24 may onun doğum günüdür. 71 yaşını qeyd edəcəkdi... - Kəmalə Abiyeva yazır

 

Bilmirəm nə vaxt yaddaşıma hopub. Bilmirəm nə vaxt düşüncəmə yol tapıb. Bilmirəm nə vaxt sevmişəm. Bəlkə, Savalanı, sonra Ferdinandı ("Məkr və məhəbbət" F.Şiller), Nizamini ("Qılınc və qələm" M.S.Ordubadi), Fərhadı ("Məhəbbət əfsanəsi" N.Hikmət), Baronu ("Həyatın dibində" M.Qorki) sevmişəm? İlk dəfə "İstintaq davam edir" filminə çəkilib. Akademik Milli Dram Teatrının səhnəsindəsə ilk dəfə İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərinin Savalanı olub. Və mən bu Savalanı unuda bilmirəm. Qəribə duruşu var - dimdik. Çinar kimi. Əyilməzlik duyğusu yaradır. Onu duruşundan tanıyarsan. Ecazkar səsi var - sehrinə salar. Onu səsindən tanıyarsan. Onu baxışından tanıyarsan - fərqli baxışı var. Səhnədən ruhuna işləyər... Hər hərəkətində fərqlilik var. Elə fərqlidi. Onlarla tamaşada, onlarla filmdə müxtəlif obrazlar yaradıb; sevən və nifrət edən, dürüst və yalançı, ədalətli və saxtakar, sadiq - xəyanətkar, mərd - qorxaq və s. Amma öz İnsan obrazını dəyişməyib heç vaxt. Yeriyəndə elə bilirsən, uçacaq indi. Demə, elə uçur, istedadının, şəxsiyyətinin qanadlarıyla uçur. Təkcə sənətin zirvəsinə yox, insanlığın zirvəsinə uçur. Hamımızın tutunmaq istədiyi, görmək istədiyi əyilməyən, xırdalanmayan insan zirvəsini göstərmək istəyir bizə. İnandırdı bizi. İnandıq. 1948-ci ildə həyata gəlib. Mayın 24-də 71 yaşı olur. Onun haqqında keçmiş zamanda danışmaq olmaz. Çünki hələ neçə-neçə həyat günlərini qeyd edəcək. 71 illiyini də fərqli qeyd edir - vətən torpağında, sevdiyi torpağına qovuşaraq. O torpağa ki, orda ot-alaq, qanqal da bitir, gül-çiçək, şahanə duruşlu xan çinar, palıd da. Buna "təbiətin sirri" deyirik. Demə, sirr deyilmiş. Bunu da o anlatdı mənə. Hamı torpağa gedir sonucda. Ona görə torpaqda qanqal da bitir, ot-alaq da. Osa şahanə duruşlu xan çinardı. O, bütün namərdlikləri, haqsızlığı, riyakarlığı, yaltaqlığı boğazında düyünlədi, ürəyinə yol tapmağa qoymadı. Və bir səhər ölüm xəbəri yayıldı. O səhər hamı ölümə heyrət etdi. O səhər çoxları onun hansı zirvədə olduğunu anladı - İnsan zirvəsini gördü. O zirvəyə ölümün də əli çatmaz. O səhər çoxları ağladı. Kədərdən, gümana dönən günlərinə... Ona baxıb özümüzü gördük - ağladıq. Onu yenidən gördük, yenə gördük. Onu - Fuad Poladovu. Son dəfə "Şah Qacar"da gördüyüm Fuad Poladovu mən də yenidən gördüm, tanıdım. Demə, heç yaxşı baxmamışam, tanımamışam...

FUAD POLADOVA deyə bilmədiyim

Kədərimi içə-içə yandı içim

Mən heç belə ağlamadım için-için.

Gözümdəki yaş deyil ki

sənlə dolu ürəyimin nəmidi,

sənə deyə bilmədiyim sözlərimin qəmidi.

Gözümdəki yaş deyil ki,

bir az sənsən, bir az mən.

Sən ölümə yenilməyən,

Sən - qalxdığı ucalıqdan yıxılmayan, əyilməyən

Qanqalların arasında çinarım.

Ölümüylə doğulanım.

Mən - ölümə qibtə edən,

yaşamağa həsrət çəkən.

Ruhuna sarıla bilsəm, sənə gəlsəm,

gözlərindən öpə bilsəm, ayrılıqmı olardı?

Bacarmadım...

Ölümün əli yetməyən o yerlərə

kimin güçü çatar ki?

bir azca yaşaya bilsəm,

bircə dəfə ölə bilsəm nə var ki?

May 2018

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!