Bu, İsa Hüseynovun Nəsimisidir... - Qan Turalı yazır

 

Mənasını başa düşmədiyim, yəqin ki, heç zaman başa düşməyəcəyim bir məsəlimiz var: "Ellə gələn qara gün toy-bayramdır".

Burda naməlum müəllif nə demək istəyir?

Hərçənd haqqında danışacağım mövzu təkcə bizim elin yox, elə bu dünyanın dərdidir.

Hamı "hərşeyşünas" olub, hamı hər şeyi bilir.

Hamı hər şeydən danışır.

Bu həmişə elə idi, əslində.

Sadəcə, sosial medianın sürətli inkişafı ilə orta statistik zəkanın hökmranlığı başlayır.

Bu tendensiyanı ifadə edən bir termin də var: "Mediokratiya".

Misal üçün, Firudin Qurbansoyun İsa Hüseynov haqqında açıqlamalarına baxaq.

Axı, cəmiyyətin falabaxan, lap gözaldadıcı tərzdə deyək astroloq kimi tanıdığı Firudin müəllim deyir ki, İsa Hüseynov Nəsimi anlayacaq səviyyədə deyildi.

Ayıbdır axı...

Ondan da qabaq yazıçının ruhuna təhqirdir.

İsa Hüseynov Azərbaycan ədəbiyyatının son klassikidir.

Və qayıdaq əsas məsələmizə...

Firudin müəllim XX əsr ədəbiyyatı üzrə mütəxəssis də deyil.

Nəsimidən kitab yazıb, lap yaxşı.

Amma axı, yazıçı istədiyi obrazı yaratmaqda sərbəstdir.

Bu, İsa Hüseynovun Nəsimisidir.

Sabah bir başqası bu ağır temaya girişsin, ortaya bir roman qoysun, deyək əla...

Bunu da filologiya elmləri namizədinə biz başa salmalıyıq?

Məsələ Firudin müəllimlə yekunlaşmır.

Baxırsan, ömründə on dənə normal kitab oxumayıb, amma ədəbiyyat haqqında hökm verir.

Vertolyotumuz qəzaya uğrayır, bir anda aviasiya mühəndisi olur.

Cinsi diskriminasiya faktı qeydə alınır, tez ekspert olur.

"Qarabağ" oynayanda hamı futbol strateqi olur.

Bunun adı da Rəşid müəllim sindromudur.

Bunun adı çayxanadakı rəyi həqiqi fikrin yerinə qoymaqdır.

Bunun adı kütlə rəyini peşəkarlığın yerinə qoymaqdır.

Bunun adı nadanlığın rəyasətə dırmanmasıdır.

Bu hay-küydə, əlbəttə ki, düz söz eşidilə bilməz.

Ədəbiyyat isə ali ruhların məşğuliyyətidir, ona görə də ruhunu ucaltmaq istəyənlərin peşəsidir.

Orta statistik zəkanın hökmran olduğu dövrdə ədəbiyyat, əlbəttə ki, böhran yaşayacaq...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!