Bir çinar hekayəti - Əli Rza Xələfli - Xatirə-poema

Araz ağrısında yeri göynəyən,

Yaddaşın  bir çinar hekayəti var.

Axşamda, səhərdə qapımı döyən

Uşaqlıq çağımın əmanəti var.

 

Yağı qabağında qürurlu çinar,

Dayanar budağı, qolu sınsa da.

Donar, yaddaşında bir Araz donar,

Hər iki sahildə Vətən yansa da.

 

Yolub saçlarını yellərə verib,

Şapalaq yarpaqlar ələm-ələmdi.

Ümid bu yerlərdə qəribdən-qərib.

İnam qara geymiş dərdli qələmdi.

 

Babəkin vurulmuş qolları sayaq,

Budaqlar qırılıb yanına düşüb.

Bəlkə, olanları birbəbir sayaq;

Görək, hansı olay necə ötüşüb?

 

Deyirəm bu dünya heç belə getməz,

Yaddaş yuxuların çin olmağı var.

Demə bu dünyanın  qovğası bitməz

Haqqın-ədalətin can almağı var.

 

...Babama dost olan, atama sirdaş,

Şəkərəli əmi yaxşı kişiydi.

Hər sözü xatirə, kəlməsi yaddaş,

Kənddə xeyir əməl onun işiydi.

 

Xoş qılıq danışıq, sözü bütövdü,

Hərdən şirin-şəkər gülməyi vardı.

Xoş xəbər dilində sovqatdı, sovdu

Pis sözü dilindən seçib qovardı.

 

Keçmişi iştahla çözələyərdi,

Əlində yediyi dürməyi kimi.

Qismətə baş qoyar, boyun əyərdi

Haqqı nizamında görməyi kimi.

 

Bir gün də atama xoş xəbər dedi:

Şər daban göstərsin, gülsün səhərin.

Qismət məni çəkdi, istək yeridi.

Çiçəyi çırtlasın sevinənlərin.

 

Getdim Haraylana... oğluna de ki,

Adına, bəxtinə bir çinar əkdim.

Boy atıb böyüsün o çinar təki

Söylə ki, taxtına bir ağ yol çəkdim.

 

Min doqquz yüz əlli üçüncü ili

Zaman yola salır... payızı, qışı...

Bir insan əlinin xeyir əməli

Bir gün qada sovar, kəsər qarğışı.

 

Şəkərəli əmi illər uzunu,

Əkdiyi çinara məni tay tutdu.

Araz ağrısının sükut buzunu

Qıran xatirələr sözə "toy tutdu".

 

Şirvan bulağının dumduru suyu,

Çinarın boyunu, soyunu sevdi.

Qismətim bəxtimə çalınan toyu

Taleyim bu toyda "oyunu" sevdi.

 

Oxatan bürcündə, ilan ilində,

Bir bulaq başına əkildi qələm.

Tanrı dəftərində, mələk əlində

Bir tifil bəxtinə çəkildi qələm.

 

Oğul adınadı - bitsin, göyərsin,

Şəkərəli əmi bir çinar əkdi.

Qundaqda inləyən tifil nə bilsin,

O, çinar əkən gün tale dərd əkdi.

 

Evimiz hündürdə, çinar dərədə

Baxıb qürurumla qoşa durardım.

Odlu gəncliyimi güdüb bərədə

Mən özüm-özümə pusqu qurardım.

 

Çinarın gövdəsi boyu, budağı,

Kölgə əlləriylə başımda gəzdi.

Acı xatirəsi bir ağrı dağı,

Həsrəti ömrümdə, yaşımda gəzdi.

 

Hərdən Şəkərəli əmi qolumdan tutub

Əkdiyi çinara baxıb öyərdi.

Ömrün axarında yolumdan tutub

Bəlkə, yaddaşıma naxış döyərdi.

 

Doğuldum, sevindi uruğum, tirəm,

On dörd günü qalmış payız qarında.

Dil açdım dil tapam, qəlbinə girəm,

Boğuldum həyatın caynaqlarında.

 

Xeyir əməl kişi bulaq başında

Bir çinar qələmi sancmışdı yerə.

Bir qələm tutanın öz yaddaşında

İndi ağlar qalıb o dağ, o dərə.

 

Nənəm deyərdi ki, sən olan günü,

Bir ulduz yanırdı göyün üzündə.

Dan üzü səhərdə öz gördüyünü,

Bəxtimə yozmuşdu suyun üzündə.

 

Göbəyimi kəsən Sənəm nənənin

Dilləri Araza tapşırdı məni.

Üyünər ağzında bu dəndənənin

Araz ağrısıyla ömrümün dəni.

 

Yağda piltə tutan Zülfü nənəm də

Qurbani pirinə nəzir aparır.

İndi karxana var dağlı sinəmdə

Yaddaş qəlpə-qəlpə qaysaq qoparır.

İllərin qovğası ömrümü yedi,

Bilmədim o çinar necə böyüdü.

Taleyim üzümə güldü-gülmədi,

Alnıma yazıldı çinar öyüdü.

 

Sinəmdə min dərdin gülləri bitdi,

Ömür bulağından əzab içdikcə.

Hər dəfə inamdan bir zərrə itdi

Sınıq körpülərdən ötüb keçdikcə.

 

...Mənim ürəyimdə Xan Çinar adlı,

Hələ yazılmayan bir kitab yatar.

Ömrün dan üzündən yol gələn atlı

Gün kimi doğular, Ay kimi batar.

***

Bu gecə yuxumda öpdüm yolları,

Xaraba yurdları Araz boyunca.

Bədənsiz başları, kəsik qolları

Sıxdım qucağıma, sıxdım doyunca.

 

Yanımca gedirdi şəhid oğullar,

Çinar oğulların boyunu gördüm.

Bitib-tükənməzdi burda nağıllar,

Sonunda almalar oyunu gördüm.

 

Bizi içimizdən çağıran səsə

Əl-ələ, qol-qola haray verək biz.

Şəhid oğullarla nəfəs-nəfəsə,

Zamanın özünə sinə gərək biz.

 

Arzunun, istəyin diləyi gülsün,

Arazı yol bilək Vətənə sarı.

Qəzəbin tufanı tüğyana gəlsin,

Dağılsın, sökülsün bu dərd hasarı.

***

Vətənin sinəsində,

Dərd yarpağı saralar,

Ümidlərin səsində

Nəfəs yanar, qaralar.

 

Dedim sözüm göyərər,

Ümidim xəzan oldu!

Soraq salar göy ərər,

Arzular nə tez soldu...

 

Göynəyən ürəklərdə,

İnam göy daşa döndü.

Vədəsiz küləklərdə

Bir çıraq yandı, söndü.

***

Həmyaşıdım çinar təki boy verib

Ürəyimdə bitən dərdin ağacı.

Ucalığı günəş dərib, Ay dərib,

Vüsal adlı meyvəsindən bar acı.

 

Gövdəsində göynəyidi harası,

Kövrək-kövrək əyrilənib budaqlar.

Qabıq-qabıq, qaysaq-qaysaq yarası

Dağ-dağ olub boy göstərir bu dağlar.

 

Ömür keçir günüm fəsil sorağı,

Yarpaq-yarpaq, dilək-dilək saralar.

Oxunmadı bu kitabın varağı

Tapılmadı bu dərdimə çaralar.

 

Küştü tutduq, cəng aradıq, nə fayda?

Mən qəmləri, qəmlər məni ötmədi.

Həsrət məndə, vüsal qalıb o tayda

Ha çağırdım, harayıma yetmədi.

 

Budağına, meyvəsinə baxıram,

Ağrı-ağrı, yara-yara barı var.

Bəxtim gülür, dərd selində axıram,

Deyin kimin mənim kimi varı var?!

***

Bəxtimə əkilən çinar qardaşım,

Gövdələr, budaqlar, gözlə, gələrəm.

Mənim ömür payım - kitab yaddaşım,

Qələmlər, varaqlar, gözlə, gələrəm.

 

Yaddaş tufanından yağar bir dolu,

Taparam xatirə ağacı, kolu...

Ot-alaf bassa da çığırı, yolu,

A yollar, yolaqlar, gözlə, gələrəm.

 

Ula, ulamağın canımdan keçsin,

Səsin qana dönsün, qanımdan keçsin.

Ağzı yanmış qurdum yanımdan keçsin,

Közərən ocaqlar, gözlə, gələrəm.

 

O dağ da, dərə də nəfəsə gəlsin,

Yerisin qol-qola, qoy kəsə gəlsin.

Dirilsin daş-qaya, bu səsə gəlsin,

A batmış soraqlar, gözlə, gələrəm.

 

Başımda ağ çiçək - gülüm gətirər,

Həsrətinə yansam, külüm gətirər.

Sözü dilim-dilim dilim gətirər,

Sinəm üstə dağlar, gözlə, gələrəm.

 

Quş kimi sıçrayıb keçdiyim sallar,

Bələni qıy tutan təpələr, yallar.

Sevgimə şahidsən çəpərlər, çallar,

A günlər, a çağlar, gözlə, gələrəm.

 

Başımda dolanan, yanan eşməsən,

Ürəyimi bu yol üstə deşmə sən.

Könlümə, gözümə dolan çeşməsən,

Öpdüyüm bulaqlar, gözlə, gələrəm.

 

Gözlərim qaralıb tora düşsə də,

Xal-xal ürəyimə yara düşsə də.

Diləyim, istəyim tara düşsə də,

Soyuqlar, sazaqlar, gözlə gələrəm.

 

Məni bir alagöz qəbir gözləyir,

Daşında yazılan səbir gözləyir.

Neçə-neçə yaddaş bir-bir gözləyir,

Qara üstə ağlar, gözlə, gələrəm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!