Mənim bir qardaşım vardı... - Samirə Əşrəf

Kitablarına qadağa qoyuldu,

Çe Gevaraya şeir həsr etdi...

Son yarım əsrdə dünyanı fəth edən Latın Amerikası yazıçıları içərisində öz intellektual və individual dəst-xətti olan argentinalı yazıçı Xulio Kortasar 1914-cü il avqust ayının 26-da Brüsseldə, Argentina ticarət nümayəndəliyi əməkdaşının ailəsində doğulmuşdur. Uzun müddət qürbətdə yaşayan ailə Xulionun dörd yaşı olanda Argentinaya geri dönür. Onun uşaqlıq illəri Buenos-Ayres yaxınlığındakı kiçik qəsəbədə keçmişdir. Xasiyyətcə yaşıdlarından fərqlənən, mütaliəni çox sevən Kortasar bir müddət sonra özü də yazmağa başlayır. Orta məktəbi bitirdikdən sonra o, universitetin ədəbiyyat və fəlsəfə fakültəsinə daxil olur. Lakin bir ildən sonra o universiteti tərk etmək məcburiyyətində qalır. Ailəsinin maddi durumu pisləşdiyi üçün Xulio yeddi il əyalət kəndlərinin birində müəllimlik edir. 40-cı illərin əvvəllərində ona Mendos şəhərindəki universitetlərin birində müəllimlik etmək təklif olunur. Müəllimlik dövründə Kortasar siyasi fəaliyyətə qoşularaq Peron diktaturası əleyhinə etirazlarda iştirak edir. Etiraz əlaməti olaraq tutduğu vəzifədən imtina edib paytaxta geri dönür və çox çətinliklə işə düzəlir. Ölkədəki ictimai ab-hava ona mənfi təsir edir. 1951-ci ildə imtahan verib tərcüməçi diplomu əldə edərək Avropaya üz tutur. Həmin dövrdən etibarən yazıçı ömrünün sonuna qədər Parisdə yaşayıb yaratmışdır. Uzun illər YUNESKO-nun nəzdində tərcüməçi kimi fəaliyyət göstərsə də, müntəzəm olaraq Latın Amerikasına səyahət etmişdir. Hərbi diktaturanın gücləndiyi illər ərzində onun vətənə olan yolları bağlanır, kitablarına qadağa qoyulur.

Kuba və beynəlxalq inqilab hərəkatınn rəhbəri olan marksist inqilabçı Çe Gevaranın ölümündən sonra Xulio Kortasar onun xatirəsinə ithaf olaraq "Çe" adlı şeirini yazır. Şeir "Mənim bir qardaşım vardı" misrası ilə başlayır.

Məşhurluq gətirən roman...

Çoxlu sayda hekayələr, esselər, oçerklər və bir neçə roman müəllifi olan Kortasarın "Zəbt olunmuş ev" adlı ilk hekayəsi 1946-cı ildə çap olunur. Kortasarın hekayələri öz xüsusiyyətlərinə görə nəsrdən çox şeir kanonları üzərində qurulmuşdur.  1960-cı ildə yazdığı "Uduşlar" romanından sonra 1963-cü ildə Kortasar ona dünya şöhrəti gətirmiş "Xana-xana oyunu" romanını yazır. Ardınca 1968-ci ildə "62.Yığım üçün model", 1973-cü ildə isə "Manuelin kitabı"  romanları işıq üzü görür.

Kortasara ən çox məşhurluq gətirən  "Xana-xana oyunu" romanı  onun yaradıcılığının ən mükəmməl nümunəsidir. Əsərin baş qəhrəmanı qırx yaşlı Horasio Olivyeradır. O, Parisdə boş-bikar, qardaşının göndərdiyi pulların hesabına yaşayan bir adamdır. Horasio dostları ilə birlikdə "İlanlar klubu" adlanan cəmiyyətin fəal üzvüdür. Onlar axşamlar kluba toplaşaraq içkili, siqaretli gecələrdə fəlsəfi və estetik söhbətlər edir, müzakirələr aparırlar. Həmin ərəfədə Olivyera iki qadınla münasibətdə olur. Onlardan biri Pola adlı fahişə qadın, o biri isə uruqvaylı Sibilladır. Pola ölümcül xəstəlikdən dünyasını dəyişir. Daha sonra isə Sibillanın oğlu Rokomadur da vəfat edir. Rokomadurun ölümünə qədər Olivyera və Sibillanın sevgi münasibətləri qaydasında olur. Onlar bir-birlərini sevməkdən zövq alırlar. Lakin Sibillanın oğlunun ölümündən sonra Olivyeranın ona qarşı məsuliyyətsiz və saymazyana hərəkətləri qadına pis təsir edir. Və bir müddət sonra Sibilla Olivyeraya heç nə demədən yoxa çıxır. Olivyera onu uzun müddət axtarır. Rastlaşdığı bir çox qadınları ona bənzədir. Hətta öz cavanlıq dostu olan Trevelerin arvadı Talitanın da Sibilla olduğunu zənn edir. Lakin sonunda acı gerçəyin, Sibillanı həmişəlik itirdiyinin fərqinə varır və ağır mənəvi böhran keçirir.

Əsərin ilk iki fəsli adi fəsillər kimi oxunur. Sonrakı fəsli isə yazıçının özü tərəfindən müəyyən olunmuş sxemlə oxumaq gərəkdir.    

Həyatındakı sonuncu qadın...

1953-cü ildə Kortasar özündən dörd yaş kiçik olan argentinalı Aurora Bernandeslə ailə həyatı qurur. Ailə həyatlarında elə də ciddi problemlər yaşamayan, kənardan da ideal cütlük kimi görünən ər-arvad bir  müddət sonra həyat yollarını ayırmalı olurlar.

Daha sonra isə yazıçı litvalı Uqne Karvelislə tanış olur. Yazıçı Aurorayla boşandıqdan sonra bir müddət Uqneylə birgə yaşamağa başlayır. Lakin bu cütlüyün münasibətləri heç vaxt rəsmiləşmir. Karvelis Kuba inqilabının sadiq tərəfdarı olduğundan, gəzən söz-söhbətlərə görə, Kortasarın Kuba və Nikaraqua hadisələrinə marağına səbəb məhz Uqne olur. Bundan başqa, çoxları Kortasarın əsərlərinin Latın Amerikasından kənarda tanınmasında məhz bu qadının əvəzsiz rol oynadığını söyləyir. Ancaq bu birlikdəlik də 1978-ci ildə ayrılıqla nəticələnir.

Yazıçının sonuncu arvadı isə özündən iyirmi iki yaş kiçik Kerol Denlop olur. Ölümünün sonuna qədər Kerol Kortasarın həyatındakı sonuncu qadın olaraq qalır. Dostları bu cütlüyün münasibətlərindəki zəriflik və harmoniyanı riqqətlə xatırlayırlar. Kortasar təmkinli və istiqanlı Kerolun yanında özünü həmişə xoşbəxt hiss edir.

Amansız xəstəlik və son...

1980-ci ildə Xulionun səhhətində problemlər yaranır. Həkim müayinəsindən sonra qoyulan diaqnoz sarsıdıcı olur: lekemiya xəstəliyi. Keroldan və həkimlərdən başqa, Xulionun bu ağır xəstəliyindən heç kimin xəbəri olmur. O fikirləşir ki, əri öz xəstəliyindən xəbər tutsa, mənəvi düşkünlüyə sürüklənib yaradıcılıqdan soyuyacaq. Yaradıcılıqla məşğul olmamaq isə onun ölümünü daha da sürətləndirəcək. Beləcə Kerol bir müddət həkimlərlə razılığa gələrək Kortasarın xəstəliyini onun özündən gizlədə bilir. Lakin iş elə gətirir ki, Kerolun öz səhhətində də ciddi problemlər yaranır. Kortasarın hamıdan çox sevdiyi qadın 1982-ci ildə gözlənilməz şəkildə dünyasını dəyişir.

1983-cü ildə ölümcül xəstə olan Kortasar anası və bacısı ilə görüşmək üçün sonuncu dəfə Buenos-Ayresə gəlir və ordakı gənclik tərəfindən şiddətli coşqu ilə qarşılanır. Artıq həyatının son günlərini yaşayan yazıçının qayğısına qalan isə onun birinci arvadı, həm də Xulio tərəfindən onun bütünlüklə ədəbi irsinin hüquqlarına sahib olan Aurora olur. 1984-cü il fevralın 12-də Xulio Kortasar gözlərini əbədi olaraq yumur. Yazıçı Monparnas məzarlığında vaxtsız dünyadan köçmüş arvadı Kerolun yanında dəfn olunur.

Bu il Xulio Kortasarın ölümündən 33 il ötməsinə baxmayaraq, Argentina xalqı öz şöhrətli yazıçısını unutmur. Elə bu səbəbdən 2014-cü il Xulio Kortasarın anadan olmasının 100 illiyi münasibətilə Argentinada "Xulio Kortasar ili" elan edilib.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!