Azad düşüncənin albalı dadı... - Ramin Paşazadə yazır

Şərqin bir çox ziyalısı şikayətlənməyi sevir. O, əksər hallarda ölkəsindən, cəmiyyətindən, insanlardan şikayətçidir. Şikayətinin səbəbi isə azadlıq, senzura, din və sair kimi şeylərdir. O, Şərqdən qaçıb, nicat yolunu hər şeyin yalnız orada mövcud olduğunu düşündüyü Qərbə sığınmaqda görür. Amma gedib orada da istədiyini tapa bilmir.  

Şərqli öz iflasını görüb qərbli olmağa çalışır. Etdiyi hər şeyi, atdığı hər addımı Qərbə hesablayır. Amma nə qədər canfəşanlıq etsə də, heç vaxt qərblidən artıq qərbli ola bilmir. Ona görə də bir növ, ortalıqda qalır. Nə tam şərqli ola bilir, nə də qərbli. Buna "Mauqli" sindromu da demək olar. Mauqli meşədə böymüşdü. Amma meşə qanunları ilə yaşaması onu qane etmirdi. Çünki o insan idi, heyvan deyildi. Mauqli bir müddət meşədən çıxıb insanlara qaynayıb qarışır, onların içində yaşamaq istəyir. Amma insanlar onu "sən insan deyilsən" deyib yaxına buraxmırlar. Peşman olan Mauqli meşəyə qayıdıb yenidən heyvanlarla birgə yaşamağa başlayır. Amma bu dəfə heyvanlar onu yaxına qoymur. "Sən insansan" - deyib onu qovurlar.

Deyəsən, Maksim Qorkinin sözüdür, deyir ki, biz insanlardan şikayətlənməyi sevirik, amma biz də insanıq. Demək, bizdən də şikayətlənirlər. Bəlkə də, şərqli ziyalının əsas problemi qüsuru özündə yox, başqalarında axtarmağıdı. O, cəmiyyətin problemlərini həll etməyi yox, ondan imtina etməyi seçir. Amma bunu hamıya şamil etmək olmaz. Çünki Şərqdə az da olsa, elə ziyalılar olub ki, onlar min bir əzab-əziyyətlə qarşılaşsalar da, qalıb mübarizə aparmağı, islah etməyi seçiblər, qoyub qaçmağı yox.

Uzağa getməyək, bizə qonşu olan İrana nəzər salaq. 30 ildən çoxdur ki, İranda bir çox sahədə senzura var. Xeyli ziyalılar, sənət adamları, yazarlar mövcud senzura ilə barışmayıb İrandan gedib, Qərbə sığınıb. Maraqlısı burasındadır ki, heç biri İranda senzura altında illərdir kino çəkən rejissor Abbas Kiarostami kimi dünyada öz sözlərini deyə bilməyiblər. Təkcə Kiarostamimi? Xeyr, Abbas Fərhadini, Cəfər Pənahini, Məcid Məcidini yada salmamaq ədalətsizlik olar. Amma İranı qoyub gedən Möhsün Məxməlbaf, Bəhman Qubadi və başqa kinorejissorlar kölgədə qaldılar. Onlar ən yaxşı filmlərini elə məhz İranda olanda çəkmişdilər.

Danılmaz faktdır ki, 20 ilə yaxındır Şərqdə İran kinosu dominantlığını heç bir ölkəyə vermək fikrində deyil. Dünyada bir çox nüfuzlu mükafatları Şərq ölkələrinin içində məhz İran alıb. İranın kinosunun "Oskar"ı da var, "Qızıl palma budağı" da, "Qızıl şir"i də, "Qızıl ayı"sı da. Biz bu uğurları daha çox qonşu Türkiyədən gözləyə bilərdik. Çünki Türkiyə İslam Şərqində daha çox demokratik, Qərbə inteqrasiya edən bir ölkə kimi tanınıb. Türkiyədə yaradıcı insanın istədiyi kimi fəaliyyət göstərməsi üçün hər şey vardı. Amma gözləntilərimiz boşa çıxdı. Bu uğurları İran kinosu qazandı.

Bəs maraqlıdır ki, bu qədər senzuranın, məhrumiyyətlərin içində İran kinorejissorları sadaladığım nəaliyyətlərə necə nail oldular? Məncə, ilk növbədə, ənənəvi kinodan uzaqlaşıb, yeni üslub, fərqli baxış açısı ortaya qoymaqla. Dünya kinosundan əsasən İtalyan neorealizmi və Fransız "yeni dalğası"ından bəhrələnib İran "yeni dalğası"nı yaratdılar. Amma özlərinə məxsus şəkildə. Bu axımın əsas öncülləri Dariuş Mehrcuyi, Məsud Kimyayi idi. Mehrcuyinin "İnək" filmi İran yeni dalğasının ilk filmlərindən hesab olunur. İran yeni dalğasının əsas özəlliyi  intellektual, şeirsəl kino diliylə siyasi və fəlsəfi mövzuları bəyaz pərdəyə çıxarması idi. Abbas Kiarostami isə bu axımda özünəməxsus bir cığır açdı. Yeni İran kinosunun əsasını qoydu. Bir çox çağdaş İran rejissorları (Məxməlbaf, Qobadi, Pənahi, Fərhadi) Kiarostaminin "şinelindən" çıxdı.

Kiarostamiyə ən böyük qiyməti vaxtı ilə dahi yapon rejissoru Akira Kurasava vermişdi: "Satyajit Ray öləndə çox üzüldüm, fəqət Kiarostaminin filmlərini görəndən sonra Tanrının onun yerini ala biləcək insanı tapdığını düşündüm."

1979-cu ildə İranda İslam inqilabı baş verdi. Bir çox sənət adamları mövcud siyasi quruluşu qəbul etməyib xaricə üz tutdu. Kiarostami azsaylı sənət adamlarından idi ki, İranı tərk etməyib ömrünün sonuna kimi ölkəsində yaşadı. Ona zaman-zaman verilən suallardan ən çoxu ölkəsini tərk etməməklə bağlı idi. Təbii ki, Kiarostaminin bu suala tutarlı bir cavabı vardı: "Bir ağacı kök saldığı yerdən qopardaraq aparıb başqa yerdə əksəniz, həmin ağac meyvə verməz. Versə də, öz doğma torpağında verdiyi meyvə qədər gözəl və dadlı olmaz. Bu, təbiətin dəyişməz qanunudur. Məncə, ölkəmi tərk etsəydim, eynən o ağac kimi olardı."

Sənətçinin senzura ilə üzbəüz qalıb "gedim, yoxsa qalım?" dilemmasına illər sonra Kiarostaminin xələfi Əsgər Fərhadi də münasibət bildirəcəkdi. Hətta daha sərt şəkildə. 2012-ci ildə "xarici dildə ən yaxşı" "Oskar" mükafatını və Berlin  Film Festivalının baş mükafatı olan "Qızıl ayı"nı qazanmış "Nadir və Siminin ayrılığı" filmində.

14 ildir evli olan Nadir və Simin 11 yaşlı qızları Tərmə ilə Tehranda yaşayırlar. Nadirin alzeymer xəstəsi olan atası da onlarla birgə yaşayır. Simin qızının ölkənin mövcud rejimin şərtləri altında böyüməsini istəmir. Bu üzdən ərindən boşanaraq xaricə köçmək istəyir. Nadir isə bu boşanmaya qarşıdır. Çünki ağır xəstə olan atasını qoyub getmək istəmir. Beləcə, cütlük arasında ciddi münaqişə yaranmağa başlayır. Boşanma məhkəməyə gedib çıxır. Amma ortaya gözlənilmədən başqa bir problem çıxır. Nadir atasına baxıcı tutduğu qadınla mübahisə edib onu evdən qovur. Qadın hamilə olduğunu və Nadirin onu qovarkən itələdiyindən dolayı uşağını düşürdüyünü iddia edir. Amma Nadir bu iddianı qəbul etmir. Necə deyərlər, məhkəmə məhkəməyə qarışır. Simin isə ikinci problemin tezliklə həll edilməsini istəyir. Çünki bu məsələ onun boşanmasına maneə yaradır. Bundan dolayı Simin Nadirin pul verib məsələni həll etməsini istəyir. Nadir isə Siminə "Mənim yetərincə pulum var, istəsəm, məsələni tezliklə həll edə bilərəm. Amma mən öz haqqım uğrunda mübarizə aparmaq istəyirəm. Sən isə qorxaqsan, öz haqqını tələb etmirsən, çıxış yolunu xaricə qaçıb getməkdə görürsən" - deyir.

Fərhadi də qəhrəmanı (həm də ustadı) kimi xaricə getməyib öz vətənində qalmağı, mübarizə aparmağı seçmişdi.

Amma görünür, Kiarostami bu məsələyə verdiyi cavabından qane olmamışdı. Ona görə də 1997-ci ildə "Albalı dadı" filmini çəkir. Film Kann Kino Festivalının baş mükafatını - "Qızıl palma budağı"nı qazanır. Rejissor sanki bu filmi ilə bir çox suallara cavab vermiş olur.

"Nadir və Siminin ayrılığı"nda ailəsindən, ölkəsindən ayrılmaq yolunu seçən Simindən fərqli olaraq, "Albalı dadı" qəhrəmanı Bədii bəy həyatdan ayrılmaq istəyir. Çünki o, xoşbəxt deyil. Buna görə də xeyli yuxu dərmanı atıb həyatla vidalaşmaq fikrindədir. Hətta özü üçün qəbir də hazırlayıb. Bu məqsədlə şəxsi avtomobili ilə yola çıxıb qarşısına çıxan adamlardan bir xahiş etmək istəyir. Həmin adam Bədii qəbirdə uzanıb canına qəsd edəndən sonra gəlib onun üstünə torpaq atmalıdır. Vəssalam.

Bədiinin qarşısına əvvəlcə balaca uşaqlar, sonra cavan əsgər, sonra dindar bir adam, daha sonra isə qoca kişi çıxır. Kiarostami yolda qəhrəmanının qarşısına balacadan böyüyə olan insanları çıxartmaqla bir tərəfdən insan həyatının inkişaf yolunu göstərirsə, digər bir tərəfdən həyatımıza daxil olub çıxan insanlara işarə edir. Başqa bir tərəfdən isə rejissor qəhrəmanın qarşısına çıxardığı müxtəlif insanların milli xüsusiyyətini də ciddi şəkildə tamaşaçı üçün açır. Uşaqlar fars, cavan əsgər kürd, dindar əfqan qaçqını, qoca isə azərbaycanlıdır. Rejissor filmdə İran cəmiyyətini formalaşdıran müxtəlif xalqların nümayəndələrini göstərməklə yanaşı, həm də həmin milllətlərin yaşadığı siyasi problemlərə diqqət çəkir.

Azərbaycanlı qoca Bədii bəyə qarşı çox soyuqqanlı davranır. Digər sərnişinlər kimi həyəcanlanmır. Əksinə, öz zarafatından da qalmır. Onun təklifini yalnız qoca qəbul edir. Bədii bəyə hətta yolüstü bir lətifə də danışır:

"Bir türk həkimə gedib deyir ki, harama toxunsam, oram ağrıyır. Həkim də xəstəyə deyir ki, sizin hər yeriniz sağlamdı. Təkcə barmağınız qırıqdı. Düşüncələriniz xəstədir. Baxış bucağınızı dəyişdirin."

Bu, sizcə, Kiarostamiyə verilən sualların cavabı deyil?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!