Sirrin axtarışında və ya sənətin cəzbində... - Kənan Hacı yazır

Kənan HACI

 

O, tanıdığım köhnə kişilərdəndir. Qloballaşma çağının xaosunda itirdiyimiz dəyərlərin keşiyini çəkən, sənətin ecazkar möcüzələri haqda danışmaqdan, yazmaqdan yorulmayan, usanmayan əməkdar incəsənət xadimi Ziyadxan Əliyevi qosqoca zaman zərrə qədər də dəyişməyib. Nə az, nə çox, 40 ildən artıqdır ki, təsviri sənətin müxtəlif sahələrini, inkişaf təmayüllərini, müxtəlif sənət adamlarının, heykəltəraşların, rəssamların yaradıcılığını tədqiq etməklə məşğuldur. Onun Azərbaycan televiziyasında veriliş apardığı çağları xatırlayıram, onda yeniyetmə idim və bu kişinin danışığı, mütəvazi görkəmi, ziyalıya xas təmkini və ağayanalığı diqqətimi çəkmişdi. Ekran qarşısında oturub diqqətlə onu dinləyirdim; müridi öz mürşidinə diqqət kəsildiyi kimi. O, sanki tamaşaçı ilə söhbət edirdi və bu söhbət ekran qarşısında əyləşən adamlara bol informasiya ötürürdü. Ziyadxan müəllim, hətta ekrandan belə tamaşaçı ilə səmimi ünsiyyət qurmağı bacarırdı. Əlbəttə, bu, daxili zənginlikdən, yüksək mədəniyyətdən irəli gələn bir xüsusiyyətdir ki, onun sənətşünaslıqla bağlı yazılarına da sirayət edib.

Çox sonralar bildim ki, Ziyadxan müəllimin qayınatası İsgəndər kişi mənim atamla uzun illər Neft Daşlarında birlikdə çalışıb və həm də bizimlə qonşu idi. Qayınanası Gülsəfa xanım orta məktəbdə mənə dərs deyib. Ziyadxan müəllimlə təsadüfi hallarda rastlaşırıq və o mənə qədim yunan filosoflarını xatırladır. Görünüşcə sadə, içi olduqca dərin, bu qədər zəngin biliyə rəğmən təkəbbürdən uzaq - qədim müdriklərin hamısı bu cür olublar. Sanki onun başı üstündəki göy üzü ayağı altındakı yer üzündən qat-qat genişdir. Bu genişlik sırf sənətlə bağlı deyil, daha çox əxlaq və mənəviyyatdakı genişlikdir. Əxlaq və mənəviyyatca qısır insan üçün göy üzü heç vaxt öz qapılarını açmır. Sənətin sirlərinə aşina olmaq üçün insan həm də öz içinin təmizliyini qorumağı bacarmalıdır. Ziyadxan müəllim məhz bu xarakterə malik insanlardandır. O mənə sənətin sonuncu yorğun əsgərini xatırladır.

Ziyadxan Əliyev 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1976-1982-ci illərdə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür.

Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z.Əliyev, əvvəlcə elmi işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti" elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Orda çalışdığı müddətdə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub. Etiraf edilib ki, bu cür uğurlu elmi atribusiyalar milli sənətşünaslığımızda və muzeyşünaslığımızda rast gəlinən nadir hadisələrdəndir.

Ziyadxan müəllim həm də təsviri sənətimizin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. O, hələ təhsil illərində "Qobustan" jurnalında "Şamaxının qədim abidələri" adlı ilk məqaləsini çap etdirməklə sənətşünaslıq elminə qədəm qoyub. O vaxtdan bəri onun yüzdən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub.

O, təsviri sənət sahəsində həm də bir çox elmi tapıntılara nail olmuş mütəxəssis kimi tanınır. Onun 1989-cu ildə nəşr olunmuş "Azərbaycan ekslibrisi" kitabı apardığı tədqiqatın nəticəsində işıq üzü görüb. Bu nəşrdə o, ilk ekslibrisin - kitab nişanının Avropadan da çox qabaq Şərqdə - Azərbaycanda yaradıldığını sübut edib. Bu yaddaqalan işdən sonra Ziyadxan Əliyev XIX əsr Azərbaycan təsviri incəsənətində öz möhtəşəm yaradıcılıq irsini qoymuş Mir Möhsün Nəvvabın yaradıcılığı haqqında kitab yazıb. "M.M.Nəvvabın rənglər aləmi" kitabında rəssamın təsviri sənət sahəsindəki bütün irsi ətraflı təhlil edilib.

Sənətşünasın təşəbbüsü və axtarışları nəticəsində hələ sovet dönəmində - 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət "Əzizim Vətən yaxşı..." adlı tarixi sərgi təşkil olunub. Bir alim ömründə bu qədər ilklərə imza atmaq böyük xoşbəxtlikdir. Xoşbəxtliyi də qazanmaq lazımdır! O bunu bacarmış müstəsna insanlardandır.

Ziyadxan müəllim çoxsaylı kitabların və kataloq mətnlərinin müəllifidir. Səttar Bəhlulzadə yaradıcılığının öyrənilməsinə ömrünün 30 ilini həsr edən sənətşünasın yazdığı "Sənətin Məcnunu" kitabı fundamental tədqiqat əsəridir. Bu kitab Azərbaycan təbiətinin əvəzolunmaz rəngkarına sözdən ucaldılmış bir abidədir. Bir dəfə demişdi ki, sənəti dərk etməyimdə Səttar Bəhlulzadənin həlledici rolu olub. Onu özünün mənəvi ulduzu adlandırmışdı. Bu, onun tərcümeyi-halıdır. Hər sənət adamına nəsib olmayan zəngin bioqrafiya. Sənət eşqi, tükənməz zəhmət, inadkar axtarışlar olmasaydı, Ziyadxan müəllim bu yollardan keçə bilməzdi. Bütün bu sadaladıqlarım fədakar alim ömrünün pillələridir.

Ziyadxan Əliyevin bir alim, pedaqoq kimi gənc sənətşünasların yetişməsində müstəsna xidmətləri var. O, bu gün də elmi-pedaqoji fəaliyyətini davam etdirir. Uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İncəsənət tarixi fənnindən dərs deyən Ziyadxan Əliyev hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır. O, müxtəlif elmi-nəzəri konfransların iştirakçısı və məruzəçisi olub, ölkə xaricində təşkil olunan rəssamlıq sərgilərinin təşkilində yaxından iştirak edib. O, Azərbaycan Rəssamlar İttifaqının nəzdindəki "Tənqid və sənətşünaslıq" bölməsinin sədri kimi milli incəsənətimizi fəal şəkildə nəinki respublikamızda, onun sərhədlərindən çox-çox uzaqlarda da təbliğ etməkdədir. Ziyadxan müəllim rəssamlıq sənətinə yeni baxış ortaya qoyub, onun elmi-nəzəri məqalələrində dünya rəssamlığı ilə Azərbaycan rəssamlığının müqayisəli təhlili öz əksini tapır ki, bu əsərlərdəki mülahizələr sənətin inkişafı üçün konkret oriyentrlər müəyyən edir.

Adətən, islamda rəsm çəkməyin qadağan olunduğunu deyirlər. Amma Ziyadxan müəllimin bu ehkamçı fikrə münasibəti fərqlidir. Müsahibələrindən birində jurnalistin "Siz bilirsiniz, xristian ənənəsində İsa peyğəmbərin, yaxud yəhudi ənənəsində Musa peyğəmbərin portretini yaradıblar. Amma İslam ənənəsində bu qadağandır. Məhəmməd peyğəmbərin portreti çəkilsə necə olacaq? Peyğəmbərin portretinin yaradılmasında qeyri-adi nə ola bilər?" sualına belə cavab verir: "Bizim dinimiz təsviri qadağan etmir. Bir hədisdə var, o da peyğəmbərin dilindən deyilib. Deyir ki, qiyamət günü büt xarakterli heykəl düzəldənlərin imtahanı digərlərindən ağır olacaq, onlardan düzəltdikləri heykəllərə can vermələri tələb ediləcək. Bunu edə bilməyəcəklərsə, cəzaları ağır olacaq. Nə demək istəyir burda? Bu o vaxt səsləndirilib ki, Ərəbistanda 360 qəbilə Allahı var idi. Peyğəmbər onların hamısını bir yerə gətirdiyi üçün qəhrəmandır. Demək istədiyim odur ki, bunun mahiyyəti hamını bir araya gətirmək idi. Bundan ötrü büt xarakterli şeylərin olması istənilmirdi. Yoxsa hansısa İslam ölkəsinə getsən, miniatürlərin necə inkişaf etdiyini görəcəksiniz. Əslində, çox vaxt pis müqayisə aparırlar. Deyirlər ki, xristianlıq sənətə xeyir-dua verir, amma İslam qoymur. Bu, düzgün deyil. Düzdür, xristian dini olmasaydı, İntibah dövrü olmazdı. Nə Rafael, nə Leonardo, nə də başqası olardı. Onların yaratdıqlarının hamısı dinin, kilsənin sifarişidir. Görürsünüz, nə qədər xeyir veriblər. Ancaq onlarda müəyyən şeylər təqib edilirdi, inkvizisiya var idi.

Dediyimiz hədisdən də çox zaman dırnaqarası dinpərəstlər istifadə edib camaata şəkil çəkməyin qadağan olduğunu deyirlər. İndiyə qədər mətbuatda da dinimizin şəkli qadağan etdiyi yazılır. Ayıbdır, vallah".

Bu sözləri sıradan bir adam demir, ömrünün 40 ildən çoxunu sənətşünaslığa həsr etmiş, onlarla monoqrafiya, kitablar yazmış bir alim-sənətşünas deyir. Onun fikirləri məntiqə, fakta söykənməklə yanaşı, həm də bir sənət adamı olaraq assosiativ düşüncədən qidalanır. Assosiativ düşüncə təfəkkürün mayasıdır və bu assosiativ, həm də impulsiv düşüncə axınları zəngin bilikdən su içib təfəkkür hadisəsi kimi üzə çıxır.

Sənət Tanrının sirridir və insan Tanrının sirlərinə vaqif olmaq üçün ömrünü xərcləyib sənət adamı olur. Amma o sirr hələ də nihan qalır. Ziyadxan müəllim Tanrıyla rənglərin dilində danışır. Dünyanı sözlər və rənglər vasitəsilə maddiləşdirmək istəyi Allahın xassəsidir və Uca Yaradan bu qüdrəti seçilmiş bəndələrinə bəxş edir. Ziyadxan Əliyev seçilmişlərdəndir.

Yazının əvvəlində yazmışdım ki, onunla ara-sıra görüşür, ayaqüstü söhbətləşirik. Bu çaparaq görüşlərdə hal-əhvaldan sonra Ziyadxan müəllim mütləq hansısa bir sənət faktına, hansısa bir yazıya öz fərqli münasibətini bildirir və bu qısa söhbətlər mənim yaddaşıma həkk olunur. Onun sənət və ədəbiyyatla bağlı hər hansı bir məsələyə qısa və lakonik, eyni zamanda dəqiq, doğru münasibəti məni həmişə heyrətləndirib. Sənətin meyarı dəyişməzdir və o da gördüklərinə, oxuduqlarına bu meyarlarla yanaşır. Həmişə ürəyimdən keçib ki, asudə bir zaman ola, Ziyadxan müəllimlə bir könül söhbəti edək. Ondan öyrənəcəyimiz şeylər çoxdur. Tanrı bizə bu fürsəti versin!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!