"Almaz" - Ekranlaşdırılmış ədəbi əsərlər Sevda Sultanovanın təqdimatında

Layihədə Cəfər Cabbarlının "Almaz" pyesi əsasında çəkilmiş eyniadlı filmi təqdim edirik

Əsərin süjeti: Hadisələr ucqar kənddə baş verir. Gənc Almaz burada məktəbdə müəllimə işləyir. İlk səhnədə kənd sakini Yaxşı ona hamilə olduğunu deyir və bu sirri saxlamağını xahiş eləyir. Çünki Yaxşının əri qardaşı arvadının qətlində günahkar bilinərək il yarımdır ki, həbs olunub. Uşağın ərindən olmadığını bilsə, o, qaynı tərəfindən qətlə yetirilə bilər.  

Qonşu kənddə müəllim işləyən Camal Almazı burdan getmək üçün dilə tutur. O, həm də Almazın nişanlısı Fuadın dostudur. Çünki kənddə qalıb işləmək üçün heç bir perspektiv görmür. Almaz isə vətəndaşlıq borcunu əsas gətirərək, vəzifəsini sonadək yerinə yetirməyə üstünlük verir.

Almaz  təkcə şagirdlərə dərs demir, eyni zamanda qadın haqlarının müdafiəçisi rolunda çıxış edir, onların asılı olmaması və müstəqil şəkildə qazanc əldə etməsi üçün məscidin toxuculuq artelinə  (adamların müştərək iş fəaliyyəti) çevrilməsi təşəbbüsünü irəli sürür. Onun təşəbbüsü ilə qadınlar üçün yun birliyi təşkil olunur, iş yerləri açılır. Amma kəndin köhnəfikirli, mühafizəkar adamları İbad, Hacı Əhməd və başqaları buna qarşı gedərək Almazı gözdən salmağa çalışır, onu qadınları, uşaqları əxlaqsız yola çəkməkdə təqsirləndirirlər. Məktəbin direktoru Mirzə Səməndər də Almazı dəstəkləmir, vəzifəsini dərs deməklə bitmiş sayır, digər problemlər isə onu qayğılandırmır.

Almaza gözü düşən kənd şurasının katibi Şərifin onu tovlamaq cəhdləri uğursuz olur. Bir müddət sonra Yaxşının uşağı doğulur. O, körpəsini Almaza verməyə məcbur olur. Kənd arasında uşağın Almazla komsomolçu Baratın olması xəbəri yayılır. Finalda kənd camaatı və dövlətin göndərdiyi komissiyanın iştirakı ilə geniş iclas keçirilir. Almaz guya uşaqları əxlaqsızlığa çəkməsilə bağlı sorğulanır, nəticədə onun günahsızlığı üzə çıxır. Belə olanda Hacı Əhmədin dəstəsi "uşağın atası kimdir" sualını ortaya atır. Cavab almayan kənd camaatı onun güllələnməsini tələb edir. Hadisələrin gərginləşdiyini görən Yaxşı, Molla Sübhanın onu məsciddə zorladığını və uşağın onun olduğunu deyir...

1920-30-cu illər Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlı qədər müxtəlif qadın obrazları yaradan, qadın talelərini, düşüncəsini əsərlərinin mərkəzinə gətirən və ümumiyyətlə, qadın mövzusunu aktuallaşdıran ikinci bir yazıçı tapmaq çətindir. Azərbaycan kinosunun ilk dövrü Cabbarlının adıyla sıx bağlı olsa da, onun əsərləri ekranlaşdırılsa da, kinomuzun sonrakı inkişaf dönəmində dramaturqun yaradıcılığı arxa plana keçdi. Halbuki, istər pyesləri, istər hekayələri maraqlı interpretasiyalar üçün münbit materialdır. İşin istehzalı tərəfi odur ki, elə haqqında danışacağımız "Almaz" və digər pyeslərində, hekayələrində kişimərkəzçilyi tənqid edən dramaturqun öz əsərləri zaman keçdikcə, kinoda qadın diskursunu gözardı edən rejissorlar tərəfindən önəmsənilmədi. Halbuki, "Almaz" pyesini bir daha oxuyandan sonra əmin oldum ki, qadına münasibətdə keçən əsrlə müqayisədə indi də çox şey dəyişməyib...

Məlumat üçün deyim ki, dövlət başçısının  Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı sərəncamından sonra, İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin "Solğun çiçəklər" pyesinin serial versiyasını çəkir...

Qayıdaq filmə. "Almaz" pyesini 1936-cı ildə Ağarza Quliyev  Qriqori Braginski ilə birgə ekranlaşdırıb. Əslində isə filmə Cəfər Cabbarlı özü quruluş verməliydi. O, özünün eyniadlı pyesi əsasında ssenarini yazır, yaradıcı heyəti formalaşdırır, aktyorları seçir, sınaq çəkilişləri aparır, amma qəfil ölümü onun arzusunu yarıda qoyur. 

Ağarza Quliyev xatirələrində deyir: "Yeni ilə  bir gün qalmış kinostudiyada Cəfər sonuncu dəfə aktyorların sınaq çəkilişlərini apararkən ürəyində bərk ağrılar başladı. Onu təcili evə aparmalı olduq. 1934-cü il dekabrın 31-də səhər saat altıda qapımızın qəflətən döyüldüyünü eşidib tələsik eşiyə çıxdım. Qapının ağzında Abbas Mirzə Şərifzadə dayanmışdı. O, çox dalğın görünürdü. Abbas Mirzə məni görən kimi kövrəlib ağladı və çiynimə söykəndi.

- Sənə nə olub, Abbas dadaş?

- Biz Cəfəri itirdik...

Mən özümü saxlaya bilməyib ağladım... Sonra paltarımı geyinib Cəfərgilə yollandıq...

Cəfər Cabbarlının vəfatından sonra "Almaz" filminin istehsalı yarımçıq qalmadı. Mən, rejissor Braginski, operatorlardan Əjdər İsmayılov və İvan Frolov böyük sənətkarımızın başladığı işi davam etdirdik".

Titrlərdə filmin Cabbarlıya ithaf olunduğu xüsusi qeyd edilir.

Film yığcam işlənib,  bir neçə yardımçı süjet xətti, bəzi obrazlar ekran versiyasında əks olunmayıb.  Misalçün,  Almazın anası Xanımnaz, daha sonra Camal, Yaxşının qaynı İbad obrazları filmdə yoxdur. Ekran versiyasında Yaxşı (Hökümə Qurbanova) ərdə deyil, o, qardaşı Kərimlə (Xeyri Əmirzadə) birlikdə yaşayır. Əgər bədii mətndə onu Molla Sübhan zorlayırsa, filmdə onu zorlayan kənd katibinin katibi Şərif (İsmayıl Hidayətzadə) olur.

Pyesdə Almazın bir sıra məqamlarda tərəddüdləri, məsələn, Yaxşının uşağını öz himayəsinə götürməsi ilə bağlı götür-qoy etməsi, çıxılmazlığı, kənd sakinlərinin psixoloj hücumu qarşısındakı müəyyən məqamlarda çarəsizliyi təsvir olunub. Ekran versiyasında isə əksinə, Almaz (İzzət Orucova) dediyimiz məqamlarda qətiyyətlidir, heç bir tərəddüd hissi keçirmədən uşağı himayəsinə alaraq hamının qınağı qarşısında dayanmağı bacarır.  

"Almaz" vizual dərinliyi ilə diqqəti çəkir. Kənd məişəti, onun gündəlik həyatının ritmi (xalça toxuyan, yük daşıyan qadınlar, çöldə işləyən kişilər), evlərdəki interyer detallı işlənib. Kamera yalnız personajlara fokuslanmır, eyni zamanda arxa fondakı təsvirlərə də aksent etməklə kompozisiyanın bədii-estetik keyfiyyətini yüksəldir.

Bundan başqa, məscidin sex kimi işlədiləcəyi xəbəri kəndə yayılanda, kənd əhlinin qəzəbli, tərəddüdlü reaksiyaları qısa planlarda verilir və nəticədə müxtəlif insan üzlərindən maraqlı portret qalereyası yaranır. Müəlliflər bu fənddən daha bir neçə epizodda istifadə ediblər. Ən maraqlı epizodlardan biri məscidin toxuculuq arteli kimi işlədilməsinə bir qrup qadının etiraz etməsidir. Həmin epizodda Almaza nifrətlə baxan qadın portretləri situasiyanın gərginliyini ifadə etmək üçün uğurlu vasitədr. Müəlliflər bu dramatik hissəni, eyni zamanda yumorla işləyiblər. Xüsusən, Fatmanisə rolunun ifaçısı Panfiliya Tanailidinin koloritli oyunu öz obrazını karikaturalaşdıraraq - məscidin qapısında özünü sipər etməsi, Almaza qarşı təxribatlarda təşəbbüskarlığı filmin ən yaddaqalan epizodlarındandır.

Yaxud final səhnəsində, komissiyanın və kənd əhlinin iştirakı ilə keçirilən iclasda Almaza uşağın atasının kimliyi ilə bağlı sualların ünvanlanması səhnəsi iti, qısa montajla həll olunub və bu, nəqlin kulminasiyasının vizual ifadəsini təmin edir.

Ara-sıra qaranlıq, dumanlı, dar küçələrin ekspressiv təsviri ilə Azərbaycanın çətin, ziddiyyətli, keçid dövrünü siyasi-ictimai ovqatı ifadə olunur.

"Almaz", sadəcə, bir fərdin-qadının dramı deyil təbii. O, özündə ümumən dövrü geniş əhatə edərək sosial, ictimai, mental problemləri göstərir. Filmdə sinfi mübarizə əsas motivlərdən biri olsa da,  "Almaz" ümumilikdə ideoloji təbliğat təsiri bağışlamır. Rejissorlar mümkün qədər ideoloji pafosdan qaçmağa çalışıblar, daha çox elə indi də aktuallığını itirməyən qadın haqlarını, düşüncələrdəki köhnəfikirliliyə qarşı mübarizəni ön plana çəkiblər.

Aktyor ifalarının son dərəcə ifadəliyi nəticəsində filmi titrlərsiz də anlamaq mümkündür.

Fatmanisə rolunun ifaçısı, ifası və fakturası ilə seçilən Panfiliya Tanailidinin çox kədərli taleyi olub.  Milliyyətcə yunan olan Tanailidi İrəvan xanlığında doğulub. Ailəsi bura Qarsdan gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər. Tiflisdə teatrda  "Zəngəzurskaya" və "Sürəyya" təxəllüsləri ilə çıxış edib. Ayrı-ayrı illərdə Bakıya gələrək müxtəlif teatr tamaşalarında oynayıb.  1937-ci il repressiyaları zamanı həbs olunub. Ona işgəncələrin verildiyi istintaq uzun müddət davam edib və aktrisanın güllələnməsi barədə hökm çıxarılıb. Tanailidi 1938-ci ilin oktyabrında Bakıda güllələnib. Məzarı yoxdur.

Almaz rolunu "Sevil" filmində də çəkilmiş İzzət Orucova ifa edib. 1934-cü ildə İ.Orucova bu rola dəvət olunanda Elmi Tədqiqat İnstitutunda yenicə fəaliyyətə başlamışdı. İnstitutun direktoru M.Kapelyuşnikov onun filmə çəkilməsinə izn vermir. Moskvadan qayıdarkən qatarda təsadüfən Cabbarlı Kapelyuşnikovla eyni kupeni bölüşürlər. Cabbarlının söhbətləri Kapelyuşnikovu ram edir və o, Orucovaya çəkilməyə icazə verir.

C.Cabbarlı Yaxşı roluna qardaşı qızı Mələyi təsdiq eləmişdi. Əmisinin ölümündən sonra o, roldan imtina edir. Nəticədə bu obrazı Hökümə Qurbanova oynayır və Yaxşı onun kinoda ilk işi olur.

Natura çəkilişləri Şamaxının Dədəgünəş kəndində baş tutub, məktəbin həyəti səhnəsi kinostudiyanın həyətində, məscid səhnəsi isə Maştağada çəkilib.

Cabbarlının vəfatından sonra onun ssenarisi ilə bağlı kinostudiyada bəzi müzakirələr də olur.

Rejissorlardan biri Braginski "Almaz"ı səsli film kimi çəkməyin tərəfdarı idi: "Biz əsl səsli ssenari hazırlamalıyıq. Onu etmək asandır. Ona görə ki, əlimizdə pyes və ssenarinin səssiz variantı var. Quruluşun iki variantda - türk və rus dillərində olması məni o qədər də qorxutmur. Aktyorlarımız dili bilirlər. İndiki halda aksentin qalmasında qorxulu heç nə yoxdur. Danışıq isti və inandırıcı alınır. Hər halda "Almaz" səsli filmini bir ildən sonra ekrana buraxacağıq".

Sonda elan edilir ki, "Almaz" filminin çəkilişləri dayandırılsın və bütün işçiləri ssenarinin səsli variantının hazırlanmasına yönəldilsin.

18 gün sonra yenidən iclas çağırılır.

Braginski işdən narazı olduğunu deyir: "Bəzi səhnələri yenidən çəkmək istərdik. İşə başlamazdan əvvəl hiss etmişdik ki, ssenari ağırlaşdırılmışdır. Səhvimiz ondadır ki, biz rejissorlar ssenariyə tənqidi yanaşmadıq. Ssenaridə çoxlu mənfi, az müsbət obrazlar vardır. Heç də bütün aktyorlardan razı deyiləm. Almazla işləmək çox çətindir, lakin biz ondan razıyıq".

Studiyanın əməkdaşlarından biri Dubrovski onunla razılaşmır: "Qeyd etmək istəyirəm ki, film çəkilən zaman ssenari haqqında belə danışmaq yaxşı üsul deyil. Ssenari ikiqat qiymətlidir: birincisi, ona görə ki, o, Cabbarlı tərəfindən yazılmışdır. İkincisi, ona görə ki, ssenari bizim tərəfimizdən lazımi qiymətini almışdır. Bu ssenari filmin uğuruna tamamilə təminat verir. Mənim fikrimcə, ssenari uğurludur. O sizin işinizdə təməl daşı olmalıdır. Ayrı-ayrı səhnələr çox yaxşıdır.

Məsələ heç də onda deyil ki, ssenaridə dəyişikliklər aparasınız, əsas məsələ odur ki, materialı düzgün təqdim edəsiniz. Nəzərə almaq lazımdır ki, yoldaş Braginski dramaturq kimi yoldaş Cabbarlıdan zəifdir. Bu ssenari dramaturji cəhətdən təməl daşıdır. Filmi də məhz onun əsasında çəkmək lazımdır. Bu ssenaridə əsas məsələ Almaz obrazıdır. Heç bir şeylə əsaslanmayan ssenarinin dəyişdirilməsi haqqında yox, obrazların traktovkası, rejissor işi barədə danışmaq lazımdır.

Almaz sovet həqiqətlərinin müsbət başlanğıcının daşıyıcısıdır. Əgər o, bütün film boyu həyatsevərliyini qoruyub saxlaya bilsə - bu, ətək geymiş "Çapayev"dir. Ssenari bütünlüklə Almazın mənfi qüvvələrə qarşı mübarizəsi üzərində qurulmuşdur.

Əgər rejissorlar filmi çəkə bilmirlərsə, bunu demək lazımdır. Ssenariyə münasibətinizə yenidən baxmalısınız. Əgər rejissorlar hiss edirlər ki, yaxşı film çəkə bilərlər, qoy işləsinlər. Əgər bunu hiss etmirlər, qoy desinlər. Ssenariyə xırda düzəlişlər aparmaq lazımdır".

Nəticədə film səssiz çəkilir və milli kinoda həm də son səssiz film kimi tarixə düşür. 

Yazıda kinoşünas Aydın Kazımzadənin "Azərbaycan kinematoqrafçıları" kitabındakı faktlardan istifadə edilib.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!