"Güllü köynək kənd uşağı" şeiri və daxili semiotik passajlar... - Ülvi BABASOY yazır

Ülvi BABASOY

Şeir ümumi təhlil metoduna cəlb edilməyən sənətdir. Hekayə və ya romanı ümumi təhlil süzgəcindən keçirmək mümkündür. Şeirdə bu metod istənilən halda uğursuz nəticə verir. Çünki şeirin təhlil parametrləri başqadır. Üstəlik, poeziya sənətinə uyğun təhlil metodu tətbiq etməyəndə həmin şeir haqqında yarımçıq, pərakəndə fikirlər ortaya çıxır. Faiq İsmayılovun şeirləri ümumi təhlilə cəlb edilməyən şeirlərdir. Ona görə ki,  şeir çoxsəsli və çoxqatlı bir sənətdir. Ədəbiyyat nəzəriyyəçisi, kulturoloq Terri İqlton şeiri bütün ədəbi janrlardan çətin və tükürpərdici sənət adlandırır. Çünki şeirin dil potensialı sərhədsizdir. Bütün üslubi imkanlar şeirdə əks oluna bilir. Şeir sənəti bədii üslubdan məişət dilinə, mətbuat leksikonundan rəsmi-işgüzar üslubun yad ünsürləri qəbul etməyən ərazisinə qədər uzanır. İqltona görə, şeir daha çox məişət üslubuna yaxındır. Çünki gündəlik ünsiyyət vasitəsi şeirin estetik keyfiyyət imkanları ilə uzlaşır. Faiqin "Güllü köynək kənd uşağı" şeiri məişət dilinin lokal və qlobal potensialını sərgiləyir. Şair Vüqar adlı dostuna müraciət edir:

Güllü köynək kənd uşağı,

arzuların göy qurşağı,

yüyürərsən, çatammazsan.

 

Güllü köynək kənd uşağı,

bitdi nənənin nağılı.

Qoy gözlərin böyüməsin,

nənən, vallah deyinməsin, -

burda keçmir kənd öyüdü,

kənd ağlı.

Güllü köynək kənd uşağı,

gözlərinin qorasını sıxdın bəsdi,

köynəyini çıxart, ağart

şalvarının balağını

apar kəsdir,

bir az daralt.

 

Ürəyin bir çiçək üzü,

ürəyin bir bulaq gözü.

belə olmaz.

Güllü köynək kənd uşağı,

Bir az hiylə,

bir az biclik,

bir az kin at,

küdurət qat.

Şeirdə gündəlik həyatın qayğıları, ictimai-mənəvi yeniləşmənin çətinlikləri və öz ürəyini qoruyub saxlayan güllü köynək kənd uşağının avtoportreti yaradılır. İqltonun şeirin dilindəki çoxqatlı keyfiyyətlər tezisi "Güllü köynək kənd uşağı" şeirində öz bədii həllini tapır. Əvvəla, arzu və istəkləri göy qurşağına bənzədilən güllü köynək kənd uşağının fizioloji və mənəvi vəziyyəti təsvir və tərənnümə cəlb edilir. Vizual bir təsəvvür və təəssüratdan sonra bədii-publisistik xitablar başlayır. Şeirin dili bəzi məqamlarda tribunal, patetik bir ritorikaya çevrilir. Ancaq yenə də şeir olaraq qalır. Terri İqltonun da çətin, mürəkkəb dil və situasiya adlandırdığı məqam budur. Bir şairin lüğət tərkibi olduqca zəngin olmalıdır. Məişət dili şəffaf, aydın,  təmiz  və axıcı bir dildir. Şeirdə məişət dili isə bir qədər tünd və statik görkəm qazanır. Necə ki, "Güllü köynək kənd uşağı" şeirində sərbəst, axıcı üslub qatılaşmış, sabit bir tarazlıqla bir-birini əvəz edir:

Lazımdırsa qorxma, qaqaş,

yalan da sat.

Yekələrin qabağında

ala, qıllı itiniztək

bir az yalman.

Amma, qaqaş, qında dayan,

maska geyin,

baban deyən vicdan, qeyrət

burda çətin...

At bir yana.

 

Güllü köynək kənd uşağı,

göydən enib ayağının altındaca

xalı olar göy qurşağı.

Dünya, qaqaş, gör-götürdü,

Dünya, qaqaş, uşaq kosu,

dünya ötür-ötürdü...

 

Güllü köynək kənd uşağı,

bacarmırsan, heç bacarma, -

məndən min yol savadsızı,

bir qanmazı,

bir arsızı,

öndə görsən,

dişlərini heç qıcama.        

Terri İqlton şeiri digər  bədii mətnlərdən ən çox fərqlənən elitar ədəbi hadisə kimi qiymətləndirir. Çünki dünyanın bütün ölkələrində filologiya təhsili alan tələbələrdən professorlara qədər əksəriyyət şeirdən qaçır. Poeziya nümunələri haqqında fikir söyləmək və yaxud məqalə yazmaq istəmirlər. Şeir sənətinin təhlil metodları və ona məxsus parametrlər çətindir. Ancaq səbəb təkcə bu deyil. "Güllü köynək kənd uşağı"ndan da aydın olur ki, şeirin leksik-semantik, semiotik təhlili daxili xarakter daşıyır. Yəni şeirin hər bir kəlməsi öz daxili semantika qatında semiotik mənalandırmaya, təhlilə yönəlir. Kəlmələr, poetik deyim və fiqurlar polifonik məzmun ifadə edir. "Güllü köynək kənd uşağı" şeirində də həmin poetexnologiyadan istifadə edilib. Oxucu-filoloq güllü köynək kənd uşağı ilə məhrəm, isti bir münasibəti olan şairin fikirləri arasında qalır. Şeir dilinin sadə mürəkkəbliyi ilə tanış olanda ürküb qaçır.  Ancaq elitar bir hadisə kimi maraq doğurur. Axı şeir heç vaxt, amma heç vaxt bir hekayə, roman və ya dram əsəri kimi kütləvi olmayıb.  Şeirin məchul və aydın cəhətləri var. Faiqin dostu Vüqara son müraciəti də hər şeyə rəğmən dünyanı "günəşin doğub batması kimi" gözəlləşdirən şeir sənətinin məchul və aydın tendensiyası ilə kəsişir. Məchulluq şeirin üslub dəyişkənliyində idi. Aydın olan məqam isə yaz fəsli kimi şəffaf və zərif olan kənd uşağıdır. O, kənd uşağının köynəyindəki, ürəyinin altındakı  güllərin heç vaxt solmayan gözəlliyidir. Yaşamaq sənətinin nə qədər çətin və incə iş olmasına  poetik reaksiyadır:

Güllü köynək kənd uşağı,

köynəyinin güllərinə qurban olum,

qoru, qaqaş, köynəyinin güllərini.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!