Pəncərəsiz bir otaq, heç kimə, heç zaman açılmamış... - Cavanşir Yusiflinin təqdimatında fransız poeziyası

Giyom Apolliner

Adətən belə deyirlər: Giyom Apolliner gözəlliyin bütün formalarını poeziyaya nəfəs kimi vermişdi. O, keçən əsrin əvvəllərinin ən mühüm ədəbi fiqurlarından hesab edilir. Giyom Apolliner elə bir məqamda poeziyaya gəldi ki, bu gəlişlə incəsənətdə futurizm, kubizm, dadaizm və sürrealizm kimi istiqamətlərin güclü təkanla inkişf etməsinə səbəb oldu. Yəni adıkeçən şairin missiyası təsəvvür edildiyindən də geniş və çoxplanlıdır. Bu missiya zamanla dərk edilir və aydınlanır.

Apolliner 1880-ci ilin 26 avqust tarixində dünyaya gəlib. Roman da yazıb. "Şairin ölümü". Niyə yazıb? Baş tutmayan, ürəyinə çalın-çarpaz dağ çəkən məhəbbət ağrısı üçün. İlk məhəbbəti daşa dəydikdən və dünyadı, onsuz da hər şey, hər biri yara sağalır deyə, onun da hisslərinin təlatümü yatdıqdan sonra özünü təklədiyi "təcridxanadan" yeni güclə ədəbiyyata qayıdır. 1913-cü ildə şeirlər toplusu çıxır. Tənqidçilər bu kitabın üstünə nə qədər düşsələr də, onu tənqid oxuyla nə qədər çox nişan alsalar da, toplu həmin ilin ən parlaq hadisəsinə çevrilir. Elə həmin ildə "Kubistlər. Estetik düşüncələr" kitabı da nəşr edilir.

Birinci Dünya müharibəsi başlayır. Döyüşür, yaralanır, özü də ağır. Bundan sonra həyatının sonunu hiss edirmiş kimi hərəkətə gəlir. Bu illər ərzində Apolliner ətrafına istedadlı gəncləri toplayır, sürrealist üslubu geniş vüsətlə intişar tapır. Sürrealizm terminini də dövriyyəyə məhz o salır. Onun dərnəyində Andre Breton, Filipp Supo, Lui Araqon, Jan Kokto kimi gələcəyin poeziya nəhəngləri vardı. Bir az sonra o, "Yeni təfəkkür və şairlər" adı altında mühazirələr oxumağa başlayır.

Məşhur kalliqramlarını ölümünə yaxın bir zamanda qələmə almağa başlayır. Onun ideoqramlarında mətn və mətn obrazları qarışıb vahid sistem formalaşdırırdı. Poeziyaya o, həm də vizual gözəllik aşılamaq istəyirdi.

Ədəbi taleyi mübahisələr içində formalaşıb və bu mübahisələr və çəkişmələr bu gün də səngiməyib, belə ki bəzi tənqidçilər hələ də onun adını XX əsrin ən nəhəng imzaları sırasına qatmaqdan imtina edirlər. Ancaq bundan vaz keçək, belə bir ayrıntıya diqqət edək: Apolliner öldükdən az sonra Jak Vaçe Andre Bretona yazırdı:  "Apolliner böyük bir epoxa idi. İndi biz gözəlliklər yarada bilərik". Əsas olan da budur.

Vaxtilə onun dünyanın bütün dillərinə çevrilmiş "Mirabo körpüsü" adlı şeirini elə bu qəzetdə təqdim etmişdik. İndi isə başqa bir şeir.

Yağış

qadın səslərindən yağır,

xatirələrdə belə ölmüş qadınların səsindən.

sən də ağlayırsan,

keçmişdən damcı-damcı uçub gəlirsən,

uzaq görüşlərin sehri kimisən

göy qübbəsinə çəkilmiş buludlar

qulaqlarını tutub qışqıran adamdı bəlkə,

dinlə yağışı, bəlkə elə keçmişin nifrini

köhnə bir musiqinin diliylə ağlayır,

kim bilir,

eşit,

dinlə, bəlkə

səni göylərdə və yerlərdə saxlayan tellər

qırılır, bir-bir...

Jan-Pyer Lömer

Jan-Pyer-Lömer fransız şairidir, 1948-ci ildə Haut-Savoie, Sallanşesdə doğulub.  1985-ci ildə "Görüş" şeirlər toplusu Maks Jakob mükafatına layiq görülüb. Bu toplu daha sonra Fransız Akademiyasının Qran Pri mükafatını alıb. Bütün dünyada olduğu kimi, keçən sərin 80-ci illərinin poeziyası qəribə, açıq, həm də izahı müşkül olan lirizmlə aşılanmışdı, bu cəhət Lömerin mətnlərində mənəvi ağrı və iztirabla çulğaşır.

***

Zaman

Zaman yaralara qaysaq gətirir,

Örtür yaraların ağrısını,

Orada

Yavaşca

Rozmarin çiçəkləyir,

Cahil dostların,

Uzaq düşmənlərin

Yabançı dili

Və Allahın səbri

Ürəkləri parçalayan

İldırımın qəlpəsi.

 

Şeir

Şezlonqda uzanıb baxırsan

Eynəklərinin arxasında

İstinin qovurduğu zəncirotunu görmürsən,

Talanın ən uzaqlığında

Mon-Blan

Ailənin bir üzvüdür...

Orda hava bir az sərinlədimi

Axşamlar

Pəncərə taxtasında özlərinə yuva quran

Qaranquşların çığırtısı eşidilir

Dünyanın ətcə balaları...

Şeir də belədir

Görmədiyin yerlərdən yığılır,

Gəlir, bir yerə toplanır,

Kim oxumursa

Ömrü bihudə keçər...

***

Hava durulan kimi küçələr düşəcək yadına

İndi keçmədiyin küçələr

Qoca çinar ağaclarının altıyla

Sənin küçəndəsə

Bibərlər

Portağallarla baş-başadı,

yanıb-sönən fənərlər baş-başa

Bütün günü qaranlıq yarpaqlara işıq salar.

 

Kilsə... küçənin sonundadı, həm də çox uzaq,

Gedə bilməzsən

Zəng səsləri gəlir

Abid keçir

Bazar gününün ayini icra olunacaq səninlə.

Bu isə İsadır, yanına gəlir

Qəlbinin qırıqlarını bir-bir aydınladır sənin,

hətta dəhlizin başındakı sonuncu otağı da

Pəncərəsiz bir otaq,

Heç kimə, heç zaman açılmamış ...

  

Məktub

Hər gün

Albalı ağacının altıyla

poçt qutusuna tərəf gedirsən,

yağış yağsa belə,

Qayıdanbaş dünyanın bütün səsləri

Qoşulur sənə

Kale, yaxud Tur dö Fransa

                        gedən miqrantların da

Torpağın və güllərin ətrinə qarışıb

                        itir bu səslər... 

 

Məktub nə gəzir (dostların çoxdan ölüb)

Evə gəldinmi adlara baxıb keçirsən

Hamının bildiyi olay,

Dəxli yoxdu, köhnə, ya yeni

gəlib qulağına çatanda

tək bircə söz

Səni yenidən tənhalığa atır...

Alən BOSKE

Alən Boske rus əsilli fransız şairidir. Aleksandr Akimoviç Biskin ailəsində dünyaya gəlib. 1925-ci ildə ailə Bürüsselə köçüb. Alən Boske Brüssel Azad Universitetinə daxil olub. İkinci Cahan savaşı başlayan kimi müharibəyə yollanıb, Belçika cəbhəsində döyüşüb. Adıkeçən şəhər işğal edildikdən sonra  fransız silahlı dəstələrinə qoşulub. 1942-ci ildə Amerika Birləşmiş Ştatlarına köçür, burada fransız jurnal və qəzetlərində redaktorluq edir.

Müharibədən sonra Parisə gəlir. Sorbon Universitetində filoloji təhsil alır. Otuzdan çox şeir kitabı, on romanı, çoxsaylı esse və tərcümələri dərc edilir. Svetayeva, Axmatova, Voloşin və Xlebnikovu fransız dilinə çevirir.

Həyatının böyük bir hissəsini Parisdə keçirməsinə baxmayaraq, yalnız 1980-ci ildə, ölümünə 8 il qalmış fransız vətəndaşlığını qəbul edir. Əslində, o, bütün  planeti özünün vətəni hesab edirdi, ölkələr, dövlətlər arasındakı sərhədləri planetin yaradılışına zidd hesab edirdi. Bu hiss və dünyagörüşü prinsipi daha çox onun poetik parçalarında görünür və gerçəkliyə münasibətinin özülünü təşkil edirdi. Bir tənqidçinin ifadəsilə desək, onun üçün dünya hər şeydən öncə poetik mənalandırma obyektidir, ironiya və emosional təzahürlər onun mətnlərində dünyanı sərhədsiz görməklə ölkələr arasında çəkilən sərhədlər arasındakı kəskin ziddiyyətdən doğurdu. Bu mənada onun başgicəlləndirici metaforaları xüsusi olaraq öyrənilməlidir. Mətndə "yığdığı" obrazlar elə keyfiyyətə malik idi ki, başqa sözlə şair onları elə bir xüsusi prinsiplə bir-birinə yaxınlaşdırırdı ki, qəlbə, gözə və təsəvvürə sığmayan, onlardan daşan paradoksallıq yaranırdı. Yəni poetik ekvibliristika onun mətnlərinə xüsusi orijinallıq bəxş edirdi.

***

Dəniz köpüyü kimi xoşbəxtəm,

Axşam küləyi kimi xoşbəxt...

Birdən diksinib oyanan

Həssas budaqlarından gizlicə axan musiqidən

Titrəyən

Küsdüm ağacı kimi xoşbəxt...

Misralarımı zəncirlə dartıb çəkirəm

Onların tropik adalarından,

Qarabatdağın bəbəklərində yanıb tez də

                        sönən işıltıdan da yüngül

Gəmiləriylə birgə...

Bir qırıq mavini dişlərim arasında sıxıb

Dəryaya cuman kimi baş vururam xoşbəxtliyə,

At belindəyəm,

Atıram özümü

Biçilməmiş otların üstünə

Şehə batmış, qəhərlənmiş

Başdan-ayağa...

***

"Bu şairlər boğaza yığdı məni, - Tanrı deyir, -

boş və mənasız qafiyələrini

ən gözəl güllərimin qulağına taxmaqla,

göylərdə bütün gözəlliyi ilə alışıb-yanan,

günəşimlə oynayırlar,

cüzam kimi zəhərli

qara günəşi görməyə can atırlar.

Bütün bu yalançı filoslardan bezdim,

Mənim göy qübbəmin altında eşələnən

Pozğun qadınların donunun altında

                        nəsə axtaran səfillər kimi.

Təlxəklər bezdirdi məni,

Bezdim onların saxta sözlərindən

Cəfəng bir ümidlə

Mənim həqiqətimi görmək istəyirlər.

Susun, bəsdi, susun bir!".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!