O dünyadan gələn qadın və ya səsimdən yapış... - Samirə Əşrəf

İki insan arasında sevgi yaranandan bir müddət sonra ortaya çıxan ilk suallardan biri bu olur: Görəsən, mən olmasam o, nə edər?!

Bu sual tez-tez olmasa da, hərdən yada düşür, insanı məşğul edir. Bu həm də insanın öz gələcəyinə qarşı keçirdiyi nigarançılıq hissidir. Görəsən mən olmasam, nə zamansa bu dünyadan köçsəm, nə dəyişəcək? Bu səbəbdən də bu sualları çox qurcalamaq olmur. Çünki cavab hər bir insanın özünə daxili bir duyumla bəllidir: "Heç nə!"

Dünya yenə fırlanacaq, müharibələr davam edəcək, yeni insanlar doğulacaq, köhnələr dünyadan köçəcəklər və.s.və i.a.

Yazıçı Kamal Abdullanın "Bir-iki, bizimki" pyesi əsasında hazırlanmış "Səsimi unutma" tamaşası da eyni ilə bu suallar ətrafında hazırlanıb.

"Yuğ" teatrının səhnəsində yuğlanan tamaşanın rejissoru Gümrah Ömər, qadın rolunun ifaçısı aktrisa Gülzar Qurbanova, kişi rolunun ifaçısı isə aktyor Məmməd Səfadır.

Hə, bir də aktyorlar Amid Qasımov və Ləman Novruzova da var. Onlar kişi və qadının səslərini, həm də vizual görüntülərini ifa edirlər.

Uzun illər əvvəl türk yazıçısı Peyami Safanın "Ölən sevgili" adlı hekəyəsini oxumuşdum. Hekayə sevdiyi qadını itirəndən sonra dərin depressiya yaşayan, uzun müddət xəstəxanada müalicə alan kişinin sonrakı həyatından bəhs edirdi.

Həmin hekayə mənə çox - o qədər ağır təsir etmişdi ki, bu günə qədər də bütün cümlələri, dialoqları xatırlayıram. Baxmayaraq ki, cəmi bircə dəfə oxumuşdum...

"Səsimi unutma" tamaşasına baxdığım zaman yenə o hekəyəni xatırladım. Ordakı kişi qadınını itirəndən sonra ölmə, yox olmaq istəyini... Burdakı kişi isə ölümdən qorxur. Amma həm də sevir. O dünyadan gələcək olan qadını...

Qadın gah cavan, gah orta yaşlı görüntülərlə onun gözünə görsənir. Gözə görsənən ruhdur, ya xəyal bunu müəyyənləşdirməyi rejissor tamaşaçının öz ixtiyarına buraxır.

Əslində, ruhlar sag qalan insanları o qədər də incitmirlər. Onlar artıq o tərəfdədirlər. Amansız olan xəyallardı. İnsanın yaddaşına hopan, ordan heç cür çıxmaq istəməyən xəyallar hər zaman insanı məşğul edir, onun yaddaşını qurcalayır. Bəzən də həmin xəyallar elə ruha çevrilirlər.

Tamaşa boyu qadın bu dünyada qoyub getdiyi kişini özü ilə aparmaq istəyir. Qadın özü oralı olsa da, gözü bu dünyada, bu dünyadakı kişidə qalıb. Onsuz ruhu narahatlıq keçirir. Sakitlik tapmır.

Kişi isə qətiyyətsizdir. Çünki gözünü açandan onunla təmasda olub. Bir sinifdə oxuyub. O, qızın saçlarını yolub, onu aldadıb, ağladıb, incidib və sevib...

Sevgi onu qadının xəyalı ardınca hara olur-olsun getməyə məcbur edir. Amma bu dunya, fani dünya da var axı... Onun cah-calalı, açılan günəşli sabahları, hər gün ora-bura tələsən insanları, yamyaşıl təbiəti, sərin bulaqları, təmiz havası, gözəl qadınları kişiyə imkan vermir ki, bu dünyadan üzülüşsün. Kim üzülüşər axı? Heç kim!

Bu get-gəlli düşüncələr arasında səhnədəki dekorasiyalar da dəyişir. Stullar bəzən güzgü, bəzən divar, bəzən pilləkən və ən sonunda tabuta, qəbirə çevrilir. Kişi təslim olur. Özü də bilmədən qadına, onun xəyalına, bəlkə də ruhuna ram olur.

Kişinin ölümündən sonra hər tərəf qaranlığa bürünür. Ortamı səslər idarə edir, bir-birini görməyən, tapa bilməyən səslər. Məlum olur ki, görüntü, bədən, əslində elə bu dünyada var imiş, o dünyadakılar, ancaq ruhlar və səslərdi. Bir də ki, xəyallar.

Bu səbəbdən qadın və kişini cavanlığını canlandıran qızla oğlanın arasındakı son dialoq da belə başa çatır:

Oğlan: - Ver, əlini. Hardadı sənin əlin? Titrəmə. Gəl, gedək.

Qız: - Yox, gəlmirəm, Qorxuram. Sən məni saldın bura.

Oğlan: - Ağlama. Gəl, dalımca. Səsimdən yapış...

Aktyor Məmməd Səfanın obrazlarındakı təlatümlərin ötürülməsi məni hər zaman təsirləndirib. Bu tamaşadakı inandırıcı ifasıyla da tamaşanı səhnəyə kökləməyi bacarır. Onun özünəməxsus gülüşləri, səsli ironiyaları, həyatı vecinə almamaq kimi tövrləri həddindən artıq təbiidir.

Aktrisa Gülzar Qurbanovanın artıq neçənci dəfədir ki, səhnədən izləyirəm. Və onun təbii doluxsunmaları məni sözün əsl mənasında məhv edir. Bir aktrisa öz roluna bu qədər hakim olmağı, tamaşaçını birbaşa obrazının ardınca aparmağı necə bacarır? Bu hansı ilahi bir vergidir ki, bizim ölkənin kiçik bir səhnəsində pərvəriş edib.

Düzdür, ara-sıra Gülzar xanımın obrazında Medeya rolunun izləri hiss olunurdu. Hətta Fellinini xatırladan teatral oyunlarını da unutmuram ki, bununla sanki aktrisa hər dəfə sevdiyi rejissoru yad edir.

Amma bütün bunlarla yanaşı Gülzar Qurbanova həqiqətən də maraqlı və təkrarolunmaz aktrisadır.

Amid Qasımovun gah güləyən uşaq, gah qıcıqlandırıcı yeniyetmə, gah da xəyali gənc obraza çevrilməsi tamaşanın oynaqlığına xidmət edir. Amidin hətta səsini, baxışlarını, əllərinə tamaşa etməsini belə teatr adlandırmaq olar. Onun tərəf-müqabili olan aktrisa Ləman Novruzova və Amid Qasımovun ifası tamaşa boyu tamaşaçını yorulmaqdan və kədərli situasiyaların ağırlığından xilas edir.

Ləman Novruzovanın baxışlarındakı, gülüşlərindəki şeytani ifadə onun gələcəkdə çox maraqlı qadın rolları ifa edəcəyindən xəbər verir.

"Yuğ" teatrı mövsümü məhz "Səsimi unutma" tamaşası ilə bağlandı. Mənim isə tamaşaçılardan bir xahişim var. "Yuğ" teatrını unutmasınlar. Çünki unudulamayacaq tamaşalar hələ qarşıdadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!