Tarık Akanın başında niyə bit vardı və ya "ey həyat, sən nə qəribəsən..." - Mətləb Ağa yazır

Tarık Akanın yeganə kitabı "Ana, başımda bit var.12 sentyabr xatirələri"ni ("Can" nəşriyyatı, İstanbul, 2002) oxuyanda ilk əvvəl yadıma əfsanəvi "Qaya" vokal kvartetinin "Ey, həyat sən nə qəribəsən" adlı hiti düşdü.

Yeri gəlmişkən, o "Qaya"nın ki, solistlərindən biri də Teymur Mirzəyevdi...

Mirzəyevin həm də, hazırda İsraildə ömür-gün keçirən böyük aktyorumuz, xüsusi rəğbət bəslədiyim Tofiq Mirzəyevin qardaşı olduğunu da xatırladım...

...Təyyarə hava limanına enmək üzrədir, salonda "Yol" filmindəki Seyid Əli roluna görə "ən yaxşı kişi oyunçu" nominasiyasına namizəd göstərildiyi Kann film festivalından dönən, aşağıda onu nə gözlədiyini dəqiq bilməsə də, həbs olunmaq təhlükəsinin reallığını çox gözəl anlayan həyəcanlı Tarık Akan, habelə, ona ürək-dirək verməyə çalışan Müjdat Gezen, Perran Kutman və digər aktyorlar da var...

...Almaniyadakı mədəniyyət məzmunlu çıxışını təhrif edilmiş formada, yalan-yanlış bir başlıqla səhifələndirən "Tərcüman" qəzetinin güdazına gedən böyük aktyor aeroportda birinci (siyasi) şöbənin polisləri tərəfindən   saxlanılır...

...Bu arada "Hürriyyət" qəzetindən Nezih Demirkentin böyründə dayanmasının fərqinə varan  Tarık Akan, ona tərəf dönüb; "bu olub-bitəni qəzetiniz yazsa, mənim üçün də kömək olar" deyir jurnalistə. Demirkent də arxayınca, Tarıkı inandırır; "Sən heç darıxma, lazım gələn hər şeyi edəcəyik". Amma, "Hürriyyət" Akanın həbs  xəbərindən qeyri, onunla bağlı ən xırda bir yazı verməyi belə özünə rəva görmür...

Aeroportdan Akanı mikroavtobusda, ön və arxadakı "Renault"ların müşaiyyətiylə təhlükəli cinayətkarlartək polisə sürükləyirlər, belə münasibətdən o,  yaman diksinir...

İlk sual-cavabı yekunlaşdırıb axtarışdan ötrü Akanı mənzilinə aparırlar. Yaşadığı binanı da çoxsaylı polis və əskərlərin sıx-sıx mühasirəyə aldığını görən Akan yenidən çaş-baş düşür; əcaba, nə iş görüb  ki, onunla bu cür davranırlar... Sağ olsun, komissar  masadakı yasaq kitabları siyahıya salmır, Nəsiminin şeirinisə siyahıya almaq istədikdə "bunu da yazmayın" deyir aktyor, komissar  da qulaq asır... Akan xatırladır ki, bir az əvvəl yoldakı yeməkxanada polislərə verdiyi qonaqlıq, deyəsən işə yaramışdı...Sənətçi, yalnız azadlığa qovuşarkən öyrənir ki, Müjdatın  məlumatlandırdığı qardaşı, iki yoldaşının köməyiylə, evdəki kitablardan bir qismini dənizə tullaya bilib; hansı kitabların qadağan olunduğunu  bilmədiklərindən bütün qırmızı cildliləri çemodanlara doldurublar...

Polislər  Tarıkın mənzilindən onun səfər çemodanının ardınca  Müjdat Gezengilə yönəlir, qapını döyürlər, içəridən Müjdatın səsi eşidilir: "kimdir o?", "polis" cavabı verilərkən, "bir dəqiqə" deyir Gezen, lakin  dəqiqə yox, xeyli müddət  ötür, nəhayət, qapı açılır və Müjdat alt paltarında varid olur... Akanın çemodanı otağın bir küncündədir, Müjdat polislərlə söhbətləşərkən  o, çemodanı açır, ürəyi döyünə-döyünə, Müjdata yox etməsini tapşırdığı telefon kitabçasını xalçanın altına qoyur...və polislər çemodanı da alıb oradan da ayrılırlar.

İndi kitabdan xüsusu vurğuyla bir cümlə ayırıram. Oxuyun: "Bayıra çıxmaq üzrə irəliləyərkən (Müjdatın evindən), yataq otağının qapısından bir qızın yataqda oturduğunu gördüm..."

...Ancaq nə dünyanın, nə Nezihin, nə də Müjdatın  işlərinə  heç təəccüblənməyək... 

Tarıkın fotosunu çəkir, barmaq izlərini götürüb iyrənc qoxulu bir hücrəyə atırlar... Hücrə eni bir, uzunu iki metrlik bir xarabadı... Qaydasında tualet izni vermədiklərindən Akan kiçik tualet ehtiyacını elə oradaca etməyə məcbur qalır, bu vaxt çalışır ki, quru hissəni  islatmasın...və beləcə, otaqdan niyə belə pis  iyin gəlməsinin səbəbini də bilmiş  olur...

Xeyli vaxt keçir, koridorda "aranızda danışanı görsəm  ananızdan doğulduğunuza peşman edərəm" bağıran polis tualetdən ötrü  üç dəqiqəliyə qapını açır. (Tarıkı gəda-güdaların qarşısında alçaldan rejimin yaradıcılarının aqibəti necə oldu, onu da bir cümlədə yazacağam... hələliksə, bu hoqqabazlığa dözək...)

Akanı murdarlıqla dolu tualetdən yenidən hücrəsinə qaytarır...ardından  onu yenə də uzunu iki, eni bir metrdən ibarət başqa hücrəyə atırlar, içəridə hamısı birlikdə yeddi nəfərdi... bəziləri yer də tapmırdı ki, otursun...daha sonra uzunu da, eni də üç metrlik ayrı otağa keçirirlər...burasa düz qırx üç kişi salınmışdı...Bir tərəfi işgəncədən dönənlərə  ayırmışdılar.Yatmaq çox vacibdi, çünkü səhəri kimin istintaqa çağırılacağı bilinmirdi... Sakit  və dözümlü olmalıydılar... Lakin bütün gecəni rahat  uyumaq imkansızdı; bitlər və birələr, qələbəlik və havasızlıq, eyni cür yemək; bədən tərləyib duz itirir, qidalarınsa heç birində duz yoxdu, bu da bədənin müqavimətini qırır, zehni yorur. Yeməklər qəsdən belə seçilib; yatmağı da, dincəlməyi də zorlaşdırır...

...Üç polis gəlir, biri Tarıka süpürgə verir: "hər kəs zir-zibili qapının altından bayıra atsın, artist də süpürsün". Hansısa hücrədən qışqırıq eşidilir; "Məmur bəy, mən süpürərəm, tualetləri də təmizlərəm, amma bu, Tarık Akana yaraşmaz". O, hədsiz qürurlanır, qəhərdən boğazı düyünlənir...İş böyüyür...Tarıka süpürgə verən polis hücrələrə tərəf  aramsız çığırır... Nəhayət, A. adlı polis aktyora süpürgəni yerə tullamasını deyib bağıran polisi çəkib aparır..

Akanın yeri yenə dəyişdirilir; polis A., aktyoru başqa hücrəyə salır, ertəsi gecə  Tarıkı çağırıb; "gəl, bir az söhbət eləyək" deyib sənətçiylə mehribanlaşır. Lakin A.nı maraqlandıran öz səviyyəsinə uyğun şeylərdir; "qadınlarla neynirsən, neçə məşhur aktrisayla yatmısan?.. "Bir ayrı polis də gəlir, Tarıka çay və siqaret qonaqlığı verirlər...

Və nəhayət, Akan Hüseyn isimli kimyaçı mühəndislə, az da olsa səliqəli başqa bir otağa düşür. Bir dəfə onlar kabab yeməkdən ötrü  plan qurur, Akan bütün aktyor ustalığını işlədib, bunu A.nın boynuna qoyur; öz pullarıyla duzlu ayran, isti kabab aldırır, ağız dadıyla yeyib doyurlar...

Tarık durmadan qaşınır; bit-birələr onu çox incidir. Günəşli bir havada  pəncərə qarşısında şalvarını çıxarıb görür ki, tikişlərdə sirkə-bit qaynayır...Xeyli əziyyət çəkib onları qırır...lakin az sonra pal-paltarı yenə də əvvəlki hala düşür...

Vaxt keçir, Hüseyni istintaqa çəkirlər, axşam dönərkən yazığın olmazın işgəncə gördüyü  ilk nəzərdən  gözə girir...

Tarıkı müdirin otağına götürürlər,  o, Tarıka məsafəli yaxınlıq göstərir (bunun səbəbini Tarık sonradan, atasıyla görüşəndə başa düşür). Orada Tarık jurnalist Uğur Dündarla qarşılaşır, Dündar TRT-nin baş direktoru olacağını, bayırda kiməsə sözü varsa, söyləyə biləcəyini deyir, Tarıksa "yox" cavabını verir...

...Hücrənin qapısı açılır, şişman birini içəri itələyirlər. "Olimpiya" pavilyonunun sahibiymiş. Siyasi şöbə polislərinin bir-ikisi orada yeyib-içmiş, möhkəm sərxoş olmuş, hesab  ödəmək istəməyəndə qarsonlar da onları tutub gözəl-gözəl döymüşlər. Bu səbəbdən, bütün pavilyonu şöbəyə doldurmuş, sahibkarı da Tarıkın hücrəsinə atmışlar. Şişmansa nəyin dərdindəymiş; brillyantlı "Rolex" saatını qaytarmayacaqlar. Əlaqələri vasitəsilə tezliklə qurtulan şişman, çıxarkən Akanı israrla qonaq çağırır. Çox sonralar, Tarık həmin pavilyondaykən, şişman onu gülər üzlə qarşılayıb masasına belə yerlərin ən lüks içkisi sayılan şampan şərabı da qoyur...

...Bir gün çoxdan gözlədiyi hadisə olur; Tarıkı istintaqa çağırırlar. Suallardan biri də buydu; "niyə Yılmaz Güneylə birlikdəsən, niyə ona kömək edirsən?"

"Ona kömək etmirəm ki... O, mənim məsləkdaşımdır. Birlikdə gözəl işlər görməyə çalışırıq."

"Bax, Tarık, bizə yalan söyləmə. Səni əzərik"..

"Səni əzərik", Akana hədsiz toxunur, onu dərindən yaralayır, ağrıdır...

"Sürü" filmini niyə çəkdin?", "Mədən", ""Dəmiryolu" kimi filmlərdə niyə oynayırsan?","Bu vətənə niyə xəyanət edirsən?"

Həəə...alçaqların axırıncı sığınacaq yeri...Vətən...Vətən...Vətənin namından murdar niyyətlərin ört-basdırı üçün neçənci istifadədir bu...

Tarıkı Səlimiyyəyə, həbsxanaya göndərirlər... (Bitlər yenə də ona aramsız əziyyət etməkdədir...) Orada prokuror Tarıkın həbssiz mühakimə olunmasına qərar verir...

Bayırda qardaşı qarşılayır Akanı. Beşinci mərtəbədəki mənzilə güclə çıxır... az qalır nəfəsi kəsilsin...İstefaya çıxmış hərbçi polkovnik olan atasının ilk sualı bu olur ona; "Sənə işgəncə verdilərmi?..." Tarık "yox" deyir. Sən demə, atası  hansısa  generala ağız açıb; "oğluma işgəncə verdirmə". O, həbsdə niyə işgəncə görməməsinin səbəbini  indi anlayır...üç gün evdə oturub başında hər gün dörd-beş dəfə bit-sirkə axtartdırır anasına...və onun başını oxşayıb-sığallamasından sonsuz xoşbəxtlik duyur...ancaq nə bit tapılır, nə sirkə...

...Gecikmədən məşhur vəkil Orxan Apaydınla görüşüb öz məhkəmə perspektivini müzakirə edir. Orxan Apaydın qardaşı vəkil Bürhanla birgə ona məsləhət görür ki, ölkədən qaçıb getsin, əks təqdirdə, altı il səkkiz ay müddətə azadlıqdan məhrum ediləcək. Tarık olub-qalanını satıb pul toplayır ki, gizli yolla Yunanıstana keçsin...Lakin Apaydın zəng vurub onu təcili çağırır, dosyesini təkrar incələdiyini, ittihamda çoxlu boşluqlar tapdığını deyir. Tarık, Apaydının məsləhətiylə əsas şahidi, çalğıçı Osman İşmenlə görüşür, İşmen and içir ki, adından Tarıkın əleyhinə verilmiş ifadələrdən xəbərsizdir, polislər özləri nə gəldi yazıb ona imza etdiriblər, məhkəmədə də sözünü tutub həqiqəti deyir...Eləcə də, Almaniyadan Tarıkın əleyhinə teleqramlar vurulmuş ünvanlar da yoxlanıldıqda  bəlli olur ki, ümumiyyətlə, elə yerlər mövcud deyil...Digər sənədlər də araşdırılır...və Tarık Akan  bəraət alır! Lakin o, 1979-cu ildə Nazim Hikmətin doğum şənliklərində iştirakı və "Barış dərnəyi"nə üzvlüyü bəhanəsiylə təzədən mühakimə (bu dəfə həbssiz) olunur, ancaq daha bir qələbə; yenə bəraət alır...

Sonrasa nə, nələr baş verdi...yuxarıda söz verdiyim o bir cümləni yazıram;

Gün gəldi, 12 sentyabr 1980-ci il hərbi çevrilişinə rəhbərlik etmiş Kenan Evren başda olmaqla, sağ qalan qiyamçı generallar mühakimə olundu və  məhkəmə, 18 iyun 2014-cü il tarixdə, Evrenin ordu  generalı rütbəsinin sökülüb sıravi əskərliyə endirilməsinə və ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsinə qərar verdi...lakin 97 yaşlı qocanın həbsxanaya qədər nəfəsi çatmadı, 9 may 2015-ci ildə xəstəxana küncündə öldü...

Mən burada heç nə demirəm...üç kəlmədən ibarət "Tarık, səni əzərik" şərəfsizliyinin heç bir qarşılığı yoxdur...ancaq...hər halda..., "Ey həyat, sən nə qəribəsən"...

Qəribədir, deyilmi?

...Sənsə nur içində yat, Böyük İnsan, Böyük Usta-Tarık Akan!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!