Pop-art və sənətkar! - Ziyad Quluzadə yazır

Utopik, kütləvilik və mentallığın at oynatdığı, sinə qabartdığı cəmiyyətlərdə alternativ yazıçı, alternativ rəssam, alternativ şair və musiqiçi məhsulu kapitalist əmtəənin inkişafına kömək etdiyi an kütləvi şəkildə istehsal olunur. Yəni modern standartlaşmanın və birnüsxəliliyin zamanında market piştaxtasına qoyulur. Yəni? Yəni məsələn, tanıdığım məşhur bir rəssam vərəmdən ölür! Onun çəkdiyi impressionist üslublu, bir az da Azərbaycanın qədim naxışlarından və feodal həyat tərzindən hipersılkalarla bəzədilmiş əsərləri böyük sərgilərdə yüksək qiymətə satılır. Onun reproduksiyaları hansısa nəşriyyatda müxtəlif keyfiyyətsiz kağızlara kopyalanmış nüsxələri əl-əl gəzir.

"Onsuz da həmin rəssamın dərdi əsərlərinin sonrakı taleyi deyildi ki... Onun dərdi, əsərlərini çəkmək, yaradıcı prosesin içində olmaq idi. Elə deyilmi?"- deyə fövqəlbəşəri sual gəlib çeşməyimdən ayaq sallayır. Elə xəlvətcə cavab verməyə məcburam ki, - hə! Of course!

***

Yəni, əslində sənətçinin kütləvi olmağa, romançının 'bestseller' (Çox, amma lap çox satşılan. 500 nüsxə yox!) olmağa qarşı dirənişi hələ təzə xəbər deyil ki... Deyək ki, bizdə bir çox kitabları az satılan romançılar  zəhmətlərinin qarşılığında bir neçə intellektualın onları alıb oxumaqlarını öz yaradıcılıqlarının bəhrəsi kimi qənaətbəxş hesab edirlər.  Xub!

Halbuki, bu düşüncənin kökünə də enmək faydalıdır. "Sənətçilərin kütlə mədəniyyətinə qarşı müxalif mövqe nümayiş etdirməkləri düşüncəsi heç də yeni bir yanaşma deyil. Bu fikir əsas mənbəyini XIX əsrin sənət cərəyanı olan XVIII əsrdə yaranmağa başlayan romantizmdən götürür. Ən dəqiq ifadə kimi parisli sənətkarların fəxrlə özlərini adlandırdığı "Bohem" sözündə ifadə edirdi. Həmin dövrlərdə "Həqiqi" sənətkarlar mütləq eroindən və qəfil açılan atəşdən yox, məhz vərəmdən, səfalətdən, əzabdan ölməliydilər."(Joseph Heath "The Rebel Sell"). Elə bu məqamda bir sual gəlib beynimdə tərəkəmə rəqsi edir. Görəsən, indi necədir?

***

Postmodern qavrayışların hökm sürdüyü, xaosun və "qeyri-səlis məntiqin" at oynatdığı XXI əsr reallığında artıq hər şey bir sənət əsəri, hər sənət əsəri isə satıla bildiyi halda kütləvi sənaye  istehsal məhsuluna çevrilir.   Hətta iki ayağını bir başmağa dürtməyə çalışan, "Bohem" həyat tərzi yaşayıb, vərəmdən ölən sənətkarların da əsərləri satıldığı, alıcı tapdığı təqdirdə kütləvi şəkildə tirajlanır. Bəs, əldə edilən gəlir kimin cibinə gedir? Onu amansız biznesmenlər, nəşriyyatlar, sərgi salonları, musiqi şirkətləri qazanır, yeyir və atır.

Bəlkə də Jan Baudrillard əslində ən dəqiq praqnozu qoyurdu. "Hiperhəqiqət!" Yəni reallığın reallığının Reallığı!.. Bizim bəzi sənətkarlar sənətə fetişistcəsinə yanaşırlar. Onların özlərini ifadə üçün yaratdıqları əsərlər bazarın əmtəəsi kimi satılanda, bazar qətiyyən mərhəmət göstərmədən həmin adamların faciəsindən yaxşıca paketlənmiş, qalaqramalı xüsusi məhsul istehsal edir. Bu mənada Van Qoq, Səttar Bəhlulzadə və b. göstərmək olar.

Əfsus!  Heyif  sizə, bəsirət gözünə optik eynək taxmış dahilər!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!