İmza: Oqtay Rza

Nizaməddin Şəmsizadə 

O, şərəflə yaşadığı 85 sənəlik alim, müəllim və şair ömrünün təxminən 70 ilini bu imza ilə qədim və böyük ənənələri olan doğma Azərbaycan ədəbiyyatına şair kimi istedadla xidmət edib, Allahın təyin etdiyi bir gün dünyasını dəyişdi. Dünyanın məşhur dövlət xadimi İndira Qandi öləndə görkəmli şair Andrey Voznesenskiy "Pravda" qəzetində onun haqqında yazmışdı: "Qandi tarixə daxil oldu". Bu sözlər, əslində, öz xalqına və bəşəriyyətə şərəflə xidmət etmiş bütün istedadlı adamlara, o cümlədən Oqtay Rzaya da aid oluna bilər: Oqtay Rza ömrünü başa vurub canından artıq sevdiyi və layiq olduğu doğma Azərbaycan torpağına, bununla da, eyni zamanda ədəbiyyat tariximizə əbədi daxil oldu. Torpağa və tarixə daxil olmaq hər adama qismət olmur. Bu imza həm də 40 ildir ki, mənimlə yanaşı yaşayır. Biz 80-ci illərdə Oqtaynan rəhmətlik Vaqif İbrahimin poeziya dərnəyinə və ədəbi görüşlərə gedərdik. Üçümüzün, V.İbrahimin, Oqtayın və o zaman gənc tənqidçi olan mənim birgə şəklimiz var. Mənim arxivimdədir. Son zamanlar - iki il əvvəl (mən ağır xəstələnməmiş!) Ramiz Məmmədzadə, Oqtay Rza və mən həftədə bir dəfə görüşər, yeyib-içər, həm də müasir və klassik poeziyamız haqqında maraqlı söhbət (həm də mübahisə!) edərdik. Axırda hərə öz fikrində qalardı. Bu günlərdə səhər saat 9-da telefonum zəng çaldı, Oqtay idi. O, həmişə belə tezdən zəng vurub, mən tənbəli yuxudan oyadar, ya təzə yazdığı bir şeiri oxuyar, ya da təzə eşitdiyi əhvalatı danışardı. Deyirdim, ay Oqtay müəllim, bunu bir-iki saat sonra danışmaq olmazdı? Deyirdi ki, yox, hər şeyin öz vaxtı var, birdən iki saat sonra mən olmaram. Bu dəfə xoş və nikbin səslə dedi: Nizam Şəmsi (O mənə şair kimi müraciət edəndə belə, alim kimi müraciət edəndə, ya mütəfəkkir, kefi kök olanda isə dahi deyirdi). Arabada gedirik Salyana, şair İlham Qəhrəmanın 60 yaşını qeyd etməyə. Arabanı yubilyar özü sürür, irəlidə oturub Oqtay Rza, arxada tənqidçi Əsəd Cahangir. Ramiz Məmmədzadə ilə danışmışam. Biləcəridəki təzə evin yerini o bilir. Gələcəyik səni görməyə. Dedim, gözüm üstə yeriniz var. Nəhayət, gözlədiyim sualı verdi: dahi, həkimlər sənə 99 qram yanacaq qəbul etməyə icazə verər (o, arağa belə deyirdi, bunun tarixçəsini ədəbi mühitdə demək olar hamı bilir) icazə verirmi? Dedim Oqtay müəllim mənim motorum 99 qramla işləmir, ən azı 250 qram yanacaq qəbul etməliyəm ki, bu fani dünya gözəlləşsin. Bir də ki, ay Oqtay müəllim, mən həmişə demişəm və yazmışam: həkimin, mollanın, arvadın dediyini eləmə, elədiyini elə! ...Və bu görüş baş tutmadı, taleyin öz əli ilə qırıldı.

Sağlığında şair Oqtay Rza haqqında çox yazmaq istəmişəm, ancaq o qədər yaxın olmuşam ki, demişəm əşi, Oqtay Rza budur burada durub da, yazaram. Əslində, onun barəsində yaxşı yazmaq üçün tələsməmişəm. Oqtay müəllim demişkən, hər şeyin vaxtı var imiş, mən bu vaxtı əldən buraxmışam.

Oqtay Rza bizim məhdud anlayışımıza görə şairlərin ən böyüyü, xalq şairi ola bilmədi. Bu heç ona lazım da deyildi, o, hər cür fəxri addan və tituldan yüksəkdə durur, öz istedadı, bədii təfəkkürü və təxəyyülü ilə ədəbiyyata vicdanla təmənnasız xidmət edirdi. Mətbuatda, radioda, televiziyada, demək olar ki, Yazıçılar Birliyində keçirilən bütün ədəbi yığıncaq və kitab təqdimatlarında iştirak və çıxış edir. Çox çevik idi, o yaşında Günəşlidən durub gəlməyə ərinmirdi. Mən başa düşürdüm ki, o, ədəbiyyatımıza məhəbbəti öz cazibəsilə çəkib gətirir. O, təməlində Xaqani, Nizami, Nəsimi, Füzuli olan böyük ədəbiyyatın sıra nəfəri olduğunu unutmurdu. Onun tez-tez dediyi bir rübaini xatırlayıram:

Atəşkəs var sənətdə

Tənqidçilər atışmır

Şeir yazan çoxalıb

Fəqət, şair çatışmır.

Bu rübai müasir ədəbi prosesi dəqiq səciyyələndirir. Ümumiyyətlə, Oqtay Rzanın rübailəri uğurlu poeziya nümunələridir. Onun bir kitabı "Adlı, ünvanlı sətirlər" adlanır. Buraya şairin müasirlərinə, dostlarına çoxu yubileylər münasibətilə yazdığı şeirlər toplanıb. Adətən, ithaf poeziyası ədəbi aləmdə bir o qədər də rəğbətlə qarşılanmır, lakin Oqtay Rzanın bu aspektdə yazdığı şeirlər maraqla oxunur. Çünki o, şeir həsr etdiyi adamın ən səciyyəvi cizgilərlə poetik bioqrafiyasını yaradır.

O, əməkdar müəllim, geoloq alim idi. Vətənimizin təbiətini də, poetik flora və faunasını da, kristalların dilini də yaxşı bilirdi.

Oqtay Rza nikbin, həyat eşqi ilə dolu, real bir ziyalı, fanatizmə nifrət edən şəxsiyyət idi. Xəstəxanadan evə gələndən sonra ilk dəfə mənim yanıma gələn Oqtay Rza və Ramiz Məmmədzadə oldu, ikisi də səmimi idi, kövrəlmişdilər. Lakin məni əvvəlki kimi gülərüz görəndə bir az karıxdılar. Oqtay Rza həyata elə nikbin baxırdı ki, adam onunla olanda dərdini unudurdu, Oqtayda pozitiv enerji çox güclü idi.

Oqtay Rza özündən sonra zəngin yaradıcılıq, xoş xatirələr, dostların qəlbində həzin sızıltı, xalqın dərin hörmətini qoyub getdi. O, vətən torpağını qoruyan hünər adlı bir zabit oğul, onunçün ağlayan bir xanım qoyub getdi vətən torpağını zərif vücudu ilə artırmağa. Bu onun sonuncu imkanı idi, o bu imkanını da əsirgəmədi, bu dəfə "İmza: Oqtay Rza" sözləri torpağa və tarixə həkk olundu.

Adil Cəmil

Fanilikdən Əbədiyyətə

Oqtay Rzanın ölməz xatirəsinə

Deyirlər, əvəzolunmaz insan yoxdur. Mən bu fikrin əleyhinəyəm. Əslində, heç kəs heç kəsi əvəz etmək qüdrətində deyil. Bəlkə də buna ən bariz nümunə insanın barmaq izlərinin və səslərinin üst-üstə düşməməsi, eyniyyət təşkil etməməsidir... Bu fərqli biçimdə Oqtay Rza da məxsusi cizgiləri, spesifik xüsusiyyətləri ilə bənzərsiz idi.

Oqtay Rzanı tanıyanda mənim 26, onun 46 yaşı vardı. Bu, 1980-ci il idi. Mən BDU-nun jurnalistika fakültəsini bitirəndən sonra (1977) təyinatla göndərildiyim "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışırdım. O illərdə "Yazıçı" nəşriyyatı, sanki ədəbi hərəkat və hərəkət qurumuna çevrilmişdi. Şair və yazıçıların, alim və tərcüməçilərin gur axını qarşısında sözügedən nəşriyyat zorla tab gətirirdi... Səs-küylü, iddialı müəlliflərdən fərqli olaraq Oqtay Rza sakitcə gələr, kitabının tematik plana düşüb-düşmədiyini təmkinlə öyrənər və aramla çıxıb gedərdi. 1981-ci ildə "Yazıçı" nəşriyyatı O.Rzanın "Yasəmən çiçəkləyəndə", 1986-cı ildə "Fəsil dəyişəndə", 1991-ci ildə isə "Günəşin adından" adlı şeir kitablarını nəşr etdi. Təbii ki, şairin o illərdə digər nəşriyyatlarda, o cümlədən Moskvada da kitabları işıq üzü görməkdə idi. Çalışdığı Pedaqoji İnstitut, elmi-pedaqoji fəaliyyət bir yana, poeziya, bədii yaradıcılıq onun varlığına hakim kəsilmişdi. O, ədəbiyyatla və ədəbiyyat adamları ilə nəfəs alırdı. Çox mehriban, təvazökar və səmimi rəftarı ilə ilk tanışlıqdan adama doğmalaşırdı.

1980-ci ildə "İşıqlar, pərvanələr" adlı ilk şeirlər kitabım çap olunmuşdu. İlk kitabımın sevincini yaşadığım o günlərdə Oqtay müəllim nəşriyyata gələrkən məni təbrik etdi və "APİ-də Musa Ələkbərli ilə sənin tələbələrlə görüşünü təşkil edəcəyəm, hazır olun!" - deyib getdi. Tez bir zamanda Pedaqoji İnstitutun böyük salonunda Oqtay Rzanın təşəbbüsü və təşkilatçılığı ilə Musa Ələkbərli və mənim - iki gənc şairin maraqlı, unudulmaz ədəbi görüşü keçirildi.

Zaman keçdikcə Oqtay Rzayla ünsiyyətim bir az da dərinləşdi. Necə deyərlər, bir-birimizi görməyəndə o mənsiz, mən də onsuz darıxmağa başlayırdıq. Bir dəfə mənə dedi ki, ay Adil, çox maraqlıdır, mən aran adamı, sən dağ adamı, aramızdakı bu qançəkərlik görəsən, haradan gəlir? Mən bilirdim ki, şairin doğulduğu kəndin adı Qaladır. Qala el arasında Şuşanın başqa adıdır. Yarızarafat, yarıciddi dedim ki, sizin kənd əhliniz Şuşadan - dağlar diyarından gəlmədir. Sən özün elə dağlar oğlusan, xəbərin yoxdur...

70 yaşının bayramını keçirəndə mən də Salyana getmişdim - təkidli dəvəti ilə. Həmin ərəfədə ona bir şeir həsr etmişdim, özünə deməmişdim. Yubiley tədbirində o şeiri oxuyanda uşaq kimi sevindi... şeirin son bəndi beləydi:

Məramındır xeyirxahlıq,

Yox qəlbində başqa niyyət.

Sən olmasan azalardı

Şerimizdə səmimiyyət.

Tədbirdən Bakıya qayıdanda yolda mənə dedi ki, mirzə, o şeirin son bəndinə görə bəzi yazarlar səndən inciməzlər ki? Dedim ustad, narahat olma, heç kəs inciməz...

Sonra onun 75, 80 yaşının bayramını yenə də doğma yurdda - Salyanda keçirdk. Və hər çıxışımın sonunda da o şeiri oxudum - xoşuna gəldiyi üçün. Mənim də 60 yaşıma o, çox maraqlı bir şeir həsr etmişdi. O şeir də, bu şeir də kitablarımızda yer aldı.

Oqtay Rza yeyib-içən adam idi. Amma hər adamla oturub-durmazdı. Bir vaxtlar Əlibala Hacızadə, Nahid Hacızadə, İlyas Tapdıqla onu tez-tez birlikdə görərdim. Tay-tuşların cərgəsinə bəzən məni də qoşardılar - "dostluğa namizəd" kimi... Mən onlarla hər oturanda təzə bir şey əxz edərdim. Bu adamlar adi, sıradan biri olmayan ədəbi şəxsiyyətlər idi. Məzmunlu söhbətləri, pilə kimi yumşaq zarafatları mənə ləzzət verərdi...

...İlk dəfə Əlibala müəllimin həyat yoldaşı rəhmətə getdi. Yas məclisində adıçəkilən dostları ona ürək-dirək verib "möhkəm ol" dedilər. Əlibala Hacızadə üzümüzə baxıb dedi ki, bu yaşda arvadın ölümü tezliklə ərin də ölümü deməkdir... Belə də oldu. Arvadının ölümündən çox keçmədi ki, Əlibala müəllim də dünyasını dəyişdi. Sonra Nahid Hacızadə, sonra İlyas Tapdıq əbədiyyətə qovuşdular. Bu cərgə bir durna qatarına bənzəyirdi. Bir-bir vurulub səmadan ayrıldılar... Sonuncu, tək və tənha qalmış durna Oqtay Rza idi. Qərib tale ona da rəhm etmədi...

Elə bil ölümünün yaxınlaşdığını hiss etmişdi. Yaman tələsirdi. Məhsuldar işləyirdi. Yazılarını vaxtaşırı dərc etdirirdi, kitablarını nəşrə hazırlayırdı. AYB-nin layihəsi əsasında bu yaxınlarda yeni rübailər kitabı çapdan çıxmışdı. Sevincək birini də mənə bağışlamışdı. 85 illik yubileyindən söz açırdı. Salyanın icra başçısı Sevindik müəllimdən çox razılıq edirdi. Amma bu tədbir baş tutmadı... Görünür, insan hansı yaşda dünyasını dəyişməsindən asılı olmayaraq arzular həmişə yarımçıq qalır...

Və bir gün - həftənin bazar günü eşitdiyim xəbərə öncə inanmadım. Çünki əvvəllər də Oqtay Rzanın ölüm xəbərini bir neçə dəfə yalandan yaymışdılar. Etibarlı mənbə kimi AYB-nin mətbuat xidmətinə - Xəyal Rzaya zəng vurdum. O, eşitdiyimi təsdiqlədi. Bir-iki gün əvvəl bir yerdə olub, deyə-gülə ayrıldığın adam indi başqa dünyadadır. Bu məqamda özünün bir rübaisi yadıma düşdü:

Simi gah sındırır, gah qırır həyat,

Hərdən qılıncını sıyırır həyat.

İnsanı insana möhkəm sevdirib

Sonra həmişəlik ayırır həyat.

Daha nə deyim ki, şair, özün hər şeyi demisən. Səni xatirəsində yaşadacaq insanların ömrü uzun olsun, qardaşım! İlk və son beşiyində rahat uyu. Necə deyərlər - yerin Salyandır...

Qəşəm İsabəyli

Nikbinlik zəngi

Şair Oqtay Rzanın xatirəsinə

1992-nin sonlarıydı,"Şur" nəşriyyatına

direktor təyin etmişdi məni

Mədəniyyət naziri Polad Bülbüloğlu.

Allah var adamın başının üstündə,

Özü də rüşvətsiz-filansız!

Əlində 50 min olanı  yaxına qoymayıb:

- Mənə naşir lazımdı! - Demişdi!

Mən də "Yazıçı"dan gəlmişdim,

"İşıq"da işləmişdim,

Özünütərif  olmasın -

cikini-bikini bilirdim nəşriyyat işinin.

Nazim İbrahimovun idarəçilik məktəbi,

Əjdər Xanbabayevin naşirlik təcrübəsi

tutmuşdu əlimdən.

Əmrimi alan günü - dar axşamçağı

üç yerə böldüm  sevincimi -

Oqtay Rzaydı, Şəmistan Nəzirliydi,

bir də mən - "Neftçilər" metrosunun

çölə çıxışında durmuşduq,

üçümüz də sevinirdik.

Oqtay Rza hamımızdan çox sevinirdi.

Yerimi qızdırmamış

"Vətən, yas saxlama" kitabını

nəşr elədik ustadın,

verdik ki, satıb, xərcini ödəsin.

Onda təzə-təzə dəb olurdu

müəllifin öz kitabını satması.

Oqtay müəllim də kitabları

götürüb sevinə-sevinə getdi.

Uzaqdan-yaxından zəng eləyirdi hərdən:

- Qohum (yoldaşı kürdəmirliydi,

məni də qohum bilirdi özünə), -

balaca vətənə gəlmişəm - Salyana,

yerin məlum - rahatam.

Sənə bir nikbinlik zəngi çalacam

bu yaxınlarda, darıxma.

Həftənin başı getmişdi, ayağı qayıtdı,

qapı açıldı, danışa-danışa girdi otağa.

Yerimdən durub qabağına yeridim,

hiss elədim ki,  kefi yoxdu.

- Ustad, soyuqlayıb-eləyibsən nədi?!

- Kaş elə olaydı!

- Sözlü adama oxşayırsan?!

- Adı mənə düşmədi kitabın!

Vətənə təsəlli verirdim, "yas saxlama",

indi özümə təsəlli verən gəzirəm. -

(Üzünə baxa-baxa qalmışdım.)

- İki bağlama kitabdan

birini də alan olmadı Salyanda...

Balaca bir düzəliş verdim:

- Kiçik vətəndə...

Məzəmmətlə üzümə baxdı:

- Görünür, kürü çox olanda,

Kitabdan tox olurlar, - dedi!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!