Kal gavalını dişləyən qızcığaz üzünü turşudub qaşlarını əydi... - Yapon xokkuları Murad Köhnəqalanın tərcüməsində

Basyo

(1644-1694)

Söyüd başını sallayıb.

Budaqdakı bülbül

Ağacın qəlbi kimi göründü mənə.

***

Qaranlığın içində

Sən şamı yandıranda

Əlində ildırım tutmuş kimi idin.

***

Hər tərəfi qar örtüb.

Meşədəki taxta evdə

Tənha bir qarı.

***

Buddanın ad günündə

O balaca maral balası

Dünyaya gəldi.

***

Yatağıma dolan külək

Qulağıma beləcə pıçıldadı:

"Payız gəldi, artıq".

***

Meşədə ağ göbələk.

Tanımadığı bir yarpaq

Yapışıb şlyapasına.

***

Bu qayğısız çəmənliyə

Torağayın nəğməsi

Çox rahat və maneəsiz yayılır.

***

Getmək! Mən sənə göstərəcəm

Uzaq Yesində gilənar necə çiçəkləyir,

Ey mənim köhnə şlyapam!

***

Su çox soyuqdu.

Dalğalarda yellənən qağayının

Gözünə yuxu getmir.

 

Kyöray

(1651-1704)

Bu necə olur, dostlar?

Gilənar çiçəyini seyr edən adamın

Qurşağında uzun qılınc.

***

Yəqin əllərin

Hündür otlara qarışıb

Arxamca əl edir uzaqlardan.

 

TİYÖ FUKUDA

(1703-1775)

Bədrlənmiş Ayın gecəsi.

Hətta quşlar da

Yuvasının qapısını örtməyib.

***

Qanadlarını çırpdı.

Yuxuda nə gördü görəsən

Mürgüləyən kəpənək?

***

Necə də dogma və şəndi

Dilənçinin yatağı.

Cırcırama bütün gecəni oxuyur.

***

Ey nurlu Ay,

Mən hey sənə tərəf gəlirəm

Sənsə uzaqlaşırsan, uzaqlaşırsan.

XYAKUTİ

(1748-1836)

Odur, satdığım inəyimi

Kəndimizdən çıxarıb aparırlar

Duman içində.

 

BUSON

(1716-1784)

***

Ağır məbəd zəngi.

Ucqarına qonmuş kəpənək

Mürgüləyir.

***

Qüssə içində yamacı qalxırdım

Nə görsəm yaxşıdı?

Çiçəklərlə dolu itburnu kolu.

***

"Tufan başlayacaq" -

Küçə soyğunçusu

Məni ehtiyatlı olmağa çağırdı.

***

Yol kənarına atılmış dibçəklər

Gecə yağışlarında

Zərifcə çiçəkləyiblər.

***

Hürkmüş oğru

Evlərin damı üstündə qaçır.

Soyuq gecə.

***

Şeh düşdü

Göyəmin bütün tikanlarından

Damcı asılıb.

***

Kal gavalını dişləyən qızcığaz

Üzünü turşudub

Qaşlarını əydi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!