Ələsgər irsinin cazibəsi... - İlhamə Muxtarqızı

Ələsgər irsinin cazibəsi

 

Aşıq Ələsgər irsinin öyrənilməsinin əsrə yaxın bir tarixi vardır. Dövrünün tanınmış ziyalılarından başlayaraq, görkəmli saz-söz biliciləri, ədəbiyyatşünas alimlər bugünədək Aşıq Ələsgərə böyük sənətkar kimi yüksək dəyər vermişlər. Hələ 1926-cı ildə - aşığın sağlığında Şəmsülcədid adlı müəllif Tiflisdə çıxan "Dan yıldızı" jurnalında böyük el sənətkarını xalq arasından çıxmış şairlərimizin mürşidi və ustadı adlandırmışdır. O, təəssüflə bildirmişdir ki, Azərbaycan, Gürcüstan və Ermənistanın qəzalarında 30-40 ildən bəri heç bir yazısı və çapı olmadığına baxmayaraq, çox sürətlə yayılıb, xalq arasında böyük hörmət qazanmış aşığın sağlığında şeirlərini heç kəs toplamadığından, dünyadan gedəndən sonra bu dəyərli irs ancaq dillərdə qalacaq. Şəmsülcədidin vurğuladığı kimi, həqiqətən də ustadın sağlığında bu dəyərli irs yazıya alınmamışdır. İlk dəfə görkəmli folklorçu alim Hümmət Əlizadə Aşıq Ələsgərin əsərlərini toplayaraq "Azərbaycan aşıqları" və "Aşıq Ələsgər" adı ilə nəşr etdirdiyi kitablarında aşığın tərcümeyi-halı barədə müfəssəl məlumat vermişdir.

Ötən əsrin 30-cu illərindən sonra Aşıq Ələsgər irsinin tədqiqi sistemli xarakter almış, həyat və yaradıcılığından bəhs edən saysız-hesabsız elmi əsərlər yazılmışdır.

Əhliman Axundovun "Aşıq Ələsgərin həyat və yaradıcılığı" adlı namizədlik dissertasiyasında (1946) ustadın dövründən, həyatından, yaradıcılığındakı ictimai-siyasi məzmundan, nəsihətamiz fikirlərindən, məhəbbət və gözəlliyin tərənnümündən, şeirlərinin toplanılması və öyrənilməsi tarixindən söhbət açılmışdır. Aşıq Ələsgərin Şərqin klassik şairlərindən bəzisinə yazdığı nəzirələrə diqqət edən alim onların bədii cəhətdən yüksək dəyər daşıdığını vurğulamışdır.

Azərbaycan aşıq poeziyasını gözəl bilən Ərtoğrul Cavidin də Aşıq Ələsgər irsinin tədqiqi sahəsində xidmətləri olmuşdur.

Aşığın nəvəsi, bütün şüurlu ömrünü ulu ustadın irsini araşdırmağa həsr etmiş İslam Ələsgər 1956-cı ildə ilk toplama və tərtib işini Ələsgərsevərlərə təqdim etmişdir. İslam Ələsgər Aşıq Ələsgəri incə qəlbləri oxşayan, səmimi məhəbbət duyğularını tərənnüm edən, vətəninə, elinə qırılmaz tellərlə bağlanan, insanlara bir çox müsbət keyfiyyətlər aşılayan qüdrətli söz ustası adlandırmışdır.

Xalq şairi Osman Sarıvəlli də Aşıq Ələsgərin aşıq poeziyası tarıxində tutduğu mövqedən söhbət açmış, akademik Həmid Araslı Azərbaycan aşıq poeziyası tarixindən, bu poeziyanı forma və məzmun baxımından inkişaf etdirib təkrarsız sənət nümunələri yaratmış Aşıq Ələsgər yaradıcılığından, şeirlərinin bədii xüsusiyyətlərindən bəhs etmişdir.

Xalq yazıçısı, akademik Mirzə İbrahimov Aşıq Ələsgər irsini Azərbaycan xalqının poetik fikrinin inkişafında parlaq və gözəl bir səhifə kimi dəyərləndirir: "...hələ bədii sözə onun kimi məharətlə, böyük zövq və incəliklə naxış vuran olmayıb. Onun şeirləri formaca çox zəngin və oynaqdır, ahəngdardır və gözəldir, həmişə məna ilə doludur, estetik gözəllik nümunəsidir". Gözəllik xəzinəsi olan bu poeziyada insanpərvərlik duyğuları, təbiilik, sadəlik, humanizm, demokratik ideyalar, haqqa, ədalətə sönməz məhəbbət əks olunur.

Görkəmli folklorşünas M.H.Təhmasib "Bir ömür, dörd dövr" məqaləsində aşığın yaradıcılığını şərti olaraq dörd dövrə bölür: uşaqlıq və gənclik, ahıllıq, kamillik, müdrik ağsaqqallıq dövrü. Aşıq Ələsgər yaradıcılığına dörd dövr istiqamətində nəzər salan alim ömrün müxtəlif zamanlarında dünyaya, ətrafda baş verən hadisələrə, gözəllik anlayışına aşığın müxtəlif dövrlərdəki münasibətini, gəldiyi qənaətləri göstərir.

Folklorşünas alim İsrafil Abbasovun "Xarici mətbuatda" adlandırdığı məqaləsindən aydın olur ki, ustadın həyatı, şəxsiyyəti, yaradıcılığı ilə bağlı türk mətbuatında dərc olunmuş məlumatları B.Nicat adlı müəllif Qars tərəflərdə Ələsgəri tanıyan qocalardan, onun şeirlərini söyləyən ozanlardan eşitdiklərinin əsasında qələmə almışdır. Mövlud Yarəhmədov "Aşıq Ələsgər və Dağıstan söz sənətkarları" araşdırmasında Dağıstanın aşıq ədəbiyyatının formalaşmasında və inkişafında Aşıq Ələsgərin böyük xidmətlərini, Dağıstanın aşıq sənətkarlarından Aşıq Rəcəb, Seyid Əhməd, Tabasanlı (Hümeydli) Əhməd, Aşıq Hacı və başqalarının Aşıq Ələsgər irsindən öyrəndiyini, onların yaradıcılığında klassik Azərbaycan aşıq poeziyası ilə bağlı cəhətləri göstərmişdir.

Aşıq Ələsgərin poeziyası, eləcə də Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqe görkəmli yazıçı Mir Cəlal Paşayevin də diqqətindən kənarda qalmamış, Mehdi Hüseyn, B.Vahabzadə, Hüseyn Hüseynzadə, Bəkir Nəbiyev də xalq dilinin xüsusiyyətlərini gözəl bilən, bu dili yüksək şeir səviyyəsinə qaldıran Ələsgər lirikasını klassik ədəbiyyatımızın qızıl xəzinəsinə daxil ola biləcək əsərlər kimi dəyərləndirmişlər. Məmməd Aslan Aşıq Ələsgərin doğulub boya-başa çatdığı yerlərdə olmuş, onu yaxından tanıyan insanlarla görüşmüş, həyatını, yaradıcılığını dərindən araşdırmış, bir sıra maraqlı yazılar dərc etdirmişdir. S.Paşayev Aşıq Ələsgəri dövrünün alimi, xalq akademiyasını bitirmiş bir dahi, aşıq sənətinin həqiqi memarı adlandırmışdır. Qara Namazov "xalq müəllimi" Aşıq Ələsgərin qocalığında söylədiyi şeirləri məzmun və mahiyyətinə görə iki qismə bölmüş, ustadın poeziyasının fəlsəfəsini sınaqlardan çıxmış həyat fəlsəfəsi kimi qiymətləndirmiş; ədəbiyyatşünas Xalid Əlimirzəyev Aşıq Ələsgər poeziyasına xas olan nikbinlikdən bəhs etmiş; İmamverdi Əbilov onu könül sərrafı, təbiət və insan dostu adlandırmış, aşığın məhəbbət lirikasının ən çox şəxsi mətləblərin tərənnümü ilə deyil, əxlaqi-tərbiyəvi məziyyətlərinə görə səciyyələndiyini də diqqətə çatdırmışdır; Mirəli Mahmudov mahir söz ustası Aşıq Ələsgərin təcnislərini ölməz sənət inciləri; Süleyman Rüstəm Aşıq Ələsgər poeziyasının əbədi yaşayacağını; xalq rəssamı Mikayıl Abdullayev ustadı insanları, doğma təbiəti, bütün həyatı sevən böyük rəssam; Tofiq Quliyev gözəl bəstəkar, gözəl ifaçı; akademik Teymur Bünyadov isə onu aşıq sənətinin həm sələflərinin, həm xələflərinin zirvəsi adlandırmışdır. Ümumiyyətlə, Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə nəşr olunmuş məqalələrin bir qismi onun şeirlərinin bədii sənətkarlıq xüsusiyyətlərini işıqlandırmağa həsr olunmuşdur.

Filologiya elmləri doktoru, professor M.Həkimov ustadın yaradıcılığında xüsusi mərhələ təşkil edən cığalı təcnislərindən ətraflı bəhs edib. Professor Elməddin Əlibəyzadə öz tədqiqatlarında Aşıq Ələsgər poeziyası haqqında yazır: "Aşıq Ələsgər xalqa, canlı dilə güclü meyil edən söz ustalarından daha artıq öyrənmiş, təsirlənmişdi. Azərbaycan el ədəbiyyatı, xüsusilə Sarı Aşığın bayatıları, onun "cinaslar aləmi" Ələsgərə öyrənmək, görüb götürmək, təzə söz demək üçün güllü-çiçəkli bir sənət bağçası, söz çəməni olmuşdur. Hər iki sənətkar eyni omonim sözlərdən müvəffəqiyyətlə isifadə etmiş, cinaslar yaratmışlar".

Xalq yazıçısı Elçin Aşıq Ələsgər yaradıcılığının milli və bəşəri xüsusiyyətləri barəsində yazır: "Bütün böyük sənətkarlar kimi, Aşıq Ələsgərin yaradıcılığı da milli hadisədir, milli mədəniyyətin faktıdır. Ancaq böyük sənətkarların yaradıcılığı bunu da sübut edib ki, bəşəriyə aparan yol öz başlanğıcını millidən götürür və bu mənada Ələsgərin yaradıcılığı da klassik bir nümunədir: o nə qədər millidirsə, bir o qədər də bəşəridir".

Folklorumuzun və aşıq sənətinin bilicisi, professor Məhərrəm Qasımlı, professor Nizami Cəfərov Aşıq Ələsgərin istər özündən əvvəl, istərsə də özündən sonra heç bir xalq şairi, aşığı ilə müqayisə olunmayacaq qədər müxtəlif janrlarda əsərlər yaratması, aşığın yaradıcılığındakı həmin janr diferensiallığını, rəngarəngliyini tamamlayan mövzu-mündəricə müxtəlifliyindən, yaradıcılığının kökündə, mayasında sufi-ürfani düşüncədən söz açıblar. Qəzənfər Kazımov ulu ustadın təkcə qadın gözəlliyindən deyil, həm də Azərbaycanın təbiəti, Vətənin cəsur oğlanları, el ağsaqqalları, mərd, qoçaq, hazırcavab insanlar, vəfa, mərdlik, sədaqət kimi ülvi hisslərdən də vəcdə gəldiyini diqqətə çatdırmışdır.

Professor Camal Mustafayev Şərqin poetik dühalarının - Nizami, Füzuli, xüsusən Nəsiminin söz sənətinə, "Quran"a bələd olan Ələsgərin sufi görüşlərindən, sufiliklə dünyəviliyi daxilən birləşdirməsindən; professorlar Məhərrəm Hüseynov və Buludxan Xəlilov Aşıq Ələsgər şeirinin qaynaqları haqqında yazırlar.

Fəxrəddin Salim (Baxşəliyev) Aşıq Ələsgər yaradıcılığında ürfani dünyagörüş, aşığın poeziyasında Həzrət Əli obrazı, Aşıq Ələsgər poeziyası və klassik divan ədəbiyyatı nümunələri ilə ürfani paralellər apararaq M.Füzuli, Ə.Nəbati, S.Ə.Şirvani və digər klassiklərlə müqayisəli təhlillər əsasında Aşıq Ələsgər şeirlərindəki ürfani məcazlar və rəmzləri araşdırmışdır. Folklorçu alim Hüseyn İsmayılov "Aşıq Ələsgər" monoqrafiyasında Aşıq Ələsgəri türk dünyasının tanınmış simalarından olan Yunus Əmrə, Cəlaləddin Rumi, M.Füzuli, Əhməd Yəsəvi, Şəmsi Təbrizi və digərləri ilə eyniləşdirmiş, Ələsgər poeziyasının sufi mahiyyətini açmağa çalışmışdır. H.İsmayılov "Göyçə aşıq mühiti. Təşəkkülü və inkişaf yolları" araşdırmasında da Aşıq Ələsgər yaradıcılığının dini dünyagörüşü baxımından təhlilini vermişdir.

Aşıq Ələsgər poeziyası rus şərqşünasları tərəfindən də müəyyən qədər öyrənilmişdir. Bir sıra tədqiqatçıların da qeyd etdiyi kimi, hələ XIX əsrin ortalarında aşığın gənclik illərində ilk dəfə olaraq rus mətbuatında görkəmli rus şairi və jurnalisti "Kavkazski vestnik" jurnalının redaktoru Y.N.Polonski Tiflisdə yaşadığı illərdə (1840-1850) Ələsgər adlı bir aşığın böyük istedada və mahir saz çalmaq qabiliyyətinə malik olmasından ətraflı bəhs etmiş, onun keçirdiyi şənlik məclisinin iştirakçısı olduğunu qeyd etmişdir. Sonrakı illərdə V.Qafarov, K.Simonov, A.Korçagina və digər tədqiqatçılar aşığın yaradıcılığını müxtəlif istiqamətlərdə araşdırmışlar. Aşıq Ələsgər yaradıcılığına Türkiyə tədqiqatçıları da xüsusi maraq göstərmişlər. Nizamettin Onkun rəhbərliyi ilə "Göyçəli Aşıq Ələsgər" adlı kitab nəşr edilmişdir. Ustad aşığın şeirləri bir sıra dünya xalqlarının dilində də işıq üzü görmüşdür.

Anadan olduğu vaxtdan iki yuz ilə yaxın bir vaxt keçsə də, Aşıq Ələsgərin yaradıcılığını tədqiq etməyə həvəs günü-gündən daha da artmışdır. Yubileyləri münasibətilə çəkilmiş sənədli filmlər də xalqımızın aşığa necə dəyər verdiyinin bariz nümunəsidir. Aşıq Ələsgər yaradıcılığı klassik aşıq şeiri ənənələrini yaşatmaq və mənəvi dəyərləri qorumaqla yanaşı, həm də novator sənətdir. Bütün bunlara görə hesab edirik ki, aşığın yaradıcılığı bundan sonrakı dövrlərdə də tədqiqatçıların diqqətində olacaq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!