Tanrı haqqında kitab - "Lavr" - Xatirə NURGÜL yazır

Axı nə üçün nağıllarda mütləq biri

yoxa çıxır, digəri onu axtarmalı olur?

Allahım, mən bu nağılın harasındayam, əvvəlində, ortasında, yoxsa sonunda?

İran filmindən sitat

Son günlər mövzu cəhətdən bir-birindən fərqli olan iki kitabı oxuyub bitirdim: kitabqurdlarının demək olar ki, fenomen hesab etdiyi Xalid Hüseyninin "Çərpələng uçuran"ı və Yevgeni Vodolazkinin Azərbaycan oxucusuna hələ ki kifayət qədər tanış olmayan "Lavr" əsərini. (Kifayət qədər ifadəsini işlətməyimin səbəbi, əsərin hələ dilimizə tərcümə edilməməsidir).

Birinci əsəri müzakirə etmək istəmirəm, çünki deyilməli bütün fikirlər artıq söylənilib və bundan sonra da söyləniləcəkdir. Bircə onu qeyd etməliyəm ki, istər mövzu, istərsə də süjet xətti kitabı tez bir zamanda bitirməyinə yardımçı olur. Bu cür asan qavranılan əsərlərin ətrafındakı oxucu auditoriyasını sovet dövründə hind filmlərinə bilet almaq üçün kinoteatr önündə toplaşan tamaşaçı izdihamı ilə müqayisə etmək olar ki, hər iki halda duyğusallıq pik həddə çatır…

O ki qaldı Yevgeni Vodolazkinin "Lavr" əsərinə yazıçı istər mövzu, istər məntiq baxımından ustalıq nümayiş etdirməyə müvəffəq olub. Həyat, ölüm, tövbə kimi şifrələnmiş anlayışların kodlarının açılmasında, istər keçmişin, istərsə də gələcəyin xəritəsini çəkmək cəhdlərində uğura köklənib...

"Lavr" əsəri hər şeydən əvvəl Tanrı haqqındadır. Təsadüfi deyil ki, onun adına "Tanrıya həsr edilmiş 10 kitab" siyahısında rast gəlmək olar. Bu əsəri insanla Tanrı arasında sirr də adlandıra bilərik.

Əsərin əsas qəhrəmanı babası ilə yaşayan, daxilində fövqəlgüclərin məkan tapdığı Arsenidir. Onunla əsərin lap əvvəlində - elə birinci səhifədə tanış oluruq. Dünyaya gəlişindən başlamış bütün həyatı gözlərimiz qarşısında hərf-hərf canlanır. Orta əsrlər Rusiyasının əyalətlərindən birində babası Xristoforun himayəsində böyüyən Arseni hələ uşaqlıqdan qeyri-adiliyi ilə seçilir. Onun hadisələrə məntiqlə yanaşması, babası ilə fikir mübadilələri oxucunun Arseninin gələcəyi haqqında fərqli proqnozlar verməsinə səbəb olur.

"Ölüm nədir", - deyə Arseni soruşdu.

"Ölüm canlının hərəkət etmədən susmasıdır".

"Belə de". Arseni otların üzərinə uzanaraq gözünü qırpmadan Xristofora baxırdı.

Xristofor oğlanı qucağına alaraq öz-özünə dedi: mənim arvadım - onun nənəsi də son dəfə gördüyüm zaman bu cür uzanmışdı. Onu xatırladığım üçün yaman qorxdum.

"Qorxmaq lazım deyil, çünki mən yenə sağ-salamatam".

Gəzintilərdən biri zamanı Arseni Xristofordan nənəsinin hazırda harada olduğunu soruşdu.

"Səmadadır", - Xristofor dedi.

Həmin gün Arseni səmaya qalxmaq qərarına gəldi. Göy üzü onu çoxdan bəri cəlb edirdi, nənəsinin orada məskən salması isə marağını daha da artırmışdı. Bu işdə ona cənnət əhli olan tovuz quşunun lələkləri kömək edə bilərdi..." (Romandan hissələrin tərcüməsi X.Nurgülə məxsusdur).

İnsanlar Tanrının bəxş etdiyi ömrü ya suallar, ya da cavablar əsasında yaşayır. Birincilərin öyrənmək marağı ikincilərin öyrətmək eşqini üstələyir. Xristoforun həyatı suallarla deyil, cavablarla doludur. Otların sirrini bilən, təbib kimi tanınan bu adam Arseninin babası olmaqla bərabər, həm də ən yaxın dostu, sirdaşıdır. Qocalıq həyat qarşısında hesabatdır. Sanki ömür boyu həll etməyə çalışdığın düsturun bərabərlik işarəsini qoyursan, cavab isə bütün hallarda ÖLÜMə bərabərdir.

...Xristofor Arseni üçün hər kəs və hər şey idi - ata, ana, dost, həmdəm, həmsöhbət... və bir gün bütün bu konturları özündə birləşdirən mayak yoxa çıxdı, sanki işığı söndü. Arseni Xristoforun timsalında həm də böyük bir ölkə, şəhər, tarix, ensiklopediya itirmişdi.

Arseni təkliyə alışmağa başladığı anda Ustina daxil olur həyatına. Gəlişi ilə məna gətirir, zövq, sevinc bəxş edir Arseniyə. O, sanki dünyaya yenidən gəlir, Ustina ilə birlikdə yeni həyata qədəm basır. İkinci mövludu ilə sevməyi, sevilməyi öyrənir, səadətə çatdığını düşünür...

Amma kim deyib ki, xoşbəxtlik əbədidir? Ustinanın dünyaya körpə gətirən zaman həlak olması ilə Arseni həyatdakı növbəti yoxluqla üzləşir. O, itirməyə öyrəşməlidir. İntihar etmək? Əlbəttə, olmaz. Bu xüsusda abidin dedikləri daha məntiqlidir:

"Ölüm arzuladığını bilirəm. Düşünürsən ki, sənin üçün əziz olan hər şey artıq ölümə məxsusdur. Amma yanılırsan. Ustina ölümə məxsus deyil. Ölüm onu Mühakimə Edənin yanına aparır. Hətta ölümə tabe olmaq qərarına gəlsən belə, Ustina ilə qovuşa bilməyəcəksən. İndi isə həyat haqqında danışaq. Sənə elə gəlir ki, həyatda əhəmiyyətli heç nə qalmayıb, bu səbəbdən də yaşamağı mənasız hesab edirsən. Amma məhz indi sənin həyatında əvvəllər mövcud olmayan nəhəng məna yaranıb...".

"Amma mən Ustinanın həyatını əlindən almışam".

Abid sakitcə Arseniyə baxırdı:

"O halda öz həyatını ona ver".

"Məgər, mənim onun yerinə yaşamaq imkanım var?".

"Sözün həqiqi mənasında - bəli, var. Sevgi Ustina ilə səni bütöv varlığa çevirmişdi, deməli, Ustinanın bir hissəsi hələ də həyatdadır. Bu isə sənsən".

O yaşamalıdır, yalnız bu halda Ustina da yaşamağa davam edəcəkdir. Ustinanı yaşatmaq üçün yaşamalıdır.

***

Yevgeni Vodolazkin ixtisasca filoloqdur, qədim rus ədəbiyyatı üzrə mütəxəssisdir. Əsəri oxuyan zaman həm də müəllifin zəngin leksikona malik olduğunu görürük. Personajların dialoqlarını əsasən qədim rus dilində qələmə alan müəllif qərinələr arasında modern körpülər yaratmağa müvəffəq olur. Dili istədiyi formada təqdim etməkdə mahir olan Vodolazkin bu qabiliyyətini "Aviator" ("Təyyarəçi") əsərində də büruzə verir. Lakin bədii əsərin istedad və təb məsələsi də olduğunu nəzərə alsaq, onu, eyni zamanda həm də uğurlu yazıçı adlandıra bilərik. Kitab dörd fəsildən ibarətdir və bu fəsillərin hər biri (İdrak kitabı, İnkar kitabı, Yol kitabı, Asayiş kitabı) insan həyatının mərhələlərlə təsviridir. Fəsillər ardıcıl şəkildə qəhrəmanın uşaqlıq, gənclik, yetkinlik və qocalıq dövrlərini əhatə edir.

...İtkilər qaçılmazdır - bayaq vardı, indi yoxdur. Dünyanın sonunu, qiyamətin nə zaman baş verəcəyini öyrənməyə müvəffəq olan Ambroco kimi. Arseni (bu mərhələdə onu artıq Ustin kimi tanıyırıq) təbib olaraq fəaliyyətinə davam edir, eyni zamanda insan ruhunun şər qüvvələrdən qorunmasında vasitəçi olur. Müqəddəs torpaqlara ziyarətə yollanmaq sevdasında olan bu iki mükəmməl güc sahibləri Tanrını birlikdə dərk etmək üçün ən ümdə yola çıxırlar. Ambroco Arseninin taleyini bölüşən növbəti həmdəmidir. O, hətta ölümə də Arseni ilə birlikdə yollanır. Lakin gözəlliklərin, arzu və istəklərin qurban tələb etdiyi dünyada yaşayırıq, bəzən isə bu qurban ən sevgili dostumuz, həmdərdimiz olur. Ambroco Arseninin Xristofor və Ustinadan sonra həyatda üçüncü nəhəng itkisidir.

Ömrün son mərhələsində Lavr adı verilir Arseniyə. Lavr kilsədə yaşasa da, əvvəlki qayda üzrə təbibliyə davam edir, şəfalı əllərinə görə el arasında ona Rukinets deyirlər. O, həm bədənə, həm də ruha şəfa verir. Bəs niyə Lavr (Dəfnə)? Dəfnə həmişə yaşıl olur. "Hər zaman yaşıl olduğu üçün əbədi həyatı ifadə edir" Abid İnnokenti deyir.

Yanlışlar üzərində öyrənir insan, onlar şam kimi qaranlıqda işıq saçır, doğru istiqaməti tapmağa yardım edir. Lavr ömrünün qürub çağında mağarada məskən salır. Artıq nə fiziki işlərə, nə də loğmanlığa yarayacaq qədər gücü qalmayıb... Zəifliyini təbiət hadisələri ilə əlaqələndirsə də, əsl səbəbin qocalıq olduğuna əmindir, bunu hətta xəyalında davamlı olaraq ünsiyyət saxladığı Ustinaya da etiraf edir. Həyat çox qəddardır...

Uzun ömür insana eyni səhvləri təkrarlamamaq üçün verilən şansdır. Zaman dövr etdikcə həyatın dejavülərlə dolu olduğu məlum olur. Keçmişdəki günah, səhv əməl bir gün qarşına başqa adla, fərqli görünüşlə çıxa bilər, sənə həmin günahı, yanlışı düzəltmək şansı verilə bilər. Hətta Ustina ana olmaq yolunun astanasında dayanmış bir qadının - Anastasiyanın obrazında peyda olar həyatında. İnsanlar tərəfindən tərk edilmiş, dünyaya gələcək övladının atası tərəfindən qəbul edilməmiş zavallı qadın... Həyata yeni insan qədəm basır, illər öncə həlak olan körpənin timsalında başqa körpə gəlir dünyaya. Əgər sənə yanlışını düzəldərək müqəddəsliyə qovuşmaq şansı verilirsə, seçim hər zaman doğrudur, çünki bu, sənin seçimindir, sənə məxsusdur.

Lavr Anastasiyanı kütlənin haqsız hücumundan qorumaqla, eyni zamanda onu ikiqat xilas etmiş sayılır.

Arseni, Ustin, Amvrosi və sonuncu dayanacaq Lavr... Qəhrəman həyatının hər mərhələsində yeni ad və yeni qabiliyyəti ilə yadda qalır. Ömrü boyu insanlardan qaçmağa çalışan, Kafka demiş "tənhalığı insanlarla dolu" olduğundan susmağa üstünlük verən təbibin ətrafında artıq heç kim yoxdur. İndi yaddaşını nə qədər vərəqləyib, düşüncələrini qurcalasa da, nə əziz Xristoforun, nə Ustinanın, nə də uzaq illərdə evdə dostu canavarla birgə əyləşib ocağa baxarkən alovda üzü qırışlı qoca insan siması görən balaca Arseninin simasını xatırlaya bilmir. Hətta bir gün çayın sularından ona baxan körpə oğlanın məhz özü olduğunu da dərk etməkdə çətinlik çəkir. Hardasa oxumuşdum ki, insanın qocalmasına səbəb yaşadıqlarını unutması və rahatca ölə bilməsidir. "Yaşadıqca xatirələrim uydurmaya bənzəyir...". Budur, Lavr hər şeyi unudub. Və o, artıq ölə bilər...

Fikrimcə, qocalıq dövründəki Arsenini L.Tolstoyun qəhrəmanı Sergi ata ilə müqayisə etmək olar. Serginin həqiqət axtarışına çıxması ilə Arseninin həqiqəti özü ilə romana gətirməsi detallarını da önə çəkmək mümkündür. Arseni hələ 4-5 yaşlarından - babası Xristoforun himayəsində olduğu zamanlardan artıq həyatın, ölümün sirrini çözməyə cəhdlər etmişdir. Sergi isə gerçəyi ahıl dövrlərində dərk etmək qərarına gəlir, bunun üçün Paşenka ilə görüşə ümid edir və yanılmır.

Azərbaycanlı rejissor Şamil Vəliyevin "Çölçü" filmində də təxminən "Lavr"dakı "Uşaqlıq" və "Gənclik" bölümlərinə oxşar məqamlar var: Çöldə yaşayan qoca Ulu və uşaq. Ulunun ölümündən sonra Çölçünün tək, daha doğrusu, tənha qalması, qəfildən həyatına daxil olan qadına sevgisi Arseninin Xristoforun ölümündən sonra Ustinaya qarşı duyduğu məhəbbətlə təsəlli tapmasını xatırladır.

Epiloq əvəzi

"Mən avtobusda ağlayırdım... Qədim rus ədəbiyyatını oxuyaraq, qəhrəmanların davranış tərzinə nəzər salaraq, xalqın xarakterini öyrənərək özümüzü daha yaxşı anlaya, onları isə məsafədən asılı olmadan duya bilərik. Bu qədər göz yaşı axıtmağıma səbəb bəlkə də doğmalıq duyğusu idi. Özümü dünyadan təcrid olunmuş vəziyyətdə, qulağımda qulaqcıqla paytaxt şəhərini dolaşan şəhərli olaraq deyil, böyük bir nəslin davamçısı kimi hiss edirdim... " - bir oxucunun roman haqqında qeydidir. Yazıçının, ilk növbədə isə əsərin taleyinin uğurlu olması istedadlı, məntiqli, fədakar... oxucusunun varlığına bağlıdır. "Lavr" romanı bu qəbildən yüzlərlə, hətta minlərlə oxucu rəyi ilə zəngin tale yaşayır. Kütləni arxasınca aparmaq yazıçını kahin, az qala peyğəmbər səviyyəsinə qaldırır. İnsanla Tanrını qovuşduran isə hər zamankı kimi kitab olur...

Yanvar, 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!