Çürümə... - Əlibala Əhmədov

 

O gecəni çox yaxşı xatırlayıram

Çünki sarıldı qəlbimə nələrsə...

Çünki sarsıldı qəlbimdə nələrsə...

"Sus! Sən hər şeydə fəlsəfə axtarırsan..." dedi, qardaşım

Və sonra gülümsədi...

Elə onda daha bir dəfə mən anladım ki, bədbəxtəm...

...Gecələr dəhşətlərin yuvası boş qalır,

Və onların bir çoxunu mən cəmləyirəm

ruhuma...

Mətbəxlərə hopmuş boz-bulanıq rənglərdə

təsəllilər yox olur.

 

Əşyaların donuqluğu əbədi tənhalığın

                           hələ də sağ qaldığını insana nişan verir.

Alma ağacının altında həyətdə

bir yığın əsəb

dəfn etmişəm...

 

Orda anladım ki, mən azadlıqda üzə bilmirəm,

nə fikrim

nə bədənim

nə ruhumla

necə ki, yaşamaqla Tanrıya daim,

                        saniyələr boyu uduzduğumu anlayırdım...

 

Və qışda üzümsüz qalmış çardaqlar kimi tənhaydım,

anlayırdım

anlayırdım -

Məğlubluq bəşərə xasdır,

və məhkumluq yeganə yüküdür, onun...

 

Hər gecə bomboş havada

qadınların gülüşündəki istilikdə

günəşin şüasındakı

möhkəm gücdə

özünə sığınacaq

növbə tapa bilməyən

yarımlıqlar dolaşır...

 

Və mən anlayıram ki, Tanrı bizə

olduqca

dözülməz bir sistemdə yer verib...

 

Qucaqlamaq istəyirəm, bütün yarımlıqları

kişi və qadın ağrılarını

az qalıram, bu bomboz gecədə

uğunaraq, üşüyərək

onlarla rəqs edim...

 

...Səhər qəribə bir keyliklə başlayır.

Günorta qəlbim üşüyür, mənim

axşamlarsa titrəyirəm - artıq quyumdayam,

artıq işıqların içindən kədər keçir...

Soyulmuş kartof qabıqları

səsləşir,

qəlbimin ağrısıyla

susmuş və bomboz olmuş daşlar üstündəykən...

 

küləyin nəfəsindən sərinlənmiş kədər süzülür...

 

gecə qapı ağzında oturub, siqaret çəkən kişi

oyun nəticələri barədə məndən soruşur

cavab verirəm,

 

sonra keçirəm, otağa

bağlayıram qapını və ölüm başlayır...

Yuxularda daim ölür, bəyaz gülüşlər,

və bəyaz şəhərlər uçur

yaddaşımın bəyaz şəlaləsinə

palçıq rəngi qarışır

 

xatırlayıram

eşidirəm, o kəlmələri...

səslər xırda ot kökləritək otaqda dirilir

və bilirəm ki, Tanrı bilirdi.

 

Tanrı bilirdi,

bilirdi ki,

bu özülü mənə bəxş edib,

bilirdi ki, məhkumam, buna,

bilirdi.

"Günah özündədir" deyən bütün axmaq cümlələrin

necə puç və gülünc olduğunu...

 

Lakin mən onsuz da Tanrıdan ümidimi üzmüşəm.

 

Kitablar əldə edə bilərəm, bəlkə də,

bu kədəri keyitmək üçün

güllərə qarışdıra bilərəm, o kitabların ətrini

və bir qədər sıxıla bilər, iztirabın qolları...

 

...Amma lazım deyil - buz tutmuş güzgüyə baxıram,

necə də həqiqidir,

 

Və dürüst...

azca keyitmək olardı, bu kədəri

alına bilərdi, bu gecələrdə

oxşaya bilərdi, yarımiztirab çadırlara,

bu cəhdlər...

 

...Mətbəxlərdə ölümü gözləmək

ən yaxşısıdır, lakin

belə qərar verdim,

intihar edənlərin gücünü dumanlarda hiss etmək

qibtə etmək onlara

 

gözünü işığa zilləyib,

                        sönmək barədə düşünmək ən yaxşısıdır

və ən kədərli gerçəkdir,

ölməyi bacara bilməmək...

 

Anlamaq ki, hazır deyilsən...

Və bir şüşənin nəmini silirsən

O işi görmək yerinə...

 

...Alma ağacının altında dəfn etdiyim

sakitcə çürüməkdə olan əsəblərimə baxıram

ağrılara

kaş ki,

dirlib

canavarlar kimi məhv edə biləydilər məni

 

Bezmişəm

yarımzədələrdən

mühakimələrdən

 

Kaş ki, bir yığın əsəb yerinə

özümü, büsbütün özümü

orda dəfn edə biləydim...

 

yorulub, qıra biləydim, yaşamaq inadını...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!