"Hamlet" - Ekranlaşdırılmış ədəbi əsərlər Sevda Sultanovanın təqdimatında

Layihədə Uilyam Şekspirin "Hamlet" pyesi əsasında çəkilmiş filmləri təqdim edirik.

Süjet: Danimarka kralının qəfil ölümündən sonra onun yerini qardaşı Klavdi tutur və üstəlik, o, mərhum qardaşının dul arvadı Gertruda ilə evlənir. Saray mühafizəçiləri Hamletin dostu Horatsioya bildirir ki, ötən gecə yenicə ölmüş kralın kabusunu görüblər. Kabus yenidən görünür, Horatsio onunla danışmaq istəyəndə xoruzun səhər banı eşidilir və kabus yox olur.

Ertəsi gün kral sarayında yığıncaqda kralın müşaviri Poloninin oğlu Laert kraldan Parisə oxumağa getməsi üçün izn istəyir. Bu səhnədə şahzadə Hamletin əmisini sevmədiyinə və anasının atasının ölümündən az sonra ərə getməsi ilə barışa bilməməsinə işarə edilir.  

Dostları Hamletə atasının kabusunu gördüklərini xəbər verir. Həmin gecə Hamlet atasının kabusuyla görüşür. Kabus ona əcəli ilə yox, qardaşı tərəfindən zəhərlənərək öldürüldüyünü və  arvadını tovlayaraq onunla evləndiyini deyir. O, Hamletdən qisas almağı xahiş edir. Hamlet qisas planını gerçəkləşdirmək  üçün özünü dəliliyə vurur.

Poloni düşünür ki, Hamletin xəstəliyinin səbəbi Ofeliyanın onun sevgisini rədd etməsinə görədir. Çünki atasının məsləhətilə qızı onunla görüşmür. Poloni krala bunu sübut etmək üçün Ofeliya ilə Hamletin görüşünü xəlvəti izləməyi təklif edir. Hamlet Ofeliyanın ona qurulmuş tələdə iştirakını bilir və  özünü dəli kimi aparır. Amma kral duyur ki,  Hamletin dəliliyinin arxasında onun gizli məqsədi dayanır. Bunun üçün o, Hamletin dostları Rozenkrants və Gildensterni onun yanına göndərir ki, məqsədini bilsin. Hamlet isə duyuq düşərək, onlara rabitəsiz cavablar verir.

Şəhərə gələn teatr truppasına Hamlet kral və kraliça qarşısında "Qonzaqonun qətli"  tamaşasını oynamağı xahiş edir. Süjetə əsasən, tamaşada onun atasının qətli təsvir olunur. Tamaşanı izləyən kral həyəcanlanır və  Hamlet əmin olur ki, kabusun dediyi düzdür. Anası Hamleti yanına çağırır. Poloni isə onların görüşünü xalça arxasından izləyir. Hamlet anasını atasının xatirəsini təhqir edərək qatilinə ərə getdiyinə görə mübahisə edir və  Polonini kral zənn edərək öldürür.

Kral Hamleti  Rozenkrants və Gildenstern ilə İngiltərəyə göndərir və ingilis kralına yazır ki, Hamleti dərhal edam eləsin. Şahzadə yolda məktubu dəyişir. 

Ofeliya atasının ölümündən sonra ağlını itirir və çayda boğulur.  Danimarkaya qayıdan Hamleti Laert öldürmək istəyir. Klavdinin məsləhətilə Laert onu təkbətək döyüşə çağırır. Laert öz rapirasına zəhər sürtür. Kral isə ehtiyat planı kimi Hamletə zəhər qatılmış şərab içirməyi məsləhət görür. Döyüş zamanı hər ikisi yaralanır. Kraliça isə şərabı içərək ölür. Laert ölümqabağı bunların kralın planı olduğunu açıqlayır. Hamlet kralı öldürür və özü də ölür. Taxt-tac isə Norveç hökmdarı Fortinbrasa keçir...

"Hamlet" (1600-1601) yazıldığı ildən bugünədək dünyanın müxtəlif ölkələrində dəfələrlə tamaşaya qoyulub.

Kinematoqrafiyada isə faciənin 40-dan çox  versiyası ekranlaşdırılıb. İlk dəfə əsər 1900-cü ildə fransız rejissoru Moris Kleman tərəfindən lentə alınıb. "Hamletin dueli" adlanan filmdə baş rolu məşhur fransız aktrisası Sara Bernar oynayıb.

Yazımda pyes əsasında çəkilmiş dörd filmdən danışacam. İlk olaraq məşhur ingilis aktyoru və rejissoru Lorens Olivyenin çəkdiyi eyniadlı filmi təqdim edirəm. 1948-ci ildə ekranlara çıxan filmdə baş rolu da Olivye özü oynayıb. Ümumiyyətlə, onun yaradıcılığında Şekspirin əsərləri üstünlük təşkil edir. O,  Şekspirin  "Y Henrix" və "III Riçard" əsərlərini də ekranlaşdırıb.

Venesiya film festivalında "Qızıl Şir" alan və "Oskar"a layiq görülməsinə rəğmən, fikrimcə, bu, "Hamlet"in ən yaxşı ekran versiyası deyil. Əvvəla o səbəbdən ki, film Şekspirin yaradıcılığı haqda yeni söz, fikir demir. İkincisi, əhvalatda şərtiliyin, teatrallığın güclü olması onu kinematoqrafiklikdən uzaqlaşdırıb. Başqa cür desək, burda teatra xas atmosfer, gerçəklik, kinoya xas təbiəti üstələyir. Misalçün, səhnələrin tərtibatındakı dekorluq aşırı duyulur. Naturada çəkilişlər, dəniz, qayalıqlar belə, təbiilikdən uzaq görünür. Aktyor oyunundakı poetik pafos ağır basır. Hamletin uzun-uzadı daxili monoloqu yorucudur və bədii həlli yoxdur. Ümumiyyətlə, bir çox səhnələrə müəllifin baxışı bəsit, illüstrativ xarakter daşıyır.

Ayrı-ayrı kadrların kompozisiyası bir kino üçün lazım olduğundan da minimalist, şərti işlənib, məkanlar dəyişsə belə, hadisələrin baş verdiyi fon statik təəssüratı buraxır. Bundan başqa, əhvalatdakı gərginlik, dramatizm təsvirlə yox, daha çox musiqinin gücünə yaradılır. 

Pyesin süjeti əsasən saxlanılıb, Rozenkrants və Gildensterni xətti isə tamamən çıxarılıb. Müəllif siyasi mənaları ixtisar edərək, Hamletin iç dünyasında baş verənlərə fokuslanıb. Bu səbəbdən də nəql Hamletin daxili vəziyyətinə adekvat olaraq klaustrofobiya effektini verir. Ancaq yuxarıda dediyim kimi, kinematoqrafik özəlliklər daşımadığından  film teletamaşa kimi qurulub. 

Olivye Hamlet rolunu melanxolik, yeniyetmə yaş böhranı yaşayan fərdin təfəkkürü ilə ifa edir. Onun imitativ dəliliyi, sanki emosional idarəsini itirərək psixopat səviyyəsində təzahür edir və nəticədə obraz sanbalını itirir. Gertruda (Eylin Herli) obrazını ifa edən aktrisanın ondan yaşca xeyli kiçik olması (Olivye bu rolu ifa edəndə 40 yaşı vardı) onları ana-bala yox, sevgili statusunda göstərir. Bəzi kino mütəxəssisləri bunu Freydin Hamlet obrazı haqda analizi ilə əsaslandırır. Freydə görə, Hamlet Edip kompleksindən əziyyət çəkirdi və o, əslində, onun gizli arzusunu yerinə yetirərək atasını öldürən və anası ilə evlənən Klavdinin yerində olmaq istəyirdi. Ən pisi odur ki, rejissorların çoxu öz yaradıcı konsepsiyalarını təklif etmək əvəzinə, Freydin  traktovkasının arxasınca gedərək, filmlərində ana-oğul münasibətini Edip kompleksi qatında işləyib.

Hər şey isə çox sadədir: qardaş qardaşı öldürüb, qadın da hansısa səbəbdən (ola bilər ki, qadın olaraq ölkəni idarə edə bilməyəcəyindən) ona ərə gedib. Atanı özünə ideal seçən oğul isə bununla barışımr. Hamlet anasının addımını xəyanət kimi qiymətləndirir və onun  xəyanətini Ofeliyanın xəyanət edə bilmək potensialı ilə eyniləşdirir. Anasının davranışı onun Ofeliya ilə münasibətlərinə təsir göstərir və o, qadınlara inamını itirir.  Anasını sonradan atasının kabusu xahiş etdiyi üçün bağışlayır. Yəni burda Edip kompleksindən söhbət gedə bilməz. Onda gərək tarixdə taxt-tac uğrunda baş vermiş bütün ata və ya oğul qətllərini də hansısa psixoanaliz məqamlara bağlamaq lazımdır.  

Freydist məqam özəlliklə, 1990-cı ildə Franko Zeffirellinin çəkdiyi "Hamlet" filmində də duyulur. Son səhnələrdə Gertruda (Qlenn Klouz) Laert (Nataniel Parker) ilə döyüşən Hamletlə (Mel Gibson) anadan çox, sevgili kimi davranır.   Qadının həyəcanında, döyüş fasiləsində Hamletlə ehtirasla dodaq-dodağa öpüşməsində seksual temperament qabarır.

Digər versiyalardan fərqli olaraq, ilk epizodlarda rejissor Gertrudanın Klavdiyə sarılaraq ehtirasla öpməsini göstərməklə onun ərinə daha əvvəldən xəyanət etməsinə açıq eyham vurur.

Hamlet obrazı Mel Gibsonun ən yaxşı rollarından biridir. Onun Hamleti Lorens Olivyenin traktovkasından fərqli olaraq, yetkinliyi, dolğunluğu, dərin və səmimi kədəri ilə seçilir. Gibson ağrıyla, bəzən isə ağrı və sarkazmın sərhədində oynayır. Dekorasiyalardakı eleqantlıq, təmkinlilik, monoloqların qısaldılması filmi dinamikləşdirib.

İtalyan rejissoru Franko Zeffirelli Şekspirin əsərlərini ekranlaşdırmaqda usta sayılır: "Romeo və Cülyetta", "Otello", "İnadkarın ram edilməsi".

Film İtaliyanın David de Donatello milli mükafatına layiq görülüb.

Rus sovet rejissoru Qriqoriy Kozintsevin 1964-cü ildə ekranladırdığı "Hamlet"i Venesiya festivalının xüsusi prizini alıb. Bədii mətnə  ixtisarlar edilisə də, xüsusi dəyişiklik olunmayıb.

"Hamlet"in bu ekran versiyasında işıq və kölgə təzadı ilə  məkandakı siyasi oyunların qorxuncluğu, personajların niyyəti göstərilir. 

Hətta rejissor kölgə-işığın daha effektli olması üçün filmi rəngli çəkməkdən imtina edib. Dekorasiyalar funksional işlənib. Misalçün, Hamlet  "Olum və ya ölüm" monoloqunu nəhəng qayalıqlar,  dalğalanan dəniz fonunda deyir. Nəhəng və soyuq landşaft, sanki Hamletə qarşı dayanan rəqib kimi görünür və onun bu mübarizədə təkliyinin həllinə çevrilir.

Rejissor Lorens Olivyedən fərqli olaraq, siyasi konteksti genişləndirib. Təsadüfi deyil ki, ölkənin gələcəyi ilə tədbiri Hamlet tərk edir, kamera onun boş qalmış yerini özəlliklə vurğulayır. Yəni Hamlet hakimiyyətin riyakarlığında iştirakdan imtina edir. Yeri gəlmişkən, rejissorun İnnokentiy Smoktunovskiyə verdiyi əsas tapşırıq tamaşaçıya bu cəmiyyətin süqutunu göstərmək olduğunu qeyd edib. Çox güman ki, Kozintsev belə yanaşmasıyla, sovet ideologiyasından çıxış edərək, həm də o dövrdə Qərb cəmiyyətinin süqutunun zəruriliyini qeyd etmək istəyib. Ona görə də onun Hamleti qətiyyəti və iradəsi ilə seçilir.

İstər Olivyenin, istərsə də Kozintsevin versiyasında Hamletin atasının kabusuyla görüş səhnəsi təsvir və səs effekti baxımından mistik işlənib. Zeffirelli isə əksinə, obrazı kabus çərçivəsindən çıxararaq oğul və atanın görüş epizodunu realist çəkib.

Olivyenin Ofeliyasının (Cin Cimmons) ifa tərzi sentimental, poetikdir.

Kozintsevin Ofeliyası (Anastasiya Vertinskaya) fakturası saçdüzümü, kostyumu ilə Rafaelin Madonnasına bənzəyir və intriqalarda alət kimi istifadəsi qabarır.

Zeffirellinin Ofeliyası (Helena Bonem Karter) isə bəribaşdan əsəbi, stresdən əziyyət çəkən qadın kimi oynayır.

Fin kinosunun parlaq simalarından biri Aki Kaurismyakinin 1987-ci ildə ekranlara çıxan "Hamlet dünya biznesində" filmi bədii mətni demək olar ki, dekonstruksiya edib. Müəllif pyesdə məzmunca dəyişikliklər edib, ona yeni anlam verib.

Əvvəla, rejissor hadisələri müasir Finlandiyaya uyğunlaşdırıb. Hamlet (Pirkka Pekka Petelius) varlı iş adamının oğludur. Atası ilə münasibəti olmadığı üçün anasının məşuqu Klavdi ilə (Esko Salminen) birlikdə onu zəhərləyir və şirkəti ələ keçirmək istəyir. Klavdi və Poloni (Esko Nikkari) Hamletə infantil səfeh kimi baxır və ciddiyə almırlar. Ofeliya (Kati Outinen) dozadan artıq dərman içir və vannada özünü boğur. Anası Gertruda (Elina Salo) şərabdan yox, Hamlet üçün hazırlanmış toyuqdan zəhərlənir. Hamleti isə Laert yox, bu ailədən təngə gəlmiş sürücü öldürür...

Müəllif Hamletin kimliyini çağdaş biznes dünyasında tamahkarlığın, burjua dəyərlərinin, ailə institutunun böhranı kontekstində göstərir. Nuar estetikasında çəkilən film  absurda, ekssentrizmədək çatdırılır.

Personajlar ünsiyyətdə olsa da, sanki bir-birindən təcrid olunmuş, apatik vəziyyətdə yaşayırlar. Bu səbəbdən də aktyor oyununda emosiya yoxdur, hamı bir-birini manipulyasiya edir, qətllər norma kimi baş verir. Personajlar arasında ən hiyləgəri, siniki elə Hamletdir. Rejissor sürücü və qulluqçunu onlardan mənəvi cəhətdən yüksəyə qaldırır. Finalda ailə intriqalarından bezmiş qulluqçu və sürücü evi tərk edirlər. Rejissor deyir: "Hamlet" ən xoşbəxt sonluqla bitən filmimdir".

Kaurismyaki filmə kimi pyesi oxumadığını deyir.

Maraqlıdır ki, Şekspirin bu məşhur faciəsinə Aki Kaurismyaki istisna olmaqla, dünya kinosunun əhəmiyyətli rejissorlarının demək olar ki, heç biri müraciət etməyib. 

Məşhur aktyor Entoni Hopkinsin pyes haqda fikirləri maraqlıdır: "Mən də Hamleti oynamaq istəyirdim. Sadəcə, şöhrətlənmək üçün. İndi isə məni qətiyyən nə Şekspir, nə də bu Britaniya cəfəngiyatı maraqlandırır".

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!