"Faust" - Ekranlaşdırılmış ədəbi əsərlər Sevda Sultanovanın təqdimatında

Layihədə Yohann Volfqanq Hötenin "Faust" əsəri əsasında çəkilmiş filmləri təqdim edirik

Əsərin süjeti: Şər qüvvə Mefistofel Tanrı ilə Faustun ruhunun ondan xilas edib edə bilməməsi ilə bağlı mərc kəsir. Mefistofel Faustun istəyinin həyatdan zövq almaq olduğuna və onu öz yolundan çıxaracağına əmindir. Tanrı isə  Faustun yaxşı ruhunun buna imkan verməyəcəyinə, yolundan dönsə belə, bir gün yenə doğru yolu tapacağına əmindir.

Professor Faust insanlara yaxşılıq edir, xeyirxahlığı ilə tanınır. Amma o, illər boyu qazandığı biliklərlə kifayətlənmir. O, dərk edir ki, kainatın elə sirləri var ki, insan ağlı ona yetə bilməz. Bu isə onu məyus edir, ruhdan salır. 

Şagirdi Vaqnerlə küçədə veyillənəndə itlə rastlaşırlar. Sonra itin insan cildinə girən Mefistofel olduğu bəlli olur. O, Faustu inandırmağa çalışır ki, ona yenidən sevinc bəxş edə, həyatın  gözəlliklərini aça bilər. Və Faust "ey an, dayan, sən gözəlsən" deyən kimi həyatına son qoyulacaq və Mefistofel onun ruhuna sahib olacaq. Müqaviləni təsdiq edəndən sonra Faust və Mefistofel əyləncə axtarışında Leypsiqi gəzirlər.

Mefistofel Faustla sadə qız Marqaritanın yaxınlaşması üçün şərait yaradır. Faust Marqarita ilə gecəni keçirmək üçün onu dilə tutur ki, anasına yuxu dərmanı versin. Anası dərmandan ölür. Marqarita isə hamilə qalır. Qardaşı Valentin Faustla döyüşür və bu döyüşdə ölür.

Valentini öldürəndən sonra Faust və Mefistofel şəhəri tərk edir. Faust Marqaritanın kabusu ilə qarşılaşanda onu xatırlayır.  Öyrənir ki, Marqarita ondan olan övladını öldürdüyü üçün onu edam gözləyir.

Faust Marqaritaya köməyə tələsir, ona zindandan qaçmağı təklif edir. Marqarita isə qalmağı və günahını yumağı üstün tutur. Mefistofelin gözləntilərinin əksinə olaraq, Tanrı qızı cəhənnəm əzabından xilas edir.

İkinci hissə Antik dövrdə baş veir. Faust gözəl Yelena qarşısında yaraşıqlı, igid döyüşçü kimi peyda olur. Onlar evlənir və  nikahdan Evforion doğulur. Valideynlərini tərk edən gənc döyüşlərdə hünər göstərir və həlak olur. İtkiyə dözməyən Yelenanın cismi yoxa çıxır. Qocalmış Faustu isə var-dövlət maraqlandırmır. Onun indi bir arzusu var:  bataqlığı qurutmaqla, bənd tikməklə insanlara fayda vermək.

Bellərin səsini eşidən Fausta elə gəlir ki, onun arzusu yerinə yetirilir. Amma əslində, Mefistofel onun üçün qəbir qazdırır. O, Mefistofellə müqaviləni xatırlayaraq, həyatını burda dayandırır. Müqaviləyə əsasən, onun ruhu cəhənnəmə getməliydi. Amma Tanrı Faustu ömrünün sonunda insanlara xeyirxahlıq etdiyu üçün xilas edir və o, cənnətə gedir.

Hötenin 1774-1831-ci illərdə yazdığı "Faust" alman ədəbiyyatının "İncil"i  sayılır.

Əsərin əsasında  1480-1540-cı illərdə yaşamış, qara magiya ilə məşğul olmuş kimyagər Georq Yohann Faustun fəaliyyəti dayanır.  Deyilənə görə, Faust növbəti təcrübələrini aparanda partlayış zamanı həlak olub.

Hötenin əsəri bütün dövrlər üçün aktual olan mübahisə ilə başlayır. Əsərin əvvəlində teatrın direktoru, şair və komik aktyor bədii yaradıcılıq məsələlərini müzakirə edirlər: sənət əyləncə istəyən kütləyə xidmət etməlidir, yoxsa özünün yüksək təyinatına sadiq qalmalıdır? Həqiqi poeziya və uğuru necə birləşdirməli?

Direktor şairdən xahiş edir ki, əyləncəli əsər yazsın, hamıya maraqlı gəlsin və teatra adamlar axışsın. Şair isə hesab edir ki, əyləncəli əsərlərin ömrü bir gündür, əsl sənət, həqiqət  isə həmişəyaşardır. Direktor ona məsləhət görür ki, öz fikrindən daşınsın və işə başlasın: "Enin göy üzündən iti uçuşla, Keçin yer qatında düz cəhənnəmə!".

Paralel proloqda Tanrı ilə İblisin mübahisəsi baş verir...

"Faust" insanın zəif və güclü tərəflərini, iradəsinin, nəfsinin, ağlının sınağa çəkilməsi, onun içindəki şərlə xeyirin mübarizəsi haqdadır.  Hötenin yozumunda səhvlərinə rəğmən Faustun xeyirxah başlanğıcı qalib gəlir. 

İlk olaraq alman kinorejissoru Fridrix Murnaunun 1926-cı ildə çəkdiyi ekran versiyasını təqdim edirik.

Öncəliklə, səssiz kinonun və alman kinoekspressionizminin parlaq simalarından biri olan Murnau haqda bilgi verməyi zəruri sayıram. Onun filmləri novatorluğu, inqilabiliyi ilə seçilib. Rejissorun irland romançısı Brem Stokerin "Drakula" əsərinin əsasında ekranlaşdırdığı "Nosferatu. Qorxunun simfoniyası"  (1921) filmi horror janrının inkişafında mühüm rol oynayıb. O, filmdə ikili ekspozisiya vasitəsilə predmetlərin başqa şəkil almasına nail olub. Məsələn, bəzi epizodlarda arxa fon neqativdə təsvir edilsə də, ön plandakı predmet öz rəngində qalır. Və bununla da rejissor irreal atmosfer yaradır. Vampirin günəşin doğuşu zamanı ölməsini də kinoya ilk dəfə Murnau gətirib.

Kinoda zirvə sayılan "Sonuncu adam" (1924) işdən çıxarıldığına görə psixoloji böhran yaşayan qapıçıdan bəhs edən kamera dramıdır. Rejissor subyektiv kameradan istifadə edir və seyrçi sərxoş adamın gözləri ilə təhrif olunmuş təsvirləri görür.  Murnau bu filmdə daha bir yeniliyə əl atır: o, titrlərdən imtina edir. O zaman titrsiz film səssiz kino üçün xarakterik deyildi.

"Günəşin doğuşu"nda (1927) ayrı-ayrı epizodlar həm müstəqil film, həm də ayrılmaz hissə kimi görünür.

"Faust"u  işləyərkən müəllif  Hötenin və XVI əsrdə yaşamış ingilis şairi, dramaturqu Kristofer Marlonun "Doktor Faust" pyesinin motivlərindən istifadə edib. Müəllif hər iki əsərin motivləri üzərində variasiya edir və öz müstəqil "Faust"unu yaradır.

Zəruri bir qeydi edim ki, əsərin ikinci hissəsi bir qayda olaraq, Almaniyanın məktəb proqramlarına salınmır. Və nadir hallarda tamaşaya qoyulur. "Faust" əsasında çəkilmiş üç filmdə də yalnız birinci hissə ekranlaşdırılıb.

Murnaunun yozumunda Tanrıya yaxın olan mələklərdən biri Mikayıl (Verner Fueterer) ilə İblis-Mefistofel (Emil Yanninqs) arasında mərc kəsilir. İblis israr edir ki, o, istənilən insanı yoldan çıxara bilər. Mərcin predmeti doktor  Faust (Gest Ekman) seçilir və İblis onun yaşadığı şəhərə taun göndərir. Faust insanlara kömək edə bilmədiyi üçün məyus olur və kitab səhifələrindən birində İblisi çağıran ovsun görür. Beləcə o, Mefistofellə əməkdaşlığa gedir. Və xəstəlikdən ölmüş adamlardan birini dirildir. Amma əlində xaç tutmuş qızı diriltməyə gücü çatmayanda əhali onu qovur.  Onda Mefistofel ona əbədi gənclik təklif edir. 

Murnau xeyir və şər arasında metafizik mübarizəni arxa plana atır,  əsərin mərkəzinə sevgini gətirir və alman kinotənqidçilərinin təbirincə desək, Faustu seçimində azad iradə nümayiş etdirən sivil insan kimi təsvir edir. Final epizodunda Faust əbədi gənclikdən imtina edərək Marqarita (Kamilla Horn) ilə tonqalda yandırılmağı seçir. İblis Mikayılı mərcdə udduğunu desə də, o, bir sözün onun uduzdurduğunu deyir. Və bu söz sevgidir. 

Digər filmlərində olduğu kimi, Murnau burda da kinematoqrafik axtarışlar edir, kameradan sərbəst istifadə edir, kinonun ifadə, vizual sərhədlərini genişləndirməyə çalışır. Rejissor qaranlıq və işığın, onların çalarlarının kəskin kontrastı və toqquşması,  dar məkanda kütləvi təsvirləri, naturadakı səliqəsiz və dağınıqlıqla xaotik atmosfer yaradır. Bir epizodda isə Murnau maraqlı fənd işlədir. Taundan xilas olmaq üçün inanca çağırışı dinləyən kütlənin içinə  şənlənən adamlar girir və karnaval estetikası ilə dini mərasim estetikasının qəribə sintezi əmələ gəlir. Adamlar şənlənməklə, rəqs və sevgiləriylə tauna - ölümə meydan oxuyur.  Rejissor obrazları mübaliğəli işləyib. Örnəyi, Mefistofel həddən artıq idbar, Mikayıl isə mükəmməl məsumluqla təsvir olunur.

Film ilk dəfə ekranlara çıxanda alman kinotənqidçiləri Murnaunu Hötenin əsərinin fəlsəfi dərinliyini anlamamaqda qınamışdılar. Amma bu əsər Hötenin əsərinin olduğu kimi ekrana daşımır, yuxarıda qeyd etdiyim kimi, rejissor öz düşüncəsinin məhsulunu, müstəqil "Faust"unu yaradır.

Fransa kinosunun əhəmiyyətli simalarından sayılan Rene Kler "İblisin gözəlliyi" filmini 1950-ci ildə lentə alıb. Fransa və İtaliyanın müştərək istehsalı olan filmdə Kler "Faust"u tamamən yeniləyib, onu fentezi janrının elementləri, yumor qatında işləyib.

Hadisələrin harda, hansı zamanda baş verməsi aydın deyil. Professor Faust (Mişel Simon) ölümsüzlüyü necə tapmalı sualına cavab axtarır. Axtarışları isə nəticə vermir. Məyus olan Fausta Mefistofel gənc olmağı təklif edir.

Mefistofel (bu obrazı da Mişel Simon oynayır, Faustun  gəncliyini isə Jerar Filipp ifa edir) obrazı səfeh, kələkbaz, yüngül xasiyyətli kimi təqdim olunub. O, Faustu gəncləşdirəndən sonra, özü onun qocalıq cildinə girir. Əsl Faustu malikanəsindən qovur, onun var-dövlətinə sahiblənir, nüfuzundan istifadə edir. Əsl Faust isə yoxsulluq içində yaşayır və heç kəsi onun Faust olduğuna inandıra bilmir.

Mefistofelin Faustun laboratoriyasında qızıl düzəltmək cəhdi alınmır. O, Faustu dilə tutaraq, onu şan-şöhrətli edəcəyini, şahzadə (Simona Valer) ilə görüşdürəcəyini vəd edir. Faust isə əvəzində ona ruhunu satacaq. 

Mefistofel Fausta güzgüdə onun gələcəyini - şahzadəni ələ keçirmək üçün qətl törədəcəyini, qəddar biri oldğunu göstərəndə o, imtina edir. Və qaraçı qız Marqarita (Nikol Besnard) ilə qalır. Mefistofeli isə şəhər sakinləri öldürür.

Rejissor nəql texnikasında, vizual həllərdə yeni nəsə təklif etmir. O, sadəcə, dəyişdirdiyi əhvalatın səthi təsvirləri ilə kifayətlənir.

Rus rejissoru Aleksandr Sokurovun Venesiyada "Qızıl şir" alan  "Faust"u 2011-ci ildə çəkilib və Almaniya, Fransa, İtaliya, Yaponiya, Böyük Britaniyanın birgə istehsalıdır. Bu onun tetralogiyasının dördüncü işidir: "Molox", "Buğa", "Günəş" və "Faust".

Sokurovun filminin ilk epziodları horror janrına xas tərzdə başlayır. Faust (Yohanes Çayler) meyitləri parçalayıb saf-çürük edərək ruhun bədəndə olduğuna inanır. O, düşünür ki, elmi, dini biliklər insanın mövcudluğu sualına cavab verə bilmir.  Əgər ruh varsa, ona toxunmaq, hiss etmək mümkündür. Lakin onun axtarışları nəticə vermir.

Nüfuzlu olsa da, Faustun məişət problemləri var. Ona yemək tapmaqda sələmçi Mefistofel  (Anton Adasinski) yardım edir. Mefistofelə onu Marqarita ilə (İzolda Dyuşauk) yaxınlaşdırmağı xahiş edir. Mefistofel əvəzində onun ruhunu istəyir. Faust  Marqarita ilə intim münasibətə girir və sonra onu tərk edir. Vicdanı Faustu narahat edir və sonda Mefistofeli daşlayır. Və səmadan Marqaritanın səsi eşidilir: "İndi sən hara gedəcəksən?".

Süjeti fəlsəfi dram kimi işləyən Sokurov onu özünə xas kino dilində çəkib: sürreal qarışıq impressionist atmosfer, uzun planlar, vizual estetikləşdirmə, dünyadan qopmuş məkan və zamansızlıq.  Bəzi epizodlarda təhrif olunmuş görüntülər çox güman ki, müəllifin bədii mətnlə sərbəst davranmasında, onun yeni oxunuşda təqdimatı ilə bağlıdır.  Sokurov bu haqda deyir: "Bizim filmdə bu sualları vermək vacib idi: Faust necə insan idi? Onun ruhu necə görünür? Kim bunu bilir?".

Müəllif əsasən solğun qəhvəyi, sarı çalarlardan istifadə edib və bu, hadisələrin baş verdiyi məkanın izolyasiyası təəssüratını verir. Onun yozumunda Tanrıyla sözləşmə yoxdur. O, İblisi yox, onunla sövdələşməyə gedən Faustu tək günahkar çıxardır. Və bütün məsuliyyəti insanın üzərinə atır. Murnau sevgini əsas güc kimi göstərirsə, Sokurovun traktovkasında sevgi Faustun xilası, istinadı deyil.

Bundan başqa, Mefistofeli sələmçi statusuna endirir, onu qüdrətli, zəhmli biri kimi yox,  çirkin, miskin təsvir edir, təlxək cizgiləri ilə yozumlayır.

Fasiləsiz dialoqlarda isə hakimiyyət, ruh, həyat, qadın-kişi haqda müzakirələr yer alır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!