Züleyxa gözlərini açır...Müasir tatar yazıçısı Güzel Yaxinanın eyniadlı əsərinə - Hədiyyə Şəfaqət

Hədiyyə Şəfaqət

 

Bir gün qadın gözlərini açır...

***

Bəlkə illər keçir, bəlkə əsrlər, bəlkə dəqiqələr, bəlkə yaradıcı səbriylə ölçülən zaman - Züleyxa gözlərini açır. Züleyxa gözlərini açır və onun geniş açılmış yaşıl gözlərinin içindəki evin bir küncündə sandıq üstündə qıvrılıb yatmış otuz yaşlı qadının ömür kitabını vərəqləməyə başlayırıq. Qorxa-qorxa, üşüyə-üşüyə, titrəyə-titrəyə, Qaniçənin qapısının ağzından sivişib evinin damından alma lavaşı oğurlamağa gedir... Onu torpağa qismət olmuş dörd qızının qorunması yalvarışlarıyla Qəbiristanlıq Ruhuna qurban verəcək- Ruhlar onun qurbanını qəbul edəcəklər...

Sonra biz bir daha o dörd qızın məzarı başında dayanıb dəyişən dövranın gətirdiyi qəzəblə toxumluq taxılı övladlarının məzarında gizlədən Murtazaya baxacağıq...

Züleyxa Murtazaya minnətdardır...

Onun qadın üzərinə qalxan əli güclüdür, başını tutub sıxa-sıxa ağrıdan dizləri necə də qüvvətlidir, o, qadınını qaranlıq qış meşəsində atıb gedə bilərdi, lakin mərhəmətli ürəyi onu geri qayıdıb arvadını aparmağa sövq edir, onun mərhəməti evin heyvanına da yetəcək qədərdir, qadın onsuz da yüklənmiş kirşənin arxasıyca yüyürə bilər... Züleyxa onunla fəxr edir...

***

"...Çox qalmayıb ömrünə, tezliklə öləcəksən, yuxumda görmüşəm. Biz Murtaza ilə evdə qalacayıq, sənin isə dalınca üç alov mələyi gəlib, birbaşa cəhənnəmə aparacaq. Hər şeyi açıq-aydın görmüşəm: onların sənin qoltuğundan yapışdıqlarını da, arabaya atdıqlarını da, uçuruma sürüdüklərini də. Mən isə qapının astanasında dayanıb tamaşa edirəm. Sən elə onda da susursan, yaşıl gözlərini bərəldib dəli kimi mənə baxır, inəyimiz Kübələk kimi böyürürsən. Fərəştələr qaqqıldaşıb, səndən möhkəm yapışırlar. Qamçı zərbəsi eşidilir, yer aralanır, oradan da qığılcımlarla tüstü çıxır. Hamınız çatırtıyla o uçuruma uçub, tüstüdə yoxa çıxırsınız...".

Hər şey elə belə də baş verəcək... Bircə ölənlərlə sağ qalan barədə deyilənlər düz çıxmayacaq...

***

Tezliklə Züleyxanın taleyi dəyişəcək. Sovetlərin tatar torpaqlarına gətirdiyi qan-qada, dəyişiklik, üsyankarlıq, amansızlıq bir gün onların da pəncərəsini döyüb ərini öldürəcək, Qaniçəni yuxusunun qan çanağıyla təkbətək qoyub onu sürükləyib aparacaq. Lakin bundan əvvəl Züleyxa on beş illik ailə həyatında ilk dəfə olaraq əriylə bir yataqda, onunla yanaşı uzanacaq, ilk dəfədir kişi ondan aldığını alıb yatağından sandığının üstünə qova bilməyəcək... Yox. bu dəfə heç ondan aldığını da ala bilməyəcək- Kişi ölüdür və bu, Züleyxaya çox qəribə gələcək...

"- Ey İlahinin məni istiqamətləndirmək, yedirmək və müdafiə etmək üçün təyin etdiyi həyat yoldaşı, mənə nə edəcəyimi sən söylə!".

Nə söyləyəcək? İlahi onun missiyasını əlindən alıb, səni öz ümidinə, ya da ağlına gəlməyəcək idarəçilərin və müdafiəçilərin ümidinə buraxıb, ey Qadın...

İqnatov...

Bir qadın yazıçının (Güzel Yaxinanın) bir kişi xarakterini yaradarkən bu qədər ədalətli, bu qədər mərhəmətli, bu qədər anlayışlı olması... yox, təəccüblü deyil.

Bəlkə də, indiki dövrdə yeni dövr ədəbiyyatından kiminsə əlinin az qala yüz il geriyə uzanıb otuzuncu illərin repressiyasının təsvir edildiyi bir əsərə müraciət etməsi qəribə görünəcək. Tatarların, bütün başqa postsovet xalqları kimi hələ də o yaraların zədəsini canında daşıyacağı şübhə doğurmur. Lakin bu romanda biz daha çox insanla üz-üzəyik. Sanki dəyişən hakimiyyət, dəyişən şərtlər, dəyişən tələblər əsrlərlə, minillərlə davam edən Xeyir-Şər qovğasının bir qədər yenilənmiş halıdır və harda, hansı torpaqda, hansı şəraitdə baş verdiyi, sanki müəllifi maraqlandırmır. Lakin insan... İnsan! İnsan necə də açıq-aşkar, necə bütün çılpaqlığıyla, necə bütün varlığıyla... necə bütün təmizliyilə Züleyxanın yaşıl gözlərinin içində gizlənib baxır... baxır... baxır...

"...- Əslində, bizim komendantımız pis adam deyil, - deyə Konstantin Arnoldoviç masanın üstündən əyilib astaca İkonnikova söyləyir

- Yaxşı insandır, - deyə İzabella qətiyyətlə təsdiqləyir. - Lakin iztirab içindədir"...

***

Züleyxa gözlərini açır...

Züleyxa altı aylıq qatar səyahəti boyunca yaşıl gözlərinin içinə qısılıb dünyanın baş açmadığı oyunlarına, gedişatına tamaşa edir. İnsanlar heyrətamiz bir sakitlik içində uzağamı, ölüməmi, harasa yollanırlar. Otuz yaşlı Züleyxanın yaşılgözlü, altı yaşlı qızcığaz bədəni və ruhu bir də bətnində bir övlad daşımaqdadır... Növbəti öləcək, bəlkə də, ölü doğulacaq övlad...

- Oğlandır! - Həkim Leybe israr edir. O, öz qoruyucu kapsulunun içərisində heyrətamiz şəkildə yaşadığı hansısa dünyanın o üzündən boylanaraq inamla dillənir. Hər şey silinib getsə də, təkcə peşə alışqanlığı-əxlaqı və alicənablıq qorunub saxlanmaqdadlr. "Yox, qızdır", - Züleyxa israr edir, öz taleyi ilə barışmış qızcığaz-qadının dünyasını başqa adamlardan ayıran pərdənin qalınlığı heç də həkimin kapsulunun qalınlığından az deyil...

...Bir gün qadının dünyasının pərdəsi, Leybenin kapsulunun divarı və dünyanın üzü sıyrılıb açılacaq, sınıb töküləcək, eynilə bir qış axşamı Murtazanın pəncərəsini qırıb evə düşən bəd xəbərli düyünçə kimi bir yumruq, bir zərbə, bir güllə hər şeyi aşkara çıxaracaq...

Züleyxa yaşıl gözlərini bir yumub-bir açacaq, insanları heyvan kimi daşıyıb uzaq Sibir çöllərinə tökən qatarın darısqal vaqonunun bir küncündə yuva qurmağa çalışan quşu səksəndirib perikdirəcək...

Niyə?

Quş sağ qalsın deyə...

Bəlkə, elə Züleyxanı da yaradıcı bir qüvvə perikdirib hasarından o yana, ayaq basmadığı kəndindən dünyanın hansısa yanına atan taleyinin də məqsədi eyniydi? Axı:

"...- Siz "belə olmasaydı, necə olacaqdı" sualını özünüzə tez-tezmi verirsiniz? - deyə Leybe əllərini silkələyib, suyun qalıqlarını qatran kimi qara sulara ötürür.

- Yox.

- Düz eləyirsiniz. - Volf Karloviç ayağa qalxıb qaranlıqda ağaran əllərinə baxır. - Həqiqət yalnız mövcud olandır. Yalnız mövcud olan".

***

Züleyxa hər şeydən əvvəl qadındır. Hər şeydən əvvəl qadın! Amma necə bir qadın? Züleyxa qəribə bir cazibədarlıqla sevginin gizli dərinlikdə gizlədilmiş xəzinəsinin keşikçisidir. Səbirli, abırlı anacan, eyni zamanda qanında ehtiras dolaşan və eyni zamanda o ehtirası eybəcərləşməkdən qoruya-qoruya səssizləşdirən, susqunlaşdıran qadın. Əyilib Mumtazanın ayaqları altından götürdüyü ucalıq onu bir an belə tərk etməyəcək. Hətta sorğu-sual məqsədilə aparıldığı komissar vaqonunda yerə düşən külqabını: "Heç elə şey mümkündürmü, kişi xeylağı onun yanında aşağı oturub zibil toplasın, o da dayanıb baxsın?" - düşüncəsiylə yerdən götürən qadının ucalığı qarşısında heç nə hiss etmədən dayanmaq mümkün deyil. İqnatov da dayana bilməyəcək... Komissar bu qadına təslim olacaq... Amma yazıçı, bir qadın, bunu elə dərindən və elə bir ustalıqla işləyəcək ki... bütün əsəri başdan-başa arayacaqsınız, amma bircə günah detalı tapa bilməyəcəksiniz...

Çünki...

Züleyxa gözlərini açır...

Çünki Züleyxa cibində zəhər hopdurulmuş qənd parçası aparır...

"- Qənd?! Tez yeyin onu, tez. Heç kim görmədən, bu çox vacibdir!"...

Həkim söhbətin ölümdən getdiyini bilmir...

Amma həmişə son anda nəsə dəyişir. Körpə ilk dəfə Züleyxanın yaşıl gözlərinin dərinliyində işıq kimi parlayıb çəkilir, ilk təpiklərini atdığı ayaqlarının kiçik barmaqları, sanki harasa toxunub işığı yandırır...

Züleyxa zəhərli qənd parçasını qaytarıb cibində gizlədir.

Sonra o zəhərli qənd parçası yüzlərlə insanın qərq olduğu soyuq suların dibində bətni körpəsinin təpikləməsilə yuxarı dartınıb nəfəs axtaran Züleyxanın cibindəcə əriyib Anqaraya qarışacaq, yox olacaq.

Yoxsa, zülmüylə Sovetlərin əcaib fikirli qurucularından heç nə ilə fərqlənməyən Murtaza üçün nə fərqi vardı - bəlkə, bir gün lazım gəlsəydi qadınını da heyvan kimi şaqqalayıb yığacaqdı?..

***

Züleyxa gözlərini açır...

Yusif doğulur... Yusif böyüyür... Yusif Ölmür...

O - Böyük Köçdən sonra ölüm torpağında doğulan ilk insan sağ qalır. İqnatov uşaq doğulan axşam əlinə zorla tutdurulmuş qalın dəftəri açıb ilk dəfə ora bir ad əlavə edir- Yusif Vəliyev. Bundan bir az əvvəlsə Anqaranın sakit görünən sularında zindan içində zindan misalı həbs etdiyi üç yüz insanın adının üstündən xətt çəkməli olmuşdu - bu insanlar onun kilidlədiyi qapı arxasında həşərat kimi batıb qərq olmuşdular.

...Sonra

Sonra zamanın çarxı səssiz-səmirsiz fırlandıqca millərdən biri bir keçdiyi nöqtədən bir də keçməli olacaq - Semrukun imtina edilmiş, ya da lazımsız köhnə əşya kimi kənara atılan xilasedici - Komendantı öz əlilə sübut-dəlilə çevirdiyi həyatı elə öz əlilə də yandıracaq...

***

Züleyxa gözlərini açır.

"...- Rədd ol burdan! - deyə Züleyxa qəzəbdən bədəninin gərildiyini, hərarətləndiyini, ürəyinin qabırğalarına dirənərək, tez-tez döyündüyünü hiss edərək, uca səslə bağırır. - Əl çək məndən! Bu mənim həyatımdır və sən artıq mənə ağalıq edə bilməzsən! Rədd ol! Cəhənnəm ol!"...

Züleyxanın gözlərinın qapalı dünyasında Həyatın İlahi Sirri gizlənib. Sən demə, bəzən duaların eşidilmədiyi yerdə olduğunu hiss edərkən Yaradanın varlığına inanmaqla yanaşı, əllərinin və nəzərlərinin çatmadığını qəbul edəndə, insan elə özü Yaradanın missiyasını öz üzərinə, Yaradanın yükünü öz çiyinlərinə götürməli, sağ qalmalı olur...

Olsun...

Aç gözlərini, Züleyxa, aç...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!