"Toyuğun diri qalması" - Ekranlaşdırılmış ədəbi əsərlər Sevda Sultanovanın təqdimatında

Layihədə Elçinin "Toyuğun diri qalması" povesti əsasında çəkilmiş filmi təqdim edirik.

Əsərin süjeti: Povestin qəhrəmanı Zübeydə gəncliyində qayğısız həyat yaşayan, gününü əyləncələrdə keçirən, indi isə yaşlanmış qadındır. Kənddə kimsənin sevmədiyi, ciddiyə almadığı qadın qocalığında bazarda süpürgə, ədviyyat satmaqla pul qazanır. O, həm də kənd sakinləri arasında dedi-qoduçu birisi kimi tanınır. Bir gün Zübeydə iki kənd cavanı Ağagüllə Nisənin gizli görüşünün şahidi olur. Onun kənddə dedi-qodu yayacağından, Nisənin adını bədnam edəcəyindən ehtiyat edən Ağagül qadına rüşvət kimi toyuq hədiyyə edir.

...Zübeydə erkən yaşlarında valideynlərini itirib və qoca nənəsinin himayəsində qalıb. O, yoxsulluqdan bədənini satır. Qonşu Şirinnazın evində tez-tez keçirilən eyş-işrət məclislərinin yaraşığı olur.  Müharibə zamanı əsgər ailələri aclıq çəkəndə, onun zəngin həyat keçirməsi qonşularda nifrət oyadır. Ona aşiq olmuş Əbdül adlı mağmın bir kişiyə ərə getməsi isə formal xarakter daşıyır. Zübeydə gəncliyində onu sevən, sonradan müharibədə həlak olan Zakirin duyğularını da cavabsız buraxır... 

Zübeydənin fikirləri, iç dünyası həm yazıçının, həm personajın özünün daxili monoloqu sayəsində açılır.

Finalda qadın əvvəlcə tamah saldığı toyuğu, sonra Ağagülgilin həyətinə atır...

Elçinin 1977-ci ildə yazdığı "Toyuğun diri qalması" povesti ədəbiyyatımzda qadın təbiətini psixoloji planda araşdıran, onun emosional, düşüncə dünyasına, təhtəlşüuruna detallı vurğular edən ən yaxşı əsərlərimizdən biridir. Söhbət təkcə Zübeydədən getmir. Povestdə özəlliklə diqqətimi çəkən bir xətt oldu: mühafizəkar və hermetik mühitdə yaşayan, onun qanunlarına zorən tabe olan qadının identifikasiya sorunu. Başqa cür desək, özünü mövcud reallıqda tapa bilməyən, sahib olduğu qadın kimliyini təhrif edən, sosial münasibətlərə daxilən uyuşmayan, amma fərqli davranış göstərməyə məcbur, bir növ marjinallaşmış qadınlar.

Misalçün, əsərin bir neçə epizodunda qadınların Zübeydənin və onun rəfiqələrinin "hansı yuvanın quşları" olduqlarını bilsələr də, "Zübeydəgilin gözəlliklərinə, kef çəkmələrinə, utanmazlıqlarına" həsəd aparması vurğulanır.

Başqa qadınların həsədi, qəhrəmanın baxış bucağından yox, müəllifin nəqlində yazılır. Əks halda, həsəd, yəni belə bir sosial psixoloji qiymətləndirmə subyektivləşərək oxucunu inandıra bilməzdi, üstəlik, əsərin bədii əhəmiyyətini, ideya yükünü də azaldardı.

Çox güman ki, o qadınlar Zübeydənin həyat tərzinə, seçdiyi yola yox, onun azadlığına, gözəl, seksual görünə bilmək cəsarətinə, kişilərin diqqətində olmağına həsəd aparırdılar.  Çünki gözəl görünmək, üstəlik, gözəlliyi ilə əks cinsi cazibəsinə salmaq istəyi binayi qədimdən qadın təbiətinə xasdır. Əsərdəki qadın həsədi, həsəddən doğan nifrət, hikkə Cüzeppe Tornatorenin "Malena" və Mixalis Kakoyanisin "Zorba" filmlərində kənd qadınlarının həmcinslərinin gözəlliyinə, kişilərin ağlını başından aldığına görə onlara nifrətini yada salır. Hər iki əsərdə həsəd psixoloji basqıdan, mənəvi ittihamdan fiziki təzyiq səviyyəsinə keçir.

Elçin namuslu qadınların gizli, alt istəklərini aşkara çıxarır, onların realizə edə bilmədiyi istəklərinin nifrət kimi sublimasiya olunması ilə əsəri freydist qatda da işləyir.

Hərçənd, müəllifin münasibətində Zübeydənin həyatına bir az moralist pafos duyulsa da, ümumilikdə, qəhrəmanın öz  həyatını, yaşantılarını yenidən dəyərləndirməsi, özünü linçləməsi, saf-çürük etməsi onun dilindən verilir və Zübeydə final səhnəsində ağrılı, ruhi təmizləmə prosesi keçir. Nə vaxtsa bədənini satan qadın üçün maddi maraq üstün olsa belə, o, son anda toyuğu geri qaytarmaqla Ağagülün onu satın almasından imtina edir. Çünki Zübeydə birmənalı obraz deyil. Bəlkə də qəfildən Zakirin sevgisini, həyatının, yəqin ki, ən işıqlı xatirəsini xatırlaması ona imtina üçün səbəb verir. Yaxud sevdiyi qızılgülləri bazarda satmaması, onun üçün, əslində, hər şeyin maddi dəyərdən ibarət olmaması anlamına gəlməlidir.

Zübeydə mənim üçün əxlaq müstəvisində əks qütbdə dayanan milis Səfərdən, Ağabacıdan, Ağagüldən və digər personajlardan fərqli olaraq, həyatının yanlışlarına cəsarətlə, geniş baxa bildiyi, onu dərk etdiyi üçün dərin, bütün insandır. Və o, təklikdə öz vicdanı qarşısında səmimiyyəti ilə (misalçün, Zakirin məktubuna verdiyi şərhlər) ehtiram doğurur.

Axıcı və ritmik dili, dinamik təhkiyəsi ilə oxucuyla səmimi ünsiyyət quran əsər, mentallığa provokativ yanaşmasıyla düşüncələri qıcıqlandırır. Misalçün, niyə orta statistik azərbaycanlının təsəvvüründəki namus, qeyrət anlayışı yalnız bədənin, ət parçasının satılması kimi formalaşıb?  Bir qayda olaraq, bizim təsəvvürümzdəki namus, bu sözün sərhədlərini daraldır, fiziki səviyyəyə enir, mənəvi anlamdan çıxır. Hər halda final epizodunda Ağagülün satın alınmasından imtinası ilə Zübeydə xarakteri mənəvi dəyər alır.

Əsər əsasında Şahmar Ələkbərov 1989-cu ildə "Sahilsiz gecə"  filmini çəkdi.  "Sahilsiz gecə" bədəni kişilər tərəfindən istismar edilən qadın taleyini anladan ilk Azərbaycan filmidir. 

1987-ci ilin yanvarında Sovet İttifaqında aşkarlıq adlı yeni dövrə start veriləndən sonra çəkilən filmlər əvvəllər tabu qoyulmuş mövzuları - fahişəlik, narkomaniya, gəncliyin problemlərini əks etdirirdi. Və "Sahilsiz gecə" aşkarlıq, milli-azadlıq hərəkatı, ifadə azadlığı dalğasında çəkilmiş film idi.

Mütləq qeyd edim ki, "Toyuğun diri qalması" qadın mövzulu filmlər üçün əhəmiyyətli, çeşidli baxış bucaqlarına, yozumlarına imkan verən əsərdir. "Sahilsiz gecə"də (ssenarist Elçindir) bədii mətnin ümumi süjeti, əsas ideya xətti saxlanılıb.  Amma müəyyən dəyişikliklərlə. Örnəyi, əsərdə Zübeydənin fahişəliyi sırf maddi yoxluqla, firavan həyatla bağlıydısa, filmdə repressiya dönəmi qabardılır. Onun atası repressiya olunur, kimsəsiz, köməksiz qızcığazın zorlanması, ətrafın hadisəyə susması, laqeydliyi onun dramının başlanma nöqtəsi kimi göstərilir. Bununla da ekran əsərində Zübeydənin (Oğuldurdı Məmmədquliyeva ) seçimi ictimai-siyasi səbəblərlə əsaslandırılır və rejissor onun faciəsinə biganə münasibət göstərən toplumu da şərik edir.  Repressiya motivinin salınması o vaxt Stalin dönəminin arxivlərinin aktuallaşması ilə bağlıydı. Təsadüfi deyil ki, film də azyaşlı Zübeydənin qarabasması - uşaqlığı ilə başlayır. Əhvalat boyu da balaca Zübeydə tək, dağılmış evin fonunda görünür.

Filmdə Zübeydənin əri Əbdül, Şirinnaz obrazları yoxdur. Əvəzində Roza (Nuriyyə Əhmədova) obrazına Şirinnazın yükü, funksiyası əlavə olunub.

Müxtəlif situasiyalar Zübeydənin keçmişi ilə assosiasiya yaradaraq yaddaşını təzələyir, indiki zamanda təhkiyənin hərəkətliliyi kəsilərək, fleşbək metoduyla onun portreti tamamlanır. 

Rejissor qəhrəmanın təkliyini tez-tez mərkəzə gətirir. Ətrafında adamlar, müsahibləri olsa belə, əksər kadrlarda  Zübeydənin təkliyinə kamera xüsusi vurğu edir, hətta o qələbəlikdə belə, tənha, təcrid olunmuş vəziyyətdədir. Epizodlardan birində onun fikirli-fikirli gəzişərək siqaret çəkməsi, dəmir çəpərdən təsvir olunur. Zübeydənin həbsxananın dəmir barmaqlıqlarını xatırladan dar rakursdan təsviri, daxili aləminin sıxıntısının, keçmişinin həbsində qalmasının vizual həllidir. Hətta Zübeydənin rahat, geniş evi belə, sıxılmış, daralmış məkan kimi kameranın obyektivinə hoparaq onun mənəvi diskomfortunu maddiləşdirir. Beynində dolaşan keçmişin səsləri, kadrarxası səslərdə ifadəsini tapır. Qəhrəmanın təkliyinə, özünəqapanıqlığına uyğun olaraq, filmdə perspektiv planlar demək olar ki, yoxdur.

Rejissor rüşvət alan milis Səfəri (Tələt Rəhmanov) də, qonşu, riyakar Bəşiri (Dadaş Kazımov) də,  onu satın almaq istəyən Ağagülü (Əbdülqəni Əliyev) də, Zübeydənin intimliyinə - evinə acgöz vuayerist baxışla baxan qonşuları mənəvi planda ondan aşağıda qoyur.

Nuriyyə Əhmədovanın, Mehriban Xanlarovanın aşırı və parlaq makiyajı, rəngli əlbisələri yoxsul, çətin müharibə illəri ilə həm məzmunca, həm təsviri baxımdan kontrastdadır.  Zakirin ölüm xəbərini alan Zübeydənin İçərişəhərin dar, sonsuz küçələri arasında uzaqlaşaraq nöqtə kimi itməsi onun gələcəyini eyhamlaşdırır. 

Bir səhnədə qəhrəmanın gənc çayçıya, əlçirki mənasında pulunu oda atmasını israr etməsi, evinə eyş-işrətə gələn gənc qadına nəsihəti didaktik işlənsə də, bu, filmin bədii estetik əhəmiyyətini kiçiltmir.

Finalda Zübeydə evinə kef məclisinə gələn qonaqlarla "Pəncərənin milləri" mahnısına rəqs edir. Mahnı iki epizodda səslənir. İlk epizodda o, əyləncə xarakteri daşıyır. Gənc Zübeydə saçyolduya çıxan rəfiqələrinin səsinin eşidilməməsi üçün coşqu ilə oynayır. Son səhnədə isə onun mahnıya rəqsi həyata, sanki auitik reaksiyasıdır. Çünki həmin səhnədə Zübeydə mahnını eşitmir, duymur, hissiz, duyğusuz oynayır.

Yeri düşmüşkən, rejissor Roza roluna fakturasını uyğun gördüyü üçün müğənni İlhamə Quliyevanı çəkmək istəyirmiş. Amma müğənni Rozanın üzünə dondurma atılan səhnənin ssenaridən çıxarılmasını istəmişdi. Şahmar Ələkbərov isə razılaşmamışdı. Ümumən isə filmdə keyfiyyətli, səmimi, orqanik aktyor oyunu var.

Geniş prokata çıxandan sonra mübahisələrə səbəb olan "Sahilsiz gecə"  səs-küyə səbəb olmuşdu.  Filmin quruluşçu operatoru Rafiq Əliyev bu barədə deyir: "Film çəkiləndən sonra Tofiq Tağızadə dedi ki, o ssenarini mənə də təklif eləmişdilər, qorxdum, çəkmədim. Sonra Əbdül Mahmudov da ssenaridən imtina eləmişdi. Premyera mitinq keçirilən günlərə təsadüf edirdi. O vaxt filmlər ilk dəfə mərkəzi televiziyada göstərilirdi. Kinostudiyanın direktoru Ramiz Fətəliyev zəng vurdu Moskvaya, dedi ki, filmi verməyin, burada hadisələr baş verir, uyğun zaman deyil. Filmi düzgün qarşılamaya bilərlər. Buna baxmayaraq, acığa saldılar proqrama. Həmin dövrdə hamı meydanda idi. Bir dəstə adam hücum çəkdi kinostudiyaya, Şahmarın üstünə. Nuriyyə Əhmədovanın obrazı erməni idi, qızları fahişəliyə  təhrik edirdi. Dedilər ki, siz ermənini təbliğ edirsiz. Əslində isə filmdə göstərilən əsas motiv Stalin qurbanlarını göstərmək idi.  Qəhrəmanın ata-anasını sürgün edirlər, təcavüz edirlər, amma heç kəs onunla maraqlanmır, qayğısını çəkmir.  Burada qadının tənhalığını, cəmiyyətdən təcrid olunmasını, rədd edilməsini qabartmaq istəmişik. Müzakirə olunmalı məsələlər bunlar idi".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!