“Pəncərəmi açdım sabaha...” - Yazıçılar Birliyində Rəsul Rza mükafatlarının təqdimat mərasimi keçirilib

 

20 may  2019-cu il. Saat 13:00...

Natəvan klubu ağzına qədər  adamla dolu.Yadıma Rəsul Rzanın  bir misrası düşür ” Dünya dolu adamdı, dərdimi kimə deyim”. Yox bura yığılanlar  onu eşitməyə gəlib,  şeirlərinin işığına toplanıb. Şairin yadigarı Anar ilıq təbəssümlə zalı seyr edir. “Rəsul Rza fondu” nun sədri, xalq şairi  Fikrət Qoca danışır: Bu mükafatın Rəsul Rzanın adı ilə adlandırılmasını şairin ədəbiyyat naminə böyük xidmətlərinin müqabilində kiçik töhvədir.  Bu ilki mükafatçıların da ədəbiyyatımızın inkişafı naminə böyük işlər görüb və gələcəkdə bu mükafatın ən layiqli təmsilçiləri  olacaq.

Pəncərədən çölə  baxıram. Pəncərə  demiş,  Rəsul Rza deyirdi : “Pəncərəmi açdım sabaha, gördüm ki, insanlar gəlib keçir, aylar illər üstündən” Mən heç kimi görmədim amma. Onu görmək üçün gərək Rəsul Rza olasan. Bir onu gördüm ki, Fikrət Qocanın dediklərini xəfif külək  ağacların başını sanki bu misranın təsdiqi kimi  tərpədir.  Rəsul Rzanın “Mən bir may səhərində doğuldum” misrasını pıçıldayıram.  Bəli, 19 may günü  böyük şairimizin -Rəsul Rzanın doğum günüdür.  Hər ilin  bugunü  Rəsulsevənlər Fəxri Xiyabana gedib onun məzarı üstünə gül – çiçək dəstələri düzürlər. Burda həzin çıxışlar olur, şeir də oxunur, xatirə də danışılır. Sonra isə Yazıçılar Birliyində Rəsul Rza fondu mükafatların təqdimetmə mərasimi keçirir. Bu gün də həmin günlərdən biri idi... 

Budur, salonda gurultulu  alqışlar qopur. İlk mükafat  AMEA nın vitse prezidenti , filologiya elmləri doktoru, professor İsa Həbibbəyliyə təqdim olunur. İsa müəllim özünə məxsus təhkiyə ilə danışır həmişə: “ Rəsul Rza kimi parlaq bir şəxsiyyətin adını daşıyan mükafatı almaq mənim üçün şərəfdir. Onun “Rənglər” silsiləsi kimi böyük ədəbiyyat üvertürası haqqında bir neçə məqalələrim çap olunub, bir kitabına müqəddimə yazmışam. Sərbəst şeir məktəbinin yaradıcısı və ən gözəl nümayəndəsi olan Rəsul Rza ““Kitabi-Dədə Qorqud”dakı şeir ənənəsi ilə 20 -ci əsr şeirinin əlaqələrini yaradıb. Rəsul Rza poetikası tam mənası ilə tədqiqat obyektidir, biz Ədəbiyyat İstitutu olaraq daim çalışırıq ki, bu böyük şairin yaradıcılığı nəinki Azərbaycan, dünya ədəbiyyatındakı yeri yüksək mənada müəyyən olunsun.. Anar müəllimə və fondun prezidenti Fikrət Qocaya təşəkkürümü bildirirəm”.

Mənə elə gəlir ki, bu salonda Rəsul Rzanın səsi  hələ də yaşayır.  Deyirəm, bu səsləri nə vaxtsa eşidə bilsəydik, şeirimizin hansı zamanda olduğunu dəqiq təyin edə bilərdik.  Məncə, o səs çox cavan və müdrikdir. Neçə illərdir  bu salondan heç bir yerə  çıxıb getmək istəmir.

Fikrət Qoca növbəti laureatın adını elan edir. Bu xalq rəssamı Arif Hüseyndir. Alqışlar qopur. Diplomu alan kimi Arif müəllim sözə başlayır. “ Yaradıcılığımın  inkişafında Rəsul Rzanın “Rənglər” silsiləsinin böyük rolu olub. Bu insan mənim  ədəbiyyata olan yanaşmamı yaxşı mənada tamamilə dəyişdi. Təşəkkür edirəm, çox mükafatlar almışam, amma ədəbi mükafatım olmamışdı.” 

Fikrət Qoca daha bir mükafatçının adını  deyir : “ Babaxan Şərif “ Tanınmış naşir, tərcüməçi alim Babaxan Şərif tədbirdə iştirak etmədiyinə görə mükafatı dostu professor Ramiz Əsgər qəbul edib, layiq görənlərə minnətdarlığını bildirir.

Daha bir mükafatçı tənqidçi, esseist, professor  Rüstəm Kamaldır.  Alqışlardan sonra Rüstəm müəllim əsl esseist kimi də sözə başlayır: “Bir neçə məqamı qeyd eləmək istəyirəm. Böyük Rəsul Rzanın adı mistik mənada mənim taleyimdən keçir. Peterburqda aspiranturaya qəbul olanda ilk elmi məqaləmi Rəsul Rzaya həsr etmişdim. Bu “Rəsul Rzanın lirikasında başlıqların poetikası“ adlı məqaləm idi. Mingəçevirdə yaşadığımız ev Rəsul Rza küçəsində idi. Elmlər namizədi olanda müdafiə günüm mayın 19-na, Rəsul Rzanın ad gününə təsadüf etmişdi. Babamın adı da Rəsuldu və mən bu gün Rəsul Rza adına mükafat alıram. İnanıram ki, bu adın işığı altında məni hələ çox uğurlar gözləyir. “

Alqışlardan sonra növbəti mükafatçının  “525-ci qəzet”in baş redaktoru yazıçı- jurnalist Rəşad Məcidin adı açıqlandı. Mükafatın təqdimatı və fotodan sonra Rəşad Məcid : “ Bu gözəl mükafatı, bu gözəl insanlarla bir gündə almaq həyəcanlandırıcı oldu. Biz hər il may ayının 19- da Rəsul Rzanın Fəxri Xiyabandakı məzarını ziyarət edirik. İş elə gətirdi ki, mən dünən şəhərdən uzaqda rayonlarda olmalı oldum, yolum Göyçaydan keçəndə çinarlarları görəndə mistik bir ovqat yaşadım. Rəsul Rza bizim poetik dünya görüşümüzün formalaşmasında müstəsna xidmətləri var. Bütün mükafatçıları təbrik edirəm, təltif edənlərə təşəkkürümü bildirirəm. “

Daha bir mükafatçı “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turandır. Azər müəllim “Yaradıcılıq uğurlarına görə” verilən mükafatı böyük sayğı ilə qəbul edib, ürək sözlərini deyir . “Rəsul Rza mükafatı mənim üçün Rüstəm Kamaldan fərqli, daha mistik bir mahiyyət daşıyır. Bu mükafatın ilk nüsxələrindən biri mənim atama verilib. O zaman Anar müəllim, Fikrət Qoca, Fikrət Sadıq, Qabil, Akif Rəfiyev mükafatı laureata  Neftçalada təqdim etmişdilər. İndi mükafatı əlimə alanda həm atamı, həm Rəsul Rzanı xatırladım. Rəsul Rza uşaq və yeniyetmə yaşlarımda çox görmüşdüm, son dəfə onu 1977-ci ilin aprelində gördüm. Həmin gün Rəsul Rza, Fikrət Qoca, Xəlil Rza və Rəsul Rzanın qohumu  Fikrət Ağazadə bizə gəlmişdilər. Rəsul Rza 1959-cu ildə İraqa ilk səfərində atama hədiyyə gətirdiyi Həzrət Əlinin rəsmini evimizin divarında  gördü. Rəsul Rzanlın yadigarı olan o rəsm 1959-cu ildən indiyə kimi evimizin divarındadır. Mənim şəxsi kitabxanıamın ilk avtoqraflı kitabı da  Rəsul Rzaya aiddir. Həmin gün  “Kövrək budaqlar” kitabını “Azər balaya... xoşbəxt ol “ deyə yazıb bağışladı. Və evimizi tərk edərkən atamın  xatirə dəftərinə ürək sözlərini yazdı. Çıxışımı Rəsul Rzanın xatirə dəftərindəki sözləri ilə bitirmək istəyirəm: “Şeirə sədaqət böyük ürəkli insanın zəngin mənəviyyatından xəbər verir.” Salon yenə alqışlara qərq olur.

 Şair, tərcüməçi, professor Ənvər Əhməd də bu ilki mükafatçılar arasındadır:  “ Mükafatı əlimə alanda düşündüm ki, bu böyük şairin adına mükafata layiq nə iş görmüşəm. Bəli, ona şeir yazmışam, poemalarının poetikasını işləmişəm. Mənim üçün dünyada Rəsul Rzaya bərabər olan, dərin  sərbəst şeir yazan şair yoxdur. Layiq görənlərə təşəkkür edirəm”

 Növbəti laureat şair, publisist Maşaallah Məftundur: “ 1983-cü ildə ilk kitabımda böyük şairimiz Rəsul Rzaya həsr etdiyim şeir dərc olunmuşdu. Bu gün bu mükafatı elə insanlarla birlikdə alıram ki, mənim də adımın bu sırada olduğuna görə xoşbəxtəm.  Rəsul Rzanın bircə misrasını demək istəyirəm ;

“ Onu tutaqcaqlar, ürəyimə damdı

Çünki, o, yaxşı adamdı” .

Bu üç misradakı böyük həqiqət bizə deyir ki, dünya yaxşıların çiynində yaşayacaq. Yaxşılıq həmişə qalib gələcək.”

Fikrət müəllim daha bir mükafatçının adını deyir – şair Tahir Taisoğlu. Tahir  müəllim əvvəlcə təşəkkürünü bildirir, sonra sirr açırmış kimi  asta səslə danışır ; “ Bəlkə çox adam bilmir, bu gün bunu deməsəm olmaz. Rəsul Rza mənim ədəbi taleyimdə çox böyük rolu olan şəxsiyyətdir. 1968-ci ildə Şamaxıda yaşayanda qovluğumu Rəsul Rzanın iş yerinin ünvanına göndərdim. Üstündən bir neçə ay keçəndən sonra eşitdim ki, “Gənclik” nəşriyyatından məni axtarırlar. Rəsul Rza kitabımı nəşriyyata təqdim edib, müqavilə üçün məni çağırırdılar. Sonralar Göyçaya gedəndə məni Şamaxıdan götürüb bağına aparardı, ədəbi söhbətlər edərdik. Böyük şair, böyük şəxsiyyətin ruhu qarşısında baş əyirəm.”

Sonuncu mükafatçı Lənkəran rayonunda yaşayıb, yaradan şair -publisist Etibar Vəliyev təşəkkür çıxışında  “ Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan , böyük şair Rəsul Rzanın adını daşıyan bu mükafat ilə təltif olunduğum üçün qürur duyuram”- dedi.

Sonda Xalq yazıçısı Anar mükafat alanları təbrik etdi: “ Hörmətli cənablar və xanımlar bütün mükafatçıları təbrik edirəm. Bu gün bu mükafat  müxtəlif adamlara təqdim olundu. Amma hamısının Rəsul Rza poeziyasının təbliğatında müəyyən rolları var. Dostum, qardaşım Fikrət Qocaya düzgün seçim etdiyi üçün təşəkkür edirəm. Bir şeyi qeyd edim ki, bu mükafatları Yazıçılar Birliyi yox, Rəsul Rza fondu verir. Bu mükafatda pul yoxdur və bu o deməkdir ki, pulla ölçülməyəcək qədər dəyərlidir. Və bu  mükafatı almağa can atanlar ədəbiyyatımızın təmənnasız xidmətçiləridir. “

Sonda bütün çıxışçılar bir daha  alqışlandı, dostlar tərəfindən təbriklər olundu və xatirə şəkilləri çəkildi.

Mən də xəyallarımı “Natavan” klubunun pəncərəsindən ayırıb,  əlimdəki kitabın ortasından bir səhifə açdım :

Od nə çəkdi,

Güldən soruş.

Baş nə çəkdi,

Dildən soruş.

Hansı şeirim,

Hansı sözüm

Yaşayacaq məndən sonra

Mən bilmirəm eldən soruş.

HAZIRLADI: Nuranə NUR

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!