Akif Səməd bu yolu təkcə keçmədi, təkcə ölmədi...

 

Təxəllüsümün Akif olan vaxtlarından Ulucay Akiflə məni qardaş biliblər. Kim imzamı görübsə, "sən Akif Səmədin oğlusan?", - deyə soruşub məndən. Sonra təxəllüsümü dəyişdim, sual atəşi susduruldu. Əvvəllər Ulucayla məni şeir və təxəllüs bağlayırdısa, indi "Ədalət" qəzetində iş yoldaşlığımız da bu bağın üstünə gəlib. Bir də ata itkisi. Vaxtından tez. Doğumunu da, ölümünü də iyul ayına dəng gətirən Akif Səmədin ölümü mənim atamın ölümündən düz 11 il cavandır.

İyulun 21-i, yəni bazar günü, əslində, biz "Ədalət" qəzetinin doğum gününü keçirməli idik. Eşidəndə ki, Akif Səmədin yubileyi bazar gününə düşür, tədbirimizi bir gün dala çəkdik. Ki, onun yubileyində iştirak edə bilək.

Rəşid Behbudov adına Mahnı Teatrının düz qarşısında böyük plakat var, üstündə də Akif Səmədin fotosu. Şair bu fotodan gələnləri qarşılayır. Xəyalım teatrın önündən adlayıb Yazıçılar Birliyinə tərəf yol alır. O, 15 il öncə Yazıçılar Birliyinin binasından çıxıb öz ölümü ilə görüşə getmişdi. Bu yol Akif Səmədin keçdiyi son yol idi. Artıq ömrün işıqforunda qırmızı yanmışdı, dayanmaq vaxtı idi. Akif Səməd bu yolu təkcə keçmədi, təkcə ölmədi, onunla birgə "dostlarının" çoxusu da öldü, yoxa çıxdı.

Mən bütün bunları düşünə-düşünə bir də ayılıb gördüm ki, zaldayam, hamı öz yerində pərvəriş tapıb. Şairin oğlu Ulucay zal boyu gəzişir, adamlarla görüşür, sonra isə gəlib arxa sırada əyləşir. Ona tərəf boylanıram:

- Akif Səmədin oğlu olasan, tədbir Akif Səmədə həsr oluna, amma oğlu Ulucay da gəlib otura arxa sırada. Belə şey olar?

- Emin, burda mən oturmuşamsa, elə bura da birinci sıra kimi VİP-dir.

Qısa və lakonik gülümsəmədən sonra səhnədki ekranda Akif Səməd haqqında danışan anası bacıları, dostları görünür, videoçarxın sonunda isə köhnə lentdən Akif Səməd öz şeirini deyir.

Açığı, bu cür tədbirlərdə çox sıxılıram. Sovet dövründən bəri dəyişməyən eyni üslublu tədbirlərdir. 15-20 adama həm söz verilir, həm mükafat, sonra tədbiri aparan adama da bir mükafat, vəssalam. Tədbir başlayandan hər çıxışdan sonra bir aşıq öz ifasıyla hamını feyziyab edir. Yanımda əyləşən dostuma deyirəm:

- Olmazdı ki, maraqlı danışa bilən adamlara söz versinlər? Bu quru, rəsmi çıxış kimin nəyinə lazımdır?

- Düz deyirsən...

Mən bunu deyər-deməz Aqil Abbası dəvət edirlər səhnəyə. Müdirim olduğuna görə demirəm, amma Aqil Abbas koloritli insandır. O, səhnəyə çıxır. Elə ikinci cümləsindəcə zal canlanır.

- Akif Səməd saza bağlı adam idi. Mənimçün də sazın ayrı yeri var. Tar da bizimdir. Amma onların arasında bilirsiniz fərq nədir? Yadıma gəlir, uşaqlar balaca olanda bir dəfə evdə maqnitofonda saz ifası dinləyirdim. Bir də gördüm ki, uşaqlardan biri ağlayır. Sonra tar ifası qoydum. Bu dəfə uşaqlar ağlamadı. Mən onda bildim ki, saz bizə daha yaxındı. Bir şeyə də fikir vermişəm, saz kişi kimi ağlayır, tar isə qadın kimi.

Aqil Abbasın bu sözlərindən sonra zala gülüşmə düşür və dalınca alqış səsi bürüyür ətrafı.

O, son söz kimi qeyd edir ki, mən hər ay qəzetimizin birinci səhifəsində Akif Səmədin "Şuşa deyib bağır, bala" şeirini dərc edirəm.

Əmindi, dayındı, bizik,

Qulaqları sağır, bala.

Hər səhər evdən çıxanda,

Şuşa deyib bağır, bala!

 

Biz uduzduq hansı zorda?

Ölsək, qoyma yataq gorda.

Eşitdin televizorda? -

Şuşaya da yağır, bala.

 

Tapşırma bizə qoşunu,

Aldırma bizə huşunu.

Qoş Təbrizdən tay-tuşunu,

Bir hay elə, çağır, bala!

Sonra yenə saz ifası...

Gəlib otururam Ulucayın yanında. Bir də baxıb görürəm ki, o, telefona zillənib. Diqqətim telefona kəsilir. Ulucay feysbukda kiminləsə yazışır.

Qiraətçi Ağalar Məmmədovun səsi eşidilir. O, Akif Səməddən başqa hamıdan, ən çox da özündən danışır. Və çıxışının sonunda şeir demək üçün "ordan bir kişi kimi tar ifası verin" deyib özündən qabaq çıxış edən Aqil Abbasa cavab verir.

Tədbirin ən çox səslənən şeiri, ifası Akif Səmədin "Mən Bakıya oxumağa gəlmişdim" şeiri olur. Bilmirəm, nədəndirsə, hamı onun bu şeirini daha çox sevir.

Genişiydim səma boyda, çöl boyda,

ürək verdim, diplom aldım əl boyda,

ürəyimdə yara açdı gül boyda -

Mən Bakıya oxumağa gəlmişdim.

Mən Bakıya oxumağa gəlmişdim.

Ən çox da türkiyəli qonaq - Uluslararası Aktivist Sanatçılar Birliyinin başkanı Ümit Yaşarın çıxışı məni heyran elədi. Çox həzin səslə, çox yumşaq danışıq tərzilə Akif Səməd haqqında ağızdolusu danışdı. Dedi ki, əgər Akif Səmədin anası yanımda olsaydı, onun önündə diz çöküb yalvarardım ki, məni də öz oğlu bilsin, Akif Səmədin qardaşı bilsin. Mən söz verirəm ki, Türkiyəyə gedən kimi orada Akif Səmədin heykəlinin qoyulması üçün əlimdən gələni edəcəm.

Mən tez-tez yer dəyişirəm, gah lojaya qalxıram, gah səhnənin bir küncündən çıxış edənlərin şəklini çəkirəm. Akif Səmədlə qiyabi tanışlığım bu zaldaca əyaniləşir. Elə bil şairin özü də burdadır və mən onu illərdir tanıyıram. Biz gənclər sazdan bir az uzağıq, amma mən buradaca sazla, ənənəvi şeirlə doğmalaşdım Akif Səmədin sayəsində.

Çıxış edənlərin sayı çox idi. Ön sırada kimlər oturmuşdusa, hamısı şair haqqında danışdılar. Bütün deyilənlər "bircə qarış yol var imiş, Adəmdən Akif Səmədə" misralarının qanadlarında şairin özünə çatıb. Mən buna inanıram.

Bu sazlı-sözlü tədbirdə diqqətim şairin adı və yanında iri 60 rəqəmi yazılmış tabloya kəsilir. 44 yaşında 70 yaşlı adamı xatırladan bu fotoya baxıb düşünürəm. Dərd yaşamağa həmişə böyük ürəklər axtarır. Balaca ürəklərin dərd yükünü daşımağa, gücü olmur. Böyük ürəkdə dərd böyüyür, artır, ürək yiyəsini torpağa gömənə qədər şiddətlənir. Ancaq özü torpağa gömülmür. Yaşadığı ürəyin gözəlliyi ilə birgə yeni ürəklərdə yuva qurur… Akif Səmədin şeirlərindən ürəyinin böyüklüyü, onu sevənlərin bu zalda yığılması, onun haqqında ağızdolusu danışması isə onun ürəyinin ölmədiyinə, onu sevənlərin ürəyində yuva qurduğuna işarədir.

Nəhayət, ən sonda şairin oğlu Ulucaya söz verilir. Həmişəki özündənrazı yerişilə səhnəyə çıxır. Səsindən hiss olunur ki, çox həyəcanlıdır. O, qonaqlara gəldikləri üçün təşəkkür edir və sonda bir anlıq dayanır. Fasilə verir. Mən dəqiq bilirdim ki, Ulucay, əslində, nəsə demək istəyir, amma özünü toplaya bilmir və çıxışını bitirir.

Sonra hamıya "Akif Səməd mükafatı" təqdim olunur.

Yanımdakı dostuma pıçıldayıram. Diqqətlə izlə, sonra tədbiri aparan kişiyə də mükafat verəcəklər.

Elə də olur. Hamı mükafatını alır. Elə o kişi də.

Yavaş-yavaş tədbir sona çatır. Mən yavaş deyirəm, siz dörd saat bilin... Yaxınlaşıram Ulucaya.

- Atanın şeirlərinə bax, bir az şeir yazmağı öyrən, Ulucay!

- Əşşi, mənim istedadım əvvəlcə atamda təzahür eləyib.

Sanki Akif Səməd səhnədəki böyük şəklindən zalı tərk edənlərə baxıb deyirdi:

Gülə can verən arıyıq,

Yönü sevdaya sarıyıq,

Ölüm heç nədi, ayrılıq

Yamandı, ay gedən, əylən.

Eminquey

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!