"Kürsü" layihəsinin qonağı şair, yazıçı və teleaparıcı Həmid Herisçidir

Həmid HERİSÇİ: “Oxşarım Qabriel öldürülərkən mən qəfildən diksinib ayılıram. Hiss edirəm ki, həyatda bir başqa oxşarım da var”...

 

- Həmid bəy, "Solaxay" romanı barədə danışmaq istərdim. Bildiyimə görə, bu romanı sol əlinizlə yazmısınız...

- Bəli. "Solaxay"dan sonra yaradıcılığımın sol əlli dövrü start götürür. Qədim hind fəlsəfəsində sol əlli magiya "vamaçara" adlanır, sağ əlli magiya isə "dakşinaçara". İndiki oturuşmuş dünya ədəbiyyatı, o cümlədən bizim ədəbiyyat, bu sağ əlli magiyanın, yəni "dakşinaçara"nın qanunları ilə tənzimlənir. "Solaxay"da bu ənənəvi yol şübhə altına qoyulur. Qələm, sağ əldən alınıb ötürülür sol ələ. Rus təfəkküründə də çox yazmaq, sürətlə yazmaq, şedevr yaratmaq sol əllə əlaqələndirilir. Deyilir ki, "bax, bu əsər sol əllə yazılıb".

"Solaxay" romanım bu təcrübənin düzgünlüyünü bir daha təsdiq edir. Qələm, doğrudan da, sol ələ ötürülməlidir.

- Romanınızı istər bizim ədəbiyyatdan, istərsə də dünya ədəbiyyatından fərqləndirən nədir?

- Tanınmış ədəbiyyatşünas Cavanşir Yusifli "Şəms Təbrizi" şeirimi şərh edərkən demişdi ki, mənim yaradıcılığım, bədii mətnlərim ikiqatlıdır - üzdəki fiziki qatın altında metafizik qat da var. O deyirdi ki, gözəgörünməz metafizik qatda mən ənənəvi Şərq mətninə sadiqəm. Üst qatda isə bu ənənəvi mətni modernləşdirir, ən yeni həyat mənzərələri ilə müşayiət edirəm. Bu üslubumu digər tənqidçi Əsəd Cahangir də hiss edib. Səkkiz son hekayəm barədə yazdığı analitik "Olum və ölüm" məqaləsində o bu hekayələrin metafizikasındakı qədim mətnləri, süjetləri açıb. Nəticədə, yaradıcılığımın bir sıra gizli mesajlarını oxucuya çatdırmağı bacarıb.

- "Solaxay"da bu ikiqatlı səhifələr, təsvirlər çoxdur?

- Bədii mətn yazırsansa, bir sıra vacib tələbləri gözlərin önünə gətirməlisən. Əvvəla, roman ən azı ikiqatlı olmalıdır. İkincisi, daxilində bir gizli məxfi kitab, yaxud kitabça gəzdirməlidir. Üçüncüsü, romanı müəllif özü deyil, qurduğu süjet yazır. Yəni süjet çox orijinal, təkrarsız, həm də dramatik olmalıdır. Dördüncüsü, romanda kifayət qədər məxfi, ilkin informasiya səslənməlidir. Beşincisi, roman güclü söz oyunları, məxfi açarlarla, kodlarla silahlanmalıdır. Altıncısı, əsər təhlükəli olmalıdır. O, konkret bir sirri, oxucuya açmalıdır. Sirr, sehrsiz bədii əsər, yarımçıqdır. Yeddincisi, indiki romanlar smart texnologiyalarsız ötüşmür. Gərək hər sətrində bir smart texnologiyanı təsvir edəsən. Bədii mətnin bütövlüyü bu vacib şərtlərlə birbaşa əlaqəlidir.

- Başlayaq birincisindən. İkinci qatda yi gizlətmisiniz?

- Yeni insan modelini. Dünya yazarlarının bu gün ən vacib mövzusu sayılan "postinsan" modelini. Postmodernizm bataqlığının dəfi, gərək biləsiz, indiki dünya ədəbiyyatında məhz "postinsan" dilemmasının həlli ilə bağlıdır.

Müasir bioloji insan çoxdan tükənib. Bunu ilk dəfə hələ qədim Şərq sufiləri hiss ediblər. Qərara gəliblər yeni insan modelini yaratsınlar. Təcrübələr üçün adına "çiləxana" deyilən tam qapalı, qaranlıq ünvanlardan istifadə edilib. Yeni məzmun qazanmaq, yenilənmək naminə dərvişlərimiz bu cür çiləxanalarda əvvəl 3, sonra 7, 12, 40 gün tək-tanha qalaraq çilə çıxarıblar. Müasir elm, məşhur gerantoloq Vladimir Xavinsonun araşdırmaları əsasında sübut edir ki, burda təəccüblü, uydurma heç nə yoxdur. Uzun zaman qaranlıq, qapalı ərazidə qalsan, beynində melatonin maddəsinin ifrazı artacaq. Nəticədə, beyindəki passiv bir üzv-bəsirət gözü, yəni "epifiz" aktivləşəcək. Bu yolda ilk sufi təcrübələrini əvvəlcə Azərbaycan alimi Şahabəddin Sührəvərdi aparıb. Onun "Həyakil ən-nur" (İşıq hekayələri) əsərində bu təcrübənin canlı, mistik praktikası öz əksini tapır. Sufilərdə belə elmə "hikmətül- işrak" da deyilir. Sonralar bu dəyərli təcrübənin taleyi, belə deyək "keçici bayrağı", keçir məşhur Xarəzm mistiki Nəcməddin Kübranın ixtiyarına. Onun "Fəvatüh əl-camal və fəvatüh əl-cəlal" əsərində çiləxana təcrübəsi özünün ən yüksək pilləsinə qalxır. Daha sonralar bu mistik təcrübə yenidən Azərbaycana qayıdır. Xəlvətiyyə təriqətinin simasında Şirvanşahların bir növ dövlət ideologiyasına çevrilir. "Səcdəni, namazın xəlvətiyyəsi" bilən işraqiyyə dərvişlərindən bizə çatan miras, Şirvan, Bakı ərazilərindəki qədim çiləxanalardır.

Xəlvətiyyənin ikinci şeyxi sayılan Seyid Yəhya Bakuvinin məzarı, çiləxanası indi Bakıda, Şirvanşahlar ərazisində yerləşir. Şeyxin "Virdü-Səttar", "Şifaül-əsrar", "Kəşfül-qülub" kimi çoxsaylı əsərlərini öyrənmədən çiləxana fenomenini indi anlamaq mümkün deyil. Köhnə bioloji insan növünün süquta yetdiyini, müasir Avropa fəlsəfəsi, elmi bizim sufilərdən çox sonra, ancaq XIX yüzildə dərk edir. Alman filosofu Fridrix Nitsşe bunu öz əsərlərində sübut edərək yeni insan növünə - "ubermenş"ə, yəni fövqəlinsana ciddi tələbat yarandığını yazır. Ancaq bunun yollarını, üsulunu, təcrübəsini göstərmir. Elə deklarativ olaraq fövqəlinsanı öz yaradıcılığının əsasına qoyur.

- Sizin solaxay qəhrəmanınız, postinsanınız öz çiləsini, çiləxanasını düşdüyü Moskva Ümumittifaq Pediatriya İnstitunda keçir?

- Eynən. Qədim dərvişlərimizin bu unikal təcrübəsini mən romanda öz qəhrəmanıma yaşadıram. O, yeddi yaşındaykən xəstələnib Moskvaya, ən müasir tibb ocağına düşür.  Xəstəxana çiləxanaya, uzun müalicə çiləyə çevrilir. Bir tərəfdən xəstəni ən müasir məxfi dərmanlarla müalicə edirlər, digər tərəfdən bu xəstə özü də dinc durmur. Ən qədim dərviş üsulları ilə sanki ölüb yenidən doğulur. Burda ən yeni smart texnologiyalar ənənəvi Şərq fəlsəfəsi ilə birləşir.

- Roman bioqrafikdir. Qəhrəmanınız isə seçkin insandı. Siyasi mühacir ailəsində doğulan qəhrəmanı sağ əldən imtina etməyə nə vadar edir?

- Günlərin birində mənim qəhrəmanım qərara gəlir ki, qələmi sağ barmaqları arasında sıxsın. Özünü sol ayağının azad hərəkət trayektoriyasına həvalə edir. Bu sol ayaq pəncəsi öz-özünə hərəkətə keçərək qəhrəmanı nənəsinin Pirşağıdakı məzarı üzərinə gətirir. O görür ki, məzar üstə qoca bir gürzə öz qabığını soyunub. Qərara gəlir bu mənzərəni öz həyatında da təkrarlasın. Öz həyat hekayəsini bizə danışsın. Romanda solaxay sovet zamanını, yazıçı Mirzə İbrahimovla görüşünü xatırlayır. Mirzənin "Dəyiş bu Herisçi soyadını, bu adla sən Bakıda heç nə edə bilməzsən" təklifinə sərt cavab qaytarır. Yazıçı nəvəsinin döşəməyə atılmış uşaq tapançasını göstərərək deyir ki, bəs "Mirzə İbrahimi vaxtilə bu tapançadanmı qətlə yetirilib?". Mirzə İbrahimovu, uzaq İbrahimi dövrünə qaytaran qəhrəman, yazıçıdan lal xeyir-dua qazanır.

- Romanda ən təsirli nisgilli epizodlardan biri "Oxşarım" fəslindədir...

- Bəli. Xəstəxanadaykən solaxay qəhrəman təcrübəvi dərmanlardan, Hitler Almaniyasından qənimət kimi gətirilmiş sirli həblərdən içir. Ancaq hiss edir ki, eyni dərmandan bir başqa gözəgörünməz qəhrəman da içməkdədir. O, bir mələk kimi üst mərtəbədə yaşayır. O, çox gözəldi. Ağıllıdı. Solaxay qəhrəmana verilən eyni suallar, eyni inşa mövzular bu gözəgörünməzə, bu "Qabriel"ə (bu ad Cəbrayıl mələyinə işarədir) də verilir. Nəticələr, cavablar eynilik təşkil edir. Həkimlər qərara gəlir ki, burda böyük alim psixiatr Qustav Yunqun  "sinxronizm" fenomeni var. Oxşar cavablar, inşalar gizli həqiqətləri, qeybdəngəlmə informasiyaları özündə daşıyır. Məxfi qurumlar bu informasiyalarla ciddi maraqlanırlar.

Müxtəlif insanların bəzən əlahiddə məqamlarda sinxron olaraq eyni yuxu görməsi, eyni şeiri, yaxud mətni bölüşməsi fenomeni qədim tarixə malikdi. Nəcməddin Kübra öz ustadı Şeyx Əmmar Bidlisi ilə eyni yuxular görürmüş. ABŞ konspiroloqu Devid Uilkok, həmin fenomenə ayrıca əsər də həsr edib. Şəxsi təcrübəsində bu fenomeni yaşayıb. Üstəlik bu sahədə araşdırma aparan  Monteqyu Ulman və Stenli Krippner kimi psixiatrların əsərlərini nümunə gətirib. Əslinə qalarsa, bu fenomen Şəms Təbrizi ilə Cəlaləddin Rumi dostluğunun ana nüvəsidir. Hər ikisi eyni yuxular görür, eyni mətnləri, fikirləri bölüşürdülər. Bilirdilər ki, bu sinxronizmlər qeybdən gələn informasiyanın da ana nüvəsidir.

- Deməli, siz də romanınızda bu tarixi dostluğa təzə məna vermisiniz?

- Bu, ən adi çiləxana texnologiyalarıdır. İki fərqli ünvanda mürşüd ilə mürid çiləxanaya çəkilirdi. Sinxronizmləri aşkarlayınca, həqiqi informasiyaya çatdıqlarını bilirdilər.

- Sizin romanda bu fenomen Qabriel ilə qəhrəmanınız arasında qurulur. Müəlliminiz "Kötük" - Viktor Nikolayeviç, Solaxayın bu istedadınıza yaşıl işıq yandırır. Alimlər qərara gəlirlər ki, burda güzgü fenomeni var. Qabriel "maq"dı, siz isə "qam" (qədim türklərdə maqlara "qam" deyilirdi). Bu tərs kəlmələr (geriyə oxunuşda onlar eyni cür səslənir) sayəsində roman estetikasının bir başqa vacib şərti-söz oyunları əsərinizə daxil olur.

- Qəhrəmanım təkcə bu söz oyunları ilə kifayətlənmir. Süjet inkişaf etdikcə bəlli olur ki, o, təkcə solaxay deyil. Həm də ikiəllidir. Belələrinə elmdə ambidekstr da deyirlər. Ambidekstr insanlarda hər ikisi sağ, sol əllər eyni dərəcədə işlək olur. Ambidekstriya fenomeni bax burda romana daxil olub, söz oyunları, gizli kodlarla müşayiət edilir. Ambidekstr insanlarda beynin hər iki yarımkürəsi bir gizli ifadə ilə kodlaşdırılıb. Düzü, mənim bu kodum Den Braunun "Da Vinçi kodu"ndan daha maraqlı, daha realdır.

- Beləliklə, bu epizodlardan sonra romanınızda oxşarınızla sinxron axan həyatınız təsvir edilir. Məxfi qurumlar bu oxşar informasiyalar sayəsində qeyb aləminə girib ordan ən məxfi kəşfiyyat məlumatları toplamağa başlayırlar. Lakin 1980-ci illərin əvvəlində bu məlumatlar SSRİ rəhbərliyi tərəfindən qorxulu görünür. Elmi təcrübə ləğv edilir, oxşarınız, sanki qətlə yetirilir. Əsərdə bu səhifələri oxumaq, doğrudan da, çox ağrılıdır.

- Oxşarım Qabriel öldürülərkən mən qəfildən diksinib ayılıram. Hiss edirəm ki, həyatda bir başqa oxşarım da var. Sən demə, atam, İrandakı dostu Rəzi Qəvami ilə birgə öz övladlarına eyni adlar veriblər. Yəni mənim bir başqa oxşarım həmin Rəzi Qəvaminin oğlu Həmiddi. Bu epizod Qabrielin ölümündən sonra əsərdə yaranan acını, təəssüfü nikbinlik hissləri ilə neytrallaşdırır. Əsəri gələcəyə ünvanlayır.

- Əsərinizin bir başqa süjet xətti Təbriz fədailik məktəbi, güney həyatı, güney taleyi, son İran inqilabının sirləri ilə bağlıdır. Siz romanda solçu ideologiyasını sırf solaxaylıqla izah edirsiz. Bu isə, öz növbəsində, siyasi hadisələrə tam fərqli, bəzən möcüzəli gözlə baxmağı tələb edir. Bədii mətn burda uduşdadır. Əsl həqiqət bəs necə?

- Bayaq qeyd etdim ki, roman janrı, müəllifdən çox miqdarda məxfi informasiya, gizlinlər, sirlər, sehrlər tələb edir. Tələb edir ki, əsər təhlükəli olsun. Bu tələblərə əsərdə tam riayət edilir. Əsərdə son İran, 1979-cu il inqilabına aid misilsiz, kimsənin bilmədiyi təhlükəli informasiya mövcuddu. Orda bu inqilabın dörd sütunu, dörd solaxayı-İrəc İskəndəri, Bözörg Ələvi, Qafar Kəndli, habelə ən vacibi-İran "Sumka" partiyasının rəhbəri Davud Münşizadə göstərilir.  Göstərilir ki, İran solçuları, solaxayları iki barışmaz qütbə - almanpərəstlərlə ruspərəstlərə bölünmüşdülər. Almanpərəstlər - mənim atam, əmim İbrahim Herisçi kimi, uzaq 20-30-cu illərdə Almaniyada, Fransada təhsil almışdılar. Aralarında sırf kommunistlər olduğu kimi, sırf Hitler tərəfdarları az deyildi. İran inqilabının ilk variantını, ideologiyasını, bayrağını, şüarlarını məhz bu almanpərəstlər, hitlerpərəstlər hələ 30-40-50-ci illərdə həyata keçirmək istəyirlər. Hərəkatın lideri təbrizli qonşumuz Davud Münşüzadə idi. Romanda mən onun əmim İbrahim Herisçi ilə, sonra atamla dostluğunu təsvir etmişəm. Rəhmətlik əcaib taleyə malikdi. Təbrizdə doğulub boya-başa çatasan, sonra təhsilini Fransada davam etdirəsən. Sonra Gebbelsin özündən təklif alasan ki, gəl Berlinə. Nasist təbliğatını farsca, azərbaycanca bütün Yaxın Şərqə yay. Münşüzadə o vaxtlar Berlindən yayımlanan "Zeysen" radiosunun danışan ruporu idi. 1945-ci ildə Hitler bunkerini əlisilahlı sovetlərdən müdafiə edərkən bərk yaralanmışdı. İki il şüursuz qalıb ayılanda görmüşdü ki, zaman artıq dəyişib. Sonra o, keçdi sovetlərin tərəfinə. İran solçu Tudə partiyasının Moskvadan Şərqi Almaniyaya köçməsi, partiya üzərində KQB nəzarətinin Şərqi alman kəşfiyyatı "Ştazi"yə ötürülməsi atam ilə Davudun adıyla bağlıydı.

- Və bu yerdəyişmə sizə əsərdə şərait yaradır ki, hadisələrin coğrafiya dairəsini bir az da genişləndirib ortaya bu alman xəttini atasız.

- Bəli. Romandakı qəhrəman bir gün az qalır ölsün. Onu təcili olaraq Şərqi Almaniyaya, Berlin yaxınlığındakı Bux xəstəxanasına köçürürlər. Qəhrəman məhz orda Davud Münşüzadə, habelə digər köhnə İran inqilabçıları ilə görüşür. İran inqilabının gizli dramaturgiyasına, qəhrəmanlarına bələd olur. Bu şəxslər özlərini fədai sayırdılar. Fədai mövzusu, fədai sirləri, əfsanələri də məhz burda açılır. Qəhrəman başa düşür ki, fədailər uca Allahın 99 sifəti əsasında 99 əsgərdən ibarətdirlər. Qədimlərdə bu say, 9999 nəfər olub. Babəkin məşhur "Cavidan" diviziyası da bu quruluşa, saya malikmiş.

Böyük yazarımız Səməd Behrəngi də fədai idi. O da fədailərin bu 99, yaxud 9999 sayını göz bəbəyi kimi qorumaq istəyirdi. "Balaca qara balıq" nağılının sonunda o, təsadüfənmi 10 9999 şifrəsini, rəqəmlərini sərgiləyib? Yox... düşünərək sərgiləyib. Göstərib ki, fədai məktəbinin məxfi kodu məhz 9999-dur.

- Beləliklə, əsərdə daha bir gizli kod var? 99, yaxud 9999 kodu?

- Bəli. Tamamilə doğru buyurursuz.

- Bəs əsərin daxilindəki gizli kitab hardadır? Siz axı deyirsiz ki, əsərin daxilində mütləq gizli bir mətn də olmalıdır.

- Qəhrəman Şərqi Almaniyada müalicə alarkən, İran inqilabçılarına nəzarət edən məşhur "Ştazi" kəşfiyyatının bir çox gizlinlərinə bələd olur. Görür ki, burda Konrad ilə Markus Volf qardaşları həm kəşfiyyata başçılıq edirlər, həm də məşhur "Defa" kinostudiyasına. Bir çox gələcək əməliyyatlar əvvəlcə kinostudiya pavilyonlarında səhnələşdirilir, sonra həyatda. Solaxay qəhrəmanımız orda Valter Xaynovski, Gerxard Şoyman kimi məşhur kinodokumentalistlərlə görüşür. Jurnalistləri müşayiət edərək, hətta uzaq Vyetnama da gedib çıxır. Bu jurnalistlər o vaxtlar Vyetnam səmasında vurulmuş ABŞ təyyarəçiləri barədə "Pijamalı təyyarəçilər" filmini çəkirdilər. Film əsir Pentaqon şahinlərini dindirməyə bir bəhanə idi. Qəhrəman atası ilə gəlir Vyetnama. Pərdə arxasında oturaraq dindirmələrdə iştirak edir. Ən amansız, sərt sualları ilə bu Pentaqon şahinlərinin iradəsini qırmağa müəssər olur. Dediyim jurnalistlər həqiqətən Şərqi Almaniyada yaşayıb yaradıblar. Sözsüz ki, bu şəxslər həm də "Ştazi" əməkdaşları idilər. Deyilənə görə, bu kəşfiyyatın dindirmələrdə işlədilən sorğu-sual kitabçası çox mükəmməl imiş. İndi bir çoxları həmin kitabçanı axtarır, amma tapa bilmirlər. Romanın solaxay qəhrəmanı Şoyman ilə Xaynovskinin filmlərində bu sorğu-sual kitabçasının trafaretini, sxemini görüb, əslində, onu deşifrə edir. Bu kitabçaya yiyələnir. Nəticədə öz peşəkarlığında çox-çox yüksəklərə qalxır.

- Demək, romanın daxilindəki gizli kitab həm də bu Ştazinin sorğu-sual kitabçasıdır?

- Bəli. Əsərdə sirlər çoxdur. Biri də bax bu sorğu-sual kitabçası. Əsərdə mən bu  məxfi kitabçanın dəqiq ünvanını göstərirəm. Məzmununu, parçalarını səsləndirirəm. İnanın ki, bu kitabça sadə söhbət deyil. Aparıcı dünya məxfi qurumlarının axtardığı mətndir.

- Yəni hamam hamam içində, kitab kitab içində...

- Bəli, bir çox məxfi kitablar çap edilmiş açıq mətnlərin içindədir. Romanda mən bu cür deşifrələrdən çox istifadə etmişəm. Ancaq gəlin burda söhbətimizi yarımçıq saxlayaq. Oxucuya imkan yaradaq ki, romanın digər sahifələrini məhz özü oxusun. Deyəsən, əsərimə qarşı oxucu marağıını bu müsahibəmizdə yarada bildik.

Söhbətləşdi: Samirə Əşrəf

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!