Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - "Kürsü" layihəsinin qonağı yazıçı Seyran Səxavətdir

 

- Seyran müəllim, sizin nəslin bir çox nümayəndələri ədəbiyyata gəlmək üçün xeyli zəhmət çəkməli, aylarla, hətta illərlə çap olunmaq üçün gözləməli olublar. Amma, nədənsə, onlar yaşlanandan sonra, sanki yaşadıqları çətinlikləri unutdular, yaradıcılıq baxımından bugünkü gənclərə qarşı o qədər də səxavətli davranmadılar. Sizcə, o dövrün çətinlik görən gəncləri niyə bugünün ədəbi oliqarxlarına çevrildilər?

- Bilirsiniz, bu, hər adamın vicdanı, yanaşması, sözə olan hörməti ilə bağlı məsələdir. Kim sözə hörmət edirsə, hansısa təzə ayaq açan körpə söz adamının əlindən tutursa, o, sözün əlindən tutur. Bu da yenə deyirəm ki, vicdan məsələsidir. Kim istəyirsə edir, istəməyəni məcbur etmək olmaz. Əgər bu mövzudan özümə keçid eləsəm, deyə bilərəm ki, mən həmişə gəncliyə kömək etmişəm. Ən böyük diqqətim də o olub ki, hansısa gənc şairin şeirlərini oxumuşam, müəllifin özünə zəng vurub təbrik eləmişəm.

- Konkret gənclərdən kiminsə şeiri, kitabı haqqında yazmısınız?

- Bəli, yazmışam. Arzu Nehrəmlinin, Şəfəq Sahiblinin, Narıngülün haqqında yazmışam. Şəfəq Sahibli haqqında "Ədəbiyyat qəzeti"ndə "Şəkillərdə yanan şamlar heç vaxt sönmür" başlıqlı böyük bir yazım çıxıb. Yəni bəyəndiyim müəlliflər haqqında danışmışam da, yazmışam da.

- Amma etiraf edək ki, 2000-ci ilin əvvəllərində ədəbiyyata gələn gənclik publisistikada, jurnalistikada əriyib yoxa çıxdı, ədəbiyyatdan uzaqlaşdı. Halbuki, onlar yaxşı nasir ola bilərdilər.

- Mən o siz dediyiniz gəncliyi neçə illərdi izləyirəm, radioda şeirlərinə də qulaq asmışam. Aqşinin (Aqşin Yenisey - S.Ə.), başqa adını unutduğum bir şairənin şeirlərinə radioda qulaq asandan sonra zəng vurub redaksiyaya təşəkkür etmişəm. Onların heç birini üzdən tanımadığım üçün zəng vuranda onları görmək istəyimi, tanış olmaq arzumu da bildirmişəm. Deyiblər ki, Aqşin əsgərlikdədir. Amma ümumi götürəndə indi bir az biganəlik çoxalıb, hərə öz başını birtəhər saxlayır. Bax, indi sən gələndə mən "Ədalət" qəzetində Aqil Abbasın hekayəsini oxuyurdum. Başlanğıcı çox möhtəşəm idi, axırı bilmirəm necə olacaq. Yəni mən oxuyuram! Yazıçılar Birliyində gündə mənə iki, üç nəfər kitab bağışlayır, bu da bir aya hardasa yüz kitab edir. Yaxşılarını oxuyuram.

- Sovet dövrü ədəbiyyatla məşğul olan insanlar üçün xeyli şərait yaratmışdı. İstər təhsil, istərsə də istirahət, dolanışıq baxımından sizin dövrün yazıçı və şairləri çətinlik çəkmirdilər. Bugünkü gənclik keçmişdəki imtiyazlarınıza bir az qibtə, bir az da aqressiya ilə yanaşır.

- SSRİ-nin, Sovet İttifaqının yazıçılara xüsusi bir münasibəti vardı. Çünki yazıçılar Sovet İttifaqının ideoloji silahı hesab olunurdu, onun ideologiyasına xidmət edirdi. Bizim dövrdə yazıçılar üçün maksimum şərait yaradılmışdı. Bütün SSRİ-də yazıçıların öz pulu ilə tikilmiş yaradıcılıq evləri vardı. Ədəbiyyat fondu deyilən bir təşkilat vardı ki, SSRİ-nin ən varlı təşkilatlarından biri hesab olunurdu. Yazıçıların qonorarlarının on faizi həmin təşkilatın hesabına köçürülürdü. Sonra da həmin maliyyə yenə yazıçıların özlərinə, istirahətlərinə sərf olunurdu. Sizin sualınızda bu baxımdan həqiqət var. Amma sonra SSRİ dağıldı, quruluş dəyişdi.

- Quruluş dəyişsə də, məkanlar və onların adları olduğu kimi qaldı.

- Məkanlar qalıb. Amma Şüvəlanda yazıçıların öz pulu ilə tikilmiş yaradıcılıq evində son günlərə qədər qaçqınlar yaşayırdı. Məkan həmin məkan olsa da, zaman başqa zamandır. Siz qeyd etdiyiniz kimi də bugünkü gənclik keçmişdə bizə verilən imtiyazların günahını bizdə görür. Mən on ildən çox Moskva ətrafında Boris Posternakın qəbri olan kəndə, Peredelkinoya bir ay, ay yarım yaradıcılıqla məşğul olmağa gedirdim. Dostlarımızla iki, üç gün fərqlə hər ilin dekabrında həmin kəndə yığışardıq. Leninqraddan (Sankt-Peterburq) Andrey Bıtov, Moldovadan Anatol Çokanu, Qazaxıstandan Oralxan Bakeyev, Dağlıq Altaydan Pasley Samık gəlib bizə qoşulurdular. Biz birlikdə gəzəndə Rusiyanın böyük yazıçısı Valentin Katayev bizi görüb deyirdi: "Vot, dekabristı!". Yəni bütün bu şəraiti bizim üçün yaratmışdılar! Misal üçün, mən oturduğum yerdə ərizə yazırdım ki, Kuril adalarındakı fəhlələrin həyatından hekayə yazmaq istəyirəm. Bununla da ora səfər etmək üçün hər şey hazır olurdu. Yəni quruluşun özü ədəbiyyat sahəsində maraqlı idi.

- Seyran müəllim, o dövrdə istedad meyarı nə dərəcədə rol oynayırdı?

- Doxsan faiz istedad rol oynayırdı. Bu yaxınlarda adını çəkmək istəmədiyim bir nəfər məclislərin birində mübahisə elədi ki, yazıçı üçün ən vacib olan zəhmətdir, istedad deyil. Mən onu başa sala bilmədim ki, əsas olan istedaddır. Çünki həmin adam özü istedadsızlar zümrəsinə aid idi. Amma ona dedim ki, bala, mən səni başa sala bilmədim, amma istedad olmayanda, adam sənin kimi danışır, çevrilib sən olur. Ona görə də istedad hər zaman vacib şərtdir. Bizim nəsildə də istedadlı adamlar az deyildi. Elə bizim ədəbi dərnəyimizə o vaxtlar Ramiz Rövşən, Səyavuş Sərxanlı, Sabir Rüstəmxanlı, Tofiq Abdin, Seyran Səxavət, Tofiq Hüseyn kimi qələm adamları gəlirdilər. Bunlar hamısı ədəbiyyatda qaldılar.

- "Qaçhaqaç" romanınızda səmimi etiraflar həddindən artıq çoxdur. Roman bitəndən sonra və yaxud da redaktə prosesində nələrisə sildiniz?

- O romanı yazanda, əgər belə demək mümkündürsə, mən özümü hamıdan aşağı tutmuşam. Məndə redaktə adlı şey olmur. Bir az ləng yazsam da, hər şeyi beynimdə redaktə edə-edə işləyirəm. Ola bilər ki, hardasa vergül yaddan çıxır, onu sonradan əlavə edirəm.

- Yəni səmimiyyət baxımından özünüzü sıxmamısınız?

- Qətiyyən sıxmamışam. Necə var, elə də yazmışam. "Qaçhaqaç" romanında bir az memuarizm də var. Ola bilər ki, kimsə öz xatirələrini yazanda Səməd Vurğunla yanaşı, dayanıb söhbət etdiyini yazsın, amma sonradan məlum olsun ki, Səməd Vurğun qurultayda kürsüdə məruzə oxuyanda həmin yazıçı da zalda olub. Yəni memuar yazan adamlarda özünü təqdim etmək, birinci göstərmək iddiası olur. Amma mən öz romanımda bu kimi nüansları darmadağın etdim. Adam kişi olar seriyasından nə var, onu da yazdım.

- Həyatda bizim tanıdığımız bir çox ütülü, rəsmi adamları siz xarakter etibarilə əsərinizdə başqa rakursdan təqdim etmisiniz. Misal üçün, Nəbi Xəzrini sizin romanınızda başqa tərəflərdən görə bildik.

- Hə. Rəhmətlik Nəbi Xəzri haqqında yazmışam. Ümumilikdə bir az assosiativ fikirləşsək, ev əşyalarının içərisində mənim sevmədiyim əşya ütüdür. Evdə başqa əşyalar xarab olanda onu dərhal düzəldirəm. Amma ütü aylarla xarab vəziyyətdə qala bilər. Yəni mən özüm də ütülük adam deyiləm. Onsuz da həyat özü bizim üzərimizdən necə lazımdır öz ütüsünü çəkir.

- Sizin həm kənd, həm də şəhər həyatından, mühitindən bəhs edən əsərləriniz var. Kənd və şəhər nəsri haqda son dövrlər formalaşmış fikirlərə münasibətiniz maraqlıdır.

- Onlar hamısı boş söhbətlərdi. Amma bir halda ki, sual verirsən onda belə cavab verə bilərəm ki, yazıçının obyekti həyatdır. Həyatda kənd də var, şəhər də. Kimin gücü çatır şəhərdən yazır, kimi də kənddən. Kimin gücü çatmır ancaq şəhərdən və ya elə kənddən yazır. Mənim bir sözüm var, bunu çox yerdə demişəm, elə indi də deyirəm. Kobud desək, istənilən kəndçi hardasa bir, iki nəsildən sonra şəhərli ola bilər. Amma istənilən şəhərli heç vaxt kəndçi ola bilməz. Bu, sən dediyin kənd və şəhər nəsrində də özünü çox qabarıq göstərir.

- Ümumiyyətlə, kənddən olmaq yazıçı üçün nə qədər əhəmiyyətlidir?

- Mənim üçün kəndçi olmaq başqa bir aləmdir. Həmşə deyirəm ki, Allah mənim düşmənimi də şəhərli eləməsin. Mən şəhərli olsam, bataram. Heyif deyil insanın əvvəli, mayası kənddən ola, sonra gəlib şəhərdə yavaş-yavaş, ürkək-ürkək formalaşıb şaxələnə. Dünyanın ilkin yaşayış maketi də axı kənddir. Şəhər bic yerdi. Kənd, torpaq işi isə ağır məsələdir. Torpaq işindən qaçan gəlir şəhərə. Hətta zarafatyana öz aramızda deyə bilərəm, məndə belə bir fikir də var ki, poeziya hardasa şəhər uşağı, nəsr isə kənd uşağıdır. Bütün hallarda kənd və ya şəhər ədəbiyyatında yarımçıqlıq çox pis şeydir. Elə adam var ki, fikirləşir şəhərə gələn kimi ədəbiyyata da gələcək. Amma Bakıya gəlmək ədəbiyyata gəlmək demək deyil. Ədəbiyyata gəlmək ayrı şeydir.

- sahibərinizdən birində demişdiniz ki, Qarabağdan yazmayaq. Öz qarabağz, sonuncu şahidlərdən biri hesab olunursunuz. Siz yazmırsız, başqalarına da yazmayın deyirsiniz, s ticə necə olsun?

- Mən, təbii ki, yazıçı kimi, elə bir qəhrəman yaradaram ki, erməniləri qıra-qıra düz Ermənistana qədər gedib çıxa bilər. Amma mənə kağız üzərində alınan Qarabağ yox, həqiqətdə görəcəyim Qarabağ, üzümü sürtə biləcəyim torpaq, real Qarabağ lazımdır.

- Bəs yazıçı missiyası?

- "Bilsin, ana torpaq, eşitsin vətən.

Müsəlləh əsgərəm mən də bu gündən".

O dövrlər daha keçib-getdi. Küll halında milli konsepsiya olmalıdır. Və dediklərimizin hamısı da ordan doğmalıdı.

- Aqil Abbas "Dolu" romanını yazdı. Bəs sizin ürəyiniz istəmir Qarabağdan yazmaq?

- Aqil yazandan sonra Qarabağı aldıq? Yəni artıq otuz ilə yaxınlaşır ki, Qarabağ işğal altındadır. İndi yazı vaxtı deyil. Real hərəkətə keçmək lazımdır. Döyüş başlasa, mən də gedərəm. Lap gedib kartof soyaram. Mən də Qarabağdan yazmayaq deyəndə bu fikirləri nəzərdə tutub demişəm. Görünür, düzgün başa düşməyiblər.

- "Qaçhaqaç" romanınızda da oxucuya bir sual ünvanlayırsınız. "Qarabağdan bizə nə qaldı?". Mən də istəyirəm bu sualı sizə verəm: Qarabağdan bizə nə qaldı?

- Bəzi yazıçılar, şairlər deyirlər ki, Qarabağı hər gün yuxuda görürük. Mənim ən böyük cəzalarımdan biri budur ki, mən bu otuz ildə bir dəfə də olsun oraları yuxumda görməmişəm. Elə bil ki, mənə cəza veriblər. Baxmayaraq ki, tez-tez doğulduğum kəndin yaxınlığına, erməni icazə verən yerə qədər gedirəm. Öz kəndimizə baxıram, boylana-boylana qalıram. 

- Seyran müəllim, söz, qələm adamının taleyini, özünü qoruması çətindir?

- Bu mənada mən həm də qorxağam. Yəni bu günə qədər dişimlə, dırnağımla qazandığımı itirməkdən qorxuram. Söhbət, təbii ki, maddi qazancdan yox, mənəvi qazancdan gedir. Məni küçədə, dəniz qırağında görən adamlar yaxınlaşıb deyirlər ki, sən kişi adamsan. Bunu kim necə istəyir, elə də başa düşsün. Amma həqiqətən də bu sözləri mənə deyən insanlar var. Bax, o kişi adam imicini itirməkdən qorxuram.

- Maraqlı yazı prosesiniz var. Özünüzü hər şeydən təcrid edirsiniz, hətta yemək və suya da ehtiyacınız az olur.

- Mən yazı yazanda sutkada iyirmi, iyirmi dörd saat işləyən adamam. Əvvəllər çoxlu siqaret çəkirdim, indi şükürlər olsun ki, tərgitmişəm. Amma yazı prosesində beş qutu siqaret çəkdiyim günlər olub. Yazanda bir buxanka çörək, bir kilo kolbasa mənə on, on beş gün bəs eləyər. Yazı yazanda adam heç nə yemək istəmir, ancaq işləmək istəyir. Həmin anda yazmaqdan başqa heç nə arzulamırsan.

- Yazacağınız mövzuları, yəqin ki, əvvəlcədən bişirirsiniz?

- Mən yazmağa başlayanda bilirəm ki, artıq dolmuşam, yağmalıyam. Adam öz-özü ilə tək qalanda yavaş-yavaş özünü dilləndirə bilir. Yazı prosesində ən çətini birinci və axırıncı cümləni yazmaqdır. Ən qalın romanlarda da bütün yazılanlar birinci cümlədən doğulur. Biz həmin döl kompaniyasını görməsək də, hiss edirik. Şəxsən mən nəsrdə ilk cümlədən sonra doğulanları hiss edirəm. Mənim "Nekroloq" romanım belə başlayır: "Aralıdan baxanda, Yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı, eləcə çürük idi". Mən hesab edirəm ki, "Nekroloq" romanında sonradan nə yazmışamsa, hamısı həmin cümlədən yaranıb. Və romanın sonu o yerə çatıb ki, mən sonra bilmişəm, elə əvvəldən-axıra qədər həmin sonluğu yazmaq, cümlədəki mahiyyətə varmaq istəmişəm. Romandakı son cümlə də belədir ki, "dünya Allahın çin olmuş yuxusudur!"

- Seyran müəllim, bu baxımdan hərdən sizi mətndə söz oynadan adam kimi təqdim edirlər.

- Vay, vay, vay. Allah belə adamlara insaf versin. Kaş elə onlar da mənim kimi sözlə oynayardılar.

- "Qaçhaqaç" romanınızda təsirli məqamlar da çoxdur. Haqqında yazdığınız dostlarınızın, tanışlarınızın bir çoxu artıq həyatda yoxdur. Rauf Soltana aid bölüm xüsusilə çox təsirli alınıb. Özünüzün təsirləndiyi, kövrəldiyi məqamlar olub?

- Mən haqqında yazdığım adamları hər gün xatırlayıram desəm, doğru olmaz. Amma söhbət Raufdan gedirsə, onda hamı yadıma düşür. Baş verən hər şey olduğu kimi yadımdadır. Həmin xatirələr elə bil yaddaşımın bir küncündə dincə qoyulub, lazım olanda istifadə etmişəm. Rauf Soltanla bağlı hissəyə görə mənə çox zənglər olunub. Bəziləri bunu Azərbaycan nəsrinin müəyyən dövrünü əhatə edən nəslin faciəsi də hesab ediblər.

- Gənclərdən kimləri oxuyursunuz?

- Bu gün xeyli istedadlı uşaqlar var. Təranə Vahid adlı yazıçı var. Çox gözəl yazıçıdır. Hədsiz dərəcədə gözəl. Mənə çox təəccüblü gəlir ki, tənqidçilər, ədəbiyyatşünaslar niyə onun haqqında yazmırlar. Fərqanə, Arzu Nehrəmli, Nuranə Nur, Həyat Şəmi, Feyziyyə çox istedadlıdırlar. Feyziyyəni çox istəyirəm. O, niyəsə sözdən, ədəbiyyatdan küsmüşdü, bu yaxınlarda onu sözlə barışdırdım. Mətanət Uluşirvanlı adlı yazar var. O, şeir də yazır, nəsr də. Amma nəsri daha gözəl alınır. Onun "İt kəlləsi" adlı romanını oxudum. Çox gözəl romandı.

- Dramaturgiya məsələsinə toxunmaq istəmirəm. Mənə elə gəlir ki, dramaturgiya sahəsi artıq sizin üçün qapanıb.

- Sən doğru hiss edirsən. Mənim üçün sözün səhnədən və ya kitabdan deyilməsinin fərqi yoxdur. Əsas odur ki, sözümü deyim. Mənim üçün bir janr var, o da söz janrıdır. Yaza bilən, söz demək istəyən adamlar üçün mövzu həmişə olacaq. Bütün bəşəriyyət yazıçı olsa belə, mövzu heç vaxt tükənməz.

- Amma bütün sözlərin nə vaxtsa necə və nə cürsə deyilməsi fikri ilə razısınız?

- Yox. Qəti şəkildə razılaşmıram. Deyilməmiş o qədər təzə fikirlər var ki, saymaqla bitməz. Misal üçün, Qarabağın istedadı boyda abrı olan və abrı da ona həmişə mane olan bir şairi gör, nə deyir:

Gözlərim qızarıb yenə qan kimi,

Deyəsən, bəxtimin yatan vaxtıdır.

Bu gün Qarabağın Xuraman kimi,

Özünü qayadan atan vaxtıdır.

Sözün möhtəşəmliyini görürsən? Bunu Nizami, Füzuli deməyib. Amma Əşrəf Veysəlli Qarabağı Xuramanın taleyi kimi yazıb, çox da gözəl yazıb.

Söhbətləşdi: Samirə Əşrəf

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!