İnsanları yaşamağa çağıran film… - Samirə Əşrəf

Avqust ayının 2-də Nizami Kino Mərkəzində rejissor İlqar Nəcəfin "Nar bağı" filminin premyerası keçirildi. Film  atasız qalan uşağın dünyaya baxışı ilə başlayır. Damdan yıxıldığı üçün Cəlalın (Həsən Ağayev) görmə qabiliyyətində qüsur yaranıb. Həkimin (İlqarə Tosova) göstərdiyi hərfləri pis-yaxşı seçən uşaq rənglərə gəlib çatanda çaşır. Qırmızı rəngi gah qara, gah da boz kimi görür. Rejissor artıq ilk mesajını məhz qırmızı rəng vasitəsilə tamaşaçıya ötürür. Ana (İlahə Həsənova) çarəsizcə oğluna qoyulacaq diaqnozun necəliyini gözləyir. O, müti, daxilən zədəli və abırlıdır. Ərinin onu və oğlunu tərk edib Rusiyaya getməsi qadının həyata baxışını sönükləşdirərək onu özünə qapanan və az danışan birinə çevirib. Sara özünü oğluna həsr edərək ev işləri ilə günlərini yola verir. Eyni ilə Andrey Tarkovskinin "Ayna" filmindəki iki uşaqla tək qalan ana və ya Əkrəm Əylislinin "Kür qırağnının meşələri" povestindəki Səltənət kimi. Həmin qadınlar ata evinə, bu qadın isə qayınata evinə sığınır. Deməli dünyanın harasında olmağından asılı olmayaraq, qadın kiməsə, nəyəsə sığına-sığına yaşamağa güc tapır.

Evdə onların ümid yeri olan qayınatası Şamil kişi (Qurban İsmayılov) var. O, ömrünü həsr etdiyi nar bağındakı ağacları becəririr, yığdığı məhsulu bazara çıxarıb satır, həm özünün, həm də gəlini ilə nəvəsinin güzəranını təmin edir.

Lakin tamaşaçı elə ilk anlardan üç nəfərdən ibarət bu ailə tablosunda kiminsə çatışmadığını sezir. Qabil (Səmimi Fərhad) artıq uzun illərdir ki, ailəsini və atasını ataraq uzaq Rusiyaya gedib. Amma gediş o gediş.

Gəlin yuxu görür. Nar ağaclarındakı narlar pəncərəyə çırpılır. Sonra narın suyu qan kimi pəncərədən süzülür. Yuxu çin çıxır… Gecənin bir aləmində həyətdəki it narahat-narahat hürür. Uzun illərdir ki, gözlənilən, həm də gözlənilməyən qəhrəman oğul, ata və nəhayət, ər yağışlı bir gecədə peyda olur. 

Ata təəccüblü və hirslidir. Oğlunu acılayır, ailəsini atıb getdiyi üçün qınayır. Amma çox dərinə gedə bilmir. Gedə də bilməz. Qanı imkan vermir ki, oğlunu gəldiyi yerlərə geri yollasın…

Qadının əri ilə qarşılaşması soyuq olur. Sanki belə də olmalıdır. Qurban olunmaq, baş verəcək kişi hegemonluğunun hər cür  forması ilə barışmaq zatən əzəl gündən qadının boyuna biçilib.

Cəlala isə gələn qonaq yaddır. Onu ilk dəfədir görür. Kimliyini biləndə isə qəzəblənir. Atasını özünə yaxın buraxmamağı qərara alır. Qabil atasına ailəsini özü ilə aparmaq üçün gəldiyini deyir. Hamı buna inanır. Elə tamaşaçı da. Əslində isə uzun illərdən sonra cırıq şalvarla, bir dəst dəyişik belə götürmədən gələn çağırılmamış qonağın başqa məqsədləri var. Atasının nar bağını satdırıb, pulunu götürüb həmişəlik yoxa çıxmaq.

Filmin davamı birləşməyə, xöşbəxt olmağa çalışan ailə tabloları ilə davam edir. Bu tabloların tezliklə məhv olacağını bircə Qabil bilir. Bilə-bilə də bu oyunu davam etdirir. Artıq Cəlal da atasına isinişib, Şamil kişi də oğlunun səhvlərini bağışlayıb. Sara da neçə illərdən bəri ürəyində can verən sevgini diriltməyə başlayır. Bir sözlə, hər kəs xöşbəxtdir. Bağ satılır, baba pulu Qabilə təhvil verir.

Bəli məhz həmin andan acı reallıqlar başlayır. Qabil pulu götürüb gəldiyi yerə - Rusiyada evləndiyi arvadının yanına geri qayıdır. Pulu tez bir zamanda çatdırmalıdır. Çünki borcu olduğuna görə qızı girov götürülüb.

Bir övladın xilas olmasına çalışarkən, digər övladın daxili dünyası məhv edilir. Bir qadın sevilərkən digər qadın artıq ikinci dəfə təhqir olunaraq rədd edilir. Ata isə artıq həmişəlik zədələnir. O, bu zədəni üç kəlmə ilə ifadə edir: "Mənim oğlum yoxdur!"

 

Filmin sonrakı gedişatında rejissor ustalıqla, hətta mən deyərdim bir az da amansızlıqla insanın daxilindəki alt qatlara enir. Onları üzə çıxarır. Bir insanın öz ailəsinə, məhrəminə qarşı qəddar münasibətini ortalığa qoyur. Əlbəttə, Qabilin digər övladını xilas etmək istəyini nəzərə alıb ona necəsə bəraət qazandırmaq olardı. Amma bu xilas etmə faktı mərdliklə etiraf olunsaydı…

O, etirafa yaxın hərəkəti evin çardağında oğlu üçün edir. Lakin onun sonradan törətdiyi cinayətə bərabər hərəkət Qabilin bütün müsbət obrazını məhv edir. Hətta avtobusda tutduğu əməl üçün axıtdığı vicdani göz yaşları belə tamaşaçıda ona qarşı acıma hissi oyandırmır. Daha doğrusu, qəhrəman özü buna imkan vermir. O, göz yaşı axıda-axıda arvadı və oğlu ilə çəkdirmiş olduğu fotoları telefonundan silir. Ola bilər ki, gələcəkdə çəkəcəyi vicdan əzabının kəskinləşməsinin qarşısını bəri başdan almağa çalışır. Ancaq bütün hallarda bunu etməyə belə əli gəlir. Rejissor Qabil obrazı vasitəsi ilə insanın edə biləcəyi əclaflıqların hansı mərhələlərə qədər davam edəcəyini göz önünə sərir. Biz qəhrəmanı son olaraq əlində tutmuş olduğu qırmızı salafana bükülü puldan yapışan görürük. Böyük zəhmətlə qazanılan əməyin gətirdiyi bir ömür boyda sevinc, özünə inam, maddi rifah əl boyda maddiyyata çevrilərək dünyaya və gözəl olan hər şeyə meydan oxuyur.

Sonda yenidən həkim otağına qayıdırıq. Həkimin qəbuluna düşən Cəlal artıq qırmızı rəngi qara kimi yox, elə qırmızı kimi də görür. O, həyatın reallığı ilə erkən yaşda tanış olub. Həyatda yaşaya bilmək, güclü olmaq üçün rəngləri dəyişik salmağın zamanı olmadığını şüuraltı olaraq anlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta film" kino şirkətinin birgə istehsalı olan filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firidun Allahverdi, icraçı prodüseri Akif Əliyevdir.

Ekrandan ilk dəfə izlədiyim aktyor Səmimi Fərhadın ifası xüsusilə təqdirəlayiq idi. Bəzi məqamlarda obrazın da yaratdığı təəssürat səbəbi ilə Səmimi Fərhadın ifası tamaşaçıda müəyyən dözümsüzlük yaradırdı. Lakin buna baxmayaraq, dialoqların və hisslərin tamaşaçıya qüsursuz və təbii halda ötürülməsində aktyor xeyli zəhmət çəkib.  Aktrisa İlahə Həsənovanın ifasındakı qəhrəmanının yeri gələndə soyuq, yeri gələndə ehtiraslı çatdırma qabiliyyəti çox gözəl idi. Bu aktrisanın həm də ən böyük üstünlüyü onun xarici görünüşünün zərifliyi, simasındakı Şərq qadınlarına məxsus cizgilərin qabarıq olmasıdır. Aktrisa öz ifası ilə mənə "Arşın mal alan" filmindəki Gülçöhrəni, "Tütək səsi"ndəki Tutunu xatrlatdı. Qurban İsmayılovun yaratdığı səmimi, əzabkeş, ailəsini sevən ağsaqqal baba obrazı da diqqətəlayiqdir. Xüsusilə indi üzü yaşlanmağa doğru gedən aktyorlarımızın onlara məşhurluq gətirən obrazların xatirəsindən uzaqlaşmayaraq inadla təkrar etmək istədikləri qəlibləşmiş pafosunu çox şükür ki, bu filmdəki babanın timsalında görməli olmadıq.

Dramatik rolların ifaçısı kimi teatrdan tanıdığım Rövşən Kərimduxt burada fərqli ampulada idi. O, istənilən rolu öz içində həll edib üzə çıxara biləcək tək-tük istedadlı aktyorlarımızdan biridir. Filmin sonunda bəstəkar Firudin Allahverdinin simli alətlərin çoxluq təşkil etdiyi musiqi baş verən hadisələrin tamaşaçı tərəfindən qavranılmasında xeyli rol oynayır.

Filmin sonunda qadın taleyinə yazılan yazıyla razılaşır. Ani xoşbəxtlikdən sonra öz sakit, xatirələrlə dolu kənd həyatına geri dönür. İndi onun yaşamaq və ömrünü davam etdirmək üçün bir yox, iki səbəbi olur. Cəlal və bətnindəki körpə.

Rejissor bu filmlə həm də həyatda nə baş verməsindən asılı olmayaraq, insanları güclü olmağa, yaşamağa, yaşam öhdəliklərini qeyri-şərtsiz yerinə yetirməyə çağırır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!