Rəhimə Nuriyeva: “Vəfatından 3 gün əvvəl qızlarına dedi ki...”

"Kürsü" layihəsinin növbəti qonağı sentyabrın 3-də 68 yaşı tamam olan mərhum sənətkarımız, xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevadır

 

- Rəhimə xanım, bildiyimə görə, Yaşar müəllimin xasiyyəti çox mürəkkəb olub?

- Yaşarla evlənəndən sonra mən üç il çölə-bayıra çıxmamışam. Qapı, pəncərə həmişə bağlı olub. O, xasiyyətcə qısqanc adam idi. Bacılarına qarşı da elə olmuşdu. Amma sonralar xasiyyətinə öyrəşdim. Onun da bəxti gətirdi ki, mənimlə ailə qurdu. Çünki həmişə nə istəyirdi onu da eləyirdim. Üç ildən sonra yavaş-yavaş mağazaya, bazara getdim. Onda artıq uşaqlar anadan olmuşdu. O, tək çatdıra bilmirdi, məcbur olub özüm bazarlıq edirdim. Başqa adamları köməkçi kimi evimə cəlb etmək, ailəmin mətbəxini kənara çıxarmaq istəmədim. Mənim Yaşarla elə söhbətlərim olub ki, onu nə anam, nə bacılarım, nə də qızlarım bilməyib. İstəməmişəm Yaşar hansısa çətin xasiyyətinə görə kimlərinsə gözündən düşsün. Onu plastilin kimi həmişə formasında saxlamağa çalışmışam.

- Yəqin ki, çətin olub?

- Oy, çox çətin olub. Hədsiz dərəcədə çətin idi.

- Bəs bu çətinliklərin öhdəsindən necə gəlirdiniz?

- Çox sakit ailədə böyümüşəm. Ata-anamdan "sənə nə var?" kəlməsini eşitməmişəm. Bəlkə də ailəmizdə ata-anamın münasibətindən yorulsaydım, sonra öz ailəmdəki ər-arvad münasibətindən yorulub boşanardım. Sadəcə olaraq mən öz ailəmizdə gördüyümü evlilik həyatıma da tətbiq eləmişəm. Kişi nə dedisə, elə olmalıdır, kişinin dediyi sözə inanmaq lazımdır və s. Bu minvalla Yaşar mənimlə ailə qurandan sonra düz on, on beş il dostları ilə gəzməyə də gedib, yeyib-içib də.

- Amma evdə məclis qurmağı o qədər də xoşlamayıb...

- Yox. Evə adam gətirməyi sevməzdi. Nə qədər məclisi olub, hamısını kənarda təşkil edib. Evə də misal üçün, Arif Quliyev kimi tanıdığım dostlarından kimsə gəlsəydi, çay verib çəkilərdim başqa otağa. Özümün xasiyyətimdə də kişi söhbətlərinə qoşulmaq olmayıb. Sevmirəm elə şeyləri. Neçə illər biz kirayələrdə qaldıq. Hər şey çətinliklə başa gəlirdi. Amma bir dəfə də olsun, Yaşardan nələrsə tələb etmədim. Ancaq ailəm üçün əlləşib-vuruşdum. Konservatoriyanı bitirmişdim, musiqişünas idim. Məni işləməyə qoymadı, sonralar da işdən-gücdən vaxt olmadı.  Amma bir dəfə demədim ki, mən işləmək istəyirəm.

- Rəhimə xanım, qorxu vardı, ya hər şey hörmətə bağlı idi?

- Qorxu qətiyyən olmayıb. Bunlar mənim öz xasiyyətimdən gələn məsələlər idi. Qorxu sonralar yarandı. Hər dəfə gözləyirdim ki, görüm Yaşar evə necə, hansı əhvalda gələcək.

- Yaşar müəllimlə aranızda sevgi olub?

- Yox, biz Yaşarla tanış olanda heç bir sevgidən söhbət getməyib. Qohum kimi ailələrimiz tanış olublar, biz də evlənmişik. O dövrün öz meyarları vardı. Mən o vaxt indiki cavanlar kimi hər şeyi götür-qoy edib, xırdalıqlara varmamışam. Ailələrimiz razıdırsa, biz də razı olmuşuq.

- Yaşar Nuri kimi aktyorun həyat yoldaşı olmağın konkret çətinlikləri nələr idi?

- Mən adi aktyordan yox, korifey və əfsanəvi aktyordan söhbət açsam, həyatı boyu istəməzdim ki, ailədə dominant mən olum. Əgər mən həyat yoldaşıma yuxarıdan-aşağı baxsaydım, bəlkə də o, heç aktyor kimi böyüməzdi. Amma mən ona həmişə uşaqlarımın atası və böyük aktyor kimi yanaşmışam. Yaşarın bəxti onda gətirib ki, mənə rast gəlib. Çünki həmişə onun yüksəkdə olmasına çalışmışam. Həm ailədə, həm də aktyor həyatında. O, insan kimi çox qəliz adam idi. Amma ata, ailə başçısı kimi fədakar idi. Pul qazanmaq üçün özünü həmişə oda-közə vururdu ki, ailəsinə pul gətirsin. Və çox maraqlı idi ki, Yaşar pula həris adam deyildi. O, pul qazanmağı ancaq məni, uşaqlarını sevindirmək üçün edirdi ki, ailədə çətinliyimiz olmasın. Bəzən heç evə qoyduğu pulun sayını da bilmirdi. Pula qarşı əsl sənətkar yanaşması vardı. Amma əyin-başına, xarici görünüşünə fikir verən adam idi. Bəzən bir gündə dörd-beş dəfə evə gəlib paltarlarını dəyişirdi, çəkilişlərə gedirdi. İnanın, mən də qapıda qul kim dayanırdım.

- Sənətinə çox bağlı idi?

- Dəhşətli dərəcədə. Son iki ildə ən ağır günlərini keçirirdi. Mən ona baxırdım, fikirləşirdim, nə qədər möhkəm adamdır ki, səhnəsiz, rolsuz qalmağa dözə bilir. Halbuki, Yaşar bircə gün teatra getməsəydi evdə qərar tuta bilməzdi. Həmin gün evin içində o tərəf-bu tərəfə gedərdi. O, teatrsız qaldığı günlər teatrı çox arzulayırdı. Deyirdi, bəs necə olacaq, mən bir də səhnəyə necə çıxacam? Mən də ona təskinlik verirdim. Deyirdim, hələlik oturaq, arabada olan rollar ifa edərsən. Narahat olma, sən səhnəsiz qalmayacaqsan. Son gününə qədər mən ona dəstək oldum. Əgər onun yanında bir dəfə ağlasaydım, içimdən keçirdiyim ağrıları büruzə versəydim, çox yaşamazdı. Həmişə yalanı da ona doğru kimi deyirdim. Amma özüm əzab çəkirdim.

- Yaşar müəllim son gününə qədər xəstəliyini bilmədi?

- Bilirsiniz, ümumiyyətlə o, xəstəliyə qarşı da naşı adam idi. Hay-küy salmağı, xəstəliyi haqqında maraqlanmağı sevməzdi. Əgər o, öz xəstəliyinə, analizlərinə həkim nöqteyi-nəzərdən baxsaydı, çox yaşamazdı. Bütün bunların hamısını mən görüb yaşayırdım. Onun xəstə olduğu dövrlərdə, xəstəxanalarda, laboratoriyalarda gördüklərimi heç kimə arzu etmərəm. İstanbul-Bakı reysi ilə gedib gəlməkdən, nəticələrlə tanış olmaqdan yorulmuşdum. Sağ olsun xeyirxah insanlar. Yaşarın öz halal qazancından başqa, dövlət də, fiziki şəxslər də bizə köməklik ediblər. Yaşarı sevənlər həddindən artıq çox idi. Türkiyədə xəstəxanada yatanda gələnlərin sayı-hesabı yox idi. Xəstəxanada olan insanların hamısı təəccüb edirdilər ki, Yaşara bu qədər sevgi var. Bircə çiçəklə gələn tələbələr vardı. İndi də danışanda o günləri xatırlayıb kövrəlirəm. Bəlkə məni də yaşadan, yıxılmağa qoymayan insanların Yaşara olan sevgisi idi.

- Yaşar müəllimin qadınlara münasibəti necə idi?

- Yaşarın ikili həyatı olmayıb. Amma qadınlara qarşı münasibəti əla idi. Hər bir qadın ərini qısqanar. Mən də qısqanırdım. Ancaq gözümlə Yaşarın yanında başqa bir qadın görməmişdim axı. Belə məsələlərdə mən bir az da saf olmuşam. Həm də əgər kişinin ürəyi böyükdürsə, qoy, başqa qadınları da sevsin. Bir şərtlə ki, ailəsini atmasın.

- Bəs Firəngiz Mütəllimova ilə çıxan söhbətlərə münasibətiniz necə olurdu?

- Firəngizlə olan söhbətlər yalan idi. Ola bilərdi ki, Yaşar Firəngizi sevsin. Mən hiss edirdim ki, Yaşar ona meyil edir. "Səni axtarıram" tamaşası çəkiləndə də bir çox məsələlərdə dərinə getmirdim. İndinin özündə də sizə o vaxtlar keçirdiyim hissin adını açıqlaya bilmirəm. Amma qadınam da, müəyyən mənada Yaşarın Firəngizə olan hisslərini duyurdum. Bir-iki dəfə özünə bu haqda deyəndə, Yaşar dedi ki, biz dostuq. Mən də ona demişdim, bəxtin onda gətirib ki, sən ona qarşı biganə deyilsən, amma o sənə qarşı biganədir.

- Amma siz Firəngiz xanımla dost olmağı bacardınız...

- Elədir. Biz indi də dostluq edirik. Bəlkə də, Firəngizin Yaşara qarşı güclü məhəbbəti olsaydı, evlənərdilər. Amma Firəngiz mənə, dost olduğu insana qarşı heç vaxt elə hərəkət etməzdi. Həm də həmin dövrdə onun da öz daxili aləmi, şəxsi həyatı vardı. Sadəcə olaraq o tamaşadakı rolları ifa edəndən sonra qarşı tərəfdən birinin sevməməsi mümkünsüz idi. Onlar elə ifa edirdilər ki, buna inanmamaq olmurdu. Amma mən Firəngizdən arxayın idim (gülür).

Başqa qadınlarla bağlı nəsə eşidəndə də mənə toxunmurdu. Yaşarın sənətkarlığı qarşısında qadın söhbətləri mənim üçün cılız məsələlər idi. Həmişə özünə də deyirdim ki, Yaşar, sən məni atıb getsən də, heç kimə səndən şikayət eləmərəm. Bunu indi də tam səmimiyyətlə deyirəm. Çünki  Yaşarın böyük sənətkar olmasında mənim də çox zəhmətim olub. Buna görə mən qisas məqsədi ilə onu necəsə vurmağı, əzməyi daxilən bacarmazdım.

- Bu, Yaşar müəllimə olan qadın sevginizdən irəli gəlirdi, ya hörmətdən?

- Bilirsiniz, bəlkə də, bu, sevginin başqa forması idi. Bəlkə də, qocalıq sevgisi olub. Nə bilim... Amma ilkin evlilik illərimizdə mən ancaq ailə quruculuğu və mədəniyyəti ilə məşğul olmuşam. Bircə məqsədim olub ki, ailəmi qoruyub saxlayım. İstəmirdim, Yaşarın özünün, ailəsinin haqqında kimsə xoş olmayan söz desin. Bəzən anamgilə gedəndə də Yaşar deyirdi ki, taksi tutum get. Deyirdim, yox, apar məni özün qoy anamgilə. Qoy qonşular da görsün ki, məni Yaşar gətirir. Bu baxımdan dözülməz məqamları çıxsaq, ailədə qadından çox şey asılıdır. O, istəsə ailəni dağıdar, istəsə qurar. 

- Yaşar müəllimdən sonra onun yoxluğunu, sizə yaxın olan adamların yadlaşmasını hiss etdiniz?

- Çox hiss etdim. Yaşarla mənim çətin günlərimiz çox olub, amma o günlərin dadı başqa idi. Sonralar artıq o, məşhurlaşdı və hamı onu sözün əsl mənasında özününkü bilib sevirdi. Ona nazirdən tutmuş ən xırda vəzifəli adamların da böyük hörməti vardı. Yaşarın üzünə bütün qapılar, sözün həqiqi mənasında, həmişə açıq olub. Amma ondan sonra əlbəttə ki, yoxluğunu hiss etdirən məqamlar da olub.

- O özü şöhrətinin fərqindəydi?

- Fərqində deyildi, amma şöhrəti sevirdi. Yaşar pulun və şöhrətin qarşısında davam gətirməyi bacarırdı. Çünki pula həris deyildi. O, heç vaxt cırmaqla pul qazanmazdı. Həm də Yaşar şanslı adam idi. Onun seçilmiş insan kimi həyatda naxışı vardı. Ailə başçısı kimi də, aktyor kimi bəxti gətirmişdi.

- Rəhimə xanım, Kukla Teatrında Yaşar müəllimin iştirakı ilə "O, olmasın, bu olsun" tamaşası göstərilmişdi. Qızınız Ülviyyə mənimlə söhbətində həmin tamaşadan sonra isterika yaşadığını dedi. Qızınızın halı niyə pisləşmişdi?

- Yaşarın ən böyük arzusu kuklaların əhatəsində Məşədi İbad obrazını oynamaq idi. Əgər səhhəti imkan versəydi, həmin tamaşa festivallarda yüksək uğur qazana bilərdi. Amma təəssüf ki, cəmi üç dəfə Kukla Teatrının səhnəsində çıxış edə bildi. Elə sonuncu tamaşada qızım Ülviyyə dedi ki, mən də tamaşaya baxmağa gedirəm. Həmin günü səhnə arxasında mən Yaşarın yanındaydım. Siması çox yorğun, solğun idi.  Tamaşa başlananda gördüm ki, Ülviyyənin rəngi qaçıb. Amma sona qədər bizimlə zalda əyləşdi. Tamaşa başa çatandan sonra ona dedim, get, atayla görüş, onu təbrik et. Dedi, yox, getmirəm. Səbəbini soruşanda dedi ki, mənə elə gəlir, bu, papanın son çıxışıdır (ağlayır). Onun bu sözləri məni çox təəccübləndirdi. Amma bilirdim ki, onlar ata-bala bir-birlərini intuitiv olaraq çox yaxşı hiss edirlər. Elə ertəsi gün də Yaşarın halı birdən-birə dəyişdi, vəziyyəti pisləşdi. Halbuki, o günə qədər biz onun səhhətində ciddi narahatlıq hiss etməmişdik. Ülviyyə Yaşarın ölümündən üç gün əvvəl də atasına nəsə olacağını hiss etmişdi. Yaşarın ölümünə son iki gün qalanda o, xəstəxanaya getmədi. Dedi, mən hiss edirəm ki, ona nə isə olacaq.  

- Yaşar müəllimin dostları kimlər idi?

- Hamı onun dostu idi. Səməndər Rzayev, Telman Adıgözəlov, Rafael Dadaşov, Kamal Xudaverdiyevlə dost idi. Həsən Turabov isə Yaşarın idealı idi. Ümumiyyətlə, o dövrdə Həsən Turabov teatrda bir kumir, persona idi. Onun mədəniyyətinə, şəxsiyyətinə, zabitəsinə görə bütün teatr başına and içirdi. Yaşar da Turabovu çox sevirdi, ona hörmət edirdi. Turabovun ailəsində faciə baş verəndə Yaşar da çox böyük sarsıntı keçirdi. Bir də 20 Yanvar hadisələrində Yaşarı çox sarsılan gördüm. Bir gecənin içərisində onun saçının bir hissəsi arxa tərəfdən ağardı.

- Rollarını evdə məşq edirdi?

- Demək olar ki, yox. Əsərdən özünə düşən hissələri gətirirdi. Çox vaxt da mən üzünü köçürürdüm, vəssalam. Özü baxırdı, bəzən improvizələrini daxil edirdi, bəzən nələrisə çıxarırdı. Anadangəlmə çox güclü yaddaşı da vardı. Yaşar məşq üçün yaranmış adam deyildi. Çarli Çaplini, Lu de Fünesi çox sevirdi. Çarli Çaplinin qızına yazdığı məktubu tez-tez oxuyurdu. O məktubu indi də saxlamışam. O, filmlərə də öyrənmək, özünə lazım olan şeyləri götürmək üçün baxırdı. Müşahidə qabiliyyəti çox güclü idi. Bəzən siqaret çəkmək adına çıxıb küçədə dayanırdı. Amma mən bilirdim ki, Yaşar tipaj axtarır. Küçədə özünü elə aparırdı ki, guya heç kimi görmür, heç kimə fikir vermir. Amma, əslində, hamını görürdü.

- Özünün ən çox sevdiyi rolu hansıydı?

- Mən onun "Pəncərə", bir də "Nə gözəldir bu dünya" filmlərindəki rollarını çox sevirdim. Amma Yaşarın özünün sevdiyi rolu deyə bilmərəm. Çünki o, filmə baxanda mən onunla birgə baxmırdım. İstəmirdim onun daxilən yaşadıqlarını görüm. Həmişə filmə baxanda onu filmlə baş-başa qoymuşam. Xırda məsələlər olsa da belə məsələlərdə həmişə ona azadlıq vermişəm, onu qorumuşam. "Fəryad" filmini çox sevirdi. Ona dəfələlərlə baxmışdı. Amma bircə dəfə baxanda Yaşara mane oldum. Xəstəliyindən sonra çalışırdım ki, ona pis təsir edən şeylərdən uzaq olsun. Bir dəfə də "Fəryad" filminin başlanmasına az qalmış sayğacdan işığımızı söndürdüm ki, Yaşar filmə baxmasın. Hirsləndi, dedi, işıq idarəsinə zəng vur. Yalandan dedim ki, zəng vurdum, bir saatdan sonra yandıracaqlar.

- Yaşar müəllimi son gününə qədər belə qorudunuz?

- Son gününə qədər. O, xəstəxanada yatanda mən onun kefini açmaq, əhvalını yaxşılaşdırmaq üçün nələr etmirdim. Hamısını da məcburiyyətdən edirdim. Amma içim qan ağlayırdı. Yaşar da mənə bağlanmışdı. Deyirdi, hara gedirsən get, amma mən gözümü açanda yanımda ol. Sən yanımda olsan, mənə heç nə olmayacaq. Mən ancaq acanda xəstəxananın bufetinə düşürdüm, yemək yeyirdim, bəzən də ağlayırdım. Sonra da üz-gözümü bəzəyib onun yanına qayıdırdım.

- Rəhimə xanım, özünüzü Yaşar müəllimin ən ağır günlərinə hazırlamışdınız?

- Yox, mən fikirləşmirdim, ağlıma gətirmirdim ki, tez bir vaxtda Yaşara nə isə ola bilər. Amma bilirdim, hiss edirdim, işlər yaxşı getmir. Son günlərinin birində zəng vurdu ki, tez gəl. Getdim, gördüm arabada qapının yanında əyləşib məni gözləyir. Siması da o qədər işıqlanmışdı ki. Tutdum yanaqlarından, boynundan, qolundan öpdüm. Dedim, Yaşar sən heç vaxt mənə səni sevirəm deməmisən. De görüm məni sevirsən? Dedi, bəsdi də, ayıbdı. Dedim, deməsən əl çəkməyəcəm. Cavab verdi ki, hə, hə sevirəm.

- Rəhimə xanım, niyə birdən-birə Yaşar müəllimin səni sevirəm sözünə ehtiyac hiss etdiniz?

- Bilmirəm. Bir qadın kimi mənim həmişə o sözlərə ehtiyacım olub. Amma Yaşar heç vaxt mənə elə sözlər deməyib. Münasibətlərimizdə də mən ondan siz deyən istiliyi görməmişəm. Doğrusu, heç özüm də qadının başına çox dolanan kişiləri sevməmişəm. Qadına sevgini əməllə göstərmək lazımdır. Yaşar bunu edib.

- Yuxunuza gəlib?

- Yuxularıma heç vaxt gəlməzdi. Bu yaxınlarda ad gününə beş-on gün qalmış yuxuda gördüm. Gördüm xəstədi uzanıb, mən ona yaxınlaşıb əlindən tuturam, əlinin istiliyini də hiss edirəm. Yaşardan soruşuram ki, necəsən? Cavab verir, yaxşıyam, amma gecələr darıxıram (ağlayır).

- Hansısa vəsiyyəti, son sözü olmuşdu?

- Yox. O, ölümü ağlına gətirmirdi. Amma ölümündən üç gün əvvəl qızlarına dedi ki, mən olmayandan sonra siz nə edəcəksiniz? Mən onda başqa otaqda olsam da, onun bu sözlərini eşitdim, Yaşara acıqlandım. Dedim, bir də elə sözləri ağlına gətirmə. Qızlarını çox sevirdi. Əvvəllər Ülviyyəylə nəfəs alırdı. Amma xəstələnəndən sonra Ülkərlə dost, sirdaş oldu. Xəstələnəndə elə bil bir az da uşaqlaşmışdı. Yaşar dünyasını dəyişəndən sonra qırx gün məclis başımı qatdı. Qırx gündən sonra isə onun yoxluğunun gətirdiyi tənhalığı hiss etdim. İndiyədək inanmıram ki, o, həyatda yoxdur. 2012-ci ildən bu yana gözüm hər gün, hər gecə onu axtardı. Hər gecə onunla yatıb, səhər onunla oyanıram.

Söhbətləşdi: Samirə Əşrəf

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!