Salam, uşaq! - Uşaq ədəbiyyatında sevgi etirafı - Sevinc Nuruqızı

 

Salam, uşaq! Bilirsənmi, mən hər zaman böyük sevginin tərəfdarı olmuşam. "Sevgi varsa, hər şey var!", - deyə düşünmüşəm. Elə mənim kimi düşünənlərin sayəsində, yəqin ki, Yer üzü bütün pisliklərə baxmayaraq, gülümsəyib, yaz gələndə çiçəklərə bürünüb, yay başlayanda uçuşan kəpənəklərlə qanadlanıb, payızda sarı-qırmızı yarpaq yağışında yuyunub, qışın bəmbəyaz qarına bürünüb. Bütün baş verənlərə rəğmən, gözlərini yumub və sakit-səssiz yuxuya gedib. Məncə, bütün bunlar məhz sevginin varlığından doğan bəxtiyarlıqdır.

Uşaq ədəbiyyatı hər zaman böyük-kiçik sevgilərin etiraf  meydanı olub. Bəlkə də, yanılıram. Kiçik sevgi olmur. Bütün böyük sevgilərin, desəm... Amma sevgi ölçüyəgəlməz ki... Onun çəkisi də yoxdur. Bir damcı kimin ürəyinə düşsə, bir ümmana dönər, bitməz-tükənməz... Cəmi iki hekayəsi ilə tanıdığım Sem Makbratni, bəlkə də, dünyanın ən gözəl sevgi hekayətlərini yaradan uşaq yazıçısıdır... "Bilirsən, səni necə sevirəm...". Yəqin ki, Yer üzündə bundan gözəl sevgi etirafı olmayıb: " Yatmaq vaxtı idi... Dovşan balası anasının uzun qulaqlarından bərk-bərk yapışıb üzünü  onun yanağına sürtdü. Sonra gözlərinin içinə baxdı. Anasının onu dinlədiyinə əmin olmaq istəyirdi:

- Ana, bilirsən, səni nə qədər sevirəm?

- Körpə balam, əlbəttə, bilmirəm. Haradan bilim?

- Mən səni bax, bu boyda sevirəmmmm! - və Bala dovşan pəncələrini gücü gəldikcə yanlara doğru açdı.

Amma Ana dovşanın pəncələri daha böyük idi.

- Mənsə səni bax bu boyda.

"Ux, çox böyükdür", - Bala dovşan həyəcanlandı.

- Onda mən səni belə - bax, bu boyda, - deyə o, barmaqlarının ucunda dayanıb, var gücü ilə dartındı.

- Mən də səni - bax belə, - Ana dovşan da barmaqlarının ucunda dayanıb dartındı.

"Ay aman, nə hündürdür, mən də belə edə bilsəydim!".

Birdən Bala dovşanın ağlına maraqlı bir fikir gəldi. Qabaq pəncələri üstə qalxıb arxa pəncələrini ağacın gövdəsinə dirədi:

- Anacannnnn, mən səni arxa pəncələrimin dırnaqlarının ucuna qədər sevirəm. 

- Elə mən də səni sənin arxa pəncələrinin dırnaqlarının ucuna qədər sevirəm, - deyib, Ana dovşan pəncələrindən tutub balasını yuxarı qaldırdı.

- Hə onda... Onda... Mən də səni... Bilirsən, necə sevirəm? Bax belə, - bunu deyib, Bala dovşan talada hoppandı, diyirləndi.

Ana dovşan gülümsündü:

- Bax, mən də səni belə, - o elə hoppandı ki, qulaqları ağacların budaqlarına dəydi.

"Gör bir necə tullanır. Başı ağaclara dəyir. Mən belə bacarmıram!".

- Ana, səni uzun-uzun, çox uzun - bu tala uzunluqda, ya da bizim yanımızdan çaya qədər sevirəm!

- Mən də səni çaydan da o yana, bax o təpələrin o üzünə qədər...

"Çooox uzaqdır", - yuxulu Bala dovşan düşündü. Əsnədi. İşə bir bax, ağlına daha heç nə gəlmirdi. Birdən yuxarıda, kolluqların arasından boylanan Ayı və ulduzlarla dolu böyük qapqara səmanı gördü. Tapdım... Səmadan uzaq heç nə yoxdur!

- Mən səni səmadakı Aya qədər sevirəm, - dedi və gözlərini yumdu.

- Ay səni, gör bir gedib hara çıxdı, - Ana dovşan onu qucağına götürdü, qolları üstə alıb, yarpaq döşənmiş yatağına qoydu. Yanına uzanıb onu sinəsinə sıxdı. Yanağından öpüb pıçıldadı. - Balam, mən də səni Aya qədər sevirəm... Aya və Aydan Yerə qədər...".

Amma məqsədim tamam başqa bir əsər haqqında müfəssəl məlumat verməkdir. Bu, Sergey Kozlovun "Kirpi dumanda" əsəridir. Nağıl Bala kirpi ilə Ayı balasının nağılabənzər dostluğundan bəhs edir. Hər iki qəhrəman gözəlliyi görür və qiymətləndirməyi bacarır. Onlar hər gecə kötüyün üstündə oturub çay içir və ulduzları seyr edirlər: "Əgər mən hər gecə ulduzları silib parıldatmasam, onların işığı azalar", - deyə Bala kirpi düşünür.  Kötüyün sağ tərəfindəki ulduzlar Bala kirpinindir, sol tərəfindəki Ayı balasının. Onlar saatlarla oturub səmaya baxır. Sevgi ilə. Bu sevgidir onları dost edən, yaxınlaşdıran. Bu iki qəhrəmanın Dağ ilə dialoqu olduqca maraqlıdır:

-  Mən gözələm? - deyə Dağ soruşdu.

- Bəli, - Bala kirpi dedi.

- Nə vaxt daha çox xoşunuza gəlirəm - səhər, yoxsa axşam? - Bax bu yerdə Ayı balası da anladı ki, danışan Dağdır.

- Mənim, səhər, - Ayı balası dedi.

- Niyə?

- Onda qarşıda bütün gün olur və...

- Bəs, Bala kirpi, sənin?

- Sən günəşi gizlədəndə kədərlənirəm, - Bala kirpi dedi, -  mən səni gecələr daha çox sevirəm".

Onlar ulduzları sevdikləri kimi, günəşi də sevir. Onlar dostluq etməyi bacarır. Çünki aralarında bir-birinə böyük inam var: "İlk qarın üstü ilə Dovşan ilk dəfə Ayı balasıgilə getdi.

- Ayı balası, sən tanıdıqlarımın ən yaxşısısan. - Dovşan dedi.

- Bəs, Bala kirpi?

- O da yaxşıdır. Amma sən hamıdan yaxşısan! Bu gün yuxudan durdum və anladım ki, - Dovşan dedi, - dünyada səndən yaxşısı yoxdur.

Bala kirpi gəldi.

- Salam, Ayı balası! - dedi. - Salam, Dovşan! Niyə evdə oturmusunuz? Bayırda qar yağıb e...

- Hazırlaşırdım sizə gələm. - Ayı balası dedi. - Bir də gördüm o gəlir və deyir ki, mən hamıdan yaxşıyam.

- Düz deyir, - Bala kirpi dedi. - Sən bilmirdin ki?".

Uşaq əsərlərindəki sevgi etirafı daha səmimidir, daha təmiz və şəffafdır. Uşaq qəlbi kimi. Bu etirafda heç bir əlavə maraq və hiylə yoxdur. Səmadan ələnən büllur yağış damcəlarına bənzəyir uşaq əsərlərindəki sevgi etirafı. Və etiraf etmək lazımdır ki, belə əsərlər nəinki uşaqların, hətta böyüklərin də qəlbini, Sergey Kozlovun xəyalpərvər qəhrəmanı Bala kirpinin təbirincə desək, silib parıldadır. Bəlkə də, uşaq əsərlərindən gələn saf sevgi etirafları olmasa, həyatda hər şeyin, Bala kirpinin düşündüyü kimi, işığı azalar. İşığın bol olsun, Uşaq!

Sergey Kozlov - Kirpi dumanda

Əgər mən olmasam

Lap bir az sonra - ulduzlar doğacaq, Ay havada süzməyə başlayacaq və ləngər vura-vura payız tarlaların üzərinə enəcəkdi. Sonra Ay meşəyə nəzər salacaq, azca dayanacaq, ən yüksək küknarın təpəsində ilişib qalacaqdı. Bax elə buradaca onu Bala kirpi ilə Ayı balası görəcəkdi.

- Bax, - Bala kirpi deyəcəkdi.

- Oho, - Ayı balası deyəcəkdi.

Ay isə getdikcə lap hündürə qalxacaq və öz sönük parıltısını torpağa ələyəcəkdi. 

Bu aydın və soyuq payız gecəsində həmişə belə olurdu. Və hər gecə Bala kirpi ilə Ayı balası gah onun, gah da bunun evində yığışır və söhbətləşirdilər, Dovşanın dili ilə desək, axşamlaşırdılar.  

Bax bu gün Bala kirpi Ayı balasına dedi:

- Nə yaxşı ki, biz bir-birimizin həyatında varıq! Sən təsəvvür et ki, mən yoxam, oturmusan və danışmağa bir kimsən yoxdur.

- Bəs sən haradasan?

- Mən yoxam.

- Belə olmur axı. - Ayı balası dedi.

- Mən də elə düşünürəm. - Bala kirpi dedi. - Birdən də... Birdən mən heç olmadım. Sən təksən. Nə edəcəksən?

- Gedərəm sənin yanına.

- Hara?

- Necə yəni hara? Evinə. Gedib deyərəm: "Bala kirpi, niyə gəlməmisən?". Sən də deyəcəksən...

- Axmaq. Əgər mən yoxamsa, nə deyə bilərəm?

- Əgər evdə deyilsənsə, deməli, mənim dalımca getmisən də. Qaça-qaça qayıdaram evə. Aaaa... Sən burdaymışsan? Və başlayaram...

- Nəyə?

- Deyinməyə.

- Nə üçün?

- Necə yəni nə üçün? Ona görə ki, sən sözləşdiyimiz kimi etməmisən.

- Necə sözləşmişik ki?

- Mən haradan bilim? Amma sən ya öz evində olmalısan, ya da, mənim evimdə.

- Axı mən heç yoxam. Anlayırsan?

- Axı sən burda oturmusan.

- Mən indi oturmuşam da. Əgər mən heç olmasam, harada otura bilərəm ki?

- Ya mənim evimdə, ya da sənin evində.

- Əgər mən olsam da.

- Hə də. - Ayı balası dedi.

- Amma əgər mən heç yoxamsa?

- Deməli, çayın kənarında oturub Aya baxırsan.

- Heç çayın kənarında da yoxam.

- Deməli, hara isə getmisən, hələ qayıtmamısan. Qaçıb bütün meşəni ələk-vələk edib səni taparam!

- Tutaq ki, meşəni ələk-vələk eləmisən, - Bala kirpi dedi. - Və tapmamısan.

- Qaçıb qonşu meşəni axtararam.

- Orada da yoxam.

- Dünyanın altını üstünə çevirərəm. Və taparam. 

- Yoxam mən. Heç yerdə.

- Onda, onda... Tarlaya qaçaram, - Ayı balası dedi. - Qışqıraram: "Baa-laaa kir-piiii...". Və sən eşidib qışqırarsan: "Ayı ba-la-sııııı...". Belə.

- Yox da. Mən yoxam. Heç yoxam. Bir damcı da. Başa düşürsən?

- Nə istəyirsən məndən? - Ayı balası hirsləndi. - Sən yoxsansa, deməli, mən də yoxam. Anladın?

- Yox - sən varsan, amma mən yoxam.

Ayı balası susdu, qaşqabağını salladı.

- Hə, Ayı balası!

Ayı balası cavab vermədi. O, yalnız səmada ən yüksək nöqtəyə qalxıb oradan Bala kirpi ilə onun üzərinə buz kimi işığını ələyən Aya baxdı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!