"Polkovnikə məktub yoxdur" - Ekranlaşdırılmış ədəbi əsərlər Sevda Sultanovanın təqdimatında

Layihədə Qabriel Qarsia Markesin "Polkovnikə məktub yoxdur" əsəri əsasında ekranlaşdırılmış iki filmi təqdim edirik

Süjet: Hadisələr 1956-cı il Kolumbiyanın bir şəhərciyində baş verir. Bu həmin ildir ki, ölkədə siyasi qruplar arasında mübarizə gedir və terror, zorakılıq halları baş verir. Kiçik şəhərcikdə qoca, kasıb bir cütlük yaşayır. Qoca polkovnik mingünlük müharibənin (Kolumbiyada 1899-1902-ci illəri əhatə edən Vətəndaş müharibəsi. Konflikt Konservativ və Liberal partiyaları arasında baş vermişdi) iştirakçısıdır. Onun arvadı bronxial astmadan əziyyət çəkir. Səhər polkovnik onların erkən ölmüş oğlu Aqustinin yaşıdı olan musiqiçinin dəfn mərasiminə tələsir. O, yalnız əlamətdar günlərdə geydiyi kostyumunu və ayaqqabılarını geyir. Çünki bu, qeyri-adi hadisədir: son vaxtlar nəhayət ki, kimsə öz əcəli ilə ölüb.

Polkovnik dəfn mərasimində oğlunun xaç atası don Sabasla rastlaşır. Onun keçmiş döyüş yoldaşlarından biri olan Sabas siyasi təqiblərdən qaçaraq bu şəhərcikdə yaşayır.

Dəfndən qayıdan polkovnik xoruz döyüşlərini sevən oğlundan yadigar qalan xoruzun qayğısına qalır. Oğlu Aqustin doqquz ay əvvəl siyasi məzmunlu kağızlar yaydığına görə öldürülüb. Yeməyə heç nə tapmayan qoca xoruza nə yedirəcəyini bilmir. Amma o, xoruz döyüşü başlayana - yanvara kimi dözmək istəyir. Xoruz təkcə oğlundan qalan yadigar deyil, eyni zamanda o, böyük uduş gətirə bilər.

Hər cümə günü polkovnik adəti üzrə poçt katerini qarşılamağa gedir. O, uzun illərdir müntəzəm bunu edir. Məsələ ondadır ki, on doqquz il əvvəl konqres veteranların pensiyası haqda qanun qəbul edib. Polkovnik Vətəndaş müharibəsinin iştirakçısı kimi sübut etməlidir ki, bu qanunun ona da aidiyyəti var. Sübutetmə prosesi 8 il davam edib və daha 6 il də lazım olacaq ki, onu siyahıya daxil eləsinlər. Hər halda ona göndərilən son məktubda belə yazılırdı. O vaxtdan polkovnik daha məktub almır.

Şəhərcikdə Anhel atanın çaldığı zəngin sayları yerli kinoteatrda göstərilən filmlərin əxlaq səviyyəsi haqda məlumat verir. O, eyni zamanda kinoteatra gələnləri güdür. Qocaları yoluxan həkim isə polkovnikə son hadisələr haqda qeyri-leqal məlumatların yer aldığı kağızlar ötürür. Polkovnik kağızları Aqustinin işlədiyi tikiş emalatxanasına aparır ki, onun həmfikirlərinə çatdırsın. Bura onun yeganə sığınacağıdır və oğlunun dostları onu təklikdən xilas edir.

Evdə yenə yeməyə nəsə yoxdur. Qocalar tikiş maşınının satışından aldıqları pulla müəyyən vaxtı dolanıblar. Amma köhnə saatlarına alıcı tapa bilmirlər. Qonşuları onların kasıblığını bilməsin deyə, polkovnikin arvadı qazançada daş qaynadır. Amma qocanı daha çox xoruz narahat edir, çünki xoruza pul qoyan Aqustinin dostlarını pis vəziyyətdə qoya bilməz.

Növbəti cümə günü yenə polkovnikə məktub gəlmir. Həkimin verdiyi qəzetlərdə isə ölkədə baş verənlər haqda məlumat verilmir. Arvadı təkid edir ki, o, pensiya məsələsi ilə bağlı tutduğu vəkili dəyişsin. Vəkil isə ona ümidini itirməməyi məsləhət görür. Üstəlik, ötən illərdə yeddi dəfə prezident, hər dəfə nazirlər kabineti, məmurlar dəyişir, bu isə məsələnin həllini daha da çətinləşdirir.

Noyabrda qocaların vəziyyəti daha da pisləşir. Polkovnik hələ də məktub alacağına ümid edir. Arvadı isə tələb edir ki, xoruzdan qurtulsun. Qoca razılaşmır ki, döyüşü gözləmək lazımdır. Oğullarının dostları xoruzun yedirilməsini üzərinə götürür. Don Sabas xoruzu ona satmağı məsləhət görür. Arvadı xoruzu satmaq üçün ərini dilə tutur. Bir neçə gün polkovnik özünü mənəvi baxımdan Sabasla söhbətə hazırlayır. Xoruzu satmaq ona küfr kimi gəlir. Bu ona oğlunun xatirəsini və ya özünü satmaq kimi gəlir. Həkim polkovnikə deyir ki, məhz don Sabas rejimin əleyhdarları haqda hakimiyyətə məlumat verib və təqib olunan dostlarının mülkiyyətini ələ keçirib. Polkovnik xoruzu satmamağı qərara alır. O, bilyard salonunda oyunu müşahidə eləyir. Polis basqını baş verir və o, burada oğlunü öldürmüş adamla ilk dəfə üz-üzə gəlir. Polkovnik özünü ələ alır və onda siyasi kağızların olması şübhə doğurmur. Artıq dekabrdır. Polkovnik məktub almaq ümidini itirmir. Artıq xoruzların döyüş məşqləri başlayır. 45 gün dözmək lazımdır. Arvadının "nə yeyəcəyik" sualına isə o belə cavab verir: "Zibil"...

Nobel mükafatçısı Qabriel Qarsia Markesin "Polkovnikə məktub yoxdur" əsəri 1961-ci ildə yayımlanıb. Bu əsəri yazanda yazıçı hələ özünün magik realizm üslubunu işləməmişdi. Mütəxəssislərə görə, "Polkovnikə məktub yoxdur" realist mətnində Ernest Heminqueyin təsiri duyulur.

"Polkovnikə məktub yoxdur" əsəri ziddiyyətli, çətin siyasi iqtisadi dövrdə yaşamağın yolunu tapmağa çalışan sadə insanların həyatını dolğun təsvir edən əsərlərdən biridir. Rus şairi Yevgeni Yevtuşenkonun diliylə desək, bu əsər bir daha sübut etdi ki, "kiçik iztirablar, kiçik insanlar yoxdur".

Dünya kinematoqrafiyasında "Polkovnikə məktub yoxdur" bədii əsərinin iki ekranlaşdırması mövcuddur. Bunlardan biri 1992-ci ildə çəkilən, Rusiya ilə Gürcüstanın birgə istehsalı olan "Yalnız ölüm mütləq gəlir" filmidir. Ekran işinin rejissoru Marina Tsurtsumiyadır.

Film Gürcüstanın Siqnaxi şəhərciyində, gürcülərin osetin və abxazlarla konflikti zamanı çəkilib. Rejissor film haqda deyir: "Bu hekayə Qaqrada yaşayan babam və nənəm haqdadır. Film heç yerə tələsməyən insanı vaxtı barədədir. O, həyatda hər şeyini itirib, onun ancaq ümidi qalıb".

Öncəliklə deyim ki, filmdə hadisələr ədəbi əsərdə olduğu kimi, Kolumbiyanın bir şəhərciyində cərəyan etsə də, burda daha çox gürcü kinosuna xas atmosfer hakimdir. Özəlliklə, bu, aktyorların gürcü millətini xarakterizə edən fakturasında, milli arxitekturaya xas elementlərdə, aktyor oyunundakı gürcü koloritində təzahür edir. Rejissor əsərin süjetini saxlasa da, onu özünün sırf müstəqil əsərinə çevirməyə çalışıb. Hərçənd, müəllifin stilistikasında, estetikasında, məkan və rəng həllində, əhvalatın ümumi tonallığında Aleksandr Sokurovun "Xilas et və qoru" (1989) filminin təsiri duyulur. Sokurovun kino dilinə xas impressionizm, yuxu, metaforlar, meditativlik, asketik əhval, məkandakı minimalizm bu filmdə özünü büruzə verir.

Əhvalatda açıq-solğun qəhvəyi, boz rənglərin üstünlük təşkil etməsi, küçələrdəki boşluq polkovnikin (Tengiz Arçvadze) ətalətdə olan, dəyişməyən həyatına, durğun mənəvi durumuna adekvatdır. Müəllif ən çox polkovnikin daxili dünyasını, ekzistensiyasını önə çəkib. Hər şey, ən xırda məişət detalları belə, polkovnikin iç vəziyyətini, ovqatını anlatmaq üçün vasitəyə çevrilir: onun kasıb evinin yavaş-yavaş sökülməsi, damdan su damması, sınıq-salxaq əşyalar... Hətta həyətdən eşidilən güllə səslərinə belə, rejissor xüsusi fokuslanmır, bu haqda məlumat vermir, ölkədə baş verənləri polkovnikin mənəvi durumunun, böhranının tərkib hissəsinə çevrilir.

Filmdə sözdən az istifadə olunub, təsvirlərə üstünlük verilib. Rejissorun yozumundakı polkovnik içinə qapanıq, daha çox əziyyət, iztirab çəkəndir. O, daha çox susur. Xoruzun satılması haqda söhbət salmaq belə onun üçün ölümdən betər, abırdan kənar bir şeydir.

Təkrar kadrlar - polkovnikin arvadı ilə münasibəti, mübahisələri, küçələri sərgərdan gəzməsi, məktub gözləməsi - onun həyatının monotonluğunun, sıxıcılığının vizual həllini verir. Təklif olunmuş vəziyyətdə polkovnik və arvadı sadəcə mövcuddurlar. Daim çiskinli, yağmurlu, dumanlı hava, pəncərəni bürümüş hörümçək torları, polkovnikin qəribə yuxuları, pessimizm filmi, həmçinin nuar estetikasına da yaxınlaşdırır. Bədii mətndə yer alan kinoteatr səhnəsi, ata Anhel obrazı burda yoxdur. 

Polkovnikin arvadı rolunu "Dəli Kür" filmində Şahnigar, "Tütək səsi"ndə Sayalıını oynayan Liya Eliava ifa edir.

"Polkovnikə məktub yoxdur" əsərinin digər ekran versiyasını meksikalı rejissor Artur Ripşteyn çəkib. Latın Amerikası kinosunun tanınmış nümayəndələrindən biri Ripşteyn ədəbi əsəri müəyyən dəyişikliklərlə ekranlaşdırıb. Misalçün, o, Aqustinin ölümündə siyasi motivi kənarlaşdırıb. Onun ölümünə səbəbkar kimi Xuliya (Salma Hayek) adlı qızı göstərir. Aqustin Xuliyanı sevən başqa bir gənc tərəfindən öldürülüb. Xuliya Aqustinin valideynlərinə maddi yardım göstərir. Valideynlər isə Xuliyanı oğullarının ölümündə günahkar bilərək, onun maddi yardımından imtina edirlər. Rejissor polkovnikin arvadı roluna məşhur ispan rejissoru Pedro Almodovarın filmlərindən tanınan aktrisa Marisa Paredesin obrazına geniş yer verib. Liya Eliavadan fərqli olaraq, Paredesin oyununa ispan temperamenti xasdır. O, ifasında obrazın sevgisini və nifrətini, tragizmini və komizmini birləşdirir.

Əgər Tengiz Arçvadzenin polkovniki daha çox zavallı və susqundursa, Fernando Luhanın polkovniki daha çox sözünü deməyi bacarır, ona utancaqlıq o qədər də xas deyil. Rejissor polkovnikin təkliyinə vurğular edir. Onun xoruzla dərdini paylaşmasını görən arvadı polkovnikə onunla danışmadığına görə deyinəndə, qadının əksi köhnə, paslanmış güzgüdə görünməz olur və kadr qəhrəmanın təkliyinə daha dərin vurğu salır. Evdəki dağınıqlıq, köhnə-kürüş əşyalar, aramsız yağış əhvalatın dramatik-faciəvi qatını gücləndirir. 

Film 1999-cu ildə Kann festivalında göstərilib və "Qızıl palma budağı"na nominant olub.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!