Allah səni güldürsün, Xeyrəddin! - Kamran Nəzirli

 

Ötən illərin birində Xeyrəddin Qoca mənə miniatür kitabını bağışlamışdı (bilmirəm sonralar onu evimizə gələn yaxın adamlardan kim oğurladı!). Yadıma gəlir ki, həmin gün qanım qaraydı, kefim yox idi, evə gələn kimi çəkildim otağıma, uzandım və nədənsə, Xeyrəddinin o incə kitabına gözəyarı baxmaq istədim... və oxumağa başladım: bir, iki, üç... Mən, ümumiyyətlə, bərkdən gülən adam deyiləm, yadıma da gəlmir ki, sonuncu dəfə nə vaxt belə bir hal yaşamışam... Kitabdakı lətifələri, boyama və bəzəmələri oxuduqca gülürəm, oxuduqca gülüşlərim şiddətlənir; özü də elə bərkdən gülürəm ki, səsim o biri otaqlara da yayılır. Evdəkilər qaçaraq gəlirlər, yenə gülürəm, gözlərimdən yaş gələnədək gülürəm... Mənimçün narahat olurlar, həyəcanlanırlar, deyirlər, ədə, dayan, dayanmıram, deyirlər, ədə, dayan, olmaz, iraq olsun, ürəyin gedər, gəlməz! Bədbəxt olarıq! Mənsə... hey gülürəm, gülürəm, qarnımı tutub gülürəm, lap şaqqanaq çəkirəm, gözlərimin yaşını silə-silə özüm-özümə deyirəm "Allah səni güldürsün, Xeyrəddin!".

Evdə yenə bir şey anlamırlar, axırda onlar da mənə qoşulub qeyri-ixtiyari gülürlər, "ədə, dayan!", "bəsdi!", "səndən çıxmayan iş! Bu qədər gülərlər? Ürəyin dayanar!" təkrar edir və gülürlər (bilmirlər nəyə gülürəm!)... yenə fikir vermirəm, gülürəm, gözlərimin yaşını silirəm, əlimdəki xırda, miniatür kitabdan bərk-bərk tutub gülürəm... Gülürəm, ağlayıram, gülürəm, göz yaşı tökürəm... Heç kim bilmir, heç kim duymur ki, mən nəyə və niyə gülürəm (və yalnız gülürəmmi?), mən niyə və nəyə ağlayıram (və yalnız ağlayırammı?)... Axı, mən gülüşü yadırğamışdım!

Çoxdan yadırğamışam gülüşü... O gözəl gülüş üçün burnumun ucu göynəyir. Bu gün FACE-də gördüm ki, Mark bizim yazıçımızın doğum gününü qeyd edir, ona görə yadıma düşdü "Xeyrəddin Qocanın gülüşü". Xeyrəddin Qoca, o miniatür və unikal gülüşlərdən olacaqmı yenə?

Səmimi təbriklərlə, Kamran Nəzirli