Anam, məni ilan doğ.., həqiqət kimi çalım... - QARDAŞXAN

Yaşadın.., yaşa, anam.., - ilanların içində..,

Kürt düşən ilanların rəhminə qalan bacım...

Gülü yarpıza dönən saçı sünbüllərim heey,

Bəs həyət-bacamızı niyə ilanlar basıb?!

 

Ovsunu gülcə yoxmuş güldən dönmə yarpızın, -

İlanı yuvasından çıxaran dildir hər yan.

İl-il dünyanı tutdu, an-an qol-qanad açıb,

Sofi həyatımızın nəfi ilan yuvası.

 

İlanlar yuvalanıb CAN yarpızlığımızda,

Vur-tut neçə yuvalıq yarpızlığımız qalıb?

O çaydı, "Türkmənçay"dı çalağan ilan-çayan

İndi Cıdır düzündən "Çadır düzü"nü çalır!

 

İlan çalır.., çal-çağır... ön yarpızlığımızda,

Bunca vurma-çalmadan canda can da qalmayıb.

Anam, məni ilan doğ, ilan üçün ilan doğ,

Yalan üçün ilan doğ, həqiqət kimi çalım!..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!