"Kürsü" layihəsinin qonağı "Zindan", "Qumarbaz" kimi məşhur romanların müəllifi - yazıçı Çingiz Ələkbərzadənin qızı, müğənni Sevda Ələkbərzadədir

Ölüm anında belə onun qorxu, həyəcan keçirdiyini hiss etmədik...

- Sevda xanım, atanız ilkin yaradıcılıq fəaliyyətinə "Yarpaqlar töküləndə", "Qızıl yəhərli at", "Çılpaqlı", "Vulkan" kimi maraqlı nəsr əsərləri ilə başlayıb. Amma sonradan publisistikaya da istiqamətlənib. Sizcə, onun tam yazıçı kimi fəaliyyətinə nə mane olub?

- Atam hardasa təqdim olunanada jurnalist-yazıçı kimi təqdim olunurdu. Yəni peşə etibarilə onu ancaq yazıçı hesab etmək doğru deyil. O özü də publisistikanı, jurnalist peşəsini çox sevirdi. Azərbaycan Televiziyası fəaliyyətə başlayandan atam orda işləyən ilk işçilərdən olub. Atam həmişə deyirdi ki, əlli yaşım olanda sırf yazıçılıqla məşğul olacam, yaza bilmədiyim əsərlərimi yazacam. Tale elə gətirdi ki, onun arzusu yerinə yetdi, amma başqa cür. Atam elə əlli yaşında həbs olundu və ona məşhurluq gətirən əsərlərin bir qismini həbsxanada yazmalı oldu.

Ümumiyyətlə, hər bir yaradıcı insan öz yaradıcılığına nəzər salanda görür ki, ömrünün müxtəlif mərhələsində yazdığı əsərlər mövzu, üslub baxımından bir-birindən fərqlənir. Çünki insanlar, onların dünyaya baxışı, münasibəti dəyişir. Bu baxımdan, təbii ki, atamın da yazdıqlarına nəzər salanda bu dəyişikliyi, fərqi hiss etmək olur.

-  Atanız 49 yaşında həbs olunub. Həbsxana həyatından bəhs edən "Zindan", "Qumarbaz" kimi məşhur romanlarını yazıb. Sizcə, ona elə çətin şəraitdə yazmaq stimulunu verən, onu mənəvi cəhətdən xilas edən nə olmuşdu?

- Məncə, atamı ədəbiyyat xilas etmişdi. Çünki o, həbsxanada olarkən ancaq ədəbiyyatla məşğul oldu, adlarını çəkdiyiniz romanları yazdı. Bundan başqa, atam ən gözəl şeirlərini də məhz həbsxana illərində qələmə aldı. Bir tərəfdən baxanda görürük ki, dünyanın bir çox yazıçılarının ağır, məşəqqətli taleləri olub. Digər tərəfdən isə düşünürəm ki, axı bu adamlar yazıçı olublar və onlar həyatın çətinliklərini necəsə görməliydilər ki, həyatı qələmə ala bilsinlər. Əlbəttə, övlad kimi atamın həbs olunması, həbsxana həyatı yaşaması mənim üçün çox ağırdı. Amma ümumilikdə götürəndə fikirləşirəm ki, yazıçı ağır həyat şərtləri ilə rastlaşanda, onları yaşayanda onun mətnlərinin gücü daha böyük olur. Bütün günü kefdə-damaqda olan, istirahət edən yazıçının yazıları da o qədər dərin ola bilməz. Yəni yazıçının həyatı nə qədər ağır olsa, yaşantılarında iztirab çox olsa, onun yazdıqları da bir o qədər dərin olacaq.

- Babanız Əbülhəsən xalq yazıçısı olub. Onu necə xatırlayırsınız?

- Babam çox gülərüz, yumşaq insan idi. O, rəhmətə gedəndə mən ikinci sinifdə oxuyurdum. Atamla babamın xasiyyətləri fərqli idi. Babam olduqca təmkinli, səbrli adam idi, atam isə əksinə, emosional idi. Mən və bacım da yəqin ki, emosionallıqda atamıza oxşamışıq. Qardaşım isə babama.

Babam həm də çox cəsarətli, təmiz insan olub. İkinci Dünya müharibəsi başlayanda çoxları müharibədən yayınsa da, o öz xoşu ilə cəbhəyə gedib. Bizim evimizdə də, kənarda da danışırdılar ki, babam heç vaxt heç kimdən rüşvət almayıb, heç kimin heç nəyində gözü olmayıb. Bir dəfə evdə danışırdılar ki, babama kimsə bir qutu şokolad, bir də qol saatı hədiyyə gətirib. Babam isə əsəbiləşərək həmin hədiyyələri eyvandan aşağı atıb. O, "Azərbaycan" jurnalının baş redaktoru olub. O vaxtlar da hər bir yazıçı üçün bu jurnalda çap olunmaq vacib məsələ idi. Babam bir çox adamlara "Azərbaycan" jurnalında çap olunmaq üçün dəstək olub.

- Kimlərə dəstək olub, kimlərin adını çəkə bilərsiniz?

- Açığı, o qədər də çox adamı xatırlamıram. Amma misal üçün, yazıçı Elçinin atası İlyas Əfəndiyevə babam çox dəstək olub. Hətta bir dəfə İlyas Əfəndiyevin televiziyada müsahibəsini izləyəndə onun otağında babamın portretinin asıldığını görmüşdüm. İlyas müəllim özü də elə həmin çıxışında babamın ona köməklik etdiyini vurğulamışdı.

- Atanız həbsdə olarkən hörmət əlaməti olaraq ona şair ləqəbi qoyublar. "Zindan" romanında da Əziz adlı şair obrazı var. Amma həyatdakı şairlə, romandakı şair xarakter etibarilə fərqlidilər. Sizcə, atanız öz prototipində niyə bir az mənfi və ironik çalarlara üstünlük verib?

- Bu, əslində, normal haldır. Heç bir insan özünü tam olaraq bəlli etmək istəməz. Yazıçı da həmçinin. Bədii material da bu baxımdan daha rahatdır. Axı roman gündəlik deyil ki, orda hər şeyi təfsilatı ilə yazasan. Buna görə də atam Əziz obrazını bir az fərqli formada bəzəyib.

- Atanızın "Allaha salam" şeirinə musiqi bəstələyib ifa etmisiniz. Ağrının bu cür özünü ifadəsindən sonra rahatlaşa bildiniz?

- Mən həyatımdakı çətinlikləri, ağrıları dərindən yaşamasaydım, bu musiqini belə emosional ifa edə bilməzdim. Atamın yaşadığı həyatın ağrıları mənim içimdə də var. Çünki onun həbsi, evimizdən gedişi mənim çox yaxşı yadımda qalıb. Bütün bunlar bizim üçün böyük bir faciə idi. Nənəm oğlunun yolunu gözləyə-gözləyə rəhmətə getdi. Dərd onu əldən salmışdı. Hər dəfə qapımız döyüləndə deyirdi, qapını açın, Çingiz gəldi.

Atamgil iki qardaş olublar. Qardaşı da otuz yaşında rəhmətə getmişdi. Atam bir yerdə oturmağı sevməyən, daim hərəkətdə olan azad adam idi. Belə bir adamın birdən-birə həbsə düşməsi dəhşətli idi.

- Atanızı şərləyib həbs etmişdilər?

- Əlbəttə. Hamı bilirdi ki, o, günahsızdır, başına gətirilənlər qondarma oyundan ibarətdir. Sonralar atama bəraət də verdilər. Amma  bu bəraətin nə xeyri ola bilərdi? Ötüb-keçən ağır illər atamın həyatından getmişdi, gəncliyini, sağlamlığını əlindən almışdı.

- Bəraət alması onu az da olsa, sakitləşdirə, xoşbəxt edə bilmişdi?

- Təbii ki, etmişdi. Atam o bəraəti çox gözləmişdi. Çünki baş verənlər şər-böhtan idi. Və atam bu böhtanla ləkələnmişdi. Nə qədər ki, babam sağ idi atama toxuna bilmirdilər. Özləri də etiraf edirmişlər ki, nə qədər, Əbülhəsənin nəfəsi gedib-gəlir, biz onun oğluna əl vura bilmərik. Babam rəhmətə getdi, qırxı çıxmamış atamı həbs etdilər. Atam öz atasının qırxına gələ bilmədi.

- Sevda xanım, sizcə, günahı olmadığı halda bir insanın azadlığının əlindən alınmasına, bu cür sərt şəkildə cəzalandırılmasına səbəb nə idi?

- Atam jurnalist idi. O vaxtlar da bir kanalda nəsə xoşagəlməyən material gedirdisə, hər şey bitirdi. Atam da, yəqin ki, kiminsə xoşuna gəlməyən süjet hazırladı, onu efirə verdi ki, ona qarşı belə davrandılar. Biz, əslində, onun həbs olunmasının təfərrüatlarını, kim tərəfindən təşkil olunmasını da bilirk. Həmin adam da bizim onun haqqında bildiyimizi bilir. Amma biz elə adam deyilik ki, kimisə cəzalandıraq, ona pislik edək. Hər şeydən əvvəl Allah var. Allah hər kəsin cəzasını verir, o, adamlar da cəzalarını aldılar. Heç kimin ahı yerdə qalmaz. Bizim nə günahımız vardı ki, bu qədər əzab çəkdik? Axı, bizim ailənin heç kimlə heç bir işi olmamışdı. Bəs niyə atamın həyatını məhv etdilər, dağıtdılar?

- Yəqin ki, atanız həbsdən sonra çox dəyişdi.

- Əlbəttə. O, həbsdən sonra tamamilə dəyişdi, əsəbi, qapalı insana çevrildi. Başqa bir insan oldu. Biz həbsdən sonrakı atamızı tanıya bilmədik. O, evdə ciddi olsa da, yeri gələndə deyib-gülən, məclis sevən adam idi. Onu yaxından tanıyanlar deyirdilər ki, Çingiz uşaq qəlbli adamdır. Və bu cür insanı kiminsə xoşuna gəlməyən materiala görə elə bir yerə saldırmaq ağır idi. Axı insan həyatı oyuncaq deyil. Məhkəmədə onun üzünə durmaq üçün on altı yalançı şahid tutmuşdular.

- Onlardan biri də sizin atanızın yaxın dostu olub...

- Bəli. Həmin adam atamın operatoru olmuşdu. Mən gözümü açandan onu bizim evdə görmüşdüm. Ailəsi, uşaqları bizim evdə böyümüşdülər. Hətta atam o vaxt bizimlə İsmayıllıya köçəndə o adam və onun həyat yoldaşı da bizimlə birgə getmişdi. Atam ona bir çox məsələlərdə köməklik etmişdi. Amma sonra atam Şamaxıda olanda onun başına bu oyunu açdılar və həmin dost məhkəmədə onun üzünə durdu.

Atam həbsdən çıxandan sonra isə o bizə gəlib atamın qarşısında diz çökdü. Dedi: məni bağışla, mənim başıma silah dayamışdılar ki, sənin üzünə durum. Mən də həyatımdan qorxdum, nə edə bilərdim...

- Bağışladı?

- Bağışladı...

- Atanız həbsdə olanda mənəvi gücünüzü kimdən, nədən alırdınız?

- Biz uşaq idik. Atam üçün çox ağlayırdıq, onu istəyirdik. Anam bizi çox qorudu. Bizimlə yanaşı, atama da qayğı göstərirdi. O bizim boğazımızdan kəsib atama aparırdı. Bizə artıq heç nə alınmırdı. Evə gələn ən yaxşı şeylər atam üçün gedirdi. Atamı hara aparırdılarsa, anam da bizimlə bərabər onun ardınca getdi. O, təzə həbs olunanda başqa bir yazıçının həyat yoldaşı anama demişdi ki, bax ha, teatra, kinoya getməyindən qalma, həyatına davam elə.  Bu sözlər anamın xətrinə dəymişdi. Ondan sonra anam həmin qadından qırıldı.

- Çingiz müəllim bir yazıçı kimi ədəbiyyatı ailəsində təbliğ edə bilirdi?

- Musiqiyə sevgi mənə atamdan keçib. Onun çox gözəl səsi vardı, gözəl də mahnılar ifa edirdi. Bütün məclislərimiz şeir və musiqi ilə keçirdi. Mənim yadıma gəlirdi ki, evimizdə nəsə bir yığıncaq olanda atam orda hökmən şeir deyirdi. "Leyli və Məcnun" poemasını əzbər bilirdi. Nənəmin özü də dastanları, nağılları əzbər bilirdi, bizə danışırdı. Biz də belə bir mühitdə böyümüşdük.

- "Zindan" və "Qumarbaz" romanları çap olunandan sonra atanıza hansısa təzyiqlər oldu?

- Ona heç kim təzyiq edə bilməzdi. Həm də artıq zaman dəyişmişdi. "Zindan" romanı çap olunanda atam saçını həbsxanadakı kimi kəsdirib şəkil çəkdirdi. Biz ona dedik ki, saçını kəsdirmə, kostyum geyin. O isə etiraz etdi. Dedi ki, yox, orda həyat necədirsə, mən də onu elə göstərməliyəm. Həmin şəkli də kitabın üz qabığına vurdurdu.  Biz buna görə çox pis olduq. Roman böyük tirajla çap olundu və dərhal da satılıb qurtardı.

- Sonralar romanı Moskvada ekranlaşdrmaq istəyirlər, amma atanız razılaşmır...

- O vaxt bir rus varlısı atama zəng vurub romanı satın almaq istəmişdi ki, film çəksin. Əlli min də pul təklif etmişdi. Bizim də həmin pula çox ehtiyacımız vardı. Atam biləndə ki, filmdə ancaq rus aktyorları iştirak edəcəklər, bu təklifdən imtina etmişdi. Demişdi ki, bu, azərbaycanlıların həyatıdır, filmdə də azərbaycanlı aktyorlar iştirak etməlidirlər. Qəti şəkildə razı olmamışdı, biz də onu fikrindən daşındıra bilmədik. Millətini, vətənini çox sevirdi. Musa Yaqubun şeirindən olan bu misraları söyləməyi çox sevirdi:

Bəlkə də, borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən

Çürüyüm bir ovuc torpağın artsın!

- Sizin bir ifanıza qulaq asıb ağlamışdı. Hansı mahnı idi?

- "Laçın" mahnısını dinləyib ağladığını görmüşdüm. Amma bunu gördüyümü ona heç vaxt demədim. O, ailədə nə qədər ciddi olsa da, bir o qədər də kövrək adam idi. Onun kövrəlməsi üçün çox zəhmət çəkmək lazım gəlmirdi. Mənim səhnəyə çıxmağıma, müğənni olmağıma isə razı deyildi. Buna baxmayaraq o özü də sənət adamı idi, gözəl də musiqi duyumu vardı. "Laçın" mahnısı atamın, "Şəbi-hicran" isə babamın ən sevdiyi mahnı olub. Hətta babam rəhmətə gedəndə vəsiyyət etmişdi ki, məni "Şəbi-hicran"ın sədaları altında müşayəti ilə doğulduğum kənddə dəfn edərsiniz. Təbii ki, biz onun bu vəsiyyətinə əməl etdik. Yəni bir çox mahnıları mən elə onlardan öyrənmişdim. İllər keçəndən sonra "Şəbi-hicran"ı ifa etdim. Babamın ən sevdiyi mahnını ifa etməyim özümə də qəribə gəlmişdi ki, necə oldu, hardan ağlıma gəldi. Bilirsiniz, həyatda heç nə elə-belə baş vermir. İndi hərdən mənə deyirlər ki, niyə babanızın kitablarını çap etdirmirsiniz və ya onun haqqında nəsə hazırlamırsınız. Bu sözlər mənim xətrimə dəyir. Axı, babam yazdıqlarının hamısını xalq üçün yazmışdı. Onun yaradıcılığını da bu işlə məşğul olan insanlar yaşatmalıdırlar. Bu günə qədər atamın latın əlifbası ilə bir kitabı da çap olunmayıb. Belə çıxır ki, atamın, babamın kitabını qızı, nəvəsi çap etdirməlidir? Bəs bu işlə məşğul olan insanlar nə edirlər?  Axı nə babam, nə də atam adi yazıçı olmayıblar ki, mən də onları təbliğ etmək üçün çalışım. Mənim babam sovet romançılığının banisi olub. Onun taleyinə də sovet yazıçısı olmaq qismət olub. O, müharibədə olub, döyüşüb, gördüyünü, inandığını yazıb. Mənə müharibə haqqında babam kimi ikinci epopeya yaradan yazıçı göstərsinlər... 

- Sevda xanım, Çingiz Ələkbərzadə necə ata idi?

- Çox gözəl ata idi. Uşaq vaxtı bizi çox yerlərə aparıb gəzdirirdi. Dəyərləri olan olduqca dərin insan idi. Yaxşı ki, bu cür xasiyyətlərini bizə də ötürə bilib. Bizim də həyata baxışımız başqalarından fərqlidir. Bizim üçün pul hər şey demək deyil. Bu gün bizi bir çoxlarından fərqləndirən məhz ailəmizdən bizə keçən xüsusiyyətlərdir. Hərdən düşünürəm ki, Çingiz Ələkbərzadə Əbülhəsənin davamçısı idisə, deməli, mən də onların davamçısıyam. Musiqi də, incəsənət də, əslində, sözün davamıdır... 

Bir söz də deyim. Mən bunu ilk dəfədir ki, mətbuatda dilimə gətirirəm. Təxminən on il əvvəl Basqal kəndində babamın ev-muzeyini yaratmaq istədim. Bunun üçün torpaq sahəsi aldım, pul da ödədim. Sonra bir neçə il bu işlə məşğul olmağa vaxtım olmadı. Növbəti dəfə gedəndə həmin adamlar mənim üzümə durdular. Onlara verdiyim məbləği dandılar. Mən, təbii ki, heç nə etmədim. Əgər onlar Basqaldan çıxan ən nəhəng yazıçıya qarşı belə hərəkət edirlərsə, mən nə edə bilərəm? Bütün bunlar çox acınacaqlıdır.

- Atanızı ən çox hansı əhvalatla xatırlayırsınız?

- Hər şeydən əvvəl o mənim atam idi. Təbii ki, ata olaraq heç vaxt yadımdan çıxmayacaq. İkincisi isə çox həyat dolu insan idi. Onunla həyat tamam başqa cür olurdu. Atam həyatın gözəlliklərini bizə göstərə, yaşada bilirdi. Ona görə də bizim uşaqlığımız onun həbsinə qədər çox gözəl, maraqlı, musiqi və şeir dolu keçib. Sevgi dolu insan idi. Əgər ondan sonra aradan keçən bu illər ərzində hər gün biz onun üçün darıxırıqsa, onu xatırlayırıqsa, hər gecə yatanda onu düşünürüksə, demək, o, çox gözəl ata olub.

- Atanızın əsərlərini indi oxuya bilirsiniz?

- Yox, çox çətindir.  Bir neçə dəfə atamın kitablarını açmışam, amma oxuya bilməmişəm. Elə bil ki, onunla yenidən söhbət etmişəm. Amma  bu söhbətin özü belə ağır gəlir. Tab gətirmək olmur.  Bəlkə də ona görə mən "Salam, Allahım" mahnısını belə yanıqlı, hissiyyatlı ifa etmişəm. Bəlkə də, atamın şeiri olmasaydı, elə oxuya bilməzdim. Sadəcə, mənim içimdə həmişə elə bir hiss var ki, həmişə mənə əzab verib. Onun, bizim başımıza gələnlər ədalətsizlik idi. Bax, bu hiss heç vaxt mənə rahatlıq vermir. Hərçənd hərənin öz həyatı var, elə də mənim. Amma mən, sanki tək öz həyatımı yaşamıram, həm də atamın həyatını yaşayıram. Hər dəfə o ağrını içimdən keçirirəm ki, axı niyə belə oldu?  O, həbsdən çıxdı, sonra xəstələndi. Axı mənim atam bütün bunlara, yaşadıqlarına layiq insan deyildi...

- Baş verənlərlə barışa bilmirsiniz...

- Bilmirəm.  Amma bir şeyə çox sevinirəm ki, illər keçsə də, o, yenə də xatırlanır, yada düşür. Fiziki olaraq o xeyli zamandır ki, bizim aramızda yoxdur, amma mən bu gün onun haqqında danışıram, mənim atam yaxşı adam idi deyirəm. Bəzən yolda gedəndə eşidirəm ki, insanlar arxamca deyirlər ki, Allah bunun atasına rəhmət etsin, yaxşı kişi idi. Belə sözlər mənim ürəyimə yağ kimi yayılır. O, çox insanlara, kasıblara örnək olmuşdu. Əlbəttə, biz heç vaxt onun köməklik etdiyi adamlardan hansısa dəstək görməmişik. Amma onun etdiyi yaxşılıqlar tamamilə başqa adamlar vasitəsilə, başqa yerlərdən bizim qarşımıza çıxıb.

- Anasının ölümünü ondan gizlətsəniz də, hiss edir...

- Hə. Nənəm rəhmətə gedəndə biz ona həbsxanaya aş aparmışdıq. Orda bizə həmişə hörmət edirdilər, şairin ailəsi gəlibdir, deyirdilər. Atam anama demişdi ki, gətirdiyin aş anamın ehsanıdır. Gecə yuxuda çoxlu çay daşlarının qəbirdaşına çevrildiyini görmüşəm. Məni aldatmayın, bilirəm ki, anam yoxdur.

- Övladlarına fərq qoyurdu?

- Fərq deməzdim, amma mənə elə gəlir ki, içimizdə ən çox Emmanı (Elmira Ələkbərzadə - S.Ə.) sevirdi. Mən bir az soyuqqanlı təsir bağışlayıram, amma elə deyiləm. Sadəcə, efirdə, başqalarının yanında sızıldamağı, ağlamağı sevmirəm. İstəməmişəm ki, kimsə mənə nə vaxtsa acısın. Hətta uşaq vaxtı evdə kimsə xətrimə dəyəndə heç bir reaksiya vermirdim, amma hamı yatandan sonra bir tərəfə çəkilib ağlayırdım. Atam rəhmətə gedəndə də mən özümü saxlamağı bacarırdım, Emma isə yox. Atam rəhmətə gedəndə ən çox ağlayan o oldu. 

- Sevda xanım, atanızın son günlərini necə xatırlayırsınız?

- Əslində, bu haqda danışmaq mənim üçün çətindir. Atam kişi kimi yaşadı, kişi kimi də dünyadan getdi. O, ömrünün son dövründə altsheymer xəstəsi oldu. Bir müddət xəstə yatdı. Son günlər isə yaddaşını da itirdi. Ölənə yaxın gözlərini açdı, əqli özündə idi. Bizə baxıb dedi: "Qorxmayın, gedirəm. Amma hər şey yaxşı olacaq". Ölüm anında belə, onun qorxu, həyəcan keçirdiyini hiss etmədik.

Söhbətləşdi: Samirə ƏŞRƏF

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!