"Sıx meşədə"... - Ekranlaşdırılmış ədəbi əsərlər Sevda Sultanovanın təqdimatında

Layihədə Ryunosuke Akutaqavanın "Sıx meşədə" hekayəsi əsasında çəkilmiş üç filmi təqdim edirik

Əsərin süjeti: Meşədə kişi meyiti tapılır və bir hadisənin müxtəlif adamlar tərəfindən çeşidli versiyaları danışılır.

Dindirmə zamanı odunçu meyiti meşənin dərinliyində tapdığını, hadisə yerində silah olmadığını, yalnız kəndir və şana gördüyünü söyləyir.

Rahibin sözlərinə görə isə o, qətl ərəfəsində öldürülənlə yolda rastlaşıb. Onun yanında atda oturmuş bir qadın da varmış. Amma qadının başında geniş şlyapa olduğundan üzü görünmürmüş. Kişinin kəmərinə qılınc, kürəyinə isə ox və yay bağlanıbmış.

Keşikçi ifadəsində məşhur quldur Tadzyömarunu tutduğunu deyir. Onda qətlə yetirilən kişinin qılıncı, oxu və yayı olur.

Qarının sözlərinə görə, qətlə yetirilən kişi onun iyirmi altı yaşlı kürəkəni Kanadzava Takexirodur. Onun qızı əri ilə birgə olub. Qarı  kürəkəninin taleyi ilə barışsa da, qızından narahatdır. Çünki gənc qadın itkin düşüb.

Tadzyömaru dindirmədə boynuna alır ki, kişini o öldürüb. O, ər arvadla qarşılaşanda, külək qadının üzündəki örtüyü qaldırıb və bir anlıq onun üzünü görüb. Qadın elə gözəliydi ki, quldur ona sahib olmaq istəyib. Hətta kişini öldürmək lazım gələrsə belə. Amma quldurun məqsədi əri öldürmək olmayıb. Tadzyömaru kişini meşənin dərinliyinə aparır. Qadın isə atla qalır. Quldur meşənin sıx yerində qılınclar tapdığını və ona ucuz satacağını deyir. Ona aldanan kişini quldur tələyə salaraq əl qolunu bağlayır. Sonra Tadzyömaru qadının yanına gedərək kişinin qəfildən azarladığını deyir. Qadın onunla birlikdə gedir və ərinin əl qolu ağaca sarınmış halda görəndə xəncərlə quldurun üstünə atılır. Qadını tərk-silah edən quldur ona sahiblənir. Qadın iki kişi qarşısında rəzil olduğundan, onlardan biri ölməli olduğunu və sağ qalanla gedəcəyini deyir. Quldur razılaşıraq ərin əl-qolunu açır, onlar döyüşür. Nəticədə quldur əri öldürür. Döyüşdən sonra isə o, qadını görmür.

Qadın isə məbəddə danışır ki, quldur onu zorlayandan sonra ərinin ona soyuq nifrətlə baxdığını görüb. Bu baxışdan qadın özünü ələ ala bilməyib və huşunu itirib. Özünə gələndə isə quldur artıq yox imiş. Əri isə ona yenə nifrətlə baxırmış. Onda qadın ərini, sonra özünü öldürməyi qərara alır. O, xəncərlə ərini öldürəndən sonra huşunu yenidən itirir. Ayılanda isə əri nəfəs almırmış. Özünü ödürə bilməyən qadın nə edəcəyini bilmir.

Qətlə yetirilən kişi mediumun köməyi ilə deyir ki, quldur onun arvadına sahiblənəndən sonra, qadına ona ərə getməyi təklif edir. Qadın o halda razılaşır ki, ərini öldürsün. Çünki əri sağ olduğu halda quldurla yaşaya bilməz. Quldur heç nə demədən ərdən, arvadıyla necə rəftar edəcəyini soruşur: Öldürsün, ya bağışlasın. Əri cavab verənədək qadın qaçır. Quldur isə onu haqlaya bilmir. Onda quldur qılıncı, oxu və yayı götürərək kişinin əl-qolunu açır və gedir. Kişi isə özünü öldürür...

Akutaqavanın 1921-ci ildə yazdığı "Sıx meşədə" hekayəsi əsasında çoxsaylı filmlər ekranlaşdırılıb. Siyahıya hind rejissoru Sundram Balaçanderin "Həmin gün" (1954), yapon rejissorları Hisayasu Satonun "Sıx meşədə" (1996), Kenki Saequsanın "Tadzyömaru"(1997) və b. daxildir.

Layihəmizdə isə üç film haqda danışacağıq.

Hekayəni ilk dəfə yapon kinosunun əhəmiyyətli nümayəndələrindən biri, Akira Kurosava 1950-ci ildə işləyib. Rejissor filmi dzidaygeki janrında (yapon tarixi dram janrı, bu janrda çəkilən filmlər əsasən feodal Yaponiyası dövrünü əhatə edir, samuraylardan bəhs edir) çəkib və yazıçının iki əsərindən istifadə edib. Daha doğrusu, filmin süjetinin əsas motivləri "Sıx meşədə" hekayəsinin əsasındadır. Sadəcə, ad və hadisənin başlandığı, iki şahid tərəfindən danışıldığı məkan Akutaqavanın "Rasyömon qapıları" hekayəsindəndir. Kioto şəhərində yerləşən Rasyömon darvazası 789-cu ildə tikilib. XII əsrdə darvaza oğru və soyğunçuların məskəni sayılaraq xarabaya çevrilmişdi. Darvazanın tikintisində cəsədləri və yetim uşaqlardan istifadə edirdilər. Akutaqava üçün Rasyömon Heyan dövrü (bu dövr 794-1185 illəri əhatə edir. Paytaxtın Kiotoya köçürülməsilə Heyan dövrü başlayır. Bu dövrdə islahatlar həyata keçirilib, milli yapon janrları meydana gəlib, ədəbiyyat inkişaf edib) süqutu zamanı yapon cəmiyyətinin mənəvi və fiziki ayrılığının simvolu idi. Hal-hazırda Rasyömon darvazası qalmayıb.

Akutaqavanın 1915-ci ildə yazdığı bu hekayədə müxtəlif təbii fəlakətlərə məruz qalmış Kioto təsvir olunur. Nəticədə şəhərdə quldurlar və oğurluq çoxalır. Evsiz-eşiksiz qalmış bir qulluqçu Rasyömon darvazaları qarşısında yağışın kəsməsini gözləyir. O, bundan sonra necə yaşayacağını bilmir, seçim qarşısında qalır: acından ölməli, yoxsa oğurluq etməlidir. Və o, məcburən oğurluğu seçir.

Filmin vacib kinematoqrafik üstünlüyü odur ki, ilk dəfə kino sənətində bir hadisə müxtəlif baxış bucaqlarından göstərilir. Belə təqdimat kinoda stilistik, struktur, forma və montaj həllində geniş imkanlar açdı. Çox güman ki, məhz bu filmdən az sonra dahi rejissor Stenli Kubrik "Qətl" dramında nəql texnikasında belə bir eksperimentə əl atdı: o, eyni hadisəni daha mürəkkəb montaj və peripetiyalarla müxtəlif personajların baxışından göstərdi. Bu film haqda layihəmizdə ayrıca danışacağıq.

"Rasyömon" filmi yapon kinosunun dünyaya çıxışında mühüm rol oynadı. Film Venesiya festivalının "Qızıl şir" və əcnəbi dildə ən yaxşı Oskar mükafatını qazandı. Kurosavanın versiyası bugünədək hekayənin ən yaxşı, unikal yozumu olaraq qalır.

Rejissor hadisəni Rasyömon darvazasının ağzında yağışdan qorunan odunçunun (Takasi Simura), rahibin (Minoru Tiaki) təsviri ilə başlayır. Sonradan onlara qoşulan kəndliyə (Kitidziro Ueda) məhkəmədə hadisə haqda verilən ifadələri danışırlar. Onları heyrətləndirən iştirakçıların nəqlində eyni hadisənin üst-üstə düşməməsidir.

Sonradan isə hadisənin dörd versiyası təqdim olunur. Hekayədə yeddi adam ifadə versə də, hadisənin necə baş verdiyinin şahidi üç adamdır: qadın, quldur və ər. Filmdə isə dörd versiya irəli sürülür. Dördüncü adam, finalda hadisəni gözlərilə gördüyünü deyən odunçudur. Hekayədən fərqli olaraq qadının anasının obrazı filmdə verilməyib. Kurosavanın əlavə etdiyi odunçunun versiyasına görə, quldur qadını zorlayandan sonra ona ərə getməyə dilə tutur. Qadın isə onlar arasında döyüşdə kim sağ qalarsa, onunla yaşayacağını deyir. Ər isə qadına görə ölmək istəmir. Onun sözlərinə görə, qadının özünü öldürmək imkanı olsa da bunu etmədi. Quldur da vuruşmağın əleyhinədir. Amma qadın onların qorxaqlığına istehzası ilə döyüşə təhrik edir. Amma quldurun dediyindən fərqli olaraq, odunçu Tadzyömarunun qorxaqca vuruşduğunu söyləyir. Və quldur təsadüfən qalib gəlir və kişinin mərhəmət diləməsinə rəğmən onu qətlə yetirir. Qadın dəhşət içində qaçaraq gözdən itir, quldur isə qılıncları götürərək gedir.

Filmdəki final hissə də hekayədə yoxdur. Həmin epizodda odunçunun nəqli çağanın ağlaması ilə kəsilir. Personajlar darvazaya yaxınlaşanda səbətdə uşaq görürlər. Kəndli dərhal körpənin amuletini və kimonosunu götürür. Odunçu onu qınayanda kəndli onun məhkəmədə həqiqəti nədən danışmamasının səbəbini bildiyini deyir. Çünki o, hadisə yerində bahalı xəncəri götürüb və o da oğru sayılır. Rahib isə ətrafındakı yalanlardan dəhşətə gəlir. Odunçu rahibdən uşağı almaq istəyəndə isə uşağı vermir. Düşünür ki, odunçu da körpənin son köynəyini oğurlamaq istəyir. Altı uşaq atası olan odunçu onu övladlığa götürmək istədiyini və oğurladığı xəncərlə bir müddət onları dolandıra biləcəyini deyir. Rahib körpəni odunçuya verərək, onun insana inamının yenidən qaytardığını bildirir. Yağış yağır və yenidən günəş parlayır.

Əhvalatın bədii həllinə, strukturuna görə, Kurosavanın traktovkasındakı nəql bədii mətndən maraqlı və yaradıcıdır. Əgər Akutaqava hekayəni sadə yolla, ardıcıl olaraq şahid ifadələri ilə nəql edirsə, Kurosava səliqəli ardıcıllıqdan imtina edir, əhvalatı əlavə xətlərlə (odunçunun baxışı, Rasyömon darvazası qarşısında personajların söhbətləri) dolğunlaşdıraraq, montaj imkanlarını genişləndirərək çoxtərəfli süjet qurur, bir neçə zaman və məkanı paralelləşdirir. Hadisəni həm məhkəmə, həm hadisə yerində, həm də Rasyömon darvazalarında danışır.

Filmin daha bir mühüm cəhəti hekayədən fərqli olaraq, Kurosavanın məişət səviyyəsindəki kriminal dramı bəşəriləşdirməsi, universallaşdırılması və dünyəvi dəyərləri önə çıxarmasıdır. Bunun üçün o, "Rasyömon darvazaları" hekayəsindən istifadə edir, hər bir şahidin öz məqsədinə uyğun hadisəni danışması fonunda, təbii fəlakətlərdən də dəhşətli olan insani keyfiyyətlərin tənəzzülə uğramasını, insan xislətindəki yaramazlığa, hərisliyə vurğu edir. Kurosava bununla bağlı müsahibələrindən birində deyir: "İnsanlar özləri ilə belə, vicdanlı ola bilmirlər". Həqiqət axtarışı, insana inamın itməsi onun nəqlinin motivlərindən biridir.

Başqa bir tərəfdən, rejissor gerçəkliyə münasibətdə hər kəsin öz həqiqətinin, öz baxışının olması fikrini irəli sürərək əhvalata fəlsəfi anlam qatır, məna miqyasını genişləndirir. Təsadüfi deyil ki, bu filmdən sonra sosiologiyada, hüquqda, psixologiyada, siyasətdə "Rasyömon effekti" anlayışından istifadə olunmağa başladı. "Rasyömon effekti" baş vermiş bir hadisənin şahidlərinin və ya mövzuyla bağlı diskussiya iştirakçılarının subyektiv qavramalarından dolayı vahid, aydın mövqeyə gələ bilməməsidir.

Filmin uğur qazanmasının başqa bir səbəbi bəşəri mövzunun minimalist ifadə vasitələri, məkan və kompozisiyaları ilə işlənməsidir. Bu, eyni zamanda az büdcə ilə bağlı idi. Məhkəmə səhnəsi kiçik məkanda, amma şahmat taxtasındakı fiqurlara uyğun qurulub. Bu, həm vizual üslub kimi meydana çıxır, həm də vəziyyətin dolaşıqlığını eyhamlaşdırır.

Seçilən rakurs və planlar, düzgün montaj - təsvirin psixoloji qatını dərinləşdirir. Operator Kaduzo Miyaqva özünün dediyi kimi, qulduru, arvadı və əri iri planlarda ardıcıl göstərir. Əsas məqsəd münasibətlərin üç tərəfliliyini, onların həmin andakı ovqatıyla, baxışıyla göstərməkdir.

Əhvalatın müxtəlif baxış bucaqlarından danışılmasıyla rejissor tamaşaçını da bu kazusa cəlb edərək düşündürür.

Rejissorun quldur rolunun ifaçısı Tosiro Mifuneyə verdiyi tapşırığa əsasən, o, obrazındakı mimikaları, ifadələri, intonasiyasını mümkün qədər şirə bənzədir.  Hadisə yerində də, məhkəmədə də quldur üz ifadələrini təhrif edir, qəribə səslər çıxarır və məqsəd onun mahiyyətini karikaturalaşdırmaqdır.

Maraqlı faktı deyim ki, Rasyömon darvazası səhnəsində Kurosava yağışın nəinki ön, həm də kadrın dərinliyində nəzərə çarpması üçün yağış çiləyən maşına mürəkkəb qatmağı tapşırır və bu da yağışa kontrastlılıq verir.

Kurosava, bir qayda olaraq, eyni səhnəni müxtəlif kameralarla çəkirdi, bu, bir predmetdən, personajdan digərinə axıcı hərəkətlə keçmək effektini yaradırdı. Bundan başqa, Kurosava dar kadrda çox personajların iştirakıyla maraqlı mizanlar qurmağın ustasıdır ki, "Rasyömon" da bundan istifadə edir.

"Rasyömon" yapon prokatında uğur qazanmayıb. Yerli tənqidçilər ədəbi əsəri çox dəyişdiyinə görə rejissora irad tutmuşdular.

Filmin 1951-ci ildə Venesiya kinofestivalının proqramına salınmasının əsas səbəbkarı italyan yaponşünası Culian Stramidcoli olub. Onun bu seçimi ilə əvvəlcə razılşamayıblar, hətta yapon hakimiyyəti təklif edib ki, yapon kinosunun uğuru qismində Oduzunun işlərindən biri nümayiş olunsun. Amma festivalda nümayişdən sonra film dünyada böyük uğur qazandı.

İkinci film Yaponiya və Amerikanın birgə istehsalı olan, rejissor Hiroaki Yösidanın 1991-ci ildə ekranlaşdırdığı "Dəmir labirint"dir. Hadisələr müasir dövrə və Amerikaya proyeksiya olunur. Zəngin iş adamı, yapon Tsukida (Hiroaki Murakami) əvvəllər model olmuş amerikalı modellə (Bridcit Fonda) evlidir. O, Amerikada bir şəhərciyi alır, nəhəng zavodu söküb yenisini qurmaq istəyir. Şəhərciyin sakinlərindən biri Barri (Ceff Feyn) onun arvadına vurulur. Onların arasında eşq macərası başlayır. Xəyanətdən xəbər tutan kişi arvadının sevgilisi ilə döyüşdə ağır yaralanır.

"Dəmir labirint"in nəql texnikası "Rasyömon"dan daha mürəkkəbdir. Hadisə həm qadın, həm sevgilisi, həm Barrinin dostu, balaca oğlan, həm də Tsukida tərəfindən polis dindirməsi zamanı danışılır.

Kurosavanın versiyasından fərqli olaraq, nəinki qətlə cəhd hadisəsi, eyni zamanda Barri ilə qadının tanışlığı, münasibətləri özləri tərəfindən müxtəlif cür nəql olunur. Misalçün, qadın otel otağında Barrinin onu zorla öpdüyünü deyir. Kişi isə həmin vəziyyəti başqa cür danışır. Sonda qadın ərinə xəyanət etdiyini boynuna alır.

Üstəlik, onların dilindən səslənən əhvalat yarımçıq saxlanılaraq, indiki dövrə dönüş edilir. Dolaşıq, amma bir-birini tamamlayan xətlər dramaturji bütövlüyü saxlayır. 

Əhvalatın sonlarına yaxın sağalan Tsukida heç kimin günahkar olmadığını deyir və hadisə xoşbəxt sonluqla bitir. Finalda isə köhnə zavod sökülür.

Bununla belə, hekayə məzmun etibarilə hər mənada lokaldır: həm əhatə etdiyi anlam, həm psixoloji, sosial, mənəvi dərinlik baxımından. Yəni rejissor filmi, sadəcə, səthi məhəbbət üçbucağı kimi işləyib.

Amerikalı rejissor Martin Ritt "Qəzəb" filmini 1964-cü ildə çəkib. Bu, "Rasyömon"un uğursuz remeykidir. Vətəndaş müharibəsindən sonrakı Amerikada baş verən hadisədə quldurun (Pol Nyuman) qadını zorlamasından sonra ər (Lourens Harvi) və arvad (Kler Blum) öz aralarında keçmişləri ilə bağlı haqq-hesab çəkirlər. Polkovnik ər arvadını çox kişilərlə münasibətindən xəbəri olduğunu deyir və buna görə onu ittiham edir.

Filmin böyük hissəsi ər-arvad konfliktinə çevrilir. Hətta quldur konfliktdə onları ayırmağa çalışır.

Vestern janrının estetikasında çəkilən filmdə məhkəmə səhnəsi daha kütləvi işlənib, dialoqlar çox, aktyor ifası zəifdir.

...Məhz Kurosavanın əsərə müraciətindən sonra hekayə digər rejissorlar tərəfindən ekranlaşdırılmağa başladı. Yuxarıda qeyd etdiyim kimi, həm yozumuna, həm də kinematoqrafik əhəmiyyətinə görə Kurosavanın "Rasyömon"u təkrarsızdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!