Davul səsindəki qan - Hədiyyə Şəfaqət

Şəki teatrında "Davul səsi"

...Qarşı köydən davul səsi geliyor...
...Davul səsi şu sinəmi deliyor...
...Baba, vallah Zeyneb gelin oluyor...
...Mən Zeynebsiz dünya malın neylerem?...

Düz üç aydır, teatrın otaqlarında, dəhlizlərində, pilləkənlərində, aktyorların dilində, yaradıcı heyətin pıçıltılarında bu türkü səslənib durur...

Gözəl səsi qara qıvrım saçlarına, gözəl üzünə  qarışıb yanıqlı hava saplayır qəlbimizə Türkanın... Düz üç aydır gözəl Türkan Zeynəbi gəlin yollamağa hazırlaşır...

Təkcə omu?

Yox...

...Teatra gələndə aldığım iş təklifinə ilk cavabım bu olmuşdu ki, etiraf edirəm, mən teatr sənətini bilmirəm... Teatr həmişə mənim üçün sehrli, sirli, bir qat yuxarıda, yuxuların və həqiqətlərin, üsyanların və boyun əymələrin, ölüm və yaşamın üstünə güzgü kimi bərq vuran şəffaf tül pərdə kimi uzaqlarda parıldayırdı. Bilirdim ki, dramaturgiya, pyes, əsər, lap elə tamaşa özü-hələ teatr deyil. Teatr tam başqa, canlı və eyni zamanda canlılıqdan yuxarıda bir həyat parçasıdır. Onun qapısından keçmək asandır, amma qapısı arxasındakı sirri çözmək və o sirrin bir zərrəsinə çevrilmək...

Və budur, teatr qapılarını mənim qarşımda açdı...

Və mən o qapıdan ayağımı içəri atıb hər yerə yayılan türküylə rastlaşdım. Rastlaşmadım, o türküyə qarışdım, o türkü canıma, qanıma, gözlərimə keçdi...  Gah aşkar, gah gizli dinlədim, dinlədim, dinlədim...  Ana hissimi dinlətdi mənə o türkünü o cür, ya övladlıq xatirələrimi, bilmirəm...

Və budur, son gün gəlib çatıb-"Baba, vallah  Zeynəb gəlin oluyor"...

...Şəki teatrı öz zəngin keçmişi və ənənələrilə möhkəmlənmiş sənət qalasıdır. Bu günün elə də asan günlərdən keçmir. Üstəlik bir də əyalət teatrı olmağın zorluqları var. İçində olmayan bilməz. Hər şey hansı çətinliklərlə başa gəlir. Ən kiçik səhv belə nəyisə bir addım geri ata bilər. Bir addım irəli getmək üçünsə böyük zəhmət, mətanət, ən əsası-sənətə sevgi tələb edilir. Teatr amansızdır, amma teatr səxavətlidir-torpaq kimi. Ona can qoymalısan, ona canından can verməlisən.

Teatr hər şeyi görür və bilir - Tanrı kimi...

Bunlar əlbəttə, hamıya bəlli şeylərdir, mən təkrardan dilə gətirirəm. Gətirirəm, həm də məndən əvvəl məlum olan gerçəklərin üstünə əlimi qoyub şahidlik edirəm,müqəddəs mətnlərə and içirmiş kimi-"Teatr haqqı!"....

...Qonşu köydən davul səsi gəliyor...

...Axundovdan, Mirzə Cəlildən, Haqverdiyevdən, Cəfər Cabbarlıdan....   bu yana səhnəmiz həmişə qadın dərdinə tərcüman oldu. Öləzidi qadın dərdi, sönmədi, bəzən yaraları sarındı, amma sağalmadı...  Qan verdi, qan  verdi, qan verdi...

Dünyanın baş dərdidir qadın dərdi, baş əzilmişliyidir qadın əzilmişliyi, baş yıxılmışlığıdır qadın yıxılmışlığı...

Qadın!

Örtülən və açılan, alınan  və satılan, gizlədilən və yayılan, vurulan və yıxılan qadın...   Hardandır, ey qadın, sənin həsrət türkülərinin içindən keçib gedən yanıqlı həzinlik? Hardan başladı, hardan şaxələndi, hardan yayıldı sinəmizin tən üstündən kainata?

Biz bunu bilmərikmi-bilərik...

Kimlər dilləndirmədi sənin yanıqlı türkülərini, kimlər ağlamadı sənin göz yaşlarınla?  Nə işə yaradı - heç bir işə!

... Saatbasaat, günbəgün içimizə hopan türkünün səsi bir tərəfdə səslənə-səslənə ilk kəlmələri oxunmağa başladı növbəti səhnəyə qoyulacaq tamaşanın. Hər səhər əvvəl dəhlizə bir xışıltılı hava doldu, sonra o hava kiçik məşq zalına yönəldi...  Ordan get-gedə ucalmağa başladı...

Otağımda oturub diqqətimin bir yarısı işimdə, bir yarısı dəhlizin tinindəki oxu zalında... Bəzən qarşısından ayaqlarımın ucunda, astaca keçib gedirəm...  Qorxuram ki, yad tappıltılarım içəridə mayalanmaqda olan canlının bir yerinə toxunar, bir yerində zədə yaradar. Kiminsə diqqəti dağılar, kiminsə gözü yol çəkər...  Bəzən istəyirəm ki, heç görünmədən, duyulmadan keçib bir qıraqda oturum, baxım, baxım, baxım...  Amma etmirəm uzun zaman...

Sonra səslərə səslər dolur, indi məşq otağı mənə bir addım daha yaxınlıaşıb, indi mənim addımlarım daha asta toxunur döşəməyə...  İndi gözəl Türkanın səsi də daha tez-tez səslənir. O da, eynən  nəfəslər kimi, sözlər kimi böyüməyə başlayıb...

Bir gün qapını ehtiyatla açıb içəri keçirəm, bir küncdə otururam, istəyirəm ki, heç kim bilməsin ki, içəridə hazırlanan tamaşada yad adam var...  Bəli,yad adam. Çünki mən bu tamaşanın iştirakçısı deyiləm, ona səsimi qatmayacam, jestimi qatmayacam...  Mən bundan uzağam, bilirəm ki, bu böyük cəsarətdir - Zeynəb olmaq cəsarəti, Pənbə olmaq cəsarəti... Əsma olmaq, Murad Çavuş olmaq cəsarəti... Fərqi yoxdur, sən haqqın tərəfindəsən, ya nahaqqın - səhnədə hər ikisi cəsarət istər...

Sonra bir də, sonra bir də...

Artıq nələrin baş verəcəyi (verdiyi) mənə aydındır...

...Rejissor Mirbala Səlimlinin maraqlı iş prinsipi var. Heç zaman aktyorları tələsdirmir, səbrini itirmir, heç nəyi "belə et" deyib göstərmir. Təlqin etmir... Aktyor azaddır, onun qarşısında yeganə tələb var - özünü duymaq, dərininə enmək və canladıracağı personajı keçmişin, bu günün, lap elə sabahın içindən tapıb çıxarmaq... O içdən çıxan adam aktyor adama dürüstcə deyəcək ki, bu rol onunkudur, ya deyil. Məhz o içə inanır rejissor, inanır ki, heç bir səhnə həvəsi içində oynayacağı rolu tapmayan aktyoru hırçınlaşdıra, eqoya yükləyə, "tamaşada görünmək" ehtirasına razı sala bilməz...

"Davul səsi" ilk əsərdir, ilk dəfədir mənim gözlərim önündə teatr - Tanrı yeni bir varoluş yaradır, bir az torpaq, bir az su götürür və nəhayət, günlərin birində öz nəfəsini onun üstünə üfürür. Bir ruh qeybdən gəlib dolur tamaşanın cisminə...

...-Öz hekayəni yaz, sən nə edərdin?...

Bu, hər kəsə aiddir. Məsələn, sən, aktyor, Pərviz - Murad Çavuş ola bilərdinmi?

... Uzun zaman elə görünürdü ki, Murad Çavuş olmaq çətin məsələdir... Amma məhz bu-səhnədə oynamaq... Murad Çavuşlar həyatda  hər yerdədilər, kəndimizdə, şəhərimizdə, məhəlləmizdə, hətta evimizin içində... Murad Çavuşlar qızlarımızın, qadınlarımızın başı üstündə asılan qılıncdır, bəlkə də bir başa kəsib atmır, amma əvəzində çiyinlərimizə toxunur, arxadan uzanıb kürəyimizə dəyir, qorxulu əl kimi... Diksinib sıçarayırıq, qaçırıq, dua pıçıldayırıq...  Görəndə ki, yoxdur o əl, dərindən nəfəs alırıq, bir bardaq su içirik, sakitləşirik, amma unutmuruq...

...Bir də Kocabəylər var - qılıncı (Murad Çavuşları) tutan əllər. Onlar güclüdür, hökmlüdür, onlar sahibdir. Onlar hakimdir...  Fərqi nədir hardadırlar, varlar və qılınc  (Murad Çavuş) o əldədirsə  (Kocabəy) mütləq kəsəcək...

...Bir də Əsmalar var...

Bax, bu fəlakətdir...

Qadın-qadına qarşı, qadın-anaya qarşı, qadın-haqqa qarşı. qadın-özünə qarşı...  O nə Murad Çavuşdur, nə də Kocabəy. O nə qılıncdır, nə də onu tutan əl. Əsma - ipdir. Fərqi yoxdur o kimi kimə, kimi nəyə, nəyi nəyə hörür və ya hörməyə cəhd edir. Əhəmiyyətsiz göründüyü qədər də əsas tipdir, "kimdir ki?" dediyimiz qədər də qorxuruq ondan. Əsmalar hər yerdə evimizə, ocağımıza, bizim, məhz bizim övladlarımızı bizə qarşı çevirə bilər... Əsmaların niyyəti sorğulanmır, birmənalı qəbul olunur- "Səbəbkarlıq savabdır".

Əsmaların eyni vəzifəsi var- gizlində, aşkarda, bəlkə özü belə bilmədən Zeynəbləri dartır, qoparır, öz ayağıyla pozulmuş nizama sürükləyir və sıldırımın başından boşluğa itələyib deyir:

-Anana qulaq asma, o səni heç düşünmür. Sən mən deyənə bax, get mən aparan yolla, evin, ərin, geyim-keçimin, bir qab yeməyin, qapısı örtülən damın olacaq. Get, get, Zeynəb, get...

...İçimdə bütün Əsmalara  kin yarandığını hiss edirəm, çünki mən Əsmalardan qorxuram, çünki mən anayam - qız anası!

...Hər şey həmişə yaxşı başlayır, elə bu tamaşadakı kimi. Amma bu sizi aldatmasın, səslənən şən türkünün səsini qəzəbli qadın səsi dağıdacaq. O gözəl qadın ki, əri on səkkiz ildir onu atıb başqa məmləkətə qazanc dalıyca gedib və artıq on beş ildir ki, heç gəlmir... On beş ildir qızının üzünü görməyib, Zeynəb onu heç xatırlamır da, atasının son gəlişində cəmi üç yaşı vardı...  Qadın uzaq kənddə, uçuq daxmasında, hər tərəfdən üstünə gələn vəhşi ehtirasların, gizli pıçıltıların arasında əyilməməyə, qürurunu yedirməməyə çalışıb. Namusuna göz dikənlərlə təkbətək savaşıb... Ona inanmırlar, onu qınayırlar...  Onun üstünə ayaqlanırlar, gizli, aşkar...

Pənbə, o gözəl qadın tək qalıb. Amma sədaqətini, vəfasını, namusunu  qoruyub.

Qorunan ad ona nə verib? Heç nə! O heç nələrin içində bir də qəlbinin dərinliyində gizli qəzəb düyünlənib dayanıb. Vəfayla qarışıq qəzəb... O da silahlıdır - Zeynəbi var. Zeynəbin ərlik yaşı çatıb, amma anası onu kimsəyə verməyəcək:

-Atası gəlməsə vermərəm!

Tanış hekayətdir, eləmi? Hə, tanış hekayətdir...

...Qulaqlarımda davula çırpılan toppuzun çıxardığı səs uzanıb gedir...  Əlimi sinəmə aparıram, elə bil mənə dəyir o səs... Elə bil kəndlərimizdə, şəhərlərimizdə eyni taleyi yaşayan, gəncikən tərk edilmiş qadınlarımızın sinəsinə dəyib üstümə qayıdır o səs... Necə də öz taleləriylə barışmış görünürlər? Amma hərəsinin qəlbində bir qəzəb vulkanı, hərəsinin evində Zeynəblər...  Təkcə Zeynəblərmi? Bəs Murad Çavuşları kim doğur, kim böyüdür? Analar, tərk edilmiş və edilməmiş analar-qadın!

Bir gün o qadın da yığışıb illərdir gəlməyən kişinin ardıyca yollara düşəcək...  Nə fərqi var, bu yol onu yad məmləkətə aparacaq, ya yad dünyaya? O dünyaya ki, orda artıq Zeynəb xəyal kimidir, Pəmbə dəli kimi küçələrində dolaşır  yadlaşmış məmləkətinin...

...-Mənim bir atam vardı, nağıl kimi...

Zeynəbin sözüdür...  Havadan asılı qalmış, unudulmuş, təhqir edilmiş, cizgiləri sərtləşmiş, qadınlıq duyğuları kobudlaşmış Qadının qızının...

...-Zeynəbi saxlayıb neyləyəcəksən?

Necə də dəhşətli sualdır! Necə də dəhşətli həqiqətdir! O həqiqət ki, nə mədəniyyət, nə elm, nə ədəbiyyat...  Heç nə, heç nə, əsrlərdən bəri qızlarımızı bir heç sayan, gərəksiz sayan, yersiz sayan, qolunu buran, ayağını zəncirləyən, arzularını nəinki məhv edən, onlara heç yaranmağa imkan verməyən  girdabdan xilas etməyib...  Oxuyub-yazmağı olmayan ananın zorla höccələyən qızı. O nə arzulaya bilər? Müəllim gördümü ki, müəllim olmaq istəsin, həkim gördümü ki, həkim olmaq istəsin, yazıçı gördümü ki, yazıçı olmaq istəsin? Kimi gördüsə, o olmaq istədi...  On altı yaşı bitməmiş başına al duvaq salınıb gəlin köçən qızlar gördü... Onunsa iyirmi bir yaşı var, evdə qalıb... Uzaqdan gələn davul səsiylə bütün etirazı dilə gəlib:

...-Ana, sən inanırsan ki, atam bizi unutmayıb?...

...-Bizim də başımızın üstündə bir kişi dayanardı...

Və nəhayət:

-Bəsdir ana, bəsdir, bəsdir, mən daha dözmürəm, hər şey bax, burda - əlini boğazına aparır - düyünlənib, kim olur-olsun, getmək istəyirəm!...

Faciədir...

Və hamı, ağıllısı da, dəlisi də, yaxşısı da, pisi də, kiçik kənd əhlinin yeganə sualı var:

-Qızı saxlayıb nə edəcəksən?...

...İndi türküçü Türkanın səsi o qədər həzin, o qədər kədərli, o qədər yaslıdır ki...

...Davul səsi şu sinəmi dəliyor...

Nə fərqi var, silah kimin əlində açılıb, nə fərqi var, o silah açılıb, ya açılmayıb?  "Ya ərə, ya gora"...

...Bircə dəli Məmmədin kədərli baxışlarında günahkarlıq hissi yoxdur. O qədər çirkinliyin içində bir təmiz hava gətirən külək kimi gəlib keçir dəli Məmməd...

...Kürəyindən güllə dəyib al qanına bələnmiş Zeynəb, başına al örpək salınıb gəlin gedən Zeynəb...

Qan donduran, tamaşaçını gözü yaşlı səhnəyə zillənib saxlayan həllidir..

Rejissor kişi fəhmilə, atalıq hissilə  güzgünün üstündəki tozu üfürüb qadına həqiqəti çılpaqlığıyla göstərə bilir:

-Dağılın! Dağılın! Bütün dünya getsin!

Bu, bir anda saçları bəmbəyaz olmuş Pəmbənin keçmiş həyatında son, parıltılı gözlərində oynayan dəli işığın başlandığını bəlli etdiyi dəli həyatın ilk kəlmələridir...

Hamı gedir, bütün dünya... Və gedərkən al qanına bələnmiş al duvaqlı Zeynəbi də aparıb gedirlər...

"Qız uşağı ya ərə, ya gora"...

Hamı səhnəni tərk edir... Hər yer qan qırmızısına boyanıb, ev də, həyət də, adamlar da, Tom-Tom  Əlinin əkib qoyub getdiyi ağac da, o ağacın yarpaqları da, budaqları da...  Kəndin başı üstündən asılan küçə fənərinin işığı da...

Hamı səhnəni tərk edib gedir...  Hamını bir-bir qırmızı, qan kimi işıq qarşılayır o üzdə...  Yüz əlli lirəyə boyun əyib hər işin dalıyca qaçan Qədiri də, çəpərdən boylanan qonşu qadını da...  Hamını...  Hekayətdə heç bir rolu olmayan adamları da...  Zalda oturub baxan tamaşaçını da...  Hamının üstünə tək-tək qan düşüb...  Hamı günahkardır... 

...Təkcə Kocabəy görünüb itir, öz qaranlıq naməlumluğuna çəkilib orda gizlənəcək...

Meydanda yenə də Pəmbə qalacaq... Təkbətək...

Az əvvəl qızına atəş açıb öldürmüş Pəmbə...

...Baba, vallah Zeynəb gəlin gediyor... 

...Bəs sən hardasan, Kişi?

...Kim bilir, bəlkə Pəmbə Zeynəbin gələcəyidir, bəlkə Zeynəb Pəmbənin keçmişidir...

Hamı bir-biridir...

Pərdə...

Son...  və:

...Mən Zeynəbsiz dünya malın neylərəm?...