Lirik dilin cəlbedici cazibəsi - Radomir Andriç

Fərid Hüseynin Belqradda serb dilində nəşr edilmiş "Çasovi vaspitanğa duxa" ("Ruhun tərbiyə dərsləri") şeir toplusu haqqında düşüncələr

 

Artıq Azərbaycan poeziya nümunələri serb dilində daha çox nəşr edilir. Belə tərcümələr isə serb oxucusunun bu qədim xalqın - Azərbaycanın mədəniyyəti, ədəbiyyatı haqqında daha müfəssəl fikrə sahib olmasına imkan yaradır.

Serbiya səfərində azərbaycanlı yazarlarla fikir mübadiləsi aparmaq fürsətimiz oldu. Görüşlər boyu Fərid Hüseyn yeni nəsil gənc şairlər arasında istedadı, müasir poeziyadakı axtarışları ilə diqqətimi xüsusilə cəlb etmişdi. Serb dilində nəşr olunan jurnal və qəzetlərdə məhz onun şeirlərinin tərcüməsinə geniş yer verilməsi də müşahidələrimin doğruluğunun sübutudur. Amma mənim üçün onun istedadının ən bariz sübutu Nina Simiçin tərcümə etdiyi "Ruhun tərbiyə dərsləri" şeir toplusunda yer alan lirik nümunələrdir.

Oxucu çox asanlıqla, heç bir şübhəyə düşmədən müəllifin poetik səsindəki özəllikdən doğan özünəinam hissini duyur.  Fəridin qələmi əsla ənənəvi poetik dəyərlərin təkrarına yol vermir, məhz buna görə də, hər şeir çağdaş poeziyanın heyranedici semantika sərhədsizliyindən payını alır. Şair bugünə qədər yaşadığı təcrübələrdən qazandığı analiz qabiliyyətini çeşidli mövzular üzrə özünəməxsus motivlərlə nümayiş etdirir. Əslində, Fərid Hüseyn bir-birindən orijinal şeirlərinə sadəcə bir müşahidəçi mövqeyindən deyil, intellektual biri kimi yanaşaraq, həyat verir. Məhz buna görə də onun şeirlərini tərəddüd və narahatlıqla oxumağa başlayır, sonra isə dərin duyğular içində tamamlayırsan. Fərid hər şeirində sevginin mahiyyətini açır, bugünün insanının çiyinlərinə düşən məsuliyyətləri araşdırır.

Onun şeirləri müəyyən mənada sevginin keşməkeşləri üzərində cəmlənib. Əzablı duyğuların sərhədsiz semantikası və təsir gücü qarşısında metafizik poetik lüğəti ilə şair bu dominant duyğuları ən təsirli təsvirlərlə əks etdirir. Sevgiliyə, anaya, dostlara, patriotik fiqurlara - kimə səslənməsindən asılı olmadan, hamını insanı heyrətə salan metaforalarla zəngin üslubu ilə müqəddəs bir məkana çağırır. Onun şeirləri də, düşüncələri də öz təbiəti kimi taleyin hərəkətli güzgüsü qarşısında konfessional bir səssizlik içindədir.

Şübhəsiz ki, bu qısa oxucu qeydlər ilə nə müəllif haqqında avtobioqrafik məlumat vermək, nə də onun bir yazıya sığmayacaq yaradıcılığının təhlili ilə məşğul olmaq iddiam var. Məni bu qədər cəlb edən, Fəridin bir şair kimi öz mənəvi üfüqlərini bu yaşda tapmış olması, istənilən emosional anın təsvirində özünəməxsus lirik dilinə cəlbedici bir cazibə qazandıra bilməsidir. Əminəm ki, həm Fərid Hüseynin şair ruhu, həm də saf duyğulardan qidalanaraq tərbiyə olunmuş lirik ifadə üslubu özünə çoxlu pərəstişkarlar tapacaq. Bu, təkcə bura üçün, bu gün üçün keçərli deyil. Əsl poeziyanın Tanrı qatında müqəddəs sayıldığı hər yerdə, bütün zamanlarda...

Belqrad, 16 iyul. 2019

İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!