Sergey Eyzenşteynin Moskvada saxlamaq istədiyi sənətkar - Samirə Əşrəf

"O axşam  atamın gözləri nura boyanmışdı. Xırdaca gözləri məmnun baxırdı, hərdən gülürdü. Kim bilir, bəlkə də həyatın əzabla dolu, lakin mənən xoş və fərəhli günlərinə qayıtmışdı".

Tamilla Təhmasibin "Rza Təhmasib" kitabından

*  *  *

Rza Təhmasib 1894-cü ildə Naxçıvanda tacir ailəsində doğulub. Onun babası Hacı Ələkbər kişi dinə dərin etiqadına görə böyük nüfuz sahibi olan ağsaqqallardan biri idi. Rza Təhmasib tacir ailəsində doğulsa da, o qədər də varlı uşaqlıq keçirməmişdi. Babası onu özü ilə bərabər keçirilən xan məclislərinə aparar, sanballı insanların əhatəsində böyüməsi və inkişaf etməsi üçün zəmin yaradardı. Hacı Ələkbər kişi əmin idi ki, balaca Rza özü kimi gələcəyin böyük taciri və dinə etiqadı olan hörmətli şəxslərdən biri olacaq.

Həyat elə gətirir ki, gələcəkdə teatr və kino sahəsinə böyük xidmətlər göstərən bu şəxs elə ilk uşaqlıq illərindən taleyin amansızlığı ilə üz-üzə qalır. O, çox erkən yaşda anasını itirir. Rzanın tərbiyəsində və böyüməsində iki qadın böyük rol oynayır. Onlardan biri nənəsi, digəri isə Durna adlı bibisi olmuşdur.

Rza Təhmasib öz xatirələrində onları gözləri dolmadan xatırlaya bilmir: "Mən ana görməmişəm, Durna bibi mənə əsl ana olub, nazımı çox çəkib. Nənəmin gen tumanı həmişə mənim üçün alınmaz qala idi. Nadinclik üstündə cəzalardan məni hər dəfə onun qat-qat tumanı qoruyardı".

O, 1901-ci ildə Naxçıvanın məşhur ziyalısı pedaqoq Məmməd Tağı Sidqinin hələ 1894-cü ildə açmış olduğu "Məktəbi-tərbiyə" məktəbində təhsilə başlayır. 1906-cı ildə oranı bitirir. Həmin illər ərzində o, rus dilini çox yaxşı şəkildə mənimsəyir. 1909-cü ildə Rza atası Abbasqulu kişiyə təhsilini davam etdirmək üçün Tiflisə gedəcəyini bildirir. Lakin ata öz oğlunu tacir nəslinin davamçısı kimi görmək istəyir və bu kimi fikirlərə qarşı çıxır. Həmin illərdə Rza artıq Şekspirin, Şillerin, Puşkinin yaradıcılığı ilə tanış idi. Həmçinin Naxçıvanda məşhur olan Böyükxan Naxçıvanskinin aktyorluq və rejissorluq fəaliyyətini izləyir, onun quruluş verdiyi tamaşaların hamısına baxırdı. Bu dövrlərdə öz klassik yazıçılarımızın əsərləri ilə tanış olan Təhmasib Hüseyn Ərəblinskinin sənətkarlığı ilə də tanış olur. 

O, 1909-cu ildə yazıçı dramaturq Hüseyn Cavidlə tanış olur. Onların müəllim-tələbə münasibətləri başlanır. Həmin dövrlərdə Cavid İstanbul Universitetindəki təhsilni bitirib Naxçıvana qayıdaraq öz evində məktəb açmışdı. Rza da bu məktəbin ən qabaqcıl tələbələrindən biri idi.

*  *  *

Güclü inadı sayəsində Təhmasib 1910-cu ildə atasını razı salaraq onunla birlikdə Tiflisə gəlir. Lakin gəliş gecikdiyindən bütün qəbul imtahanları baş çatmışdı. Belə olan halda o, atasının istəyi ilə kommersiya məktəbinə daxil olur. Lakin qısa vaxt ərzində Azərbaycanlı artistlərin yaratmış olduqları "auditoriya" dərnəyinin üzvü olur. 

Günlərin birində ata oğluna baş çəkmək üçün Tiflisə gəlir. Oğlunun teatra marağını bilən ata qaldığı mehmanxanada tamaşa üçün satılan biletlərdən almağı qərarlaşdırır. Təhmasib hər vasitə ilə bunun qarşısını almağa çalışır. Çünki atasının bilet aldığı tamaşada o, özü aktyor kimi iştirak etməli idi. Lakin ata tamaşaya bilet alır. Aktyorun tanınmaması üçün bircə yol qalmışdı. Bu da yaxşıca qrimlənmək idi. Birinci və ikinci pərdələrdə onun atası heç bir şübhəyə düşmür. Lakin sonuncu pərdədə özünü itirən Təhmasib dekorasiyanın əsasını təşkil edən asma ağaca toxunur. Bütün "meşə" titrədiyi üçün suflyorun  "korsan, gözün görmür" deməsi ona pis təsir edir. Və bu əhvalat onun atası tərəfindən tanınmasına səbəb olur. Tamaşadan sonra ata oğluna "səylə" oxuduğu üçün "təşəkkür" dolu sifariş yollayır.

Mehmanxanaya qayıtdıqdan sonra ata heç bir izahat tələb etmədən, nəsihət vermədən çox sakit və qısa danışıb məzəmmət və hətta təhqir dolu baxışlarla oğlunu süzərək ondan ayrılır. Lakin bu ayrılıq və faş olma Rzanın teatrla daha aktiv işləməsinə şərait yaradır.

1910-cu ildən 15-ci illərə qədər o, Tiflisdə yaşayır bu illər ərzində xeyli ziyalı insanla tanış olur. Hüseyn Cavid və Əziz Şəriflə dostluğu daha da möhkəmlənir. Onlar tez-tez Botanika bağında xudmani məclislər qurar, söhbətlər edərmişlər.

Əziz Şərif xatirələrində yazır: "Biz tez-tez Botanika bağı dərəsinə gedər, məclis qurar və uşaqlığımızı yada salıb əylənərdik. Rza şərab içmədiyindən bizdən nisbətən ayıq olurdu. Və biz şuluqluq edəndə o, əzabkeş lələ kimi bizimlə maraqlanırdı."

*  *  *

1915-ci il aktyorun həyatında çox əlamətdar dönəm olur. Belə ki, həmin il Naxçıvan teatrında səhnələşən "Ölülər" əsərəində iştirak edir. Cəlil Məmmədquluzadənin bu aktual əsərini həmin dövrdə teatr səhnəsində  hazırlamaq çox çətin idi. Çünki qəhrəmanlar və hadisələr o dövrün bütün mənzərəsini əks etdirirdi.

Cəlil Məmmədquluzadənin bu pyesindəki qəhrəmanların bir çoxu həyatdan götürülmüşdü. 1889-cu ilin yazında İrandan gələn Seyid Heydər və Seyid Mirzəcan adlı iki nəfər o vaxtkı Cəbrayıl qəsəbəsinin iki kilometrliyndə yerləşən Horovlu kəndində yaşayan şiələrə xəbər verirlər ki, onları birinci İmam Əli göndərib ki, xalqa yaxın günlərdə dünyanın dağılması xəbərini versinlər. Ona görə də hamı bu qiyamət gününə hazır olub dünya nemətlərindən vaz keçərək yeyib-içib kef etsinlər. Dünya dağılandan sonra onlar nəqd pullarını artıqlaması ilə alıb xoşbəxt həyatlarına davam edəcəklər. Təyin olunmuş vaxtda möminlər soyunub dağın başına çıxırlar. Lakin nə qədər gözləyirlərsə, dünya dağılmır. Onlar kor-peşman evə qayıdan zaman seyidlərin onların pullarını götürüb qaçmış olduqlarını görürlər.

Heç şübhəsiz ki, Mirzə Cəlil  bu hadisələrin ya şahidi olmuş, ya da eşitmişdir ki, onları "Ölülər" əsərində təsvir edib. Həmçinin Kefli İsgəndər obrazı da Mirzənin Sübhi adlı müəlliminin prototipi olub.

Rza Təhmasib "Ölülər" tamaşasındakı Kefli İskəndər rolunda çox böyük müvəffəqiyyətlə iştirak edir. 1918-ci idə isə Bakıya gəlir.

Bakıdakı Dram teatrında işə başlayan Rza Təhmasibin yaradıcılığında Hüseyn Cavid repertuarı çox vacib yer tutur. Xüsusən də "İblis" tamaşası. 1921-ci ildə Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə hazırlanan "İblis" tamaşasında aktyor Şərifzadədən sonra İblis rolunu ifa edir.

Rza Təhmasib həmin illəri sonralar "Unudulmayan günlər" adlı xatirə kitabında belə xatırlayr: "Mənim İblis rolunda Şərifzadədən sonrakı çıxışım, qəhqəhəm çox pis qarşılandı, hətta gülüş doğurdu. Mən başa düşürdüm ki, Şərifzadə səsi, Şərifzadə nəfəsi məndə yoxdur. Mən yalnız sözlərimdəki məntiqin gücünə arxayın olmalıydım. Əks təqdirdə obrazın fəlsəfi mənası itə bilərdi. Bu səbəbdən obrazı qəbul edərkən xeyli götür-qoy etdim. Şərifzadə istedadı qarşısına çıxmaq böyük cəsarət tələb edirdi. Teatrın soyuq dəhlizində rejissor mənə əsas mizanları göstərdi. Rol üzərində ciddi işə başladım. Əsas məşqlər evimdə olurdu. Mən kiçik iş otağımda İblisin monoloqunu və başqa səhnələri saatlarla məşq edirdim. Premyera günü ilk çıxışım gülüş doğursa da, danışmağa başladığım ilk dəqiqələrdən mən salonu tamamilə özümə tabe edə bildim."

Belə günlərin birində Rza Təhmasib gözlənilmədən xarici işlər komissarlığına dəvət olunur və diplomatik nüməyəndə heyətinin tərkibində tərcüməçi kimi uzunmüddətli Türkiyə səfəri təklifi alır.

Müxtəlif şəhərləri, ölkələri görmək aktyorun hələ uşaqlıq illərindən arzusu olduğundan bu təklif onun ürəyindən olur.

*  *  *

Rza Təhmasib Türkiyədə işləməklə yanaşı həm də yetimlərin xeyrinə verilən tamaşalarda iştirak edirdi. Həmin tamaşaların birinin sonunda Rza Təhmasib Cavidin "İblis" tamaşasından monoloq söyləyir. Bundan sonra onu din, dövlət əleyhinə kommunist təbliğatı aparmaqda günalandırıb Türkiyədən qovmaq istəyirlər. Sonra bu təhlükə sovuşur.

*  *  *

Aktyor Bakıya geri qayıdır. Elə həmin ili də teatra direktor təyin olunur.

1924-cü il iyulun 1-də aktyor "xəstəliyinə görə" öz xahişi ilə işdən azad olunur.

O, bir də teatra bir il iki aydan sonra qayıdır. Onun qayıdışından sonra Aleksandr Tuqanov da teatra gəlir və bir-birindən maraqlı tamaşaların hazırlanma dönəmi başlanır.

1930-cu ildə Tuqanovun rejissorluğu ilə Cavidin "Knyaz" əsəri səhnəyə qoyulur. Əsərdəki Knyaz obrazı isə Təhmasibə həvalə olunur. Tamaşadakı Knyazın dəlilik səhnəsini ifa etməkdən ötrü aktyor iki dəfə ruhi xəstəxanya gedir və oradakı xəstələri müşahidə edir.

*  *  *

Ötən əsrin 20-ci illərinin sonunda kinematoqrafiyada rejissor kimi işləmək istəyən aktyor bu yolda özünü sınamaq qərarına gələrək Moskva Kinematoqrafiya Akademiyasına imtahan vermək üçün Moskvaya yola düşür. İmtahanı S.Eyzenşteyn qəbul edir. Rejissor və aktyor yaradıcılığı suallarının cavabları İvan Qroznının oğlunun qətlə yetirilməsi şəklini kinematoqrafın gözü ilə görməsi və "Qorio ata" romanındakı kiçik parçanın ssenariləşməsi ustadı qane edir. R.Təhmasib əla qiymətlə akademiyaya qəbul olunur. Onun müəllimlərindən biri də Stanislavskinin tələbəsi Kedrov olur.

Təhsil illərinin sonunda aktyor müəllimi Eyzenşteynlə olan son söhbətini belə xatırlayır: "Bir gün Eyzenşteyn məni evinə çağırtdırdı. Onun evi mənzili deyil, böyük bir kitabxananı xatırladırdı. O, məni çarpayının yanında oturdub yumşaq tərzdə gülümsünərək söhbətə başladı: "Qulaq as, Təhmasib, gəl, birlikdə işləyək. Sən aktyorlarla çox yaxşı işləyirsən, mən isə bunu bacarmıram. Doğru sözümdür, mən aktyorlarla işləməyi bacarmıram. Mən obrazları aktyora izah edib ötürürəm, ancaq aktyordan bunu ala bilmirəm. Bu isə rəsmiyyətçilik və yorğunçuluqdur".

Hədsiz sevinclə müəllimdən ayrılan sənətkar şad halda evinə gəlir. Həyat yoldaşına bu xəbəri çatdıranda isə gözlənilməz vəziyyətlə qarşılaşır. Ailəsindən qohumlarından uzaq düşmüş arvadı ağlayaraq vətənə, doğmalarının yanına qayıtmaq arzusunu dilə gətirir. Bundan sonra geri qayıtmağa məcbur olan aktyor sonrakı fəaliyyətini Bakıda davam etirir.

Müharibənin qızğın dövründə - 1941-ci ildə Rza Təhmasib rejissor kimi "Səbuhi" filminin çəkilişinə başladı. Film 1943-cü ildə tamamlandı. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi "Arşın mal alan" filmi oldu. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü.

Rza Təhmasib 1950-ci ildə A.Zarxi və İ.Xeyfitslə birlikdə "Bakının İşıqları", 1959-cu ildə Mikayıl Mikayılovla "Mahnı belə yaranır" filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu bağışlamaq olarmı?" filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuş və rejissor həllinə görə diqqəti çəkən, maraqlı filmdir. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim M.Təhmasib yazmışdı.

Rza Təhmasib həm də aktyor kimi kinomuza öz töhfəsini verib. 1947-ci ildə istehsal olunmuş "Fətəli xan" filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun naminə" filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.

1971-ci ildə aktyorun ailəsində ağır itki yaşanır. Sənətkarın cavan qızı ürək iflicindən dünyasını dəyişir. Şəkər xəstəliyindən əziyyət çəkən sənətkarın səhhəti daha da pisləşir. Onun qanqrena olan ayağının biri narkozsuz halda amputasiya olunur. Bundan sonra o, doqquz il ömür sürür. 1980-ci ildə Rza Təhmasib dünyasını dəyişir.

Yazıda Tamilla Təhmasibin "Rza Təhmasib" adlı kitabından istifadə olunmuşdur.