Bəyənmək - hələ sevmək deyil... - Yucin ONİL

 

ƏDƏBİYYAT ÜZRƏ 1936-CI İLİN NOBEL MÜKAFATÇISI: Yucin ONİL

Amerikan dramaturqu. 16 oktyabr 1888-ci ildə Nyu-Yorkdakı "Brodvye" mehmanxanasında tanınmış amerikan aktyoru Ella Onil və irland mühacir Ceyms Onilin ailəsində dünyaya gəlib. Nyu-Yorkdakı katolik internat-məktəbdə ibtidai, daha sonra ona ədəbiyyatı sevdirən Nyu-Londondakı orta məktəbdə təhsil alıb. 1906-cı ildə Printon Universitetinə qəbul olunub, lakin 1 il sonra təhsilini yarımçıq qoyub.

1909-cu ildə atasının etirazına baxmayaraq ailə quraraq, qızıl axtarmaq məqsədilə Hondurasa, oradan İngiltərəyə və Argentinaya gedib. Bu ölkələrdə olarkən avaralıq edib, səfil kökündə yaşayıb, alkoqola meyillənib, depressiyadan əziyyət çəkib. Bir qədər sonra gəmi şirkətində işə düzəlib. 1911-ci ildə Nyu-Yorka qayıdıb və vərəmdən müalicə alıb.

1912-ci ildən pyeslər yazmağa başlayıb. "New London Telegraph"la əməkdaşlıq edib. Kiçik Yucin Onil adlı oğlunun anasından - birinci arvadından boşanıb. 1914-cü ildə C.P.Bekkerin Harvard Universitetində təşkil etdiyi dramaturgiya seminarlarında iştirak edib. 1916-cı ildə dramaturq "The Provincetown Players" teatr truppası ilə əməkdaşlığa başlayıb və həmin truppanın nəzdində onun bir neçə pyesinə qruluş veriblər. Dramaturqun "Yağ-çörək", "Üfüqdə", "Saman", "Qızıl", "İmperator Cons", "İlk insan", "Böyük Tanrı Braun", "Matəm", "Sonsuz günlər", "Şair qəlbi" və sair pyesləri dünya teatrlarının səhnəsində uğurla tamaşaya qoyulub. Yucin 1936-cı ildə "Yeni ruhda qələmə aldığı dram əsərlərindəki güclü təsir qüvvəsinə, gerçəyi ifadə bacarığına və dərin fikirlərinə görə" ədəbiyyat üzrə Nobel mükafatına, 1920, 1922, 1928-ci illərdə və ölümündən sonra 1957-ci ildə  Pulitser mükafatına layiq görülüb.

1953-cü ilin 27 noyabrında, 65 yaşında Boston otelində dünyasını dəyişib.

"Ədəbiyyat qəzeti" oxucularına dramaturqun əsərlərindən bəzi sitatları təqdim edirik.

Sitatlar

  • Bəyənmək - hələ sevmək deyil.
  • Bu qədər çox işləmək təhlükəlidir. Bu, elmə məlum olan ən ölümcül vərdişdir.
  • Hər gün ona qurtulmağı mümkün olmayan qəfəs kimi görünürdü.
  • Tənhalığı sevirdim. Günəşin üfüq arxasında gizlənməyinə baxmaqdan, səmaya səpələnən rəngləri seyr etməkdən zövq alırdım. Səma hər gecə bir cür olurdu -  ya buludlu, ya da tamamilə aydın və qürub da müxtəlif rənglərə boyanırdı. İnanırdım ki, orada - üfüq arxasında, təpəliklər tərəfdə möcüzələr diyarı var və həmin diyarda mərhəmətli pərilər yaşayır.
  • Bəli, Harri, elə bilirdim cəsarətləri çatar, buvaxta qədər rədd olub gedərlər. (O, gülümsəyir.) Ola bilsin, içimdə müəyyən şübhələr olub. (Qəflətən səmimi və ciddi peşmanlıq içində dayanır). Məhz bunun nə qədər çətin olduğunu bildiyim üçün. Bilirəm, insan özünü həqiqətin gözlərinə baxmağa məcbur edəndə çox qorxaq olur. Mən odla su arasında qalmışdım və çox iyrənc olduğumu görürdüm. Çətin ki, siz nə vaxtsa keçirdiyim hissləri yaşaya bilərsiz. Bilirəm, insan yalnız bu cür qorxaq olanda saman çöpündən yapışır ki, öz illüziyalarından uzaqlaşa bilsin. Lakin bir daha deyirəm, məhz bu lənətəgəlmiş illüziyalar sizə sabah barədə düşünməyə və özünüzlə barışmağa mane olur.  
  • Sabahla bağlı hər şeyi bilirəm, çünki sabahla bağlı dərslik müəllifiyəm.
  • Son bir neçə ildə heç kəsə, hətta ona da bir şey yazmadım. Dünya ilə rabitəyə girmək həvəsimi itirdim, daha doğrusu, ona imkan verdim ki, məni öz ağılsızlığının tamahında dəfn etsin.
  • Lap erkən yaşlarımdan dərk etmişdim ki, ayıq olduğum üçün həyat məni qorxudur.
  • Toplamaqda həmişə çətinlik çəkmişəm, mənimki çıxmaqdır.
  • İnsan istədiyi şeyə təsadüfən nail olur.

Tərcümə etdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!