət göstərən ssenaristlər bu məşhur yazıçının həyatı ilə bağlı sənədi film çəkmək fikrinə düşəndə gözlənilmdən çox çətin bir işlə qarşılaşdılar. Lap bu yaxınlarda yaşamış bir insan haqqında gerçək məlumatlar demək olar, yox dərəcəsində idi. Məhz bu səbəbdən film hər zaman olduğu kimi, onu xatırlayan şəxslərlə müsahibə formasında olmadı. Ona görə də bu gün Karlos Kastaneda haqqında nəsə öyrənmək istəyən hər kəs səbrini basıb onun özündən sonra saxladığı mənbələrə - onun kitablarına - baş vurmalı olur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!