Aniara... - Harri MARTİNSON

 

ƏDƏBİYYAT ÜZRƏ 1974(2)-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Harri MARTİNSON - İsveç

Harri Edmund Martinson - İsveç yazıçısı və şairi. 1904-cü ildə Blekinqdə dünyaya gəlib. Beşuşaqlı ailənin yeganə oğlan övladı olub. Altı yaşı olanda atası vəfat edib. Bir il sonra övladlarını İsveçdə saxlayan anası Amerikaya mühacirət edib. Harri Martinson erkən yaşlarından işləmək məcburiyyətində qalıb. 1920-ci ildə matros və müxtəlif işlər görən fəhlə kimi işə başlayan Martinson Hindistana və Braziliyaya uzun səfər edib. Höteborqda və Stokholmda modernist rəssamlar və "fəhlə yazarlar" cərəyanı üzvləri ilə tanış olub. Bu ona 1929-cu ildə nəşr olunmuş "Beş gənc" antologiyasında çap olunmaq imkanı verib.   

1929-cu ildə yazıçı Mye Martinsonla ailə qurub və bu evlilik 1941-ci ilə qədər davam edib. 1942-ci ildə Harri Martinson İnqrid Lindkrantzla evlənib. 1934-cü ildə Moskvada Sovet yazıçılarının birinci qurultayında iştirak edib. 1939-1940-cı illərdə könüllü olaraq sovet-fin müharibəsində SSRİ-yə qarşı döyüşüb. 1949-cu ildə İsveç Akademiyasına üzv seçilib. 1956-cı ildə işıq üzü görən "Aniara" poeması ona böyük şöhrət gətirib. 1974-cü ildə "yaradıcılığında şeh damlasından tutmuş kosmosa qədər hər şeyi mükəmməl təsir edə bildiyi üçün" İsveç yazıçısı Eyvind Yunsonla birlikdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Harri Martinson 1978-ci il 11 fevralda xəstəxana bıçağı ilə intihar edərək həyatına son qoyub.

"Ədəbiyyat qəzeti" oxucularına şairin "Aniara" poemasından bir parçanı təqdim edirik.

Aniara

Poemadan parça

55

Planet bomboş. İnsanlar gedib

kosmik surətlərə baxmağa həvəssiz,

şəffaf şüşə arxasından Veronikanın saçlarına

baxmaq yersiz:

göy üzündə fövqəlyeni ulduz alışdı,

işığı buralara qədər düşdü.  

 

Və alçaldılmış münəccim rəml açır,

göy üzü kimi soyuq zərləri sıxır ovcuna,

bu oyunda fövqəlsoyuq ulduzlar

Onun çörək ağacıdır,

nankor fotonofaq qəlbinin

                        sonuncu həqarətini

xəsisliklə çırpır onun üzünə.

Bu narazılıqdan parçalanmamaq mümkünsüz,

bu alov əbəs yerəmi

                     onu yandıracaq gecə-gündüz?

 

Hansısa kosmik yaramazın

səsi snobistik tonda çıxır,

dinləyir, nifrətlə ötür yanından,

baxır, yorğun, təəssüf dolu pıçıltıyla,

lüğətində olan sözlərdən

bir neçəsini seçib deyir -

cəhənnəm olsun kosmos da, siz də.

 

Və münəccim kosmik dənizlərdəki

möcüzələr haqqında

                      köhnəlmiş hekayəsinə görə

üzr istəyib, tələsik bitirir sözünü.

80

Eşq ulduzuna hansısa

fövqəlqüvvə yardım edir:

qasırğa yaradan bəbəklərin,

içi işıq saçır.

Ulduz yerə boylanır göydən -

torpaq cana gəlir, qızdırır dünyanı.

Çəmənlər çiçəkləyir, dirçəlir,

yayın xoşbəxtliyi xoşbəxt edir hər yanı.

Çiçəklər torpaqdan boy verir

qalibiyyət bayraqları kimi qalxır yerdən,

sarı yaylıqlı kəpənəklər

dəvətikanı çiçəkləri üstə rəqs edir.

Eşşəkarıları yaşıl otlara tökür hirsini,

sancır lalənin kövrək ləçəyini -

külək tələsik verir onların dərsini.

 

Ötəri həvəs - təsadüflərin açarı,

dəlisov səadət düşəcək qismətinə.

Çəmənliklər üstə sevişən yay

kindən, ehtirasdan uzaqdır,

eşq ulduzu

sirli gecələrdə bərq vuran eşq dəlisi.

Başqa kim bu qədər 

xoşbəxt edə bilər səni, göy üzü?

1956

Şeirlər İsveç dilindən Ülkər Babayevanın sətri tərcüməsi üzərində işlənib.

Tərcümə etdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!