Sən uğuru hədəfə aldıqca, uğur da səni hədəfə alır... - Elias KANETTİ - sitatlar

 

ƏDƏBİYYAT ÜZRƏ 1981-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Elias KANETTİ (Bolqarıstan, Böyük Britaniya)

25 iyul 1905-ci ildə Bolqarıstanın Ruse əyalətində yəhudi əsilli ailədə doğulub, ömrü boyu Bolqarıstan vətəndaşlığını saxlayıb. Uşaqlıq və gənclik illəri Bolqarıstanda, Böyük Britaniyada, İsveçrədə, Avstriya və Almaniyada keçib. Atası Jak Kanetti iş adamı olub. Anası Matilda yəhudi əsilli ispan qızıdır. 

1912-ci ildə atası dünyasını dəyişib, anası uşaqları ilə birlikdə əvvəl Lozannaya, sonra isə Vyanaya köçüb. Elias Kanetti fransız və ingilis dillərini mükəmməl bilib. Daha sonra ailəliklə Sürixə, oradan da Frankfurta köçüblər. Elias Vyana Universitetinin kimya fakültəsini bitirib. Ali təhsil illərində fəlsəfə və ədəbiyyatla maraqlanıb. Vyanadakı ədəbi birliyə üzv yazılandan sonra özü də bədii yaradıcılıqla məşğul olmağa başlayıb. Solçuluq tərəfdarı olduğu üçün 1927-ci ildəki iyul üsyanında iştirak edib. 

1928-ci ildə "Toy" dramını, bir il sonra isə "Şöhrətpərəstlik komediyası"nı yazıb. "Kütlə və hakimiyyət" əsəri üzərində 20 ilə qədər işləyib.  Onun fəlsəfi əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilib. Ömrünün son illərini Sürixdə yaşayıb. Orada yaşadığı dövrdə avtobioqrafik "Xilas olunmuş dil" əsərini qələmə alıb. Elias Kanetti 1981-ci ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Mükafat yazıçıya "fantaziya ilə reallığı bir yerdə əks etdirən, həyatı, bütöv bir qitənin münaqişələrini təsvir edən roman və hekayələrinə görə" verilib. Nobelli yazıçı 1994-cü ilin 14 avqust tarixində Sürixdə vəfat edib. "Ədəbiyyat qəzeti" oxucularına yazıçının əsərlərindən sitatları təqdim edirik.

Sitatlar

  • Kim xatirələrindən ehtiyat edirsə, qorxaq, hətta çox qorxaq adamdır.
  • Ədalətli olmaq da bölüşdürmək qədər köhnə problemdir.
  • Heç bir qırğın növbəti qırğının qarşısını ala bilmir.
  • Sən uğuru hədəfə aldıqca, uğur da səni hədəfə alır.
  • Hər bir müharibə özündən əvvəlkinin təkrarıdır.
  • Qorxmaqdansa, qoy nifrət etsinlər.
  • Kim ki əmr vermək yolunu seçir, bu daha çox uşaqları incidir. Qəribədir, uşaqlar əmr əsarəti altında ümumiyyətlə sınmır və öz tərbiyəçilərinin qəzəbi altında yaşamağa alışırlar. 
  • İxtira alınmadısa, partlayışı geri qaytarmaq lazımdır.
  • Gözlənilməz yüksəliş hər zaman xoş təəssürat yaradır.
  • Böyük sitat müəllifləri qəribə təəssürat yaradırlar, sanki bir-birlərini yaxından tanıyırmışlar.
  • İnsan məsafə saxladıqca hədəfə yaxınlaşır.
  • Mimika oyununda insanın fasiləsiz çevirilmək qabiliyyəti üzə çıxır.
  • Bu gün bir nəfəri tonqalda yandırmaq cəzasına məhkum etmək, dünya müharibəsinə başlamaqdan çətindir.
  • Zaman qısalır. Hər növbəti saat əvvəlkindən qısa olur.
  • İnsan özü olmaq üçün özündə güc tapmalıdır.
  • Kim Tanrıya inanmırsa, bu dünyadakı bütün günahları öz üzərinə götürür.
  • Hər dilin özünəməxsus sükutu var.
  • Dil də sistem kimi laldır.
  • İnsan - öldürdüyünü dərk edən heyvandır.
  • Hər bir insan dünyanın mərkəzidir, bəli, məhz hər biri və dünya bu mərkəzlərin bolluğu ilə qiymətlidir.

Tərcümə etdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!